Ru
16:30 / 04 Avqust 2020

"Məlumat aldım ki, böyük bir sahə hasarlanıb, bölünüb satışa çıxarılır" - İlham Əliyev

2904
"O vaxt məlumat aldım ki, burada böyük bir sahə var, artıq hasarlanıb, hissələrə bölünüb və satışa çıxarılır".

Bunu bu gün Bakının Yasamal rayonunda salınacaq meşə tipli yeni parkda görüləcək işlərlə tanış olan prezident İlham Əliyev deyib.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, layihə dörd hektar ərazini əhatə edir. Vaxtilə bu ərazi bəzi adamlar tərəfindən zəbt olunmuşdu və onlar bunu hissə-hissə satmaq niyyətində idilər. "Siz müdaxilə edəndən sonra bu proses dayandırıldı və bu torpaqlar dövlət fonduna qaytarıldı".

Dövlət başçısı bildiirb ki, buraya bir müddət bundan əvvəl yerüstü keçidin açılışında iştirak etmək üçün gəlib və o vaxt göstəriş verib ki, burada yerləşən bu binalar əsaslı şəkildə təmir olunsun. "Çünki gördüm ki, bu binalar artıq köhnəlib, həmçinin xarici görünüşü heç bir standarta uyğun gəlmir. Maraqlandım, bu binaların içi də çox bərbad vəziyyətdədir. Ona görə binaların kompleks şəkildə təmir edilməsi ilə bağlı müvafiq göstəriş verdim.

O vaxt məlumat aldım ki, burada böyük bir sahə var, artıq hasarlanıb, hissələrə bölünüb və satışa çıxarılır. Maraqlandım, məlumat verdilər ki, bu, kim tərəfindən zəbt olunub, bunun heç sənədləri də yoxdur.

Ona görə dərhal göstəriş verdim ki, bu qanunsuzluqlara yol verən insanlar müəyyən edilsin, onlar məsuliyyətə cəlb olunsun, bütün hasarlar sökülsün və vətəndaşların sərəncamına gözəl bir park verilsin.

O vaxt şərtlərdən biri də o idi ki, bu parkda insanların asudə vaxtlarını keçirmələri üçün bütün şərait yaradılsın, park təbii olsun. Burada bir çox hündürmərtəbəli binalar var, minlərlə insan yaşayır və şəhər içində sanki kiçik bir meşə yaradılsın. Ona görə burada təbii landşafta maksimum üstünlük verilməlidir. Təbii ki, burada istirahət, fitnes, əyləncə zonaları, oturacaqlar olacaq. Ancaq yaşıllıqlar daha geniş ərazini əhatə etsin, ağaclar əkilsin və insanlar gəlib burada rahat istirahət edə bilsinlər, dincəlsinlər, bunun şəhərimizin ümumi inkişafına böyük töhfəsi olsun. Hesab edirəm ki, layihə də çox yaxşı tərtib olunub və burada daha çox yaşıllıqlara üstünlük verilir. Ona görə artıq bu gündən başlayaraq parkın qurulması ilə bağlı əməli işlər görülməlidir".

Dövlət başçısı parkın hazırlanması üçün nə qədər vaxt lazım olacağı ilə də maraqlanıb. Eldar Əzizov bildirib ki, noyabrın sonuna kimi tamamlamağa çalışacaqlar.

"Əgər bu iş ilin sonuna qədər başa çatsa, bu park sakinlər üçün yaxşı Yeni il bayramı hədiyyəsi ola bilər".

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni parkda görüləcək işlərlə bağlı tapşırıq və göstərişlərini verdilər.

Qeyd edək ki, bu layihənin icrası sosial xarakter daşıyır və onun məqsədi paytaxtda aparılan abadlıq-quruculuq işlərinə töhfə verməkdir. Bundan başqa, layihənin özəlliyini artıran daha bir mühüm məqam ərazidə meşə tipli yeni parkın salınmasıdır. Bu, paytaxtın ekoloji vəziyyətinin yaxşılaşdırılması tədbirlərinin mühüm tərkib hissəsi olmaqla yanaşı, ətraf ərazilərdə yaşayan sakinlərin istirahətinin də yüksək səviyyədə təşkil edilməsinə geniş imkanlar yaradacaq.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər