Ru
14:49 / 31 İyul 2020

Millət vəkilindən sosial şəbəkələrlə bağlı çağırış: “Bu, hüquqi nihilizimdir”

15909


Azər Kərimli,
Milli Məclisin deputatı

Sosial şəbəkələrin yerli qanunvericilik aktlarına, beynəlxalq hüququn norma və prinsiplərinə tabe etdirilməməsi hüquqi nihilizmdir

İnformasiya və kommunikasiya texnologiyalarının sürətlə inkişafı uzaq məsafələri qısaltmaqla, ən müxtəlif informasiyalara əlçatanlığı təmin etməklə yanaşı, özü ilə bərabər, insanların şəxsi həyatını, dövlətlərin təhlükəsizliyini təhdid edən, terrorizmin, aqressiv separatizmin, radikal ekstrimizmin və digər zərərli ideyaların təbliği üçün əlverişli zəmin yaradan çoxsaylı problemlər də gətirdi. Bu kontekstdə sosial şəbəkələrin populyarlığının da məqsədyönlü şəkildə artırılması, onların qanundan, hüquqdan kənar bir məkana çevrilməsi artıq dövlətlərin təhlükəsizliyini, humanizm və birgəyaşayış dəyərlərinin təşəkkül tapdığı sivil cəmiyyətləri ciddi çağırışlar qarşısında qoyub. Torpaqlarının 20 faizi işğal altında olan, daim təcavüzkar Ermənistanın hərbi və informasiya təxribatları ilə üz-üzə qalan Azərbaycan üçün bu çağırışlara qarşı müqavimətin təşkili xüsusilə mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikasının Tovuz rayonu istiqamətindən Ermənistanla sərhəddə düşmən ölkənin həyata keçirdiyi çoxsaylı hərbi təxribatlar və bu yeni təcavüz aktı ilə sinxron şəkildə sosial şəbəkələr üzərindən “beşinci kolonun” daxildəki və xaricdəki antimilli ünsürləri ilə birlikdə ölkəmiz əleyhinə aparılan kampaniyalar, dezinformasiya xarakterli məlumatların, feyk xəbərlərin ən müxtəlif vasitələrlə yayılması dövlətimizin və vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq hüquqi prosedurların həyata keçirlməsini zəruri edir.

Sosial şəbəkələrin yerli qanunvericilik aktlarına, beynəlxalq hüququn norma və prinsiplərinə tabe etdirilməməsi hüquqi nihilizmdir. Heç bir şəxs, yaxud informasiya daşıyıcısı qanunların fövqündə dayana bilməz. Əks təqdirdə bu, insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması, informasiya sahəsində qeyri-bərabər rəqabət mühitinin formalaşdırılmasıdır. Məhz bu baxımdan, sosial şəbəkələrin bütün seqmentlərinin yerli qanunvericilik aktları çərçivəsində fəaliyyətinin təmin edilməsi müasir dövrün ən mühüm tələblərindən biri və birincisidir.

Məlum olduğu kimi, artıq dünyanın bir sıra ölkələrində bu istiqamətdə müvafiq hüquqi addımlar atılmaqdadır. Almaniya, Fransa, ABŞ, Rusiya və bu günlərdə qardaş Türkiyənin sosial media platformalarında qanunsuz məlumatların yayılması, paylaşımların edilməsi ilə bağlı qəbul etdikləri qanunlara nəzər saldıqda görürük ki, Azərbaycanda bu sahədə böyük boşluqlar var. Düşmənlərimiz və onların əlaltıları bu boşluqlardan asanlıqla istifadə edərək, öz məkrli niyyətlərini həyata keçirirlər.

Təxminən 2 il öncə Avropa Şurası Parlament Assambleyasının sosial şəbəkələrdə yalnız peşəkar kütləvi informasiya vasitələrinin məlumatlarına istinad edilməsi ilə bağlı tövsiyə xarakterli qətnaməsi də qəbul olunub. Amma təbii ki, heç bir hüquqi təsir mexanizminə sahib olmadığı üçün bu sahədə baş verən özbaşnalığın qarşısının alınmasına da hər hansı bir formada təsir göstərə bilməyib. Məhz bu baxımdan, terrora, qarşıdurmaya, insanlıq əleyhinə cinayətlərə, milli-dini ayrı-seçkiliyə, xaosa, özbaşınalığa, əxlaqsızlığa çağırış platformasına çevrilmiş sosial şəbəkələrdə baş verənlərin qarşısının alınması üçün onların fəaliyyəti, yaxud fəaliyyətsizlikləri üçün hüquqi məsuliyyət yaradan addımların atılmasına ehtiyac var. Bu sahədə bir sıra presidentlər də artıq mövcuddur. Belə ki, Almaniyada 2017-ci ildə qəbul edilmiş “Facebook aktı” kimi də adlandırılan “Sosial şəbəkələrdə qanunvericiliyin tətbiqinin yaxşılaşdırılmasına dair” Qanun sosial şəbəkələrdə yalan təbliğat və saxta xəbərlərlə mübarizəni nəzərdə tutur. Bu il qəbul edilmiş “Sağçı ekstremizm və nifrət cinayətlərinə qarşı daha səmərəli mübarizə” adlı Qanuna görə isə sosial şəbəkələr bu tip paylaşımları silməklə bərabər, müəlliflərin İP ünvanlarını Federal Kriminal İdarəsinə bəyan etməlidirlər. Terror və ya qətl cinayətləri zamanı isə Federal Kriminal İdarəsi istifadəçilərin qeydiyyat məlumatlarını da tələb edə bilər.

Məlum olduğu kimi 2020-ci il mayın 28-də ABŞ Prezidenti Donald Tramp “Onlayn senzuradan müdafiə barədə” Sərəncam imzalayıb. Mahiyyət etibarilə, sərəncamda nəhəng sosial media şirkətlərinin öz maraqlarına uyğun olmayan fikirləri senzuraya məruz qoyduqları və bununla da “təhlükəli güc” tətbiq etdikləri qeyd olunur. Sərəncama görə, “Twitter”, “Facebook”, “Instagram” və “YouTube” informasiyaların təqdim edilməsinə açıq və gizli müdaxilələri ilə insanların baxışlarını istədikləri istiqamətdə formalaşdırmağa çalışır və fikirlərə münasibətdə selektiv yanaşmalar tətbiq edirlər. “ABŞ Prezidenti hesab edir ki, “Twitter” ABŞ-a qarşı açıq şəkildə siyasi qərəz nümayiş etdirir, başqa ölkələrin “siyasi aləti” kimi çıxış edir və onların anti-ABŞ siyasətini dəstəkləyir, ABŞ-a qarşı informasiya təxribatları ilə məşğul olur. Sosial şəbəkələrin tətbiq etdikləri bir çox məhdudlaşdırıcı tədbirlər sırf siyasi motivlidir və fikir plüralizminə ziddir. Onlayn platformaların fəaliyyəti şəffaf və hesabatlı deyil, onlar fikir azadlığını qorumaq üçün universal normativ standartlara və alətlərə malik deyillər. Bütün bunlar isə, ABŞ qanunlarına, xüsusilə Kommunikasiya Etikası Qanununun (Communications Decency Act) 230-cu bəndinə uyğun gəlmir. Ona görə də ABŞ-ın bu sahədə toxunulmazlığının sərhədləri aydınlaşdırılmalıdır. Çünki onlayn platformaların genişlənməsi və təsirini hədsiz artırması onların fəaliyyətinin tənzimlənməsini zəruri edir.

Artıq bir neçə ildir ki, Türkiyə Respublikasında internet məkanında baş verən qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində hüquqi müstəvidə tədbirlər görülməkdədir. Belə ki, 2007-ci ilin 4 may tarixində "İnternet məkanında yayımların tənzimlənməsi və bu yayımlar vasitəsilə işlənən cinayətlərlə mübarizə aparılması haqqında” Qanun qəbul olunub. Növbəti illərdə bu sahədə bir sıra addımlar atılmış və ən son olaraq Türkiyə Böyük Millət Məclisi (TBMM) tərəfindən cari ilin 29 iyul tarixində sosial mediaya aid tənzimləmələri özündə ehtiva edən və 9 maddədən ibarət dəyişikliklər qeyd olunan Qanuna əlavə edilib. Almaniyada olduğu kimi, bundan sonra Türkiyədə də sosial mediada böhtan, təhqir və təcavüz kimi cinayətlərin qarşısı bu yolla alınacaq. Twitter, Facebook və digər böyük sosial media platformaları ölkədə nümayəndəlik açmaq məcburiyyətində olacaq. Əks təqdirdə, 5 mərhələli sanksiya tətbiq ediləcəkdir. Təhqir məzmunlu paylaşımlar isə 48 saat ərzində silinəcək.

Sosial şəbəkələr üzərindən milli-mənəvi dəyərlərinə sözün əsl mənasında müharibə elan edilən, bu şəbəkələr üzərindən terrorla, insanlıq əleyhinə cinayətlərlə təhdid olunan bir ölkənin vətəndaşı kimi, Azərbaycan xalqının mütləq əksəriyyətinin sosial şəbəkə xaosuna son qoyulmasının tərəfdarı olduğuna qətiyyən şübhə etmirəm. Bu, həm milli, həm də qlobal çağırışdır.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər