Ru
12:57 / 17 Fevral 2020

"Namizədlər mübarizəni ən iyrənc vasitələrlə aparırlar" - Fazil Mustafa

1426

26 saylı Sabunçu birinci seçki dairəsindən lider namizəd Fazil Mustafa bloger Mehman Hüseynovun məğlub olduğu rəqibi Etibar Əliyev haqqında səsləndirdiyi ittihamlara münasibət bildirib.

BakuPost.az xəbər verir ki, Fazil Mustafa sosial şəbəkə hesabında paylaşdığı cavabında bunları qeyd edib:

“Seçkilərlə bağlı haqlarının tapdandığını iddia edən keçmiş namizədlərin hüquqi yollarla mübarizə aparmasını normal qəbul edirəm. Qanunda nəzərdə tutulan şikayət mexanizmini həyata keçirənlərlə bağlı Mərkəzi Seçki Komissiyasının münasibəti də təqdir olunandır. Ancaq bu mübarizəni ən iyrənc vasitələrlə aparanların özləri kimi məsuliyyətsiz insanlar tərəfindən dəstəklənməsi üzücü bir durumdur. Mehman Hüseynovun paylaşdığı videosu da heç nəyin mahiyyətinə varmayan dar düşüncəli insanların aldadılması üçün nəzərdə tutulub. Burada bizim də namizəd olduğumuz 26-cı dairənin müvafiq məntəqəsindən söhbət getdiyindən, məsələyə münasibət bildirməyi özümə borc bilirəm. Çünki qeyd olunan məntəqədə heç bir ciddi qanun pozuntusu qeydə alınmayıb və tam şəffaf və demokratik seçki keçirilib. Bildiyiniz kimi, 31-ci dairədən lider namizəd təhsil eksperti Etibar Əliyevdir və digər namizəd olmuş şəxs Mehman Hüseynov seçkidən sonra ona qarşı sosial şəbəkədə kampaniya aparır. Əlbəttə, bu, onun hüququdur, hansısa iddiaları varsa, hüquqi yollarla bunu çözmək istəməsi də normal qarşılanmalıdır. Ancaq Mehman Hüseynov şantaj, təhqir yoluna daha çox üstünlük verərək hüquqi çərçivələri tanımadığını göstərir və Etibar Əliyevin özü ilə mübarizəsini əlavə komponentlərlə zənginləşdirməyə çalışır. Bu zaman isə 26 saylı dairənin bir məntəqəsindən ötürülmüş yalan informasiyanı böyük tapıntı kimi sosial şəbəkəyə sırımaqla guya hansısa saxtakarlıq faktının məntəqə üzvü olan Etibar müəllimin bacısı, uzun illər vicdanla məktəbdə müəllimlik edən Asya xanım tərəfindən törədildiyini iddia edir”.

Fazil Mustafa Mehman Hüseynov tərəfindən səsləndirilən həmin ittihamların əsassız olduğunu hesab edir: “Videonu hər kəs izləsin, özünüz də görəcəksiniz ki, Mehman Hüseynov Asya xanıma böhtan atır, burada stolun üzərinə qoyulan yeşiyin aşması nəticəsində bülletenlər yerə tökülür və dərhal da məntəqə üzvləri, o cümlədən Asya xanım tərəfindən yerdən yığılır. Və həmin vaxt orada olan çoxsaylı müşahidəçilərdən kimsə çığırıb-bağırıb iddia etmir ki, kiminsə qoynundan yerə bülleten tökülüb. Çünki iki metr yaxınlıqdan bu videonu çəkən müşahidəçi də ən azı səs qeydlərində bunu vurğulamalı idi. Onlar da qutunun təsadüfən aşmasının şahidi olduqlarına görə bu hadisəni Mehman Hüseynovun şantajına əsas verəcək səviyyəyə qaldırmağı düşünmürlər. Əksər namizədlərin müşahidəçiləri olan bu məntəqədə faktla bağlı hansısa akt və ya şikayət də DSK-ya daxil olmur. Bu məsələni iştirakçıların ifadələri ilə sözbəsöz araşdırıb özüm üçün aydınlaşdırandan sonra tam məsuliyyətimlə söyləyirəm: Mehman Hüseynov yalan danışıb, Asya xanıma böhtan atıb, bu vasitə ilə onun qardaşı Etibar Əliyevə qarşı çirkin ittihamların yönəldilməsi məqsədini güdüb”.


Mehman Hüseynovun iddialarının heç bir əsası olmadığını vurğulayan Fazil Mustafa belə addımlarla bir müəlliməni məhz Etibar Əliyevi şantaj etmək üçün töhmət altında buraxmağın ləyaqətli davranış olmadığını bildirib: “Fikrimcə, bu paylaşıma görə şərəf və ləyaqəti təhqir olunmuş Asya xanım Heydərova mütləq hüquqi yollarla ona böhtan atan şəxsin məsuliyyətə cəlb olunmasına çalışmalıdır”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər