Ru
10:02 / 18 Sentyabr 2019

Musiqimizin tacı - Üzeyir Hacıbəyli

2654

Bu gün Üzeyir Hacıbəylinin anadan olmasından 134 il ötür. Hər il olduğu kimi sentyabrın 18-ni musiqi günü kimi qeyd edirik.


Qulağımıza Üzeyir Hacıbəylinin hər hansı bir əsərinin sədaları çatanda bu dahi insana ürəkdən rəhmət oxuyuruq. Hamının adından danışıram, çünki inanmıram ki, Üzeyir Hacıbəyli yaradıcılığını tanımayan, bilməyən, sevməyən bir azərbaycanlı olsun. Əgər bu gün “Leyli və Məcnun”, “Aşıq Qərib” operaları, “Arşın mal alan”, “O, olmasın, bu olsun” operettaları, “Sevgili canan”, “Sənsiz” romansları vətənimizdən kənarda sevilib, xarici vətəndaşlar tərəfindən qəbul edilirsə və bu əsərlər Azərbaycan milli və müasir musiqisini dünyaya tanıdırsa, deməli, ümummilli lider Heydər Əliyevin dediyi kimi həqiqətən də “Üzeyir yaradıcılığı bizim milli sərvətimizdir”.


Opera sənətimizin yaranması, onun inkişafı, bir əsrlik mədəniyyət yolumuz əsasən Üzeyir Hacıbəyli yaradıcılığının məhsuldur. O, təkcə ilk operamızın banisi deyil, eyni zamanda operettamızın, xalq çalğı alətləri orkestirimizin, mahnı və rəqs ansamblımızın, xorumuzun, simfonik orkestrimizin, Azərbaycan Dövlət Konservatoriyasının yaradıcısıdır. Bir əsrdir ki, Üzeyir Hacıbəylinin milli mədəniyyətimizə verdiyi töhfələr nəsillərdən nəsillərə ötürülür. 1920-ci ildə Bakıda xalq Konservatoriyasının yaranmasına təşəbbüs göstərməsəydi, bu gün adlarını fəxrlə çəkdiyimiz sənətkarları tanımaqdan məhrum olacaqdıq. Həmin sənət ocağı indi də Azərbaycan incəsənətinə neçə-neçə istedadlı insanlar bəxş edir, onları xalqa tanıdıb, ömürlük şöhrət və sözün həqiqi mənasında “çörək” qazandırmaqda davam edir. Bu, danılmaz bir həqiqətdir ki, Üzeyir bəyin yaratdığı bu məktəb, həm də xalqının istedadlı insanlarının dolanışıq yeridir. Bir anlıq düşünək ki, Üzeyir Hacıbəyli olmasaydı, bugünkü mədəniyyətimiz, musiqimiz nə səviyyədə olardı?...

Təsəvvür etmək çətin və dəhşətlidir. 100 ildən çoxdur ki, “Leyli və Məcnun” operası Azərbaycan səhnəsində oynanılır və bu əsər sayəsində Sara Qədimova, Həqiqət Rzayeva, Rübabə Muradova, Zeynəb Xanlarova, Əbülfət Əliyev, Arif Babayev, Canəli Əkbərov və daha neçə-neçə Leylilər, Məcnunlar tarixin yaddaşına həkk olunublar. Onların yolunu uğurla davam etdirən neçə-neçə dəyərli sənətkarın müasirləriyik indi. Üzeyir bəy yaratdıqları ilə həm qazandı, həm də qazandırdı. Dahi Üzeyir o zaman bu əsərlərini yaradarkən yəqin ki, indiki dövrü görüb. Onun ən güclü ilhamı – ümid olub. Ümid edib ki, mütləq elə bir zaman gələcək, onun əsərlərindəki qadın obrazlarını kişilər yox, qadınlar ifa edəcəklər. Unudulmaz şairimiz Səməd Vurğunun dediyi kimi: “Üzeyir öz xalqının günəşli, gündüzlü sabahına, onun böyük istiqbalına inanırdı, xalqın azadlıq və qurtuluş gününü səbirsizliklə gözləyirdi”. Bəlkə də onun qəlbindəki bu günlə bağlı sonsuz ümid olmasaydı, nə “Leyli və Məcnun”, nə “Arşın mal alan”, nə “O, olmasın, bu olsun”, nə də digər möhtəşəm əsərlər yaranmazdı. Tanrı bizə Üzeyir bəyi bəxş etməsəydi, yəqin ki, biz indi sahib olduğumuz bir çox mənəvi dəyərdən məhrum olardıq. Mədəniyyət və musiqi sahəsində həm maddi, həm mənəvi dəyərlərimiz, qazandıqlarımız, öyrənib öyrətdiyimiz hər nə varsa, Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. O, yalnız misilsiz istedada malik bəstəkar deyildi. Ü. Hacıbəyli dramaturgiya və publisistika sahəsində də öz sözünü demiş güclü qələm sahibi idi. Onun bütünlüklə sadə həyat tərzindən götürərək qələmə aldığı “Arşın malı alan”, “O, olmasın, bu olsun”, “Ər və arvad” operettalarında insanların cahilliyi gülüş hədəfinə çevrilib.



Üzeyir Hacıbəyov milləti tənqidlə qəflət yuxusundan oyatmağa çalışırdı. Bütün maneələrə, hədə-qorxulara, etirazlara rəğmən, o bu əsərləri yazdı, tamaşaya qoydu. Üzeyir məktəbi bir əsrdə mədəniyyət tariximizə Qara Qarayev, Fikrət Əmirov, Şəfiqə Axudova, Səid Rüstəmov, Cövdət Hacıyev, Əfrasiyyab Bədəlbəyli, Fatma Zeynalova, Asəf Zeynallı, Niyazi, Kövkəb Səfərəliyeva, Ağabacı Rzayeva, Adilə Hüseynzadə, Cahangir Cahagirov, Əminə Eldarova və daha yüzlərlə sənətkar bəxş edib. Xalq artisti Bülbül “Koroğlu” operasında oynadığı Koroğlu obrazı ilə özünü təsdiq edib. Onun ifasında səslənən “Sevgili canan”, “Sənsiz” romansları bu sənətkarı zirvəyə qaldırıb. Rəşid Behbudovun“Arşın mal alan”dakı Əsgər rolu onu xalqa həm bacarıqlı aktyor, həm də mahir vokalçı kimi tanıdıb. Üzeyir bəyin əsərlərinin ekran versiyası çox aktyorların yaradıcılığı üçün həlledici və uğurlu mərhələ olub.


Yekun kimi yalnız bunu demək qalır ki, Üzeyir Hacıbəyli imzası dünya durduqca fəxr edə biləcəyimiz, hər zaman minnətdar olacağımız, şərəfli və işıqlı bir imzadır.


Günel Musa

BAKUPOST

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər