Azərbaycan Liberal Partiyasının (ALP) Lalə Şövkət Prezident Administrasiyasının sabiq rəhbəri, vətənə xəyanətdə təqsirləndirilən akademik Ramiz Mehdiyevlə bağlı rəy bildirib.
Bakupost.az Modern.az-a istinadla xəbər verir ki, vaxtilə Azərbaycan dövlət katibi vəzifəsini icra etmiş Lalə Şövkətin mövzuya münasibəti lakonik olub:
“İstintaq yekunlaşmayınca, heç nə demək mümkün deyil”.
Xatırladaq ki, Lalə Şövkət Ramiz Mehdiyevdən əvvəl vəzifədə işləyib. O, 1993-cü il iyulun 7-də Azərbaycan Respublikasının dövlət katibi vəzifəsinə təyin edilib. 1994-cü ilin yanvarında isə istefa verib.
Ramiz Mehdiyev isə 7 fevral 1995-ci ildən – 23 oktyabr 2019-cu ilədək Prezident Administrasiyasının rəhbəri olub.
Akademik Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Bakı şəhəri Səbail rayon Məhkəməsi Ramiz Mehdiyev barədə cinayət işi üzrə bu il oktyabrın 14-də qərar qəbul edib.
Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.