Ru
16:08 / 22 Oktyabr 2021

Mütaliə - uşaqların dərs həyatındakı müvəffəqiyyəti gücləndirən başlıca amil

25251
Bu günlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Onlayn kitab klubu” adlı sosial layihəyə start verilib.

Layihənin əsas məqsədi şagirdlərin mütaliəyə istiqamətləndirilməsi işində səmərəliliyin, onlarda oxu və yazı bacarıqlarının inkişaf etdirilməsi, nitq vərdişlərinin təkmilləşdirilməsi, fikirlərini tam və sərbəst şəkildə ifadə edə bilmək imkanlarının formalaşdırılmasından ibarətdir.

İKT-dən istifadə bacarıqlarının mütaliə ilə vəhdətdə inkişafını hədəfləyən layihə üçün “Facebook” sosial şəbəkəsində “Onlayn kitab klubu” səhifəsi (https://www.facebook.com/Onlayn-kitab-klubu-110724968012960) yaradılıb.

Səhifədə elektron və audio kitabların paylaşımı, müxtəlif kitabların müzakirələri, kiçik rubrikalar əsasında müsabiqələrin təşkili, şagird və müəllimlərin təşəbbüsü ilə kitablarla bağlı fikirlərin bölüşdürülməsi, yazıçı və şairlərlə vaxtaşırı “Facebook” üzərindən canlı görüşlərin təşkil olunması nəzərdə tutulub.


Mütəxəssislər hesab edir ki, mütaliə uşaqların dərs həyatındakı müvəffəqiyyəti gücləndirən başlıca amillərdəndir. O, məlumat-axtarış və idrakı fəaliyyət növü kimi insanın inkişafında, təhsilində və tərbiyəsində xüsusi yer tutur. Mütaliənin tədris, təhsil və tərbiyə funksiyaları kompleks xarakter daşıyır.


Amerika alimləri 7 yaşdan 14 yaşa kimi 55 uşaq üzərində apardıqları tədqiqat nəticəsində müəyyən ediblər ki, fəal mütaliə edən uşaqlar daha inkişaf etmiş hüceyrə tellərinə (neyron) və bundan irəli gələn nəticələrə malikdirlər. Mütaliə həmçinin uşaqların nitqinin, lüğət ehtiyatlarının, ümumiyyətlə, nitq mədəniyyətlərinin formalaşmasında, insani dəyərlərin aşılanmasında əvəzsiz vasitədir.

Təəssüf ki, son zamanlar ölkədə uşaq və gənclərdə ənənəvi mütaliəyə meyl azalmaqdadır. İl ərzində bir yunan 25, isveçli 10, fransız və türk 7 kitab oxuduğu halda, təəssüf ki, Azərbaycanda bu göstərici çox aşağı səviyyədədir.


Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyir ki, dünyanın ən nüfuzlu universitetlərində aparılan tədqiqatlar sübut edib ki, mütaliə insanların idrak qabiliyyətlərini məşq etdirməyə imkan verən müxtəlif mexanizmləri hərəkətə gətirir. Uzun və xoşbəxt yaşamasına, diqqətinin formalaşmasına, nitqinin və düşünmə qabiliyyətinin inkişafına güclü təsir göstərir, dünyaya və ictimai sosial hadisələrə baxış şəklini dəyişir, doğru qərarlar verib, seçimlər etməsinə kömək edir. Mütaliə edənlər öz erudisiyası, kompentensiyaları və karyera inkişafı ilə həmişə başqalarından fərqlənirlər:


“Kitablar və onların mütaliəsi həmçinin insanın zehni və hissi inkişafında vacib tədris vasitəsidir. Tez-tez roman oxuyan şəxslər başqa insanları daha yaxşı anlayır və empati (başqalarının hisslərini başa düşmə) qura bilirlər. Uşaqlar üzərində aparılan araşdırma nəticəsində isə müəyyən edilib ki, hekayə oxuyan uşaqlar daha iti zehnli olur və digər insanları daha çevik anlayırlar. Kitabsevər, mütaliəçi insanlar boş vaxtlarını oxumağa sərf edir. İmkan tapan kimi kitab oxuyur. Bu səbəbdən də belə insanların zərərli vərdişləri də olmur”.

Şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılmasında digər amillərlə yanaşı düzgün kitab seçimi də xüsusi önəm daşıyır.

Valideyn, müəllim və kitabxanaçılar uşaqları onların zövqünü korlayan, aqressivlik yaradan, şiddəti çözüm vasitəsi kimi təqdim edən, yaşına uyğun gəlməyən, heç bir ədəbi və tərbiyəvi dəyəri olmayan, postmodernist əsərlərdən - kitablardan və ziyanlı saytlardan uzaq tutmalıdırlar. Kitab mağazalarından kitab alarkən, həmçinin elektron kitab mütaliəsi (ekran mütaliəsi) zamanı da göstərilənlərə diqqət edilməsi vacibdir.



Uşaq təfəkkürü hələ tam formalaşmadığından onların mütaliəsinə rəhbərlik etmək və ya düzgün istiqamət vermək zəruridir. Bilmək lazımdır ki, uşağın mütaliəsi onun həyatında böyük rol oynayır, yaşlı adamın həyatında oynadığından daha böyük rol oynayır . Uşaqlıqda oxunan bir kitab, demək olar, adamın bütün ömrü boyu hafizəsində qalır və uşağın sonrakı inkişafına təsir göstərir. Bu səbəbdən kitab seçimi xüsusi əhəmiyyət kəsb edir. Düzgün kitab seçimi mütaliədə əsas şərtdir.

Ş.Əsgərovun sözlərinə görə, seçilən kitablar mütləq ağıl və məntiqin süzgəcindən keçirilməlidir. Uşaqlara özlərinin yaş və biliklərinə, psixologiyalarına, sosial inkişafına və maraqlarına uyğun, əxlaqi, milli – mənəvi və bəşəri dəyərlər aşılayan, zehnini, xəyal gücünü və yaradıcılığını inkişaf etdirən kitabları tövsiyə etmək lazımdır. Bilmək lazımdır ki, səhv seçilən kitablar uşaqlarımızı başqa kitablardan da soyuda bilər. Ona görə tövsiyə siyahılarına əxlaqi keyfiyyətlər, milli və bəşəri dəyərlər aşılayan əsərlərin daxil edilməsi uşaqların şəxsiyyət kimi formalaşdırılması baxımından çox önəmlidir və bu məsələlər həmişə diqqət mərkəzində saxlanılmalıdır.

Azərbaycan dili və ədəbiyyatı müəllimi Sona Quliyevanın sözlərinə görə, şagirdlərdə kitaba, mütaliəyə marağı artırmaq üçün “Onlayn kitab klubu” kimi sosial layihələr çox mühüm əhəmiyyət kəsb edir: “Mən bir müəllim kimi, belə layihələrin tətbiqini çox dəstəkləyirəm. Bu gün ümumtəhsil məktəbləri şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsinə və onlarda mütaliə mədəniyyətinin formalaşdırılmasına çox ehtiyac var. Artıq bir neçə ildir ki, ümumtəhsil məktəblərində şagirdlərin mütaliəyə istiqamətləndirilməsi, onlarda mütaliə mədəniyyətinin formalaşdırılması üzrə bir sıra zəruri tədbirlər həyata keçirilir. Əsas məqsəd isə şagirdlərin kitaba, mütaliyəyə marağını artırmaqdır. Danılmaz həqiqətdir ki, kitabların uşaqların təlim - tərbiyəsində rolu əvəzsizdir. Hörmət, mərhəmət, məhəbbət, sədaqət, xeyirxahlıq, ədalət, ləyaqət və s. kimi insani dəyərlərin təbliğatçısı olan ədəbiyyat həqiqətən xəzinədir. Bizim uşaqlar ən əvvəl milli dəyərlərə sahiblənməli, sonra dünya mədəniyyəti ilə tanış olmalıdırlar. Mütləq şəkildə həm məktəbdə, həm də ailədə mütaliə təbliğ edilməlidir. Bu gün ədəbiyyat müəllimlərinin qarşılaşdığı problemlərdən biri də şagirdlərin bədii əsərlərə marağının əvvəlki illərdən fərqli olaraq zəifliyi, qeyri-kütləviliyidir. Bu da bir ədəbiyyat müəllimi kimi məni çox narahat edir. Fikrimcə, şagirdlərdə mütaliəyə marağı artırmaq üçün “Onlayn kitab klubu” kimi sosial layihələr həyata keçirilməlidir. Mütaliənin üstünlüyü, vacibliyi təbliğ edilməlidir”.



9-cu sinif şagirdi Çinarə Məmmədzadə deyir ki, o, kitab oxumağı çox sevən şagirdlərdəndir: “Mən Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqlarını oxumağı çox sevirəm. Dərslərim nə qədər çox olsa da kitab oxumağa mütləq vaxt ayırıram. Bu məndə artıq bir vərdiş halını alıb. Tətillərdə isə günümün çox hissəsini kitab oxumaqla keçirirəm. Mütaliə doğurdan da insanın mənəvi inkişafı, digər insanlarla münasibəti, gündəlik hadisələrə baxış tərzi, qərarların verilməsi və sair məsələlərdə çox mühüm rol oynayır. Bu gün orta məktəblərdə təhsil alan şagirdlər daha çox ali məktəblərə qəbul imtahanlarına hazırlaşırlar. Bu səbəbdən də onlar əlavə oxu materiallarından istifadə etmirlər, mütaliə ilə məşğul olmurlar. Bu səbəb kimi vaxtlarının az olmasını göstərirlər. Ancaq əgər kitaba, kitab oxumağa maraq olsa mütaliə üçün mütləq vaxt tapmaq olar. Əsas odur ki, istək olsun”.

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusunda hazırlanıb.

Sevinc Məmmədova
Baku Post





Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər