Ru
08:56 / 18 Noyabr 2021

Məzar daşları arasındakı Ev

10107

Hafiz Əhmədov

Bir-iki ay öncə bacımla Gəncədən qayıdırdıq. Gün batımı idi. Kəndin yaxınlığındakı qəbirstanlıqda yanan işıqlar diqqətimi çəkdi.


Soruşdum ki, bu nə işıqdır belə? Maşını saxlayıb düşdüm. Qəbirstanlığın qapısının arxasında üst-üstə qoyulmuş 3 qırmızı tabut gördüm... Tez qapını açdım maşını həmin işıq yanan yerə tərəf sürdüm. Hər tərəfdən - bahalı, ucuz, ağ, qara məzar daşlarından boylanan şəkillər elə bil adama deyirdilər ki, sola dön, düz get. Nəhayət köhnə məzar daşları olan tərəfə çatdıq.


Bir ev gördüm qarşımda, sağı da, solu da, hər tərəfi soyuq məzar daşları idi. Amma bu evin hər divarında bir işıq yanırdı. Bu evin üzərində 3 bayraq dalğalanırdı. Bilirdim artıq biz hara gəlmişik... Özümü topladım, düşdüm maşından. Evə tərəf yaxınlaşdım. Qapının yanında qoyulmuş dəmir lövhədə ayaqqabılarımı tərtəmiz elədim, dəsmalla da sildim... Və bütün cəsarətimi topladım, əlimi qapının cəftəsinə uzatım...3 məzar daşından boylanan gənc Qəhrəmanlarımızla göz-gözə gəldim... Necə addım atdım, içəri daxil oldum hələ də bilmirəm... O gül qoxusu hələ də burnumdan getməyib... İçəridən üzümə isti bir hava dəydiyini hiss etdi... Ev idi ora. İşıqları da yanırdı. Pəncərələrdən asılmış pərdələr gül kimi təmiz idi... Ayağımın altındakı xalçanın yumşaqlığını da hiss etdim bir an... Ora ev idi. İçəridə hər yan qırmızı gül-çiçək idi. Amma bu ev qəbirstanlıqda tikilmişdi. Bu evin içində yan-yana düzülən 3 məzar daşı vardı... Birdən daşın arxasına qoyulmuş bir karton paket gözümə sataşdı. Bilirsiniz nə idi? Tozsoran... Bu evdə stollar da vardı. Məzar daşlarının önündə düzülən stullar da vardı. Yumşaq yastıqları demirəm hələ... Hər məzar daşının yanında yun yastıqlar qoyulmuşdu. Ora ev idi. Qəbirstanlıqda tikilmiş bir ev idi. Hər küncdə bir balaca şkaf da vardı. Qapının arxasında bir sərinkeş də qoyulmuşdu... O evin 3 daimi sakini vardı. 3 Qəhrəman uyuyurdu o evdə... Bir sükut vardı o evdə. Çox istədim ki, bir səs eşidim, çox istədim ki, bir nəfəs duyum, çox istədim ki, o stulda oturum söhbət edim... Olmadı... Əlimi uzatdım qara daşlara... İsti idi... Bəlkə mən çox həyəcanlanmışdım... Bilmədim...

Həyatım boyu unutmaram o Evi. Görün ata-analar, ailələr üçün övlad kim deməkdir...! Balalarının məzarları üstündə ev tikiblər, qəbirstanlıqda...

Həmin o Evdəki məzar daşlarının birinin üstünə belə yazılmışdı:

"Gəlirsə gəlsin ölüm. Vətənim üçün bir ölüb min diriləcəyik..."

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər