Ru
14:26 / 29 Noyabr 2021

""Omicron" yayılarsa, vaksinin effektivliyi azalacaq" - İnfeksionist

3625

İlk dəfə Cənubi Afrikada aşkarlanan COVID-19-un "Omicron" ştammı dünyaya yayılmağa davam edir. Artıq bununla bağlı, Yaponiya və İsrail xaricilər üçün sərhədlərini bağlayıb.


Ümumdünya Səhiyyə Təşkilatı isə yeni ştammla bağlı xəbərdarlıq edib.

Bildirilir ki, "Omicron" ştammı çox yüksək qlobal risk yaradır və bəzi regionlarda ağır nəticələrə səbəb ola bilər.

Təşkilat 194 üzv dövlətə texniki məsləhət verərək, onları əhalinin yüksək həssas qruplarının vaksinasiyasını sürətləndirməyə çağırıb.

Bəs “Omicron” nədir, simptomları hansılardır? Azərbaycana da yayılma ehtimalı varmı?

Məsələ ilə bağlı Bakupost.az –ın suallarını infeksionist Mərdan Əliyev cavablandırıb.

Onun sözlərinə görə, yeni ştammın yayılması peyvəndin effektivliyini azalda bilər:



“Elmi adı “B.1.1.529” olan yeni ştamm (“Omicron) haqqında hələki ətraflı məlumat yoxdur. Virusun klinik gedişi çox ağır deyil, hətta “Delta” variantından daha yüngüldür. Amma fərqlilik yaşana bilər. Çünki virus hər ölkədə müxtəlif formalarda davam edir.

Məsələn, Afrikada günəş faktoru var. “D” vitamini orada daha yüksəkdir deyə virus yüngül keçirilə bilər. Yeni ştamm peyvənd olunmamış şəxslərdə aşkarlanıb. Ona görə də peyvənd olunanlara, bu virusun necə təsir göstərdiyi məlum deyil. Güman olunur ki, vaksinin effektivliyi azalacaq. Çünki bunun “spayk” proteinində dəyişikliklər var. Peyvənd isə “spayk” proteinə görə hazırlanır. Bu mutasiya “spayk” proteini üçün böyükdür.

Əgər vaksinin effektivliyi azalarsa, o halda peyvəndlərdə müəyyən dəyişikliklərin aparılmasına ehtiyac olacaq.
Əlavə edim ki, yeni çıxan “molnupiravir” dərmanının da eyni təsir göstərdiyi deyilir.

Yeni ştammın başqa xüsusiyyətləri və vaksinin tam olaraq hansı formada təsir göstərməsi hələki məlum deyil. Amma panikaya düşməyə ehtiyac yoxdur. Ən azından bilirik ki, bu ştamm çox ağır gedişli deyil. Ola bilər ki, yoluxuculuq qabiliyyəti yüksək olsun. Amma bəzən mutasiyalar pis yox, yaxşıya doğru gedir. Ümid edirik ki, bu virus, insan orqanizminə öyrəşməsilə əlaqədar olan bir mutasiyadır”.




Qeyd edək ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin genetika mütəxəssisi Ağa Rza Ağayevin dediyinə görə, Azərbaycanda yeni ştamm aşkarlanmayıb:

"Bütün mutasiyalar və əlaqəli ştammlar üzrə yoxlamalara başlanılıb. Ölkəyə xaricdən daxil olan, həmçinin ölkə ərazisində kluster tipli yoluxma görülən və şübhəli bilinən bütün nümunələr toplanılır və analiz edilir. Müvafiq yoxlamalarda hələ yeni ştamm aşkarlanmayıb.


F. Söhrabqızı
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər