Ru
21:03 / 15 Fevral 2019

Leyla Əliyeva “Toplan” sahibsiz itlərə qayğı mərkəzinin açılışına qatıldı - FOTOLAR

7634
Heydər Əliyev
Fondunun və Bakı Şəhər İcra Hakimiyyətinin sahibsiz itlərlə işin təkmilləşdirilməsi
üzrə birgə layihəsi çərçivəsində paytaxtın Balaxanı qəsəbəsində yaradılan
"Toplan” sahibsiz itlərə qayğı mərkəzinin fevralın 15-də açılışı olub. BakuPost-un məlumatına görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva
açılışda iştirak edib.   Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyevaya məlumat verilib ki, Bakı Şəhər İcra
Hakimiyyətinin Mənzil-Təsərrüfat Kommunal Departamentinin sanitariya və texniki
təmizlik idarəsinin ərazisində yerləşən mərkəzdə yenidənqurma işlərinə 2018-ci
ilin oktyabr ayında başlanılıb. Ərazisi 2500 kvadratmetrə yaxın olan mərkəz üç
inzibati-təsərrüfat binasından ibarətdir.   Leyla Əliyeva mərkəzlə
tanışlıq zamanı itlərin saxlanması şəraitinə baxıb. Bildirilib ki, burada itlərin
saxlanılması üçün xüsusi yerlər - volyerlər, karantin-reabilitasiya qəfəsləri
yaradılıb. Ərazi abadlaşdırılıb, işıqlandırma və havalandırma sistemləri qurulub.
Qurumun əməkdaşları Bakı ərazisində sahibsiz itləri toplayaraq mərkəzə təhvil
verəcəklər. Burada həmin heyvanlar peyvəndlənəcək, reproduktiv fəaliyyətlərinin
dayandırılması məqsədilə müvafiq əməliyyat aparılacaq. Hər bir it çiplə təmin
olunacaq. Yardım göstərildikdən sonra itlər yenidən tutulduqları əraziyə
buraxılacaqlar. "Toplan” mərkəzinin baytar bloku müayinələrin aparılması,
sterilizasiya, müalicə və heyvanlara mikroçipin yerləşdirilməsi üçün müasir
tibbi avadanlıq və preparatlarla təchiz edilib. Həmçinin burada əməliyyata
hazırlıq, əməliyyat, müayinə, ordinator, baytarlıq preparatlarının saxlanması
otaqları var. Sahibsiz itlərin daşınması və təcili tibbi yardım üçün avtomobillərlə
təchiz olunan mərkəz həftə ərzində bütün zəruri prosedurlardan keçirilmək şərti
ilə 30-50 it qəbul etmək gücündədir. Buraya daxil olmuş sahibsiz itlərin mərkəzləşdirilmiş
qeydiyyatı sistemi də yaradılıb. Heyvanın tutulduğu tarix və ünvan, vəziyyəti,
həyata keçirilmiş tibbi yardımlar və mikroçipin nömrəsi xüsusi informasiya bazasına
daxil edilir. Sərbəst buraxılan və sahiblərini tapan itlər barədə də bazaya
müvafiq məlumatlar yerləşdirilir. Mərkəzin əməkdaşları baytarlar, itlərin
toplanması ilə məşğul olan şəxslər və digər personal üçün xarici mütəxəssislərin
iştirakı ilə təlimlər keçirilib.   Sonra "Toplan” mərkəzinin
növbəti hissəsinin təməli qoyulub.   Bildirildi ki,
sonrakı mərhələdə bir neçə təsərrüfat binası və 80-ə yaxın itin saxlanılması
üçün xüsusi yer - volyer və karantin-reabilitasiya qəfəsləri yaradılacaq.   Qeyd edək ki, 2018-ci ildən başlanan layihə sakinlərin təhlükəsizliyinin
təmin edilməsi, sahibsiz heyvanlara qayğı göstərilməsi, həmçinin cəmiyyətin
onlara qarşı münasibətinin dəyişdirilməsi məqsədi daşıyır. Layihə çərçivəsində,
eyni zamanda, müxtəlif maarifləndirmə işləri aparılır. Həmçinin layihə barədə mərkəzin
internet saytı, sosial şəbəkələrdəki səhifələri vasitəsilə məlumat əldə etmək
mümkündür.

 


 

 
Leyla Əliyeva “Toplan” sahibsiz itlərə qayğı mərkəzinin açılışına qatıldı -  FOTOLAR
Leyla Əliyeva “Toplan” sahibsiz itlərə qayğı mərkəzinin açılışına qatıldı -  FOTOLAR
Leyla Əliyeva “Toplan” sahibsiz itlərə qayğı mərkəzinin açılışına qatıldı -  FOTOLAR
Leyla Əliyeva “Toplan” sahibsiz itlərə qayğı mərkəzinin açılışına qatıldı -  FOTOLAR
Leyla Əliyeva “Toplan” sahibsiz itlərə qayğı mərkəzinin açılışına qatıldı -  FOTOLAR
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər