Ru
11:57 / 04 Dekabr 2021

Moskvada üçtərəfli görüş: kommunikasiya xətlərinin açılması nə üçün önəmlidir? - ŞƏRH

3017

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli birgə bəyanatı xüsusilə regionda kommunikasiya xətlərinin açılması ilə əlaqədar olan 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatı ilə daha da inkişaf etdirilib.


Bununla bağlı regionda nəqliyyat kommunikasiya xətlərinin açılması üçün konkret istiqamətlərdə fəaliyyətə başlanılıb.

Bəs nəqliyyat-kommunikasiya xətlərinin açılması nəyə görə önəmlidir?

Məsələ ilə bağlı Bakupost.az -a danışan politoloq Qabil Hüseynli bildirib ki, insana qan-damar sistemi nə qədər vacibdirsə, ölkədə nəqliyyat-kommunikasiya sisteminin fəaliyyəti də o qədər vacibdir:



“Əgər nəqliyyat-kommunikasiya sistemini insan orqanizminə bənzətsək, dəmir yolları, şosse yolları, hətta hava yolları həmin orqanizmin qan damar sistemi kimi fəaliyyət göstərir. Məsələn, Rusiya iqtisadçıları hesablayıblar ki, Ermənistanın və müəyyən qədər də separatçıların ucbatından bölgədə fəaliyyətini dayandıran dəmir və bəzi şosse yolları Cənubi Qafqazda yaşayan xalqlara ziyan vurmaqla yanaşı, ən çox Rusiyaya zərər gətirib. Rusiya bu kommunikasiya vasitələrinin açılmaması səbəbindən son 28-30 ildə 200 milyard dollar pul itirib. Rusiya sanki bunu başa düşürmüş kimi, nəqliyyat-kommunikasiya yollarının, içərisində də Zəngəzur koridorunun açılması ilə bağlı məsələlərə çox həssaslıqla yanaşır və bu işin irəliyə getməsini istəyir. Yəni, Zəngəzur dəmir və şosse yolunun açılması hər şeydən çox Ermənistana və Rusiyaya lazımdır. Rusiya başa düşür ki, bir çox geostrateji planların, maraqların tam reallaşdıra bilməməsinin əsas səbəbi bölgədə nəqliyyat-kommunikasiya xətlərinin açılmamasıdır. Ona görə də bu məsələyə çox həssaslıqla yanaşır və Ermənistanı da bu məsələyə həssas yanaşmağa vadar edir.

Təəssüflər olsun ki, hələlik Ermənistandan bu həssaslığı, konstruktivliyi görmürük. Baş nazirlər səviyyəsində keçirilən üçtərəfli görüşdə ermənilərin dəhliz, “koridor” sözü olmasın demələrinə görə danışıqlar nəticəsiz qalır. Ermənilərin bu cür iddiaları meydan suladıqca sülh yaratma prosesində əngəllər yaranıb. Son zamanlar onların məsləhətçiləri başqa dövlətlərin içərisindən çıxan siyasi dairələr olub.

Niyə bizim ərazimizdən Laçın dəhlizi olur və ermənilər illərdir ki, oradan istifadə edir?

Amma Rusiya və Azərbaycan eləcə də İranın özü üçün koridor açılmasına ermənilər müqavimət göstərir. İnanmıram ki, Rusiya Baş nazirin müavinləri Moskvadan müsbət qərar qəbul edilməmiş buraxsın.

Bunun Azərbaycan üçün əhəmiyyəti ondan ibarətdir ki, biz Türkiyəyə birbaşa həm şosse yolu, həm də dəmir yolu xətti qazanırıq. Bu da Türkiyə Azərbaycan münasibətlərinin inkişafı üçün prinsipial əhəmiyyətə malikdir. Uzaq perspektivi nəzərdə alaraq deyə bilərəm ki, həmin dəmiryolu xətti həm də Rusiyadan gedib İranın cənubunda Fars körfəzində Bəndərabad şəhərinə birləşən dəmiryolu xətti ilə qovuşacaq. Bu da bölgədə yükdaşımaların səviyyəsinin artırılmasına, iqtisadi canlanmaya, dirçəlişə səbəb olacaq”.


İqtisadçı-ekspert Elşad Məmmədov isə bu məsələni belə şərh edib:



“Nəqliyyat-kommunikasiya xətlərinin açılması bütövlükdə bölgə üçün faydalı olacaq. Amma bunun faydasının az və ya çox olması bölgədə həyata keçirilən iqtisadi siyasətdən asılı olacaq. Çünki nəqliyyat logistik xətlər, kommunikasiyalar, işguzar fəallıq yüksək səviyyədə olanda daha çox effekt verir. Əgər bölgəmiz bundan sonra da uzun illər ərzində olduğu kimi yalnız Avropaya xammal ixracatı baxımından dünya iqtisadiyyatına, regional iqtisadiyyata inteqrasiya olunacaqsa, düşünürəm ki, bu nəqliyyat-kommunikasiya xətlərinin o dərəcədə də effekti olmayacaq. Bu gün əsas problem bölgələrdə yüksək əlavə dəyər tutumlu məhsulların istehsalının aşağı səviyyədə olmasıdır. Ona görə də ilk növbədə bölgədə iqtisadi inteqrasiyanın reallaşdırılması, daha çox texnoloji məhsulların istehsal edilməsi vacibdir. Bunun üçün də investisiyalar və kapital qoyulması artmalıdır. Şüphəsiz ki, bu olan halda bugünkü reallıqlar, nəqliyyat-kommunikasiya xətlərinin açılması bölgəyə yeni nəfəs gətirmiş olacaq. Bu olduqca önəmlidir. Hesab edirəm ki, paralel olaraq həm kommunikasiyaların açılması, həm də işgüzar fəallığın çoxalması üçün investisiyaların kəskin şəkildə artmasına və regional iqtisadi inteqrasiyanın reallaşdırılmasına ehtiyac var”.

F. Söhrabqızı
BakuPost

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
  • Abdullayev Şahin Əvəzağa

    Komunikasiya xətləri açılmayacaq Heç lazım da deyil Biz tərəfdən Laçın dəhlizinin nəzarətə gotürülməsinə cəhd etməliyik Ya da vaxt udmalıyıq 5il keçsin rus qüvvələri bəhanəsiz ölkəni tərk etsinlər Elə təəsürat yaradılır ki guya Dünya bizim dəhlizə göz dikib Dəhliz bizdən çox rus və erməniyə lazımdır Vaxt uzatmaq lazımsız müzakirələr qalan 4 il keçsin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər