14:52 / 29 Oktyabr 2021

Müharibə veteranları və könüllülərdən ibarət batalyonlar yaradılsın - Deputatdan təklif

3688
Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı


Ötən 2020-ci il dövlətimiz və xalqımız üçün bir sıra vacib hadisələrlə yaddaşlarda qaldı. Xalqımız Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin rəhbərliyi altında İkinci Qarabağ-Vətən Müharibəsində möhtəşəm Qələbəni çox böyük coşqu ilə yaşadı, doğma Qarabağımız işğaldan azad olunaraq Azərbaycanın suverenliyi bərpa edildi.

Bu savaşın ilk günündən yüzlərlə vətənpərvər Azərbaycan gəncləri kimi, təmsil etdiyim 89 saylı Göyçay-Ağdaş seçki ərazisinin gəncləri də böyük həvəslə, coşqu və vətənpərvərliklə könüllü olaraq cəbhəyə getmiş, düşmənlə qəhrəmancasına vuruşmuşlar.

Sözsüz ki, müharibənin öz qanunları var. Əgər müharibə varsa – şəhid də var, qazi də, itki də. Təəssüflər olsun ki, bu müharibə də qurbansız ötüşmədi. Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı.

Sirr deyil ki, cəmiyyətin həssas təbəqəsi olan bu insanlar daim dövlətin yüksək qayğı və diqqəti ilə əhatə olunurlar. Cənab Prezidentin Fərman və Sərəncamları əsasında, habelə Heydər Əliyev Fondunun dəstəyi ilə icra edilən sosial dəstək proqramları müzəffər Azərbaycan Ordusunun qalib əsgərlərinə, torpaqlarımız uğrunda canlarından keçən şəhidlərimizə olan yüksək ehtiram, diqqət və qayğının göstəricisidir.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək Fondunun (YAŞAT FONDUNUN) yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 8 dekabr 2020-ci il tarixli Fərmanı ərazilərimizin işğaldan təmizlənməsi ərəfəsində xüsusi önəm kəsb edir və son 17 ildə bütün həssas təbəqələri əhatə edən sosial siyasət sahəsində vətəndaşlarımızın problemlərinin yaxşılaşdırılması istiqamətində atılmış növbəti diqqət və qayğının əyani sübutudur.
Ümumiyyətlə, şəhidlər, onların ailə üzvləri, müharibə əlilləri, veteranlar və bu kimi həssas təbəqədən olan insanlarımız hər zaman dövlətin qayğısını hiss edir, onlar ölkənin birinci şəxsi ilə yanaşı, Birinci Vitse-prezident Mehriban Əliyeva tərəfindən də göstərilən dəstəyi yüksək qiymətləndirirlər.

Bu sahədə görülən işlərlə yanaşı, bir sıra vacib məsələlər hələ də öz həllini gözləməkdədir.

Belə ki, bu gün İkinci Qarabağ-Vətən Müharibəsində şəhid olan, yaralanmış qardaşlarımızla yanaşı, sağ-salamat evinə qayıdan kifayət qədər müharibə iştirakçılarımız da var. Təmsil etdiyim 89 saylı Göyçay-Ağdaş seçki ərazisinin təkcə bir kəndi – Ərəbcəbirli kənd vahidliyi üzrə Vətən Müharibəsində iştirak edən 66 nəfərdən 55-i yuxarıda qeyd etdiyim müharibə iştirakçısı qrupuna aiddir.

Bu gün həmin müharibə iştirakçılarının statusu, sosial problemləri və işsizliklə bağlı bir sıra vacib məsələlərinin həlli istiqamətində işlər aparılır. Lakin, məsələlərin daha çevik və hərtərəfli həll olunmasının vacibliyi də ortadadır.

İkinci Qarabağ-Vətən Müharibəsində iştirak etmiş veteranlarımızın işlə təmin olunması üçün onların iştirakı ilə Müdafiə Nazirliyi yanında tikinti batalyonlarının yaradılmasını təklif edirəm. Həmin tikinti batalyonlarında təmsil olunacaq müharibə iştirakçılarımız doğma Qarabağımızın yenidən qurulması və dirçəlməsi işində yaxından iştirak edərək dövlətə olan xidmətlərini bundan sonra da ləyaqətlə göstərə biləcəklər.



Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər