Ru
15:34 / 16 Noyabr 2019

Millətin dirçəldiyi gün... – Siyasətçilər VHP-də bu tarixin işığına yığışdı - FOTO

2143
Bu gün Vətəndaş Həmrəyliyi Partiyasında (VHP) 17 noyabr Milli Dirçəliş Gününün 31-ci il dönümü ilə bağlı tədbir təşkil edilib. Tədbirdə Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn , Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri Əli Kərimli, BAP sədri Elşad Musayev, Ağ Partiya sədri Tural Abbasi, Azərbaycan Demokratiya və Rifah (ADR) sədri Qubad İbadoğlu, Azərbaycan Xalq Demokrat Partiyasının sədri Rafiq Turabxanoğlu, Müsavat Partiyası Məclisinin üzvü Sabir Məmmədli və başqaları iştirak edib.


BakuPost.az xəbər verir ki, tədbirin açılış nitqini VHP sədri, Xalq şairi Sabir Rüstəmxanlı edib. Partiya sədri tədbirə qoşulanları Milli Dirçəliş günü münasibətilə təbrik edib və 1988-ci ilin noyabr-dekabr aylarını əhatə edən milli-azadlıq hərəkatının şanlı tarixi haqqında danışıb:




“Bu bizim tariximizin parlaq bir hadisəsi idi. Həmin hadisələr ümumi xalq hərəkatının başlanğıcı idi. Həmin günlərdə meydanlarda Azərbaycanın müstəqilliyinin bünövrəsi qoyulurdu. Bu hadisələr zamanı mən həm də Azərbaycan hakimiyyətinin məsələyə nə dərəcədə vecsiz yanaşdığının şahidi oldum. Meydan hərəkatı əslində ,fevraldan başlamışdı. Daha sonra mitinqlər böyüdükcə universitetlərdən tələbələr küçələrə çıxaraq “Qarabağ bizimdir, bizim olacaq!” kimi şüarlar səsləndirirdilər. Birdən-birə küçələr adamlarla doldu və getdikcə hərəkat böyüdü. 1988-ci ildə camaat meydana axıb gəlirdi. Bu zaman böyük kütlə yuxarıdan gəlmirdi, Xətai rayonu səmtindəki zavodlardan gəlirdi. Əvvəlcə gələndə bizi Sabirin heykəlinin qarşısında saxlamağa çalışdı. Burada camaat oturdu heç bir yerə tərpənmədilər. Sonra dedilər mitinqi gəlib Siyasi Maarif Evinin qarşısında keçirin. Fuad Musayevlə, Vəli Məmmədov da oradadır. Mən onlara dedim ki, mikrofonları burda niyə qurursunuz axı?

Gələn böyük insan kütləsi ilə burada mitinq keçirmək olmaz. Ən yaxşısı budur ki, camaat meydana buraxılsın. Razılıq oldu və demək olar ki, biz hamımız - bütün kütlə qaça-qaça meydana dolduq. Beləliklə meydan hərəkatı başladı. Birinci günün şüarları da elə Qarabağla bağlı idi. Sonra bir neçə gün keçdikdən sonra bizə icazə verildi ki, mitinqin tələblərini toplanan kütləyə çatdıraq. Bizə televiziyada vaxt da verdilər. O zaman mən, rəhmətlik Əbülfəz Elçibəy və Aydın Məmmədov getdik verilişə çıxış etməyə. Bizim verilişdən sonra meydanda nələrin baş verdiyindən bütün respublikanın xəbəri oldu.

Keçid məqamı isə ordunun meydana gəlməsindən sonra başladı. Ordu meydana gəldi və mühasirəyə aldı. Bizim Əfqanıstanda vuruşmuş uşaqlar müdafiə komitəsi yaratdılar. O komitəyə rəhbərlik edənlərdən biri də Nurəddin Mehdixanlı idi. Elə birinci gün tankın lülələrinə qərənfil keçirib bir növ barış elan etdilər.

Artıq biz meydanda Moskvadan Qarabağ məsələsinin həllini tələb edəndə məsələ ciddiləşdi. Məlum oldu ki, Moskva bu məsələnin həllinə maraqlı deyil və s. Artıq bu meydan hərəkatı artıq Qarabağı müdafiə hərəkatından milli azadlıq hərəkatına çevrildi. Milli azadlıq hərəkatının şüarları və tələbləri dəyişildi. Bu hadisələr mənim fikrimcə, Azərbaycan xalqına bir tarix dərsi keçmiş oldu. Millət orada unutduğu bütün hadisələri xatırladı. Bu çox böyük hadisə idi və SSRİ-nin dağılma prosesi də bu meydandan başlamışdı”.

Daha sonra Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn çıxış edib:



“Aydın məsələdir ki, bu proseslər heç də 17 noyabrda başlamamışdı. Hələ 1987-ci ildə SSRİ-də olan proseslərin təsiri altında bir sıra respublikalarda milli oyanış müşahidə olunurdu. İlk təşkilatlar meydana gəlmiş, tədbirlər keçirilməyə başlanılmışdı. İlk reaksiya isə 1987-ci il dekabrda Elmlər Akademiyasında Ziya Bünyadov tərəfindən ortaya qoyuldu, çıxış edildi və xüsusi qərar qəbul edildi. İlk publik hərəkat başladı 19 yanvarda meydanın özündə. İlk hərəkat universitet tələbələri və ziyalı elitası tərəfindən başlanılıb. Azərbaycan gəncliyi nəyə qadir olduğunu elə meydanlara gələrək sübut etmiş oldu. 17 noyabr hadisəsi ona görə tariximizin fenomen, özəl, fərqli müstəqil hadisəsidir ki, ora sadəcə meydana toplanmış insanlar yox, bütün respublika həmin meydana kilitləndi. Bu meydan hərəkatı sanki bir müstəqil orqanizm kimi ortaya çıxdı. Özünün qanunlarını, məntiqini ortaya qoydu”.


Sonra AXCP sədri Əli Kərimli çıxış edib:
“17 gecə, 8 gün çəkmiş bu hərəkat ilk növbədə Qarabağla bağlı idi. Topxana harayı, Qarabağın boşaldılması əsas siqnal idi. 9 noyabr universitetin qarşısında mitinqimiz olmuşdu. Orada Mərkəzi Komitəyə bir həftə vaxt vermişdilər. Böyük bir ümumxalq hərəkatı başlanıldı və tarix yazıldı. Dinc mübarizə tarixində 17 gün gecə-gündüz davam edən, 100 minlərin iştirak etdiyi oturaq mitinq təcrübəsi yarandı. Biz bu təcrübəni bütün dünya üçün yaratdıq. Bundan sonra dünyada baş vermiş bütün Məxməri inqilablar, oturaq mitinq təcrübəsi var ki, onu biz yaratmışıq. Milyonlar bu prosesdə iştirak etdi. Milli ideya orada bərpa olundu. Qarabağın vazgeçilməz olması bu hərəkatda üzə çıxdı. Millət olaraq Qarabağ üçün və müstəqillik üçün etdiyimiz fədəkarlıqlarımızın da kökü o meydanda qoyulmuşdu. O milyonların etirazlarının səbəbi 70 il ərzində toplanmış haqsızlıq, hüquqsuzluq, müstəqillik istəyi idi ki, meydanda püskürdü”.

Tədbir digər iştirakçıların çıxışları ilə davam edib.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər