Ru
19:09 / 22 İyul 2020

Madriddə Ermənistan səfirliyinin binası önündə etiraz aksiyası - FOTO

3400
İspaniyanın paytaxtı Madriddə Ermənistanın son hərbi təxribatlarına və Azərbaycana qarşı işğalçılıq siyasətinə etiraz əlaməti olaraq aksiya keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Ermənistanın İspaniyadakı səfirliyinin binası önündə baş tutan etiraz aksiyası İspaniya Azərbaycanlılar Birliyi, Valensiya Azərbaycanlıları Cəmiyyəti və İspaniya-Azərbaycan Mədəniyyət və Ticarət Assosiasiyasının birgə təşkilatçılığı ilə gerçəkləşdirilib. Pandemiya ilə əlaqədar aksiyada 20 nəfərin iştirakına icazə verilsə də, Ermənistan səfirliyinin binasının önünə 45 nəfərədək soydaşımız toplaşıb. Aksiya zamanı ermənilərin soydaşlarımızı təxribata çəkmək cəhdi alınmayıb. Həmvətənlərimizin soyuqqanlılıq nümayiş etdirməsi və yerli polisin erməniləri ərazidən uzaqlaşdırması nəticəsində təxribatın qarşısı alınıb.

Tədbirdə İspaniya Azərbaycanlıları Birliyinin sədri Vahid imanov (Burqos vilayəti),Yeni Yazarlar-Sənətçilər Birliyinin Avropa təmsilçisi şair Səfa Rəşid (Santander şəhəri), Valensiya Azərbaycanlılar Cəmiyyətinin sədri Mubariz ibrahimov (Valensiya şəhəri), İspaniya Azərbaycan Mədəniyyət və Ticarət Assosiasiyasının sədri Fərid Mustafayev, İspaniyanın Torlavega şəhərində “Qarabağ” idman klubu yaradan Şamo Eyvazov, diaspor fəalları Yaqut Novruzova, Cəmil Quliyev, Madrid və Barselonadan qoşulan soydaşlarımız iştirak ediblər.

Azərbaycan və Türkiyənin dövlət bayraqlarının dalğalandığı, Tovuz cəbhəsində həlak olan şəhidlərimizin şəkillərinin, “Qarabağ Azərbaycandır!”, “Qarabağ Azərbaycana məxsusdur!”, “Ermənistanın işğalçılıq siyasətinə son qoyulsun!” və s. şüarların nümayiş olunduğu aksiyada çıxış edənlər ölkəmizə qarşı Ermənistanın törətdiyi hərbi təxribatları və təcavüzkar siyasəti şiddətlə qınadıqlarını bəyan ediblər. Natiqlər dünya birliyindən və beynəlxalq təşkilatlardan Ermənistanın sərt çəkildə cəzalandırılması, Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun erməni işğalından azad olunması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi üçün qətiyyətli addımlar atılmasını tələb ediblər.

İnsidentsiz başa çatan etiraz aksiyasından sonra soydaşlarımız Azərbaycanın İspaniyadakı səfirliyinə gedərək, dövlətimizə, xalqımıza və ordumuza dəstəklərini bildiriblər.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər