Azərbaycan nardan külli miqdarda qazanc əldə edə bilər - 1 hektardan ən azı 50 ton…

  • 30 Sen 2019 12:13
  • 1362 Baxış
Azərbaycan nardan külli miqdarda qazanc əldə edə bilər   - 1 hektardan ən azı 50 ton…





Mürvət Həsənli
ADAM sədri

Quranda adı çəkilən bir neçə meyvə arasında nar da var. Müqəddəs kitabımızın Ənam 99, 141, Rəhman 68 ayələrində 3 dəfə adı keçən nar İslam böyüklərinin də yeyilməsini məsləhət bildiyi meyvələrdəndir. Həzrət Əlinin narı içindəki incə pərdə ilə bərabər yeməyi tövsiyə etdiyi bildirilir.

Müqəddəslərimizin nara bu qədər böyük əhəmiyyət verməsi səbəbsiz deyil. Nar həm dənələri, həm içindəki pərdəsi, həm də qabığı ilə faydalı meyvədir. Tibb mütəxəssislərinin fikrincə, 100 ml nar suyu yetişkin bir insanın gündəlik C vitamini ehtiyacının 16%-ni qarşılayır. Nar şirəsi həmçinin B vitamini və kalium ilə zəngindir. Müxtəlif pəhriz məmulatlarının hazırlanmasında da nardan istifadə olunur. Çünki narın suyunda şəkər, kalori və digər qida əlavələri var.

Narın qabığından müxtəlif dərmanların hazırlanmasında da istifadə olunur. Xalq təbabətində qarın ağrısına qarşı nar qabığından hazırlanmış çay içilməsi məsləhət bilinir. Nar qabığı çox qədim dövrlərdən bağırsaq xəstəliklərinin müalicəsində ən çox tərcih edilən şəfavericilərdən hesab olunub.

Tekstil sənayesində də nar əvəzedilməz bitkilərdən sayılıb. Xüsusilə boya maddəsi kimi nar qabığı və suyu qədimdən bəri geyimlərimizi bəzəyib. Bu da narın sənaye baxımından əhəmiyyətinin ən gözəl dəlillərindəndir.



Xüsusilə 2000-ci illərdən sonra ABŞ və Avropanın müxtəlif ölkələrində nar şirəsinin ən çox sevilən içəcək kimi populyarlaşması dünya bazarında ona olan ehtiyacı artırıb. Bu zamana qədər yalnız Şərq aləmində sevilən nar suyu indi artıq dünyanın sevimli meyvəsinə çevrilib. Amma insanların ən çox tərcih etdiyi nar isə hər yerdə bulunmur. Baxmayaraq ki, istiyə, susuzluğa dözümlü olan bu ağaclar dünyanın əksər yerlərində yetişdirilə bilər. Ən dadlı narlar isə Azərbaycan və İran ərazilərində becərilir. Bunun əsas səbəbi isə narın tamı ilə əlaqədardır.

Bəllidir ki, narın 3 cür dadı ola bilər: turş, şirin, kəmşirin. Kəmşirin narlara gülöyşə növü deyilir ki, onun əsas vətəni Azərbaycan hesab olunur. Digər tərəfədən, dünyada ən çox nar istehsal edən Çin və Hindistan kimi dövlətlər öz daxili tələbatlarını ancaq ödədiklərinə görə, onu ixrac edə bilmirlər. Dünyada ən çox nar ixrac edən ölkələr arasında Azərbaycan da var. 2010-cu ilin statistikasında görə, ölkəmiz ən çox nar ixrac edən 6 dövlət arasına düşə bilmişdi: Türkiyə (86 min ton), İran, (60 min ton) İspaniya, (40 min ton) Hindistan (35 min ton), ABŞ, (17 min ton) Azərbaycan (15 min ton).

2010-cu ildən bu yana 9 il zaman keçib. Bütün digər ölkələrdə olduğu kimi Azərbaycanda da nar istehsalı artıb. Bu da nəticə etibarilə ixracatı da artırıb. Rəsmi statistik məlumata görə, ötən il Azərbaycanda 180 min ton nar istehsal edilib. İxracatımızın kütlə vahidi açıqlanmasa da, Azərbaycanın nar ixracından 2018-ci ildə 13 mln. dollar gəlir əldə etdiyi məlumdur. Fəqət Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının icraçı direktoru Yusif Axundovun etirafına görə, 2019-cu ilin 3 ayında nar ixracımız qənaətbəxş olmayıb: “2019-cu ilin ilk üç ayı ərzində cuzi həcmdə nar ixrac edib. İxrac həyata keçirilmiş ölkələr Rusiya, Ukrayna, Qazaxıstana olub”.

Görünür, bu da mövsümi məsələlərlə bağlıdır. Bununla belə, KTN Azərbaycanda narçılığın inkişafi üçün qollarını çırmalayıb. Nazir İman Kərimovun bir neçə gün əvvəl Göyçayda "Narçılığın inkişafı: qarşıda duran vəzifələr" mövzusunda respublika müşavirəsi keçirməsi də KTN-nin bu məsələyə ciddi yanaşdığını göstərir. Təəssüf ki, bəzi mətbu orqanlar bu səyləri görmür, İnam Kərimovun çıxışında səhv axtarır və bunu istədikləri kimi təhlil edirlər. Özü də üzərində dayandıqları məsələnin isə narçılığa qətiyyən dəxli yoxdur.

Azərbaycan hakimiyyətinin narçılığın inkişafına bu qədər diqqət ayırması isə təsadüfi deyil. Yuxarıda da qeyd etdiyimiz kimi, dünyada nara tələbat getdikcə artır, amma ixracçıların sayı isə xeyli azdır. Azərbaycan bu fürsətdən istifadə edib nar ixracını artıra və ölkəyə daha çox kapital gətirə bilər. Amma bunun üçün ilk növbədə məhsuldarlığı artırmaq tələb olunur. Belə ki, ölkəmizdə ənənəvi qaydada davam etdirilən nar istehsalında məhsuldarlıq kifayət qədər deyil. Bu da həm xarici bazarda rəqabət imkanlarımızı azaldır, həm də ölkəmizin daha çox qazanmaq potensialını reallaşdırmasına mane olur.

Fikrimizi isbatı kimi, gəlin, İsraillə Azərbaycan arasında kiçik bir müqayisə aparaq. Bir neçə gün əvvəl Göyçayda keçirilən müşavirədə Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirdi ki, hazırda narın əkin sahəsi təxminən 23 min hektara, nar istehsalı isə 155 min tona çatdırılıb: “Bununla belə, əkin sahəsinə görə əldə olunan məhsuldarlıq bizi qane edə bilməz. Nar istehsalına görə hər hektardan məhsuldarlıq təxminən 7 ton təşkil edir. Bizim hədəfimiz isə məhsuldarlığı hər hektardan 15 tona çatdırmaqdır”.

Cənab nazirin bu təşəbbüsü təqdirə layiqdir. Fəqət bizim məhsuldarlığı 2 dəfədən çox artıraraq, 15t/ha-a çatdırmağı qarşımıza hədəf qoyduğumuz halda, İsraildə bu göstərici 60t/ha-ı keçir. Üstəlik, İsrailin təbiəti narçılıq üçün çox da əlverişli deyil. Demək olar ki, torpağının əksər hissəsi səhralardan ibarət olan İsraildə yay ayları quraq və isti, qış isə mülayim və rütubətli keçir. Səth quruluşunun müxtəlifliyi ölkədə iqlim fərqlərinin yaranmasına səbəb olur. Ölkənin qərbindən şərqinə getdikcə yağıntıların miqdarı kəskin şəkildə azalır. Qərbdə yerləşmiş Qaliley yaylasına il ərzində 1000 mm-ə qədər yağıntı düşdüyü halda, şərqdə yerləşmiş Eylat bölgəsinə 50 mm yağıntı düşür. Ölkənin mərkəzi bölgələrinə 500 mm-ə qədər, Ölü dənizin sahillərinə isə 70–80 mm yağıntı düşür.

Narçılığın inkişafı üçün isə əraziyə il ərzində ən azı 500 mm yağıntı düşməlidir. Belə çıxır ki, İsrailin yalnız Qaliley yaylası narçılıq üçün əlverişlidir. Görünür, buna görə də İsraildə cəmi 2200 hektar sahədə nar yetişdirilir.

Azərbaycanda isə ərazimizin böyük hissəsi narçılıq üçün uyğundur. Elə buna görə də Azərbaycanda 28 min hektar ərazidə nar əkin sahələri salınıb. Hardasa İsraildən 10 dəfə çox. Sözsüz ki, biz də məhsuldarlığı İsrailin göstəricilərinə yaxınlaşdırsaq, 1 hektardan ən azı 50 ton nar götürsək, ölkəmizə külli miqdarda kapital gətirə bilərik.

Üstəlik, Azərbaycan narının müştərisi də kifayət qədər çoxdur. Rusiya, Ukrayna, Qazaxıstan və s. postsovet məkanları ilə yanaşı, Yaponiya kimi Uzaq Şərq ölkələrinə də nar ixrac etmək imkanlarımız var. Əldə etdiyim məlumata görə, Yaponiyadan ölkəmizə gələn kənd təsərrüfatı mütəxəssisləri Azərbaycan narını xeyli bəyənmiş və əlaqədar qurumlara onu idxal edə biləcəklərini bildirmişlər. Yaponiyada isə narın bir kilosu 27 dollar civarındadır. Azərbaycanın iş adamları maya dəyəri 1 dollara başa gələn narı Yaponiyaya daşımaq üçün uzağı 2 dollar da nəqliyyat xərci çəkərlər. Yaponiyada isə narın ümumi dəyərindən dəfələrlə baha satmaq imkanları var və bu bizə böyük gəlirlər qazandıra bilər.

Bütün bunları nəzərə alanda KTN-nin narçılığın inkişafı ilə bağlı strategiyasını yüksək qiymətləndirir və fermerlərə bu işdə uğurlar arzulayıram.