Ru
14:11 / 22 İyun 2019

Mədət Quliyevin DTX-dan çıxarılmasının pərdəarxası: “vuruldu”, yoxsa yüksəldi? - TƏHLİL

23569

Prezident İlham Əliyevin general-polkovnik Mədət Quliyevi Dövlət Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsindən azad edib, son aylarda səlahiyyətləri azaldılan Müdafiə Sənayesi Nazirliyinin rəhbəri təyin etməsi cəmiyyətdə bəzi suallara səbəb oldu. 

 

BakuPost.az-ın məlumatına görə, prezidentin son təyinatlarından sonra müzakirə olunan əsas mövzulardan biri Mədət Quliyevin əslində "vurulduğu”, yoxsa daha yuxarı vəzifəyə çəkildiyi barədədir.


Ölkə başçısının son sərəncamlarına diqqət etsək, hər bir sərəncamın xüsusi dövlətçilik həssaslığı ilə və strateji düşüncə ilə imzalandığını birmənalı qaydada iddia etmək mümkündür. 


Belə ki, Azərbaycanın ətraf dövlətləri – Gürcüstan, Ermənistan və hətta qardaş Türkiyədə baş verən ictimai-siyasi prosesləri nəzərə aldıqda, önümüzdəki dönəmdə regionda vəziyyətin xeyli mürəkkəbləşəcəyini iddia etmək olar. Üstəlik, Azərbaycanın ən təhlükəli qonşularından olan İranın ABŞ-la müharibə həddində olması və bu gözlənilən savaşın artıq çox yaxında göründüyünü də hesaba qatsaq, yaxın bir neçə ilin ölkəmiz üçün necə təhlükəli olduğunu görmək mümkündür. Bu baxımdan, regionda vəziyyətin kəskin dəyişəcəyi ərəfədə uzun illər dövlətin təhlükəsizliyi sahəsində yüksək vəzifələrdə işləmiş, peşəkar əks-kəşfiyyatçı kimi hər kəs tərəfindən qəbul edilən general Əli Nağıyevin DTX rəisi postuna gətirilməsi və ölkənin təhlükəsizliyinin məhz ona tapşırılması qədər təbii və yaxşı düşünülmüş addım ola bilməzdi. 

 

 

DTX rəisi, general Əli Nağıyev

 

Təbii ki, kəşfiyyat və əks-kəşfiyyat işlərinin içində yetişmiş, bu sahədə uzun illərin təcrübəsinə sahib bir kadrın daha çox polis sistemində işləmiş və burada peşəkarlaşmış Mədət Quliyevdən fərqli özəlliklərinin olduğu heç kimə sirr deyil. Ancaq DTX rəisi postundan kənarlaşdırılan Mədət Quliyevin keçdiyi karyera yoluna və yeni təyin olunduğu nazir vəzifəsinin strateji əhəmiyyətinə fikir verdikdə, əslində, onun dövlət rəhbərliyi tərəfindən etimad göstərilən azsaylı məmurlardan olduğu ortaya çıxır. 


Bir az geriyə qayıdıb, Eldar Mahmudovun MTN başçısı vəzifəsindən azad edilməsindən sonra ondan qalan hər şeyin demək olar ki, darmadağın edilib yenidən qurulması prosesinə diqqət etsək, dövlətin M.Quliyevə göstərdiyi etimadı görmüş olarıq. Mahmudovun "vurulmasından” sonra ləğv edilib dağıdılan MTN-dən sonra dövlətin təhlükəsizlik sektorunun yenidən qurulması işini prezident İlham Əliyev həmin dövrdə Mədət Quliyevə tapşırdı. Əslində, həmin dövr üçün də gözlənilməz sayılan bu təyinat ölkə rəhbərinin bu xüsusilə strateji vəzifəni ən etibarlı kadrlarından birinə tapşırdığının işarəsi idi. Penitensiar Xidmətin rəisinə qəfildən dövlətin bütün təhlükəsizlik sektorunun həvalə edilməsi və yenidən qurulmasının tapşırılmasının fonunda görülən işlər də ölkə başçısının bu seçimində yanılmadığının işarəsi idi. 

 

 

Eldar Mahmudov


E.Mahmudovun dövründə daha çox biznesmenlərə qan uddurmaqla, dövlətin təhlükəsizliyindən daha çox özlərinin rifahı ilə məşğul olan və əzazil obraz qazanan təhlükəsizlik əməkdaşları M.Quliyevin rəhbərliyi altında imicini də dəyişdi. Quliyevin DTX rəisi işlədiyi dövrdə yeni yaradılan bu sistemdə apardığı islahatlar keçmiş MTN-dən qalan "qara” adın xeyli "ağarmasına” gətirib çıxardı. Bu baxımdan, M.Quliyevin DTX rəisi işlədiyi dövrü uğursuzluq kimi qiymətləndirmək obyektiv yanaşmadan uzaq olar. M.Quliyevin rəis işlədiyi dövrdə milli orduda "satqın” əməliyyatlarının, ardınca isə günahsız hərbçilərin də bu əməliyyatlar çərçivəsində işgəncə verilib öldürülməsi işinin üstünün açılmasında da DTX-nın xüsusi payı var idi. DTX rəisinin qətiyyəti sayəsində onlarla hərbçiyə vətən xaini damğası vurulmasının qarşısı alındı və onların təmiz adı ölümlərindən sonra olsa belə, özlərinə qaytarıldı. 

M.Quliyevin Əli Nağıyevlə əvəzlənməsinin səbəbləri isə yuxarıda da dediyimiz kimi Azərbaycan dövlətinin regionda baş verənlərə strateji reaksiyası idi. 

 

 

Mədət Quliyev


Niyə məhz Müdafiə Sənayesi Nazirliyi?


İndi gələk M.Quliyevlə bağlı sərəncamların ikinci tərəfinə: Onun Müdafiə Sənayesi naziri təyin edilməsinə.

 

Məlum olduğu kimi, keçmiş nazir Yavər Camalovun xəstəlikdən qəfil ölümünün ardınca bu posta uzun müddət boş qaldı. Dövlət başçısı həmin dövrdə yeni nazir təyinatı etmək əvəzinə, fərqli addım atdı və bu nazirliyin bəzi səlahiyyətlərini əlindən alaraq, yeni yaradılan "Azərsilah” ASC-yə verdi. 

 

Bu ilin yanvar ayında yaradılan "Azərsilah” ASC əslində MSN-nin bir mənada ləğvi demək idi. Lakin Mədət Quliyevin MSN rəhbəri təyin edilməsi ilə qurum yenidən əvvəlki gücü və nüfuzuna qaytarıldı. Dövlət başçısı İlham Əliyev M.Quliyevi MSN-ə rəhbər qoyduqdan sonra "Azərsilah” ASC-ni ləğv etdi və nazirliyin əvvəlki gücünü özünə qaytardı. 


Quliyevin DTX rəisi postundan uzaqlaşdırılmasının əslində bir "vurulma” olduğunu iddia etmək üçün isə onu "ölü nazirlik”ə göndərməli idilər. Ancaq MSN-nin bütün səlahiyyətlərinin M.Quliyevlə birlikdə geri qayıtması onu deməyə əsas verir ki, dövlət rəhbərliyi ona əslində daha böyük işlər həvalə edib. 

 

 

MSN-nin nizamnaməsinə diqqət yetirsək və bu nazirliyin fəaliyyət istiqamətini öyrənsək, nə demək istədiyimiz tam anlaşılar. 

 

Hazırda nazirliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

- müdafiə sənayesi sahəsində vahid dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;

- müdafiə sənayesi sahəsinin inkişafını təmin edir;

- dövlət sifarişi əsasında hərbi texnika, silah, mühəndis texnikası, ehtiyat hissələri, döyüş sursatları və digər müdafiə təyinatlı məhsullar üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada Dövlət Müdafiə Sifarişi Proqramının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir;

- təsdiq edilmiş Dövlət Müdafiə Sifarişi Proqramına uyğun olaraq müdafiə təyinatlı məhsulların yaradılmasını, istehsalını, təkmilləşdirilməsini, təmirini, utilizasiyasını, idxal-ixracını öz səlahiyyətləri daxilində təmin edir;

- Dövlət Müdafiə Sifarişi Proqramının həyata keçirilməsi üçün lazım olan maliyyə vəsaitləri barədə mövcud qanunvericiliyə uyğun olaraq dövlət büdcəsinin formalaşdırmasına dair təkliflər verir;

- Silahlı qüvvələrin və qanunvericiliyə uyğun yaradılmış digər hərbi birləşmələrin silah, hərbi texnika, döyüş sursatı və başqa vasitələrlə təchizatını qəbul olunmuş qaydada həyata keçirə bilər;

- qanunvericiliklə müəyyən edilmiş qaydada müdafiə sənayesi sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirir;

- qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

 

Göründüyü kimi, MSN-nin hazırkı gücü heç də DTX-dan az deyil, hətta bəzi məqamlarda bu nazirlik xidmətdən daha yüksək səlahiyyətlərə sahibdir. Bu baxımdan, hesab etmək olar ki, dövlət başçısı İlham Əliyevin M.Quliyevi MSN-ə rəhbər təyin etməsində əsas məqsəd bu sahədə uzun illərdir səsləndirilən korrupsiya və qanunsuzluq hallarının aradan qaldırılmasına nail olmaqdır. Heç kimə sirr deyil ki, keçmiş nazir Yavər Camalovun adı uzun illər mətbuatda ən korrupsiyalaşmış nazir kimi hallanıb. Elə bu səbəbdən də onun ölümündən sonra nazirin bir çox səlahiyyəti ləğv edilərək "ölü quruma” çevrilmişdi. 

 


M.Quliyevin MSN-ə rəhbər təyin edilməsin başqa bir strateji tərəfi isə ondan ibarətdir ki, DTX-ya rəhbərlik etdiyi dövrdə də ordu ilə bağlı bir sıra çox ciddi əməliyyatlarda iştirak edən general artıq hərbi sahədə daha aktiv fəaliyyət imkanlarına sahib olacaq. Ordunun silah təchizatının yaxşılaşdırılmasından tutmuş, bu sahədəki böyük yeyinti hallarının qarşısının alınması kimi çox ciddi işləri hazırda M.Quliyevin qarşısında ən ciddi problemlər kimi görünür. 

 

Generalın bu tapşırıqların öhdəsindən necə gələcəyini görmək üçün çox da uzun olmayan zaman lazımdır.

 

E.Mirzəyev

Baku Post
Mədət Quliyevin DTX-dan çıxarılmasının pərdəarxası:  “vuruldu”, yoxsa yüksəldi? - TƏHLİL
Mədət Quliyevin DTX-dan çıxarılmasının pərdəarxası:  “vuruldu”, yoxsa yüksəldi? - TƏHLİL
Mədət Quliyevin DTX-dan çıxarılmasının pərdəarxası:  “vuruldu”, yoxsa yüksəldi? - TƏHLİL
Mədət Quliyevin DTX-dan çıxarılmasının pərdəarxası:  “vuruldu”, yoxsa yüksəldi? - TƏHLİL
Mədət Quliyevin DTX-dan çıxarılmasının pərdəarxası:  “vuruldu”, yoxsa yüksəldi? - TƏHLİL
Mədət Quliyevin DTX-dan çıxarılmasının pərdəarxası:  “vuruldu”, yoxsa yüksəldi? - TƏHLİL
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər