Ru
14:50 / 24 İyun 2021

Mübariz Tağıyevi sevdi, Lotu Bəxtiyarla görüşdü - 3 dəfə həbs olunan qadının dramı - FOTOLAR

34343
Vacib müsahibədən çıxmışam. Yorğun addımlarla üzü Metronun “28 May” stansiyasına doğru irəliləyirəm. Axşam saatları olsa da isti hələ nəfəs kəsməyə davam edir. Ona görə də metroya getmək fikrindən daşınıram. Ən yaxşı evə qayıdış yolu Vağzalın yanında qırmızı mucuq kimi düzülən “Baku Bus”lardan birinə minib getmək kimi görünür. Bunun üçün yolumu Səməd Vurğun bağının içindən salıram. Səməd Vurğunun əzəmətli heykəlinin yanından ötüb keçirəm. Oturacaqlardan birinin qarşısına toplaşan gəncləri görüb ayaq saxlamalı oluram. Gənclərdən birinin səsi gəlir.

- Ay xala, ay xala...

Səs gəlmir. Narahat olub irəli keçdim. Oturacaqda pişik kimi büzüşüb yatan 60 yaşlarında bir qadın gördüm. Bir də mən səsləndim:

-Yaxşısınız?

Yenə səs gəlmədi. Gənclərdən biri həyəcanımı bir az da artırdı:

-Bayaq dedilər, bu qadın böyrəyini tutub bura uzanıb. Bəlkə ölüb.

Cəsarətimi toplayıb bir az da yaxına gedirəm. Qadının çiyinlərinə toxunub ona səslənirəm. Ağzında saqqız çeynəyə-çeynəyə mənə yaxınlaşan başqa bir qadın qolumdan tutub məni kənara çəkdi.

-Ağəz dəlisən. Durub indi saçını-başını yolacaq. Uff... Bu yenə içib yıxılıb bura? Bezdik day bunun əlindən. Ağəz get işinin dalınca. Narahat olma. Bunun günü budu. İçir hər gün tirrənir bura iki doxsan.

Elə bu an qadın gərnəşə-gərnəşə yerindən qalxdı. Bayaq mənə canıyananlıq edən qadın ayaqlarını sürüyə-sürüyə yanımızdan uzaqlaşıb iki-üç addımlıqda onu gözləyən cavan oğlanla öz “işi” ilə məşğul olmağa başladı.

“Yatmış gözəl”imiz oyanan kimi ətrafındakı oğlanlardan siqaret istədi. Gənclər ona siqaret verib uzaqlaşdılar. Siqareti yandırıb damağına qoydu. Yanında oturmaq üçün icazə istəyirəm. Dinmir. “Sükut razılıq əlamətidir” deyib, yanında əyləşirəm. Söhbətə necə başlayacağımın yollarını axtarıram. Açığı bir az da qorxuram. Deyəsən, qorxduğumu hiss edir.

- Qorxma adam yeyən deyiləm.

-Yox, qorxmuram. Adınızı bilmək olar?

-Elmira.



-Elmira xala gedəcək yeriniz varsa sizi aparım?

-Yoxdu.

-Ailəniz, uşaqlarınız heç kiminiz yoxdu?

-İki uşağım dörd nəvəm var. Amma istəmirlər, atıblar məni.

Barmaqlarının arasından burula-burula çıxan siqaret dumanı deyəsən, onu da xeyli uzaqlara apardı bu sözü deyərkən. Onun haqqında hər şeyi öyrənmək istəyirəm. Amma bu elə də asan olmayacaqdı. Sərxoş, aqressiv, həyatından bezgin bir qadın vardı qarşımda. Ailəsi hardadı, uşaqları ondan niyə imtina edib? Onu içkiyə qurşanmağa vadar edən hansı səbəblərdir... Bütün bu suallara cavab tapmaq üçün lazım gəlsə onunla gecəyə qədər burda otura biləcək həvəsdə idim.

-Elmira xala, hansı bölgədənsən?

- Bir az qazaxlıyam, bir az “yeraz”am.

Qəribə də olsa ağlıma gələn ilk düşüncə bu olur: Səməd Vurğun bağını özünə “yurd” seçməsi təsadüf deyilmiş.

- Necə bir ailədə doğulmusunuz?

- Murdar bir ailədə, bədbəxt bir həyətdə doğulmuşam, qızım. 1956-cı ildə Qərbi Azərbaycanda doğulmuşam. Daş düşəydi o günə. Sonra Qazağa gəlmişik. Bilirsən mən necə gözəl rəqs edirdim...

Gözlərinin içi parıldayır bu sözü deyəndə. Amma bu parıltının ömrü uzun olmur. Yenə qaranlıq çökür o ala gözlərinə.

- Elmira xala, mənə həyat hekayəni ən başından danışmaq istərsənmi?

-Danışım də. Roman yazacaqsan?

- Onun kimi bir şey.



Hövsələm daralır. Durub getmək istəyirəm. Elə “bundan heç nə danışan olmaz” deyirdim ki, sirrli qadın söhbətə başladı.

- Gəl sənə əvvəldən danışım hər şeyi. Çox gözəl qız idim çox. Qırmızı saçlarım, ala gözlərim var idi. Arzularımın, xəyallarımın indiki həyat tərzimlə heç bir əlaqəsi yox idi. Qəşəng rəqs edirdim, yaxşı da səsim var idi. Qoymadılar. İmkan vermədilər yaşayım.

-Kimlər qoymadı?

- Atam, anam, qardaşlarım... Qoymadılar sənətçi olum. Qardaşım dedi bu qız artist olsa fahişə olacaq. O vaxt Zeynəb Xanlarova bizim rayona konsert verməyə gələndə məni gördü. Səsimi də, rəqs etməyimi də bəyənmişdi. Mənə telefon nömrəsi verdi ki, onunla əlaqə saxlayıb Bakıya musiqi təhsili almağa gəlim. Konservatoriyada oxumaq istəyirdim. Sevinə-sevinə evə gəldim. Qardaşım kağızı alıb cırdı məni də ürəyim gedənə qədər döydü...

Bir az dayanır. Tez-tez tutulub-açılan simasına bu dəfə yenə yorğun bir təbəssüm qonur.

- Mübariz Tağıyevi tanıyırsan?

-Tanıyıram.

-İrəvanda onunla qonşu idik. Elə gözəl oğlan idi ki. Aşiq olmuşdum ona. Sevirdim onu. Onun da məndən xoşu gəlirdi, deyəsən (gülür).

-Bəs sonra nə oldu?

- Qazaxa gəldik. Mübariz İrəvanda qaldı. Sonra onu televizorda gördüm. Bakıya köçmüşdü. Fikirləşirdim ki, gələrəm Bakıda onu taparam. Bəlkə də evlənərik... Qazaxa gələndən sonra heç nə mənim arzuladığım kimi olmadı. İçkiyə düşkün atam, daima deyinən, dava salan, bizim varlığımıza lənət oxuyan, döyən anam vardı. 18 yaşım olanda atam məni özümdən xeyli böyük bir kişiyə satdı.

-Yəni ərə verdi?

-Yox elə satdı. Nikahsız, kəbinsiz 2 il o kişinin evində yaşadım. Uşağım olmadı o kişidən. Hər gün döyür, söyürdü məni. Bir dəfə evdən qaçdım. Anamın yanına gəldim. Məni qapıya buraxmadılar. Təzədən yolladılar o kişini evinə. Hər gün əziyyət, hər gün zülm. Sonra uşaqların atasıyla tanış oldum. Qoşulub ona getdim. O da düz-əməlli bir adam deyildi. İşləmirdi, bütün günü çayxanalarda, başqa qadınların yanında günün keçirirdi. Mən də Qazaxda bir idarədə süpürgəçi işləyirdim. İki uşaq vardı kimsə dolandırmalıydı onları. Bir gün idarəyə bir polis gəldi. Gözlərini məndən çəkmədiyini hiss etdim. İşimi yarımçıq qoyub həyətə çıxdım. Bu da mənim arxamca gəldi. Mənə əxlaqsız təklif etdi. Ona evli olduğumu, düşündüyü kimi qadınlardan olmadığımı deyib uzaqlaşdım. Bu adam məndən əl çəkmədi. Hara getdim qarşıma çıxdı. Bir gün axşam işdən çıxıb evə gedəndə yolda qarşımı kəsdi mənə əl atdı. İçkili idi. Yerdən daşı götürüb başına çırpdım. Yerə yıxıldı. Sonra başladım bunu döyməyə. Xəstəxanalıq olana qədər döydüm onu. Sonra məni həbs etdilər. 3 il iş verdilər. Heç nəyi sübut edə bilmədim. Şahidim yox idi. Uşaqlarımın gözü qabağında qoluma qandal vurub apardılar. 3 il onların üzünü görmədim.

- Həbsdən çıxandan sonra evə qayıtdınız?

-Hə, başqa hara gedəsiydim. Qayıtdım evə. İş tapa bilmədim uzun müddət. Ərim də çıxıb getmişdi. Heç bilmirdim hansı cəhənnəmdədi.

- Bu kişi ilə də rəsmi nikahınız olmayıb?

- Yox e sən də. Nə rəsmi nikah. Qulaq as hələ. İş vermədilər mənə heç yerdə. Başladım xırda-xuruş alveri etməyə. Bir az əlimdə pul toplayıb Qazaxda balaca bir kafe açdım. Əvvəl işlər yaxşı gedirdi. Qazanırdım. Öz zəhmətimlə pul qazanırdım. Bir gün o döydüyüm adam yenə qarşıma çıxdı. Yenə məni narahat etməyə başladı. Məndən qisas almaq istəyirdi. Cibimə narkotik maddə atdırıb məni narkotik maddə alverçisi kimi ikinci dəfə həbs etdirdi. Polis idi deyə hamı ona inanırdı. Mənim yenə şahidim olmadı. Bu dəfə çox yatdım həbsxanada. Bütün həyatım məhv olmuşdu.

-İki dəfə həbsxanaya düşmüsünüz. Orda həyat necə idi?

- Orada həyat yox idi. Düzdü, mənə hörmət edirdilər. Bu üzükləri görürsən? (barmaqlarını göstərir) Bunların hamısı mənə orda bağışlayıblar.



- Həbsxanada yatanda övladlarınız necə oldu bəs?

- Bilmirəm. Özləri özlərini böyütdülər. Mənim yanıma gəlmədilər. Bircə rahat idim ki, başlarının üstündə bir dam qoyub gəlmişəm. İkinci dəfə həbsxanadan çıxandan sonra Qazaxa qayıtmadım. Ora mənə cəhənnəm kimi görünürdü. Uşaqlarımdan imtina etməmişdim. Sadəcə, yeni bir düzən qurana qədər onları özümlə sürükləmək istəmədim. Birinci Sumqayıta gəldim. Əl-ayaq işlərində çalışdım. Hər iş gördüm. Amma əsla nə oğurluq etdim, nə fahişəlik.

Yenə susdu. Yanından keçən cavan oğlandan siqaret alıb yandırıb damağına qoydu. Sonra ardı-arası kəsilməyən öskürək tutdu. Ac olub-olmadığını soruşuram. Üç gündür, düz əməlli bir şey yemədiyini deyir. Pul uzatdım götürmədi. Dedi, mən dilənçi deyiləm. Yaxınlıqdakı dönərxanadan onun üçün dönər ayran alıb gətirdim. Onu qəbul etdi. Siqaretini çəkib bitirdikdən sonra kələ-kötür barmaqları ilə kobud, qadınlıqdan əsər-əlamət qalmayan qollarını ovuşdurmağa başladı. On barmağının onunda da qırıq, zədə izləri var idi. Qısa fasilədən sonra ona söhbətin harada qaldığını xatırladıram.

-Hə, Elmira xala, Sumqayıta gəldin. Heç kimi tanımadığın, yoluna, izinə bələd olmadığın bu şəhərdə həyat səni nələrlə, kimlərlə qarşılaşdırdı?

-Sumqayıtda bir müddət nökərçilik elədim. Tək, kimsəsiz qadın idim. Hər işə başladığım yerdə mənə pis təkliflər olunurdu. Eləsi var idi qəbul etməyəndə rədd olub gedirdi. Amma elələri də olurdu zorla mənə sahib olmağa çalışırdı. Dəfələrlə mənə təcavüz etmək istəyiblər. Amma paylarını alıblar. Bir dəfə birinə güc gələ bilmədim barmaqlarımı qırdı.

Əllərini, əyri bitən barmaqlarını göstərir. Həyatı boyunca qarşısına bir nəfər də olsun normal insan çıxmayan bu qadının üzü bir gün olsun gülmür. Sumqayıtda təcavüzlərdən, şiddətdən köşə-bucaq qaça-qaça həyata tutunmağa çalışsa da tutduğu hər yer uçub dağılır.

-Bəs ata-anan, qardaşların səni heç axtarmadılar?

-Yox. Anam elə bilirdi mən fahişəlik edirəm. Qardaşım elə demişdi. Atam çoxdan gorbagor olmuşdu onda. Anamı heç vaxt bağışlamayacam. Mənə bir gün olsun sahib çıxmadı. Elə bilirsən kefimdən içirəm. Dərddən içirəm, dərddən. Üzüm heç gülmədi bu həyatda. Heç yaxşı insan tanımadım bu həyatda. Çox danışdırma məni. Bıçaq vursan qanım çıxmaz.



Bir saatdı söhbət edirik. İlk dəfə ağladığını gördüm. Sakitləşdi və davam etdi...

- Asi, davakar, heç nədən qorxmaz bir insana çevrilmişdim. İki dəfə də həbsxana görmüşdüm. Bu “keyfiyyətlər”im kriminal aləmə girmək üçün bəs edirdi. Bilirsən də “Oğru dünyası”nda namuslu olmaq da vacibdi. Mən də kişi kimi qadın idim. Qoşuldum Sumqayıtda kriminal dəstəyə. Özümün də marağım var idi. O vaxt “Qara Volqa” əsərini oxumuşdum. Ordan marağım yaranmışdı bu aləmə.
Lotu Bəxtiyar haqqında çox eşidirdim. Bir dəfə onu çox yaxından gördüm. Dəhşət adam idi. Yoxdu elə adam dünyada. Elə bizim görüşümüzdən bir neçə ay sonra onu həbs etdilər. Bizim dəstə də çox keçmədi dağıldı. Mən də üçüncü dəfə həbs olundum. Bu dəfə 4 il yatdım. Mənim üçün həyat bitmişdi.

-Uşaqlarından yenə xəbər çıxmadı?

-Yox, qardaşım onların beynini doldurmuşdu. Ananız pis yoldadı demişdi. Bir dəfə həbsxandan çıxandan sonra getdim Qazaxa. Evimizin olduğu küçəyə girdim. Darvazaya qədər gəldim qapının ağzında neçə saat dayandığımı bilmirəm. Onu bilirəm ki, uzun müddət dayandım orda. Amma içəri keçə bilmədim. Darvazanın deşiyi vardı. O deşikdən onlara baxdım. Böyümüşdülər. Gənc qız, gənc oğlan olmuşdular.

-Niyə keçmədin içəri?

-Nə deyəcəkdim onlara. Amma elə bil onları görəndən sonra yenə bir az ayağa qalxmaq istəyi keçdi içimdən. Sonra Bakıya gəldim. Süpürgəçi işlədim. Azdan-çoxdan qazanırdım. Bir müddət keçdi qayıtdım Qazaxa. Uşaqların qarşısına çıxdım. Özümü onlara sevdirməyə çalışdım. Çox çalışdım Allahım şahiddi. Amma istəmədilər məni. Qızım ailə qurdu məni toyunda görmək istəmədi. Heç cür məni qəbul edə bilmədilər. Qızım bir dəfə mənə dedi “Allah səni öldürsün utancımızdan qurtaraq”. O gündən sonra bir də onların qapısına getmədim. Gözlərinə görünmədim. Sonra yavaş-yavaş mənim də istəyim öldü onlara qarşı. Allahdan qorxum olmasa özümü çoxdan öldürərdim. Amma mən də özümü belə öldürmək yolunu seçmişəm.

Uşaqlığından bəri sevilmədi, ona heç kim dəyərli olduğunu hiss etdirmədi. Bir insanın həyatı onun uşaqlığında aldığı ilk zərbədən sonra doğru formasını itirir. Uşaq yaddaşına həkk olan sevgisizlik həyatın bütün dövrlərində Elmira xalanı addım-addım təqib edib. O, sevgi ilə tanış olmadığı üçün övladlarına sevgi göstərməyin, onları necə geri qazanmağın yollarını da bilmirdi təbii olaraq. Elmira xala həyatını sadəcə olaraq cismən davam etdirir. Ruhən çoxdan dünyasını dəyişib.

Əyilib qulağıma söyüşlü bir bənd söyləyir. Sonra da xırıltılı səslə qəşş eləyib gülür.

-Hə onu demədim axı. Arada bir müddət meyxana deyib pul qazanırdım. Sonra məclislərin birində dalaşdım. Meyxana deyən oğlanlardan birini döydüm. Daşını atdım meyxana deməyin. İndi kefim kök olanda Səməd Vurğunun (heykəli nəzərədə tutur) başına yığışan quşlara deyirəm.

Onu qocalar evinə aparmaq üçün dilə tutsam da heç bir faydası olmadı. Keşlədə balaca bir otaq kirayələdiyini dedi.

-Pensiya kartımı vermişəm ev sahibinə. İçində pul olanda gedib orda qalıram. Olmayanda da buralarda günümü keçirirəm. Pulum olanda yemək yeyirəm, olmayanda yemirəm. Dilənmirəm. Gedib kiminsə qabağından içki, yemək artığı götürüb yeyib-içmərəm. Ancaq pulum olanda. Bakının bütün tinləri, küçələri mənim evimdi.

Sonra qəribə bir aqressiya ilə məni yanından qovur.

-Dur dur get. Gözəl-göyçək qızsan. İndi gələr biri sənə yanımda söz atar. Qeyrətim götürməz vurub öldürərəm. Bəsdi daha. Çox danışdım.

Mən ayağa qalxmağa tələsmirəm. Özü ayağa qalxır. Deyinə-deyinə yolun o biri tərəfinə keçir.

Hər kəsi olub heç kimi olmadan yaşayan insanlardandı Elmira xala. Bütöv bir ömrü doğmaları tərəfindən tərk edilərək, taleyin ümidinə buraxılaraq keçib. Bəzən Allahın yazdığı alın yazısının insanların əli ilə yaxşı və ya pis istiqamətə dəyişə bildiyinə inanıram. Allah Elmiraya əslində, pis tale yazmamışdı. İstedad vermişdi ona. Dəfələrlə yol da açıb. Amma Allahın açdığı yolları doğmaları mərhəmət etmədən bağlayıb. Əvəzində isə onun ovuclarına həyatın ən qaranlıq otağına açılan qapının açarlarını qoyublar. Qarşımda həyatı boyu hüquqları pozulan bir qadın dayanıb. Uşaq vaxtı valideynləri tərəfindən təhsil haqqı, yeniyetməlikdə arzularına, hədəflərinə çatmaq haqqı, ər evində qadın olmaq haqqı, cəmiyyət tərəfindən insan olmaq haqqı, övladları tərəfindən isə analıq haqqı əlindən alınan yüzlərlə qadından biridir Elmira xala. Yanından ötüb keçənlərin iyrənərək baxdığı bu qadına həyatda heç kim mərhəmət göstərməyib. Səhv-üstünə səhv edib. İçki isə onun yaşadığı faciəli həyatından qaçıb sığındığı limandır. Özünün də dediyi kimi, unutmaq, özünü, keçmişini xatırlamamaq üçün həmişə sərxoş olmaq istəyir. Həyat hərəni bir cür sınağa çəkir. Kimini bu sərt sınaqlar süründürərkən, kimini də gücləndirir. Elmira xala həyat sınağından çıxa bilməyib sinifdə qalanlardandır.

Günel Musa
BakuPost



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər