21:56 / 27 Sentyabr 2021

Mən bir Şuşa gördüm…

6408
Səadət Məmmədova,
Əməkdar jurnalist

Şuşaya getmişdim-ədalətin, ləyaqətin, qürurun, zəfərin, igidin, şəhidin şəhərinə….

Sonuncu dəfə 10 yaşımda Ağdamdan Əsgəran və Xankəndindən keçib burularaq dağa dırmaşan yolla getdiyim şəhərə bu dəfə igidlik və qanla salınmış yeni yolla - Zəfər Yolu ilə getmişdim….Yol burula-burula müqəddəs şəhərə qalxırdı…Və birdən o əzəmətli qaya şəhər - Şuşa göründü. Maşındakı üç nəfərin üçü də eyni anda “Hiiiiii, Şuşa…Şuşanı gördüm” dedi…

Mən düz 32 ildən sonra yenə bir Şuşa gördüm…Bir həftədir 140-dan enməyən təzyiqim öz-özünə endi, nəfəsim genəldi, gözüm açıldı, ürəyim fərəhləndi, çünki mən bir Şuşa gördüm….

Mən bir Şuşa gördüm – əzəməti göyə ucalan qayalarda, abır-həyası başındakı dumanda saxlı…

Mən bir Şuşa gördüm - Cıdır düzünə qalxan qayalarda DƏMİR YUMRUQ izi…

Mən bir Şuşa gördüm - işığı yanır, iti hürür, quşları cükküldəşir, cırcıraması cırıldayır, gündüz günəşi, gecə ayı parlayır, hənirtimizi duyur, bizi havası ilə sığallayır…

Mən bir Şuşa gördüm - Üzeyir Bəyin səsi gələn...

Mən bir Şuşa gördüm - 29 il əvvəl dağılan yerləri kif bağlamış, azərbaycanlılara məxsus məhlələrin və evlərin çoxu I Qarabağ savaşından bəri darmadağın, içincə ağac, kol-kos bitmiş, uşaq ikən həsəd apardığım kübar eyvanları yanıb kül-olmuş, çürüyüb tökülmüş...

Mən bir Şuşa gördüm - bulaqlarının yarısı qurumuş…

Mən bir Şuşa gördüm - alması, gavalısı, payızlıq böyürtkəni dəymiş…

Mən bir Şuşa gördüm - yetim məzarlara qucaq açan…Gəlib dədə-babasının qəbrini tapa bilməyənlərin küçədə boynunu burub çarəsizcə oturduğu…

Mən bir Şuşa gördüm – şəhərini, evini görməyə gələnlərin hıçqırıqlarına təsəlli verən…

Mən bir Şuşa gördüm – başı dik, ürəyi nisgilli…alnında qürur, boğazında 2907 qəhərli düyün…

Mən bir Şuşa gördüm – küçələrində, divarlarında, pəncərələrində üzbəüz döyüşün izlərini saxlayan…

Mən bir Şuşa gördüm –1524 mertlik uca zirvəsindəki bayrağımızla düşmənə və dünyaya meydan oxuyan...

Mən bir Şuşa gördüm – Zəfər bayrağını bu müqəddəs zirvəyə sancan ərənlərin oylağı...

Mən bir Şuşa gördüm – misilsiz qəhrəmanlığa şahid olan, küçələrində şəhid ruhu dolaşan…

Mən bir Şuşa gördüm – iri çay daşlı küçələrinə axan şəhid qanına tumar çəkən…

Mən bir Şuşa gördüm - Şəhid anasına bənzər…qəlbi qubarlı, gözü nəmli... Dərdini udub, dərindən nəfəs alıb “Vətən sağ olsun” deyən…

Mən bir Şuşa gördüm - Şəhid balasına bənzər…titrəyən səsini boğub “Atam qəhrəmandır” deyən…

Mən bir Şuşa gördüm - Qulağıma pıçıldadı ki, bura gələndə öncə sükuta dalın… şşş.......Şuşa Şəhid Şəhəridir...

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər