Əməkdar incəsənət xadimi, Türkiyədə yaşayan azərbaucanlı aktrisa Məlahət Abbasovanın ATV telekanalında aparıcılıq edəcəyi "Məlahətli söhbətlər” verilişinin təqdimatı olub.
BakuPost.az xəbər verir ki, verilişin təqdimatına Türkiyənin məşhur müğənnisi Petek Dinçöz də qatılıb.
ATV-nin İctimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Turan İbrahimov layihə haqqında məlumat verərək bildirib ki, verilişin məqsədi reytinq qazanmaq yox, bir növ lobbiçilik fəaliyyəti göstərməkdir: "Verilişdə Türkiyədə tanınan simaları Azərbaycana gətirib, bizim məşhurlarla görüşdürüb, onlarla bir masa arxasında mədəniyyətimizdən danışılacaq. Yəni bir növ tanışlıq olacaq. Bizim məqsədimiz iki qardaş ölkə arasında körpü olmaqdır, əminəm ki, bu layihə uzunmüdddətli olacaq. Onu da deyim ki, bizi bu verilişdə reytinq maraqlandırmır, əsas tamaşaçılara keyfiyyətli layihə təqdim etməyi düşünürük. Bir növ lobbi fəaliyyəti ilə məşğul olacağıq".
Layihənin müəllifi Məlahət Abbasova verilişinə qatılacaq türkiyəli sənətçilərin heç bir madiyyət tələb etmədiyini vurğulayıb: "Uzun illər sonra belə bir layihə ilə Azərbaycan tamaşaçısının qarşısına çıxacağam. 26 ildir ki, Türkiyədə yaşayıram. Sizin heyranlıqla baxdığınız türkiyəli məşhurlarla demək olar ki, birgə çalışırıq. İki ölkənin dəyərli insanlarını Azərbaycanda görüşdürəcəyik. Azərbaycanın çay süfrəsi çox zəngindir, istədik çay süfrəsi ətrafında yığışaq. "Məlahətli söhbətlər"də, eyni zamanda azərbaycanlı məşhurlar da yer alacaq. Onlar səmimi söhbət edəcəklər və bir-birlərini daha da yaxından tanıyacaqlar. Onu da bildirək ki, heç bir türkiyəli məşhur bizdən bura gəlmək üçün hansısa maddi vəsait tələb etmir. Əksinə, hamısı sevə-sevə gəlirlər".
Məlahət Abbasova verilişində qalmaqalın olmayacağını da deyib: "Bu verilişdə heç bir qalmaqal və şou olmayacaq, şəxsi həyat müzakirə olunmayacaq. Biz sadəcə olacaq mədəni söhbət edəcəyik"
Aktrisa verilişində qonaq qismində yalnız xalq tərəfindən sevilən sənətkarların iştirak edəcəyini də deyib: "Bəzən verilişlərdə xahiş və tanışlıqla iştirak edirlər. Amma bu veriliş elə olmayacaq. Sırf sənətkarlar dəvət olunacaq. Hətta veriliş başlamamış bəziləri pul da təklif edib ki, türk məşhurlarla bir verilişdə olaq. Təbii ki, elə hallara yol verilməyəcək”.
Petek Dinçöz isə Azərbaycanı özünə ikinci vətən hesab etdiyini deyib: "Azərbaycan mənim üçün doğmadır, ikinci vətənimdir. Burada qonaq yox, ev sahibi olmaq istəyirəm. Məlahəti uzun zamandır, tanıyıram. Onun aktrisalıq qabiliyyətinə heyranam. Bütün rolları təbii oynayır. Onun təklifini geri çevirə bilməzdim, Məlahət məni bura çağırıbsa, mütləq gəlməliydim. Bundan öncə Azərbaycanda çox olmuşam, yeni ili bir neçə dəfə ölkənizdə qarşılamışam. İstərdim ki, 2018-ci ili də ərim və oğlumla birlikdə Azərbaycanda olaq. Mən sizin ölkəni və insanlarınızı çox sevirəm".
Qeyd edək ki, "Məlahətli söhbətlər" layihəsinə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi də dəstək verib.
Verilişdə yeni mövsümdən etibarən ATV-də yayımlanacaq.