Ru
14:45 / 18 Oktyabr 2021

Müharibənin qəhrəman müəllimi: “Şagirdlərimin üzünə baxa bilmirdim” - MÜSAHİBƏ - FOTO

10573
44 günlük Vətən Müharibəsində xalqımızın nümayiş etdirdiyi birlik, bir yumruq kimi dövlət başçısının ətrafında sıx birləşməsi və qüdrətli Azərbaycan Ordusunun gücü düşməni ağır məğlubiyyətə uğratdı.

Bizə qələbə sevincini yaşadan, haqq savaşımızda mənfur düşmənə qarşı qəhrəmancasına döyüşənlərin hər biri bütün Azərbaycanın doğmasına çevrildi.

Şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızı öz dillərindən dinləyə bilməsək də, çox şanslıyıq ki, canlı qəhrəmanlarımız olan qazilərimizin dilindən müharibəni, döyüş xatirələrini oxuculara çatdıra bilirik.


Bakupost.az –ın bugünkü müsahibi Xocavənd, Füzuli, Cəbrayıl, Hadrut istiqamətində döyüşmüş qazimiz, Astara rayonun Sım kənd tam orta məktəbinin tarix müəllimi Heydər Əkbərovdur.

O müharibədən sonra ölkə başçısı tərəfindən döyüşdə göstərdiyi şücaətə görə “Füzuli” və “Xocavəndin” azad olunması medalları ilə təltif edilib.


- Heydər müəllim, döyüşlərə necə qatıldınız?

- 1994-cü ildə Astara rayonunun Ərçivan qəsəbəsində anadan olmuşam. Aprel döyüşlərində iştirak etdiyim üçün bu istiqamətdə təcrübəm yüksək idi. Ona görə də 2020-ci ilin 21 sentyabrında, Vətən müharibəsi başlamazdan əvvəl könüllü olaraq çağırışlara qoşuldum. Daha sonra Xocavənd, Füzuli, Cəbrayıl, Hadrut istiqamətində qızğın keçən döyüşlərdə iştirak etdim. Tək amalımız torpaqlarımzı azad etmək idi.


- Füzuli istiqamətində döyüşlərə nə vaxt başladız?

- Sentyabrın 26-da artıq Füzuli rayonunda idim. Füzuli döyüşləri ən əhəmiyyətli döyüşlərdən biri idi. Düşmən çoxlu canlı qüvvə itirərək geri çəkilməyə məcbur oldu. Döyüşlər başladığı gündən, bitənə qədər ordumuzun üstünlükləri ilə davam edib. Füzulidəki döyüşlərdə ölümdən qayıtdıq. Amma buna baxmayaraq, biz qələbə qazanacağımıza inanırdıq. Azad olunan hər rayon, kənd adını eşidəndə sevincimizin həddi-hüdudu yox idi. Cəbrayılın, daha sonra Füzulinin azad olunduğu günlər ərzində tam əminliklə hiss edirdik ki, haqq savaşımız bizim qələbəmiz ilə bitəcək. Bu belə də oldu.

- Şəhid yoldaşlarınız oldumu?

- Olduğum batalyonda şəhidimiz olmasa da, hərbi hissədə şəhid yoldaşlarımız oldu. Mən həm də Aprel döyüşlərinin iştirakçısıyam. Aprel döyüşlərində çiyin-çiyinə vuruşduğum, eyni bölükdə xidmət etdiyim hərbçi, əsgər yoldaşlarım, komandirlərimin şəhid olduğunu gördüm. Məsələn, Biləsuvar rayonundan olan Mayor Nazim Hüseynov bizim üçün nümunəvi hərbçilərdən biri idi. Xəstəxanada onun şəhid xəbərini alarkən dünya başıma uçdu. O anları izah etmək çətindir. Biz bu qələbə ilə şəhidlərimizin qisasını aldıq.



- Bilirik ki, düşmən Füzuli istiqamətində daha çox möhkəmlənmişdi. Hansı ərazinin, kəndin alınması çətin oldu?

- Füzuli rayonun Alaxanlı kəndində uzun müddət düşmənlə vuruşduq. Güllə səsləri dayanmırdı, göydən mərmilər yağırdı. Minaatanlardan, iri çaplı artilleriyadan atəşə tuturdular. Lakin döyüş hazırlıqlarımız güclü olduğu üçün öhdəsindən yüksək səviyyədə gələ bildik. Döyüşlər nə qədər çətin olsa da bu yolun sonunda tarix yazmaq var idi.

- Və tarix müəllimi kimi tarix yazdız....

- Bəli, doğru dediniz. Astara rayonun Sım kənd tam orta məktəbində tarix müəllimi işləyirəm . Bəzən elə olurdu ki, şagirdlərimin sualları qarşısında aciz qalırdım. Torpaqlarımızın azad olunması gününü səbrsizliklə gözləyir və o günün gələcəyinə inanırdım. Bütün qəlbimlə torpaqlarımızın azad olunmasında iştirak etməyi arzulayırdım. Şükür Allaha ki, bu mənə qismət oldu. İndi ürəyim rahatdır. Şagirdlərim də artıq qürurludur. İndi şagirdlərimə qəhrəman Azərbaycan əsgərinin gücündən, şücaətindən, qəhrəmanlığından ürək dolusu danışa bilirəm. İnşallah, bir gün şagirdlərimlə də bu müqəddəs torpaqlara səfər edəcəyik.

- Hansı istiqamətdə gedən döyüşlərdə yaralandınız? Hadisə necə baş verdi?

- Düşmən qüvvələr noyabrın 6-dan dayanmadan bizi artilleriya atəşinə tutmuşdular. Ordumuzun gücünü görən düşmən təslim olmasaydı belə, məhv olmaları üçün uzağı bir həftə vaxt lazım idi. Demək olar ki, düşmənin son çırpınışları idi. Döyüşlərin son günlərində, noyabrın 8-də Füzuli rayonun Qubudilağar kəndində düşmənin atdığı top mərmisindən yaralandım. Topun yanında idim, mərmi düşəndən sonra səsini eşitmədim. Sadəcə olaraq yerimək istəyəndə, artıq gördüm ki, ayağımdan qan gəlir. Həmin an ayağımdan güclü ağrını hiss etdim. Daha sonra 3 saat ərzində Füzulinin Balabəhmənli xəstəxanasına çatdırıldım.



- Döyüşlərlə bağlı ən yadda qalan hadisə nə oldu?

- Ən yaddaqalan hadisə ermənilərin atdıqları mərmilərin əksəriyyətinin partlamaması idi. Bunun canlı şahidi olduq. Çünki həm döyüş yoldaşlarımın, həm də bizim öz yanımızdan 15 metr məsafəyə qrad mərmisi düşdü, amma partlamadı. Hansı ki, o partlasaydı biz orada şəhid ola bilərdik. Eyni zamanda Hadrut alındıqda, xüsusi təyinatlılardan sonra ilk ora biz daxil olduq. Daxil olduqdan sonra ermənilərin qoyub qaçdığı mərmilərlə onları vururduq.

- Döyüşün ən qızğın anlarında ağlınıza ilk nələr gəlirdi, nə hisslər keçirirdiniz?

- Məqsədimiz işğal altına olan torpaqlarımızı azad etmək, irəli getmək, düşməni məhv etmək və verilən döyüş tapşııqlarını layiqincə yerinə yetirmək əsas hədəflərimizdən idi. Hətta döyüşün ən qızğın anlarında daha irəliyə getmək üçün bölüyümün dəyişdirilməsi haqda komandanlığa müraciət etsəm də, qəbul etmədilər. Təsəvvür edin müharibə yeni başlamışdı, amma ordumuz artıq kəndləri bir-bir azad edirdi.


- Son olaraq gənclərimizə nə tövsiyə edərdiniz?

- Tariximizi öyrənsinlər, qəhrəmanlarımızı tanısınlar. Hərbçilərimizə, qazilərimizə ən başlıcası şəhid ailələrinə dəyər versinlər. Onları unutmasınlar.

- 44 günlük Vətən müharibəsi qələbə ilə bitdi. Şəhidlərimiz, qazilərimiz, sizin kimi vətənpərvər oğulların sayəsində. Təşəkkür edirik!

- Xalqımız çox mərddir. Bizim xalq bir yumruq kimi birləşdi və bu da qələbə qazanmağımıza böyük dayaq oldu. Döyüşə hər birimiz bir bölgədən gəlmişdik. Amma orada sanki eyni ata-ananın övladıydıq. Hər kəs bir-birinin canı uğrunda öz canını fəda edirdi. Bəzən nəfəsimizi dərib kəlmeyi-şəhadət gətirirdik. Amma qələbə qazanacağımıza tam əmin idik. Ona görə davamlı irəli gedib, düşməni məhv edirdik. Hər kəs bilməlidir ki, Vətən torpağının hər qarışı üçün əsgərlərimizin qanı axıdılıb, canı gedib. O torpaqların dəyəri heç nə ilə ölçülməz.

Fəridə Söhrabqızı
Baku Post





Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər