Ru
16:05 / 19 Noyabr 2020

Məşhurlaşan rus deputatı Bakıda çarmıxa çəkək…

2459
A.Niftəliyev

Milli Məclisin deputatı Anatoli Rafailovun şəhidimizin ailəsinə ətir, duş geli, antiseptik məhlul və s. göndərməsi barədə sosial şəbəkədə edilən paylaşım böyük hay-küy yaradıb.

Məlum olub ki, təşəbbüs iş adamı, deputat Məşhur Məmmədovdan gəlib. O, deputat həmkarına onun təmsil olunduğu rayondan olan şəhid ailələrinə də hədiyyə göndərməyi təklif edib və razılaşıblar.

Sonra nə baş verib?

Yazılanlardan belə anlaşılır ki, ümumilikdə 200-ə yaxın şəhid ailəsinə iki bağlama gedib: biri xurma, düyü və s. olmaqla ərzaq bağlaması, digəri “Sabina”dan sovqat!

Həyatdakı və sosial şəbəkədəki dostlarım da daxil olmaqla, hamı ikinci bağlamaya görə bu iki deputatın yeddi arxadönənini qəbirdən çıxarıb, Maykın meydanına səriblər və necə də gözəl təhqir edirlər, adam heyrət edir.


Bəlkə, dar ağacı da quraq, əziz dostlar? Bəlkə, onları çarmıxa çəkək?

Nə ediblər axı onlar? Onların hədiyyəsini atın bir kənara, niyyətlərini görmürsünüzmü?
Rus əsilli deputatımızı yeni tanıdım – bu olay olmasa, yəqin, uzun müddət tanımayacaqdım. Amma Məşhur Məmmədovu uğurlu biznesmen kimi hamı çoxdan tanıyır - “Embavud”un inkişafını hamı bilir. İndi bu şirkətdən uzaqlaşsa da, pay sahibi olaraq qalır, üstəlik, bu il siyasətə də qoşuldu.

Ortada nə var?

İki deputat birləşir, xoş bir niyyət göstərmək istəyir və şəhid ailələrinə sovqat göndərir. Doğrumu seçim ediblər, “Sabina”dan bağlama lazım idimi – bu, tamamilə ayrı söhbətin mövzusudur. Fakt odur ki, bu iki şəxs heç bir əskik iş görməyib, niyyətləri də xoşdur, torpaqlarımızın azadlığı uğrunda canından keçən övladların ailələrinə “yanınızdayıq” demək istəyiblər.

Əlbəttə, xərclənən vəsaitdən daha məqsədyönlü istifadə etmək olardı. Ümumiyyətlə, “Sabina” sovqatını hazırlamaya və pullarına qənaət də edə bilərdilər – elə xurma, düyü, çay və s.-dan ibarət göndərdikləri bir bağlama ilə kifayətlənə bilərdilər.

Onda heç kimin tənqidinə tuş gəlməyəcəkdilər, həm də daha az məsrəf edəcəkdilər! Elədirmi?

Ancaq nəsə daha çox etmək istəyiblər, daha yaxşı olmasını arzulayıblar, daha çox xərcləyiblər və…
Və bu adamları necə söymək, təhqir etmək olar axı? Axı, bu iki deputat göndərdiklərini xüsusi fotolar, videolarla çəkib özlərini reklam da etməyiblər və əziz şəhidimizin qohumu feysbukda yazmasa, ümumiyyətlə, rus əsilli deputatımızın bu addımından heç xəbərimiz olmayacaqdı. Yaxud, Rafailovun köməkçisi danışmasa, Məşhur Məmmədovun bu təşəbbüsdə adının keçdiyini xəyal etməyəcəkdik.

Deməli, deputatların niyyəti reklam olmayıb, özlərini gözə soxmaq da istəməyiblər, sadəcə, nəsə etmək, nəsə bir hədiyyə göndərmək istəyiblər. İndi yanlış seçim edib, ətir də (məhz “ətir də”, çünki başqa bağlamada ərzaq-filan olub) göndəriblərsə (halbuki bu sovqatda da qəti yanlışlıq görmürəm) və bunu yalnız bir şəhid ailəsi normal qarşılamayıbsa, söyülməyi haqq edirlər? Hansı əsasla?

Tam əminəm ki, indi o iki deputat bir-biri ilə danışaraq, xərclədiklərinə, çəkdikləri zəhmətə və xoş niyyətlərinə görə söyülmələrindən dolayı özlərini söyməklə məşğuldurlar. Adamın niyyəti xoş ola, adam nəsə dəstək olmağa çalışa, ancaq yalnız hədiyyə paketinin birini "doğru seçmədiyinə" görə bu qədər söyülə… O, bir də yaxşılıq etməyə qalxarmı?

İnsanların xoş niyyətini niyə dəyərləndirə bilmirik axı?

“Məni saysınlar, çürük qozla” deyiblər. Bu iki deputat da sevgisini nümayiş etdirmək istəyib, söyülməyi yox, öyülməyi haqq edirlər.

Ümumiyyətlə, onlar özləri bu sovqatları dilə almaq istəmirsə, niyə bunu dilə gətirirsiniz ki?
Həm rus əsilli Anatoli Rafailova, həm də Məşhur Məmmədov demək istəyirəm: niyyətiniz xoşdur, yanlış qəbul edilən seçiminizdən və sizə yönəlik tənqidlərdən üzülməyin, o tənqidləri də anlayışla qarşılayın və əsası: xoş niyyətlərinizdən dönməyin, bu tənqidlər sizin bu xalqın yanında olmaq istəyinizin üstündən xətt çəkməsin!

Yanınızdayıq, sizin istəyinizi anlayırıq – onun ifadə formasının problemə çevrilməsindən narahat olmayın!
Şəhidlərimizə də, şəhid ailələrimizə də bir ömür borcumuz var – siz gücünüz çatdığı kimi davam edin, Xaliq biləcək…
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər