Ru
16:37 / 02 Mart 2021

Məktəblərdə göstəriş əsasında yığılan pullar: Günah kimdədir?

6456
Hər il Təhsil Nazirliyi 8 Mart - Beynəlxalq Qadınlar Günündə pul yığılmaması ilə bağlı çağırış etsə də, sosial şəbəkələrdə bu cür şikayətlər qalmaqdadır. 8 Martın astanasında olduğumuz bu günlərdə isə bu xarakterli şikayətlər daha da artmaqdadır. Demək olar ki, hər gün bu cür hallar müşahidə edilir.

Mübarizə üsulu olaraq, Təhsil Nazirliyi bu il də məktəblərdə pul yığılması və ya digər hallarla bağlı qurumun “Qaynar xətt” xidmətinə (146-1) və yaxud [email protected] elektron poçt ünvanına anonim olmadan müraciət edilə bilər, deyə bir açıqlama yayıb.

Sosial şəbəkələrdə başladılan müzakirələr onu deməyə əsas verir ki, valideynlər Nazirliyin bu mübarizə üsulunu dəstəkləmirlər. Qeyd olunur ki, şikayət anonim olmadıqda həmin məktəbdə həmin uşağa qarşı ədavət aparılır. Həmçinin valideyn-müəllim-şagird münasibəti korlanır.

Bəs bu istiqamətdə hansı mübarizə üsullarını sınamaq olar, çıxış yolu nədir? Günahkar kimdir, valideyn, müəllim, yoxsa direktor?

Mövzu ilə bağlı “BakuPost”a danışan təhsil eksperti Qoşqar Məhərrəmov bildirib ki, yanlış qurulan sistem həm zərərçəkənlər, həm də zərərverənlər tərəfindən qorunur:



“Hədiyyə rüşvətli nəticə verir. Yəni hədiyyə alan verən tərəfə qarşı minnətli olur. Beləliklə də, sinifdə ədalət prinsipi pozulur. Hazırda şagirdlər və müəllimlər arasında haqq-ədaləti qorumaq öz aktuallığını itirib. Təhsil Nazirliyi nə qədər çağırış etsə də, bu yanlışı bəzən valideynlər, bəzən də müəllimlər edir. Valideynlər öz aralarında təklif edirlər ki, müəllimlərə pul verək, yaxud hədiyyə alaq. Məktəb daxilində bu kimi proseslər qadağan edildiyi təqdirdə, valideynlər bunu məktəbdən kənarda həll etməyə çalışırlar. Ona görə də bu problem həllini tapmır və hər il gündəm olur. Bu, ta qədimdən övladını əsgərliyə göndərərkən çantasının içərisinə hinduşka qoyub, “bunu komandirinə verərsən, sənə yaxşı baxsın”, deyən ananın durumuna bənzəyir. Təbii ki, bu çox yanlışdır. Kaş bunu anlada bilsək. Cəmiyyətimiz anlamalıdır ki, vəzifəsini görən insana yalnız təşəkkür etmək lazımdır. Əlavə nələrsə vermək onu gözlənti içində qoyar, minnətli edər və ən əsası ədaləti pozar. Burada həm valideynlər, həm də müəllimlər günahkardır. Eyni zamanda, bəlkə də Nazirliyin monitorinqi tam edə bilməyən monitorinq nəzarət şöbəsi də müəyyən qədər günahkardır. Biz monitorinq nəzarət sistemini daha effektiv edə bilsək, beynəlxalq təcrübədən yararlansaq, maariflənməni artırsaq, əminəm ki, nəticəsi olacaq. Hədiyyə də rüşvətin bir adıdır, bütün dünyada belədir. Bu baxımdan hədiyyə deyib keçməmək lazımdır”.

“Sağlam Cəmiyyət” İctimai Birliyinin sədri, jurnalist, sosioloq Lalə Mehralı isə qeyd edib ki, bu yaxınlarda 7 nəfər valideyn pul yığılması ilə bağlı ona şikayət ünvanlayıb:



“Hətta valideynlərdən 1-i müəllim idi. Onlar Bakıxanovdakı məktəblərin birində bu vəziyyətlə qarşılaşıblar. Valideyn komitələri valideynlərdən israrla hər uşaq sayına 10 manat pul toplayırdı. Müraciət edən valideynlərdən birinin 3 övladı həmin məktəbdə təhsil alır. O etiraz edirdi ki, 30 manatı necə versin, çünki pandemiyaya görə həyat yoldaşı və özü işsizdir. Təbii ki, ən sadə güzəran xərclərinə ehtiyacı olan şəxslər üçün 30 manat böyük puldur. Etik tərəflərin kənara qoyaq, belə bir vəziyyətdə valideynlərdən pul tələb etmək vicdansızlıqdır. Direktorlar, adətən, pul yığılmasını boynuna almır. Elə həmin məktəbdə də direktor boynuna almadı. Mən əlimdə olan faktlara əsasən deyə bilərəm ki, bu barədə direktor özü müəllimlərə göstəriş verib. Müəllimlər də bunun əsasında valideyn komitələrinə tapşırıq verib. Yəni valideyn komitələri o pulu özbaşına yığmır. Heç bir məktəbdə valideyn komitəsi özünə uyğun şəkildə hərəkət etmir. Hamımız yaxşı bilirik ki, pullar göstəriş əsasında toplanır. Bu səbəbdən də Təhsil Nazirliyi tərəfindən bu cür faktlar aşkarlanan məktəb rəhbərlərinə ciddi tapşırıq, ciddi töhmətlər verilməlidir. 1-2 direktor töhmət almalı, işindən kənarlaşdırılmalıdır ki, digərlərinə də görk olsun. O zaman valideynlər bu cür problemlərlə üz-üzə gəlməz”.

Moderator.az informasiya portalının redaktoru, iki uşaq anası Xəyalə Rəis bildirib ki, 8 Mart ərəfəsində məktəblərdə, bağçalarda bayramın qeyd edilməsi, müəllimlər üçün pul yığılması, ya da hər hansı hədiyyənin alınması məcburi deyil:



“Heç kim valideynləri məcbur etmir ki, bayram günlərində müəllimləri təbrik etsin. Bu valideynlərin ürəyindən keçir, qadın olaraq müəllimi təbrik etnmək istəyir və valideyn komitəsi belə bir addım atır. Burada nə Təhsil Nazirliyində, nə də müəllimlərdə günah görürəm. Müəllim özü öz dili ilə bayram günü üçün hədiyyə istəsə, onu günahlandırmaq olar. Onların da ildə 2 dəfə bayramı olur - müəllimlər günündə, bir də 8 Mart qadınlar bayramında. İldə iki dəfə bu mövzu gündəmə gəlir, o müəllimlər də bu günün müzakirə edilməsindən artıq yorulublar. Bu bayramdır, bayramda övladımız üçün əziyyət çəkən, ona təhsil, bilik öyrədən insanın könlünü xoş tutmaq, sevindirməkdə heç bir qəbahət yoxdur. Əgər ailənin buna imkanı yoxdursa, düşünürəm ki, müəllimini sözlə, bir zənglə də təbrik edə bilər”.

Axar.az xəbər portalının müxbiri Samir Soltanov düşünür ki, ümumiyyətlə tədrisdə pul söhbəti tamamilə yığışdırılmalıdır:



“Düzdür, bu istiqamətdə addımlar atılsa da görünən odur ki, kifayət etmir. Bir valideyn kimi günahı məktəb direktorlarında görürəm. Məktəbdə "pul" söhbəti tamamilə ləğv edilsə, müəllimin də ixtiyarı çatmaz şagirddən nəsə tələb etməyə. Artıq Təhsil Nazirliyi də məsələ ilə bağlı müraciət ünvanladı. Bildirildi ki, belə hallar yaşanarsa Nazirliyin qaynar xəttinə müraciət etmək lazımdır. Ümid edirəm bu kimi önləyici tədbirlərin müsbət təsiri olacaq”.

Jurnalist Əzizə İsmayılova da Nazirliyin məlum mübarizə üsuluna münasibət bildirib:



“Anonim olmadan kimsə kimdənsə şikayət edə bilər? Adamın atasını yandırıb, torpağını ovucla havaya sovurarlar. O şikayət edənin uşağını elə peşman edərlər ki, sonda valideyni başını götürüb ölkədən qaçar...

Bunu qoyaq kənara.. Bu, bugünün problemi deyil. İllərdir belədir və get-gedə daha modern şəkil alıb, daha dözülməz olur... Bunu müəllimi də bilir, şagirdi də, valideyni də... Taleyimizlə barışmaqdan başqa çıxış yolumuz qalmayıb, nə yazıq ki...Heç o yolu axtaran da yoxdur.

Məktəblərdə avropasayağı təzə trend yaranıb. (ya da əvvəldən var, mən təzə bildim). Deməli, bir çox məktəb direktorları ilin əvvəlindən çox kübarca yığır bütün valideynləri, onlarla danışır, söhbət edir, bu yandan valideynlərə guya xəbərdarlıq edir, "Başqa məktəblərə baxmayın. Bizim məktəbdə pul yığmaq olmaz. Bizdə 1 qəpik alan olsa, onu o dəqiqə işdən çıxararam", - filan deyə gözəl-gözəl təqdimatlar edir. O biri yandan sinif rəhbərlərinə "Yığ, gətir" əmri verilir. Elə deyilsə, sinif rəhbəri və ya hər hansı fənn müəllimi hansı cəsarətlə valideyndən pul tələb edir? İstəməklə dincəlmirlər, konkret tələb edirlər! Və "yığ" əmri veriləndən sonra həmin o mələk üzlü direktorları nə görmək, nə qəbuluna düşmək mümkün deyil.

Dünən gözümün şahidi oldum ki, atasız 2 uşaq böyüdən xanımı uşaqlardan birinin müəllimi telefonda necə divara dirəmişdi. "Ya verməlisən, ya da yenə də verməlisən." Hələ vaxtında telefonu açmadığı üçün yazıq gəlini nəyi var danladı da. Özünə qarşı sayqısızlıq, hörmətsizlik imiş... Valideyn, əvvəlcə, həmişə istənilən məbləğini verdiyini, indi isə özü işləmədiyi və əri rəhmətə getdiyi üçün heç cürə imkan edə bilmədiyini dedi. Bunun müəllimə nə dəxli? Xanım söhbəti ha çevirməyə çalışsa da mümkün olmadı. Müəllimin səsini yanda oturan mən eşidirdim... Axır, məcbur olub oturduğu yerdən uzaqlaşmalı oldu, söhbətə kurs olmayaq deyə”.

Ləman Hüseynzadə

Şərhlər
  • Rustəm

    Əsasən müəlimlərə yaltağlanan valideyn komitəsi təşkil edir məktəblərdə.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər