Ru
14:39 / 05 Avqust 2020

Lal fəryad

9711

Səma Qasımova

Necə də güclüsən, torpaq! Bu qədər müxtəlif tipli insanları, üzləri daşıyırsan qoynunda!.. Bilirəm, bəzən ürəyin dözməyir bu haqsızlıqlara... TORPAQ SÜRÜŞMƏSİ deyilən xəstəliyin də var. Bəziləri varlığı ilə ərmağandır, bəziləri varlığı ilə imtahandır. İnsanlar var xoşbəxt hiss etdirər səni, insanlar var bədbəxtliyə atar səni. Yetər ki, qədrini bilək insanlığın, Allahın bizə verdiyi ən böyük, ən mühüm nemətin...

Əsəblərin tarıma çəkildikdə, dünyanı sarsıda biləcəyin ZƏLZƏLƏ adlı qəzəbin də var... bilirəm... Həyat çətindir. Amma başqa yaşanacaq, yaşlanacaq yerimiz yoxdur. Bu həyatı gözəl etmək bizim əlimizdədir. Təbəssümlə gözəlləşdirək ətrafımızı heç olmasa... Bunu bacararıq, məncə.

Dəfələrlə için-için ağladığının şahidi olmuşam. Mənim göz yaşlarımdan fərqli olaraq, iki damla yox, SEL kimi tökülən göz yaşılarına acımışam, dəsmal götürüb silmək istəmişəm, səni anlayan, sənə məlhəm olan birisi var olduğunu sənə anlatmaq istəmişəm. “Tökmə göz yaşlarını!” demək istəmişəm. Bilirəm, nə etsəm də, içindəki yanğınları söndürə bilmərəm. Həyat qısaca budur. “Üzülərək itirdiklərin, sonra başqa surətdə, başqa vaxt yenə də qarşına çıxacaq…” demək istəmişəm. Amma bacara bilmədim, itib-batdım leysan içində...

Hələ içindən qopan "off" deyə naləyə çevrilən KÜLƏYİNİ demirəm... oynadır könülsüzləri, ünvansız istiqamətə... Hansı çətinliklərlə üzləşdiyini belə bilmədən-ümidi söndürülənlər, vaz geçilib yoxluğa tərk edilənlər, göz yaşı qurumayanlar...

Gözlərindəki qığılcımdan çox qorxuram! ŞİMŞƏK deyilən qəzəbin çox itidir, bölür qarşısındakını ikiyə! Sanki şərəfinlə, vicdanınla, ləyaqətinlə yaşa deyərmiş kimi... Boş yaşama bu həyatı; araşdır, soruş, "əgər olmadısa, yenə də ümidini itirmə, davam et və yaşa”…

Böyük dərdlər, susar deyirlər. Lakin daş dediyimiz, qəlbsiz adlandırdığımız dağlar belə bəzən susa bilmir, UÇQUNLARA məruz qalır. Vətənimizin kədərinəmi qəzəblisən? Torpaqlarımızın düşmən tapdağı altında olmasınamı qəzəblisən? Yoxsa, günahsız yerə Vətən naminə axıdılan minlərcə Şəhidin qanınamı qəzəblisən? Hər Şəhid anasının gözündəki yaşa, kədərə, qəlbindəki dərdə, qəhərəmi?.. Qoy neçə Şəhidimizin bahasınada olsa, işğaldan azad etdiyimiz torpaqlarımızın sevinci su səpsin yanan qəlbimizə... Balaca sevincin xoşbəxtliyi ilə ovunduraq özümüzü… Tezliklə üç rəngli Bayrağımız sancılsın Vətən torpağımıza sonsuzadək, İnşallah!

Kimlər dəyir xətrinə görəsən bu qədər, TORPAQ?! Kimlərdir sənin lal olduğunu sanıb, səndən istifadə edənlər?! Sonra deyirik ki, torpağın dili yoxdur. Həqiqətənmi, bu qədər kar və koruq? Həqiqətənmi, bu həqiqətləri görməkdən məhrumuq? Yoxsa, anlayıb özümüzə əziyyət vermirik həqiqətləri görmək üçün? Məgər, həqiqətləri görüb susmaq rəzillik deyilmi? Əlimiz, ayağımız, düşünən beynimiz varkən niyə rəzil adını daşıyaq axı?! Bəlkə də, yorulmuşuq? Heç TORPAQ bizi daşımaqdan yorulmadı... Bir lalın sədasını eşitməsək də, içində qopan tufanı hiss edək heç olmasa... Hər zaman yaxşıya doğru addımlayaq, həyatı anlamağı çalışaq, hər açılan sabaha ümidlə sarılaq, qırmayaq, yaralamayaq heç kəsi… Unutmayaq ki, sonda hamımız TORPAĞA tabe olacağıq...
Şərhlər
  • Fidan Qasımova

    Məqalələrin davamlı, uğurlu , bol olsun ƏMİQIZI. Səninlə fəxr edirik ....

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər