Ru
17:43 / 15 Oktyabr 2019

Məmur aktyor: “Kinoda taleyim gətirmədi...” – MÜSAHİBƏ

9104

“Dəmir Yolları mətbuat xidmətində rəis işləmək çox çətin işdir. Müstəqillik illərində onun mətbuatını mən qurmuşam. Dəmir Yolları dövlətin içində bir dövlətdir. Burada işləmək üçün sən xəritəni bilməlisən, iqtisadiyyatı bilməlisən, ölkələr arası münasibətləri bilməlisən, dünyada gedən proseslərdən xəbərdar olmalısan. Ondan sonra sənə danışmağa səlahiyyət verilir. Yüngül danışıqla bu işlər olmur”.
Bu sözləri uzun illər “ADY” QSC-nin mətbuat katibi işləmiş, hazırda ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı, rejissor, aktyor Nadir Əzməmmədov BakuPost-a verdiyi müsahibəsində deyib. Müsahibim sözün əsl mənasında hərtərəfli şəxs olduğu üçün söhbətimiz də hərtərəfli baş tutdu:


- Nadir müəllim, öncə istərdim qısa olaraq “ADY” QSC də həyata keçirilən son işlər, yeniliklər barədə məlumat verəsiniz.

- Bilirsiniz ki, dəmir yolu yük və sərnişin daşımanı həyata keçirən nəqliyyat növüdür. Hazırda dəmir yolu böyük işlər həyata keçirir. Bu işlərdə əsasən beynəlxalq istiqamətlərdə dəhlizlərlə nəzərdə tutulub. Bakı-Tiblisi-Qars, Şimal-Cənub, Cənub-Qərb, Transxəzər kimi beynəlxalq nəqliyyat dəhlizi istiqamətində işlər görülür. Artıq biz Avropaya çıxış əldə edirik. Bizim yüklərimiz Bakı-Tiflisi-Qarsla Türkiyədən keçərək Avropaya ötürülür. Gələcəkdə bu işlər daha da genişləndiriləcək. Görülən işlər Azərbaycan üzərindən yüklərin daha sürətlə ötürülməsini təmin edəcək. Ölkə daxilində də dəmir yolu vağzallarının təmiri, yenidən qurulması işləri aparılır. Həmçinin Bakı- Böyük Kəsik istiqamətindəki yollarda təmir işləri aparılır, keçidlər yenilənir.


- Qarşıdan qış mövsümü gəlir. Qarlı və qeyri-sabit hava şəraitinin qatarların hərəkətinə təsir etməməsi üçün hansı qabaqlayıcı tədbirlər həyata keçirilir?

- Dəmir yollarına ildə iki dəfə baxış keçirilir, hazırlıq işləri görülür. Qış mövsümündən əvvəl də bu işlərə nəzarət edilir ki, qatarlarda heç bir problem olmasın. Qış mövsümündə saha çox sərnişin daşınma qatarlarında problemlər yaranır. Əsasən istilik sistemləri ilə bağlı olur bu problem. Ona görə də daha çox istilik sistemlərinin qaydasında olmasına xüsusi nəzarət edilir. Bu da sərnişindaşımanın rahat şəkildə həyata keçməsi üçün atılan addımlardandır.


- Yeni vaqonların alınması nəzərdə tutulurmu?

- Dəmir yolları sərnişin və yük parkında yeniliklər həyata keçirir. Bu yeniliklərdən biri də elə yeni vaqonların alınmasıdır. Eyni zamanda Bakı-Tiblisi-Qars dəmir yolu istiqamətində hərəkət edəcək yüksək keyfiyyətli vaqonlar da alınıb. Yaxın gələcəkdə bu vaqonların Bakıdan İstanbula hərəkəti nəzərdə tutulub.

- Əhali ən çox "Stansiya Sumqayıt" adlanan ərazidəki dəmir yolundan narazılıq edir. Narazılıqlar əsasən dəmir yolundakı şəraitsizliklə, vağzalın çox bərbad vəziyyətdə olması ilə bağlıdır. Vağzalda məlumatverici-göstərici nişan, qatarların gediş-gəlişi haqda adicə məlumat lövhəsi belə yoxdur. Bu problemlərin həlli üçün planda nə isə varmı?

- Əvvəla qeyd edim ki, Bakı-Sumqayıt qatarlarının hərəkətində gecikmə olur. Bu da yollarda təmir işlərinin aparılması ilə əlaqədardır. Ümumiyyətlə, isə yaxın gələcəkdə bütün yol boyu stansiyaların yenilənməsi nəzərdə tutulub. Bura Sumqayıt stansiyası da aiddir.

- Azərbaycan Dəmir Yollarının beynəlxalq əlaqələri hansı istiqamətdə davam etdirilir?

- Yuxarıda adlarını qeyd etdiyim dəhlizlər, beynəlxalq layihələr heç də, asan başa gəlmir. Bu əvvəla ölkə prezidentinin diqqətinin nəticəsidir. Bildiyiniz kimi, Bakı-Tiblisi-Qars layihəsi 2005-ci ildə start götürməli idi, lakin mümkün olmadı. Əlbəttə ikili standartlar var idi ki, bunlar bizə qarşı planlanmışdı. Artıq 2007-ci ildə prezident İlham Əliyevin təkidi və dəstəyi ilə, bu işlər həyata keçirildi. 2017-ci ildə isə bu yol hazır oldu. Hazırda bu istiqamətdə yük qatarlarının daşınması həyata keçirilir. Artıq gələcəkdə Çindən gələn yüklər Xəzər dənizindən keçməklə Avropaya çıxış əldə edəcək. Bu çox böyük işdir. Bu layihə dünya nəqliyyat sistemində böyük dəyişikliklər həyata keçirib. Azərbaycan üçün də bu çox əhəmiyyətli irəliləyişdir. Həmçinin Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi. Bu yol vaitəsilə Hindistandan daşınan yüklər İran üzərindən Azərbaycan, Rusiya, oradan da Finlandiyaya qədər çatacaq.

- Avqust ayında sınaq səfərinə çıxarılan Ankara-Bakı qatarı nə zaman tam fəaliyyətə başlayacaq?

- Bildiyiniz kimi, bu yüksək komfortlu sərnişin qatarlarıdır. Hazırda bu istiqamətdə Azərbaycan- Gürcüstan-Türkiyə arasında danışıqlar aparılır. Razılıq əldə olunandan sonra işlər başlayacaq. Biz Azərbaycan tərəfi olaraq bu işə hazırıq. Yəni yolumuz da hazırdır, qatarlarımız da. Digər tərəflərdə isə müəyyən çatışmazlıqlar var. Onlar da hazır olduqdan sonra qatarlar bu istiqamətdə fəaliyyətinə başlayacaq.

- Rejissor, aktyor olmağınızın dəmir yollarındakı vəzifənizə təsiri olubmu. Özünüzü hansı hansı sahədə daha peşəkar hesab edirsiniz?

- Bildiyiniz kimi mən ADMİU-nu bitirmişəm. Eyni zamanda Moskvada rejissorluq kursuna getmişəm. İxtisasca aktyor, rejissoram. Tale elə gətirdi ki, biz müstəqillik əldə etdiyimiz illərdə kinostudiya öz fəaliyyətini tədricən azaltdı. Yəni, filmlərin çəkilişində durğunluq yarandı.. Mən də bir ailə başçısı kimi ailəmi dolandırmaq üçün nə isə etməli idim. Ona görə də bir qədər öz sənətimdən uzaqlaşmağa məcbur oldum. Dövlət Gömrük Komitəsi mətbuat xidmətində işlədim. Bir müddətdən sonra isə mən yenidən kinoya qayıtsam da işlərim bu dəfə də yolunda getmədi. Daha sonra Dəmir Yollar ASC-də mətbuat xidmətində işləməyə başladım. Artıq 22 ildir burada çalışıram. Dəmir Yolları ASC-nin müasir tarixinin yaranmasında mənim böyük rolum olub. Saytının yaradılmasında, filmlərinin çəkilməsində, kitabların buraxılmasında əməyim keçib. Hətta, kinorejissor kimi filmlər də çəkmişəm. Mətbuat xidmətinin rəisi kimi çalışdığım dövrdə həm operatorluq, həm də rejissorluq etmişəm. Televiziyalarda dəmir yollarına aid gedən kadrların demək olar ki, 50-60 faizinin operatoru mənəm.

- Bu sahədə işləməyiniz yaradıcı fəaliyyətinizi bir qədər geridə qoyubmu?

- Qismət belə gətirdi ki, mən sənətimi dəyişəsi oldum. Buna baxmayaraq, bu sənətin də mənə çox böyük köməyi olub. Əlbəttə, mən kinoda qalsaydım, hər şey fərqli ola bilərdi. Gənc vaxtlarımda bir çox filmlərə çəkilmişəm. "Qara volqa", "Şeytan göz qabağındadır" və s. filmlər var ki, orada həm rejissor, həm də aktyor kimi iştirak etmişəm. Nə qədər bu sahədən uzaqlaşsam da, kino məni həmişə özünə çəkib. Mən və mənim kimi bir neçə şəxs vardı, biz filmlərdə ikinci rejissor kimi çalışmışıq. Artıq biz quruluşçu rejissor kimi tam hazır olduğumuz ərəfədə kinostudiya fəaliyyətini dayandırdı. Biz sənətdə itirilmiş insanlarıq. Öz sənətimizi davam etdirə bilmədik. Yəni bizim bu sahədə aldığımız təhsil hədər oldu. İndi çox qəribədir ki, mən yenidən filmlərə dəvət alıram. İstər istəməz, sənətim məni özünə çəkir.

- Adil İsgəndərov, Əbdül Mahmudov kimi şəxsiyyətlərdən dərs almaq şansınız olub. O dövrlə müqayisə edəndə kino sahəsində nələr dəyişib. Bu dəyişikliklər sizi bir sənətkar kimi qane edirmi?

-1970-ci ildə mən “Azərbaycanfilm” kinostudiyasında Adil İsgəndərovdan aktyorluq dərsi alırdım. Burada bizə Əbdül Mahmudov, Elxan Qasımov, Muxtar Manıyev kimi şəxsiyyətlər də dərs deyirdi. Bu insanlar bizə aktyor sənətinin xırdalıqlarını öyrədirdi. O dövrdə bu instituta bərabər bir şey idi. Hətta mən həmin kursu bitirdikdən sonra Mədəniyyət və İncəsənət Universitetinə daxil olmuşam. A.İsgəndərovun mənim yetişməyimdə böyük rolu olub.
O vaxtı insanlarda kinoya bir həvəs vardı. Elə ən böyük filmlərimiz də demək olar ki, 1970-1980-ci illər arasında çəkilib. Kino çox şeyi həll edirdi. Məsələn; Böyük Vətən müharibəsi vaxtı elə filmlər çəkilirdi ki, bu insanlarda ruh yüksəkliyi, qəhrəmanlıq hisləri yaradırdı. Filmlərdən ruhlanıb, döyüşə getmək, qəhrəman olmaq istəyi yaranırdı insanlarda. İndiki filmlərdə isə belə təsirlər yoxdur. Heç əvvəlki filmlərdə olan müxtəlif sahələrə aid obrazlar da yoxdur. Filmi elə çəkmək lazımdır ki, insanlarda həvəs oyansın. İndi televiziyalarda verilişlər gedir, amma insanları qane etmir. Çünki, səviyyə aşağı olduğuna görə, tamaşaçı kimi səni də öz səviyyəsinə salır. Ancaq tamaşaçı həmişə zövqlü şeylərə baxıb, dincəlmək istəyir. O isə bizim televiziyalarda yoxdur.





- Bu qeyd etdikləriniz Televiziyada və kino sahəsində qeyri-peşəkar insanların olması ilə əlaqəli ola bilərmi?

- Bəli, çox təəssüf ki, peşəkar kinorejissorlarımız kino çəkməyə pul tapmırlar. Ancaq kimlərsə kino üçün pul tapır. Onlar hələ peşəkar kinonun nə demək olduğunu bilmirlər. İndi film çəkmək çox asandır. Elə texniki vasitələr, kameralar mövcuddur ki, çox funksiyalıdır. O vaxtlar bədii filmlərdə bu işlər çox çətin başa gəlirdi. Biz filmləri metrə-metrə çəkirdik ki, artıq kadrlar getməsin. Rejissor aktyorlarla daim işləyirdi ki, çəkiliş zamanı artıq xərc çıxmasın. Ona görə filmlər də gözəl alınırdı. İndi nə var ki, düyməni basıb saatlarla nə istəsələr çəkirlər. Amma yenə də ortada bir şey yoxdur.

- Müasir dövrdə yerli filmlərdə daha çox komediya janrına üstünlük verilir. Buna münasibətiniz necədir?

- Düzünü deyəndə hamısının xətrinə dəyir. Ancaq bu çəkdikləri komediya da deyil axı. Götürək o dövrdə çəkilən "Qaynana" filmini. Görürsünüz orda necə aktyorluq qabiliyyəti nümayiş olunur. Baxdıqca baxmaq istəyirsən. Film insanı, həm güldürür, həm də düşündürür. İndiki filmlərdə bunların heç biri yoxdur.

- Bir müddət əvvəl xalq artisti Rasim Balayev gənc komediya aktyorları barədə: “Meymunluğu aktyorluqla səhv salırlar” fikrini söyləmişdi. Bu fikirlərlə razısınızmı?

- Əlbəttə razıyam! Rasim Balayev böyük aktyordur. Dövrünün çətinliklərini görmüş sənətkardır. O, sənətin nə olduğunu çox gözəl bilir. Ona görə də, saxta işləri qəbul edə bilmir. İndi gənclər pul tapırlar, nə isə çəkməyə çalışırlar. Ancaq tamaşaçının zövqünü korlamaq olmaz. Tamaşaçıya fikir çatdırmaq, mesaj ötürmək lazımdır. Elə etmək lazımdır ki, heç olmasa bir saat tamaşaçı o obrazın taleyi haqda düşünsün. İndi ssenari yazanda azdır, heç demək olar ki, yoxdur. Birinci gərək yaxşı ssenari olsun ki, rejissor da onun üzərində işləyib nə isə ortaya çıxara bilsin.




- Bu boşluqların aradan qalxmasına ümid etmək olarmı?

- Zaman özü onları yetişdirəcək. Onlar da öz səhvlərinin anlayıb istiqamətlərinin dəyişəcəklər. İndi artıq kinostudiya fəaliyyətə başlayıb, orada işlər gedir. Daha serialda oynayan aktyora kinoda oynamaq çətin olacaq. O mütləq hazırlaşmalı olacaq ki, çaşıb qalmasın. Sən əgər o obrazla yaşamırsansa, o iş alınmayacaq.

- Son dövrlərdə Taleh Yüzbəyov, Alixan Rəcəbov və s. kimi gənc istedadlar cəmiyyətin problemlərini qısametrajlı filmlər vasitəsi ilə işqılandırırlar. Bu gəncləri tanıyırsınızmı? T.Yüzbəyovun “Zəhər Tuluğu” layihəsini necə qiymətləndirirsiniz?

- Yox, heç birini tanımıram. Ola bilər ki, gənclər müvəqqəti olaraq nə isə iş görsünlər, ancaq sənətkar adını qazanmaq tamam başqa bir şeydir. “Yeddi oğul istərəm”, “Nəsimi”, “Arxadan vurulan zərbə” kimi filmlərə adam indi də necə maraqla baxır. Bu filmlərin hamısında obraz var, fikir var. İndi çəkilən kiçik bir çarx müəyyən müddət yadda qalıb, unudulur. Ümumiyyətlə, bir şeyin ki, adı “zəhər tuluğu”dur, daha onu bilmirəm necə olar. Amma baxmadığım üçün fikir bildirə bilmərəm, bəlkə də yaxşıdır.

- Deyirlər, hər bir aktyora onun rolları doğmadır. Nadir müəllimin daha çox doğma olan, digərlərindən fərqləndiriyi rolu hansı olub?

- Mən böyük rollara çəkilməmişəm. Bunun səbəbi isə mənim daha çox filmlərdə rejissor kimi fəaliyyət göstərməyim olub. Belə olanda isə həm rejissor, həm də aktyor kimi işləmək mümkün olmur. Ona görə də mən xırda rollarda çəkilirdim ki, yadda qalım. Rollarımın hamısı əzizdir mənə. Necə ki, ata uşaqlarını bir-birindən ayıra bilmir. Aktyor üçün də rolları elədir.

- Dövrünün ən dəyərli sənətkarları ilə çalışmaq şansınız olub. Çəkilişlər zamanı yadda qalan, bu gün də təbəssümlə xatırladığınız hadisələr varmı?

- Mən Oqtay Mirqasımov, Əbdül Mahmudov, Əjdər İbrahimov, Rasim Ocaqov və s. kimi böyük sənətkarlarla işləmişəm. Onlarla işləmək bir məktəb keçməyə bərabər idi. Aktyorlardan Rasim Balayev, Şahmar Ələkbərov, Muxtar Manıyev və digərlərinin oyununu canlı şahidi olmuşam. Bu aktyorların çəkiliş meydançasına gəlişindən artıq məlum olurdu ki, kino necə alınacaq. Yadıma gəlir “Qanlı Zəmi” filmi çəkilirdi. Quruluşçu rejissorlar Həsənağa Turabov və Əbdül Mahmudov idi. Mən də onların asisenti idim. Bilirsiniz ki, H.Turabovun da başı keçəl idi. Çəkiliş zamanı bizimlə ikinci operator kimi bir erməni işləyirdi. Bunun başında da qəşəng bir ağ “kepka” var idi. Əbdül həmin erməniyə dedi ki: “Robert, sən papağını çıxart, ver Həsənağa qoysun başına”. Bu vaxt həmin operator qayıtdı ki: “Niyə məgər mənim başım baş deyil?” Əbdül müəllim cavabında “Əşi, sənin başın nə başdı, baş Turabovunkudur”- dedi. Çəkiliş yerində hər kəs bu sözə güldü. Bu sözdən sora həmin erməni çıxarıb papağını Həsənağa Turabova verdi. Lakin Turabov razı olmadı erməni papağını başına qoymağa, dedi rədd edin o papağı...

- Demək, sənətkara yüksək qiymət olub...

- Bəli. Əvvəllər Adil İsgəndərov teatrda işləyəndə qəribə bir qaydası olub. O teatrda da böyük aktyor, aktrisalar ilə işləyirdi. Həmin sənətkarları hətta mağazaya getməyə də qoymurdu. Onların bazarlığını kimlərəsə etdirirdi ki, onlar görünməsin. Onun bir prinsipi var idi. Deyirdi ki, qoy tamaşaçı aktyorları küçədə görməsin və onlar həmişə tamaşaçı üçün maraqlı qalsın. Ona görə əvvəllər aktyorlar əlçatmaz idi, onlarla danışmaq mümkün deyildi.

- Fuad Poladovla münasibətləriniz necə idi? Nə üçün ölümündən əvvəl hər kəsdən qaçırdı?

- Fuadla “Qara Volqa” filmində birlikdə işləmişik. Həm də çox yaxşı dostluğumuz olub. Fuad böyük sənətkar idi. O ifa etdiyi şeirdə belə, vəziyyəti çox gözəl hiss edirdi. Ona görə də, bu hisslərini tamaşaçıya ən gözəl şəkildə çatdırırdı. Son zamanlar insanlardan qaçmasına səbəb onun xəstəliyi idi. O dərdini heç kimə yükləmək istəmirdi. Bizimlə söhbət edəndə belə, nə isə xahiş edib istəməzdi. Hətta o qəbiristanlığa gedib özü üçün yer götürmüşdü. Kişi kimi yaşayıb, kişi kimi ölən şəxslərdən oldu Fuad. Aktyor kimi də tarixə düşdü.

- Nadir müəllim, nə üçün sənətdə olan gənc nəsil tənqidləri qəbul etmir?

- Bilirsiniz, o vaxtlar biz bütün aktyorlar öz üzərimizdə işləyərdik. İndiki gənclərdə bu yoxdu. Sənəti çox ucuzlaşdırıblar. Kimisə tənqid edib nə isə deyəndə də, hər yerdə yazırlar ki, filankəs belə dedi. Yaxud da söydü, təhqir etdi. Gənclər də bunları görüb aqressivləşir sanki. Ona görə heç nə danışmaq istəmirəm.

- 1973-cü il, rejissor Həsən bəy Seyidbəylinin çəkdiyi “Nəsimi” filmində siz də rol almısınız. Necə oldu ki, bu filmə çəkildiniz?

- Mən bu filmdə qısa bir epizoda çəkilmişdim. Onda tələbə idim. Mənə və bir neçə tələbə yoldaşlarıma çəkilişlər maraqlı olduğu üçün gedib oturub saatlarla baxırdıq. Həsən müəllimin aktyorlarla necə işlədiyinə diqqət edərdik. Bu adam aktyorun geyiminə, qriminə, tarixi görkəminə son dərəcədə diqqətlə yanaşırdı. Filmin rəssamından, rejissoruna hər kəs öz işini dəqiqliklə həyata keçirirdi. Bu sənət idi. Nəsimi obrazı üçün sınaq çəkilişlərinə bir çox aktyorlar çəkildi. Biz o obrazın eşqilə yaşıyırdıq ki, görəsən, Nəsimini kim oynayacaq. Məni də epizodlardan birinə çəkdi Həsən Seyidbəyli, amma həmin kadrları filmdən çıxarıblar.

- Hazırda “Nəsimi”, “Babək”, “Qaçaq Nəbi”... kimi tarixi filmlərin müasir texnologiya ilə yenidən çəkilməsi mümkündür. Yaxud da Şirvanşahlar, Səfəvilər kimi dövlətlərin şanlı tarixindən bəhs edən tarixi filmlər. Filmdə tarixi mövzulara niyə müraciət olunmur?

- Bilirsiz, tarixi film çəkmək çətindir. Əvvəla buna böyük vəsait tələb olunur. Çünki tarixi filmlərdə atlar, qoşun, onların geyimləri, tarixi libaslar olmalıdır ki, bunlar böyük məbləqlərə başa gəlir. Bu cür filmlərin üzərində böyük rəssamlar işləmlidir. Hələlik bu mümkün kimi görünmür. Amma ümid edək ki, bəlkə gələcəkdə belə filmlər ərsəyə gələr.

- Müasir filmlərimizdə sanki yerində olmayan bir şeylər var.

- Film çəkilərkən hər kəsin öz işi olmalıdır. Ssenarist, rejissor, aktyor hamısı öz işini bilməlidir. İndi baxırsan kinolarda ssenarist, rejissor, operator hamısı bir nəfər olur. Bu gedişlə ortaya keyfiyyətli iş çıxartmaq olmaz. Yadımdadır, Həzi Aslanov filminin sınaq çəkilişlərinə Ramiz Novruzovla birlikdə çəkildik. Filmin rejissoru Rasim İsmayılov idi. Sınaq çəkilişlərinə baxanda gördüm ki, Ramiz məndən daha yaxşı oynayıb bu rolu. Mən sifətdən arıq idim leytenanta oxşayırdım. Amma Ramiz üzdən dolu idi zabit obrazına daha çox uyğun gəlirdi.
Mən bunu özüm etiraf etdim ki, o daha yaxşıdır. O vaxtlar qiymət vermək vardı. İndi hamı hər şeyi özüm edərəm deyir.

-Son zamanlar tez-tez kimlərinsə şəxsi həyatına aid videoların gündəmə gəldiyini görürük. Buna münasibətiniz necədir?

- Mən onları yaxşı qəbul etmirəm. Kiminsə həyatını gündəmə gətirmək yaxşı nümunə deyil. Bütün bunlar hamısı bekarçılıqdan meydana gəlir. Kimlərinsə işində yaranan boşluqlar onların şəxsi həyatlarını gündəmə gətirməsi ilə nəticələnir. Ümumiyyətlə insanlarda biganəlik əmələ gəlib. Əksəriyyəti axtarır ki, kiminsə başına nəsə pis şey gəlsin onu danışım, onu yayım.



- Nadir müəllim, yerli telekanallarımıza baxırsınızmı? Sizi qane edirmi?

- Demək olar ki, çox baxmıram. Lakin son vaxtlar nə isə dəyişikliklər olur. Axı verilişin də bir mənası olmalıdır. Ailə məişət mövzusunda verilişdirsə bura ancaq nümunəvi ailələr çəkilməlidir. İndi hansı kanalı açırsan şou proqramdı, komediyadı. Baxsan da, çay içənə qədər yadında qalır sonra unudulur. O proqramlar insanları düşündürmür və təəssüflər olsun ki, insanların şüuruna girib yavaş-yavaş onları öz səviyyəsinə salırlar.

- Bəs Dadaş Dadaşlinskinin verlişinə münasibətiniz necədir?

- Lap yaxşı. Hiss olunur ki, müasir həyatla ayaqlaşmaq istəyirlər. Nə isə yenilik etməyə çalışırlar. Maraqlı layihələrdir. Baxılası və gediləsi verilişdir.

- Zaur Baxşəliyev, Xoşqədəm Hidayətqızı və s aparıcıların verilişləri kimi layihələrə münasibətiniz necədir?

- Bilirsiniz, orada insan taleləridir. Müxtəlif insanlar nəsə çətinliyə düşür və müraciət edirlər. Bəzən itənləri tapıb gətirirlər. Bu yaxşı haldır. Çıxış yolunu o verlişlərdə görürlər. Lakin ailə məsələlərinin bu verilişlərdə nümayişinə, ictimaiətləşdirilməsinə münasibətim çox pisdir. Bəzən reytinq xatirinə bir ailənin taleyini həftələrlə saxlıyırlar efirdə. Artıq həmin insan özü də həyatının şouya çevrilməsini öyrənir. Ona uyğun hərəkət edir. Yaxudda hansısa bir məşhurun həyatını görüb örnək alırlar. Xüsusilə də yeniyetmələr, gənclər təsir altına düşür. Birdə görürsən boşanana baxıb boşanırlar, soyunana baxıb biz də soyunaq iddiasına düşürlər. Ay balam, axı sən Aygün Kazımovanın nəyinə oxşamaq istəyirsən? Belə olmaz, axı. Bu şeyləri ictimailəşdirməklə uçuruma gedirik. Bir ara ekstrasenslər çıxmışdı ortaya. Efirlərdə guya əli ilə camaatı müalicə edirdilər. Hamı oturub onlara baxırdı, guya evdə ürəyi gedənlər olurdu. Gör onlar nə qədər təsir edə bilirdilər camaata. Televiziyanın təsiri çox böyükdür. Ehtiyatlı olmaq lazımdır.




Afaq Rza
BAKUPOST






Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər