Ru
16:21 / 25 Fevral 2021

Natəvan haqqında uydurma – Şahbaz Xuduoğlunun yazısı

7584
NATƏVAN DÜMA İLƏ ŞAHMAT OYNAYIBMI?

Ədəbiyyat Muzeyində saxlanılan şahmat dəsti əslində, kimə məxsusdur?

Natəvanının adına açılan Vikipediya səhifəsində yazılır:
“1858-ci ildə xoşbəxt bir təsadüf Bakıda məşhur fransız yazıçısı Aleksandr Düma ilə Xurşidbanunu rastlaşdırmışdır. Natəvanın həyat yoldaşı Xasay xanın fransız dilini yaxşı bilməsi onlar aralarında dostluq telləri yaratmışdır. Onlar Abşeronda birgə gəzintiyə çıxmış, ayrılarkən birbirinə qiymətli hədiyyələr təqdim etmişlər. Natəvanın Bakıdan Şıx kəndinə daş yol çəkdirməsi haqqında ilk məlumat da A.Dümanın "Qafqaza səyahət" kitabında öz əksini tapmışdır”.

“Musiqi dünyası” saytı yazır ki, tarixdən (əcaba hansı tarixdən?!) bizə bəllidir ki, Natəvanla Düma şahmat oynayıb və Düma uduzub. (http://www.musigi-dunya.az/article/59/59_5.html).

Natəvanın qeyri-adi istedadına və gözəlliyinə valeh olan Düma sədəf şahmat dəstini, eləcə də Napoleonun kiçik büstünü ona hədiyyə edib.
“1858-ci ildə şairə Bakıda Fransız yazıçısı Alexandr Düma ilə görüşdü və əl işlərini ona təqdim etdi. Fransız romançısı ona, şərq gözəlliyi, ədəbi və bədii istedadından ovsunlandığını söylədi. Natəvanın ailəsində fəxri qonaq olaraq Düma ev sahibi ilə şahmat oynadıqdan sonra şahmat dəstini hədiyə etdi. (https://www.azernews.az/culture/130813.html) Bu cəfəngiyyatı da azərneüs yazıb)

Məşhur insanlar səhifəsində qeyd edilir ki:
(https://www.thefamouspeople.com/.../khurshidbanu-natavan...)
“Parisdəki Alexandr Düma Muzeyində Natəvanın əllə toxuduğu kisə var, 1858-ci ildə Qafqazı gəzərkən Şuşada dayanıb və şahmat oyununda Natəvana məğlub olub”.

Rəssam Çingiz Mehbalıyev isə onların görüşünü daha da “romantikləşdirmək" məqsədilə rəsm əsəri çəkib. Öz əsəri barədə AzərTac-a böyük bir açıqlama da verib. Rəssamın sözlərinə görə, əsərin mövzusu real tarixi hadisədən götürülüb.
(https://azertag.az/.../Ressam_CHingiz_Mehbaliyevin_yeni...)

Bəziləri yazır ki, Düma Natəvanla Şuşada görüşüb şahmat oynayıb. O da Dümanı mat edib. Düma üstündə daşıdığı şahmatı Natəvana hədiyyə edib. Natəvan isə yazıçıya öz əli ilə toxuduğu torbanı hədiyyə edib.
Başqa birisi yazır ki, guya, onlar Bakıda görüşüb və şahmat oyunu da Bakıda baş tutub.
Amma heç kim bir mənbə, fakt ortalığa qoymur.

Beləliklə, kiminsə uydurduğu bu yalan rəngdən-rəngə düşərək hallanır, hətta filmlərin (https://www.youtube.com/watch?v=2wKfA19lBaU) belə mövzusuna çevrilir. Gerçək Natəvan, onun yaradıcılığı, yaratdığı ədəbi məclis, gördüyü faydalı işlər isə qalır bir kənarda...



Əslində həqiqət necədi?

Dümanın öz qeydlərindən bəlli olur ki, o, həqiqətən, Bakıda Şuşanın sonucu xanı Mehdiqulu xanın xanımı və onun qızını (Natəvan) görüb və bu barədə yalnız bir cümlə yazmaqla kifayətlənib. Qalan heç bir yerdə
Natəvanın adı keçmir.

Ümumiyyətlə, harada yazılıb ki, Düma Bakıda şahmat oynayıb? Axı onun çox məhdud vaxtı vardı, proqramı çox gərgin idi, hər gün harasa aparırdılar; onun şahmat oynamağa nə vaxtı, nə də həvəsi ola bilərdi. Özü bu barədə qeydlərində yazıb. Bir də ki, at belində, arabalarda səfər edən macərapərəst bir adamın silah gəzdirməsi ağlabatandır, amma şahmat daşıması sadəcə gülünc görünür.
Dümanın Bakıya səfəri haqqında ən tutarlı fakt onun özünün səfər qeydləridir. Natəvanın həyat yoldaşı Xasay bəydən bəhs olunan hissələri sizinlə paylaşıram.

Alternativ mənbə varsa, onu göstərin, yoxdursa o zaman Dümanın yazdıqlarına istinad olunmalıdır.

QAFQAZ SƏFƏRİ

“Bakıya daxil olmaq orta əsrlərin alınmaz qalalarından birinə girmək təsiri bağışlayır. Divarları üçqat olan qalanın qapıları o qədər dardır ki, üç at qoşulmuş arabanı qapıdan keçirmək üçün yan atı açmalı olduq. Şəhərin Şimal qapıları yanında böyük bazar, Şərq memarlıq üslubundan daha çox Qərb memarlıq üslubuna yaxın, daha doğrusu, avropasayağı tikilmiş binalar və sağ tərəfdə xristian kilsəsi vardır. Bizi birbaşa M.Piqulevskinin iqamətgahına apardılar. O, qapının ağzında bizi salamladı, lakin evə dəvət edə bilmədi. Çünki evində iki azərbaycanlı qadın qonağı vardı. Müsəlman dini qadınların yad kişilər yanında üzü açıq oturub söhbət etməsinə yol vermir. Bu yandan da bizə uzun səfərdən sonra yuyunub, rahatlanmaq vacib idi. Bizi öz adamlarından biri ilə yaşayacağımız “Avropa klubu”na yola salan M.Piqulevski yuyunub-rahatlandıqdan sonra onunla nahar etməyimizi xahiş etdi.
Xristian kilsəsinin yanında şəhərin ən mənzərəli yerlərindən birində yerləşən bu klubun salon və otaqlarını mənim sərəncamıma vermişdilər.
Göstərilən qonaqpərvərlik üçün söz tapa bilmirəm. Bircə onu deyə bilərəm ki, bütün yol boyu bizə göstərilən qonaqpərvərlik gözlədiyimizdən də üstün idi.
Yuyunub-rahatlanmaq üçün M.Piqulevskinin bizə çox vaxt verməsinə ürəkdən sevinirdik. Lakin yenicə yuyunmuşduq ki, Piqulevski özü iki faytonla arxamızca gəldi. Azərbaycanlı xanımlar öz milli və dini qanunlarını pozaraq mütləq məni görmək istəyirdilər. Biz hazırlaşana qədər M.Piqulevski gözlədi.

O, gözəl adam idi. Onun haqqında bir neçə kəlmə deməyə dəyər.
O, Bakının həm bələdiyyə, həm polis rəisi, həm də hakimi idi. Bu ucaboy, enlikürək adamın qırx yaşı olardı. Əynində rus forması, başında azərbaycanlı papağı vardı. Xəz papağını gözlərinin üstünə elə basmışdı ki, alışıb-yanan və gülümsəyən gözlərini güclə görmək olurdu. Gözlərindən səmimilik oxunurdu. Dolu sifəti, mirvari kimi ağ dişləri, gözəl dodaqları gözləri ilə tamamilə həmahəng idi. Fransızca bir kəlmə də bilmirdi. Rusca isə elə aydın, elə ifadəli danışırdı ki, nə demək istədiyini tamamilə başa düşürdük. Onun sifətindən xoşbəxtlik yağırdı. Elə bil Babil qülləsinin dağıldığı gündən bu günə qədər alimlərin yaratmaq arzusunda olduğu beynəlxalq əlifbanın ilk hərflərini bu xoşbəxt adam kəşf etmişdi.

Faytonlara əyləşib

M.Piqulevskinin iqamətgahına gəldik. Mən onun üz-gözündəki sevinci indi anladım. Onun on altı yaşında gül kimi zərif və gözəl qızı, otuz iki-otuz dörd yaşında, anadan çox öz qızının bacısına oxşayan çox cazibədar bir qadın əlimizi sıxaraq bizi salamladı. Ailənin iki-üç uşağı da vardı. Heç vaxt ağrı-acı dadmamış bu ailə həyatın pillələrilə dərdsiz-qəmsiz irəliləyirdi.



***
Səbirsizliklə gözlədiyimiz, hörmətlə qəbul olunduğumuz bu məclisdə bizi görmək istəyən iki azərbaycanlı xanım və onlardan birinin – gənc xanımın əri də iştirak edirdi. Çadra örtmüş bu xanımların biri Qarabağın axırıncı xanı Mehdiqulu xanın arvadı, o biri qızı idi. Anaya qırx, qızına iyirmi yaş vermək olardı. Hər ikisi milli geyimdə idi. Qəşənglikdən daha çox bahalı olması ilə seçilən nazik paltarda cazibədar görünən gənc xanımın yanında iki uşağı da vardı. Anası kimi milli geyimdə olan üç-dörd yaşlı qız uşağı maraq dolu, böyük, qara gözlərini bizdən çəkmirdi. Beş-altı yaşlı oğlan uşağı isə nənəsinin dizinə sıxılmış və sövq-təbii ilə kiçik əlini belindən asılan xəncərin üstünə qoymuşdu. Mən mat qalmışdım.
Bu, fransız qadının uşağın oynamasına icazə verə biləcəyi oyuncaq xəncər deyildi, oğlanın belindəki əsl iti xəncər idi. Azərbaycanlı qadınlar üçün bu birinci uşaq oyuncağı hesab olunur.
Gənc xanımın həyat yoldaşı Xasay xan Usmiyev ürəyəyatan, gözəl insanlarla yolda baş çəkdiyimiz Andreyevo kəndində anadan olmuşdur. Otuz beş yaşlı Xasay xan qədd-qamətli idi. Alışıb-yanan gözlərində nəsə bir narahatlıq duyulurdu.
Qapqara saqqalı onun dişlərini daha da ağ göstərirdi. Başına qıvırcıq quzu dərisindən tikilmiş gözəl papaq qoymuşdu. Uzun, qara çərkəzi çuxa geyinmişdi.

Çuxaya qızılı sapla naxış vurulmuş, yaxasında ətrafı qızıl və gümüşlə haşiyələnmiş iki patrondaş, belində saf qızıldan olan gözəl kəmər vardı. Kəmərdən fil sümüyü və qızılla işlənmiş zərif bir xəncər asılmışdı. Əynindəki şalvar İran qumaşından tikilmişdi. Dağlılar arasında dəbdə olan qumaş şalvarı dizdən aşağı sıxmışdı. Fransızca parislilərdən heç də pis danışmayan Xasay xan ləyaqətli adam idi. Mən onun mədəniyyətinə, ağlına, fransızca təmiz danışmağına heyran qalmışdım. Sən demə, Xasay xan Peterburqda mənim köhnə dostum Marmye (fransız yazıçısı. Öz səyahətləri barədə bir neçə kitab yazmış və çap etmişdir.) ilə tanış olubmuş. O dostumun mənim fikirləşdiyimdən də üstün olan xüsusiyyətlərindən danışdı. Xahiş etdi ki, Parisə qayıdan kimi alim və səyyah dostuma onun səmimi arzularını çatdırım, görüşlərini yada salım.

İndi Marmyenin dünyanın hansı guşəsində olduğunu bilmədiyimdən (bəlkə indi o, Tancerdə, Timbuktuda, Mexikoda, Şam şəhərində və ya Maarif Nazirliyinin kitabxanasındadır) Xasay xanın səmimi salamlarını burada yazıram. Güman edirəm ki, bir gün haradasa Marmye bu sətirləri oxuyacaq və köhnə dostunu yada salacaqdır. Xanımlar əvvəlcədən nahar etmələrinə baxmayaraq, məclisi tərk etmədilər. Onlar bizim söhbətimizə diqqətlə qulaq asırdılar. Deyilənləri onlara hərdənbir Xasay xan tərcümə etsə də, nahar başlanandan qurtarana qədər dilmancımız M.Piqulevskinin gözəl qızı idi.

***
Səhərisi gün saat doqquz tamamda xəbər verdilər ki, Xasay xan Usmiyev gəlmişdir. Dəqiqliyi ilə avropalılardan da üstün olan Xasay xan bizim xidmətimizdə duracağını bildirmişdi. Parislilərin hər hansı bir azərbaycanlı bəy haqqında təsəvvürləri belədir: qaba, bir və ya iki qoyun dərisindən kürk və ya arxalıq geymiş, başında motal papaq, anlaşılmaz və boğaz səsləri ilə danışan, siyasətimiz, ədəbiyyatımız, mədəniyyətimiz haqqında təsəvvürü olmayan, təpədən-dırnağa qılınc, xəncər, tapança və s. ilə silahlanmış bir adam!
Qətiyyən belə deyilmiş. Azərbaycanlı Xasay xan Usmiyevdə də yuxarıda saydıqlarımızdan əsər-əlamət yox idi. Xasay bəy, yuxarıda dediyim kimi, otuz beş yaşında, çox yaraşıqlı, üzünün cizgiləri gözəl, qaynar və ağıllı gözlərinin dərinliyində nəsə bir narahatlıq hiss olunan, sədəf kimi incə dişləri ağappaq görünən bir adam idi. Azərbaycanlıların və farsların saqqala həna qoymaq adətinə o da əməl etmişdi. Qara saqqalı bir az qırmızıya da çalırdı. Başına qıvrım quzu dərisindən tikilmiş, gürcülərin papağına oxşar ucu şiş, çox incə və gözəl bir qələmi papaq qoymuşdu. Uzun, qara çərkəzi çuxa geymişdi. Çuxaya qızılı sapla naxış vurulmuşdu. Onun yaxasında gümüş güllə ilə dolu qızılla haşiyələnmiş iki patrondaş, belində zərli kəmər vardı. Belə bir kəmər yalnız Şərqdə düzəldilə bilər. Çünki Şərqdə düzəldilən gözəl kəmərləri dünyanın heç yerində yarada bilmirlər. Kəmərdən zərif xəncər asılmışdı. Xəncərin dəstəyi fil sümüyündən idi, qını və tiyəsi isə qızılla işlənmişdi. İran qumaşından tikilmiş şalvarını dizdən aşağı sıxan qumaşın altından onun kiçik, nazik çəkmələri görünürdü. Elə bil bu çəkmələrin içindəki ayaqlar bir dəfə də yerə toxunmamış, həmişə yəhərin üzəngisində olmuşdu. Onun uşaq ayağına bənzəyən zərif, incə ayaqları geydiyi formanı daha da yaraşıqlı göstərirdi.

Xasay xan bütün şərqlilər kimi möhkəm silah həvəskarıdır. Özü də yalnız əla dəstəyi və qaralmış tiyəsi olan yerli silahların deyil, eyni zamanda bizim sadə, davamlı və hədəfi düz vuran Avropa silahlarının da pərəstişkarıdır. O mənim dörd-beş tüfəngimə baxdı. Devim emalatxanasında düzəldilmiş tüfəngin üstündə dayandı. Həmin tüfəngin təsadüfən onların əlinə düşən başqa növlərindən fərqləndiyini bildirdi. Xahiş etdi ki, Parisə qayıdandan sonra, əgər mümkün olsa, Devim emalatxanasında istehsal olunan tapançalardan birini Bakıya – ona göndərim. Mən Parisdən səfərə çıxmağa hazırlaşanda, yuxarıda dediyim kimi, Devim mənə özünün istehsal etdiyi bir gödək lüləli tüfəng və tapança gətirmişdi. Tüfəngi Baqrationa hədiyyə etmişdim. Tapançanı qədrini bilən bir adama bağışlamaq üçün münasib məqam idi. Mən tapançanı gətirib Xasay xana bağışladım. Bir saat sonra ondan bir məktub aldım. Fransızca yazılmış məktubda heç bir səhv yox idi.
O yazırdı:
“Sizin elə gözəl, elə zəngin silah kolleksiyanız var ki, ora nəsə əlavə etmək mümkün deyil. Odur ki, bu pul kisəsini və iki arxalığı qəbul etmənizi xanımım xahiş edir. Pul kisəsini xanımım öz əlləri ilə tikmişdir!
Xasay xan Usmiyev”

***
Bizi Məhəmməd peyğəmbərin qızı Fatimanın məqbərəsinin üstünə apardılar. Yezidin təqiblərindən qaçıb bura gələn Fatima elə burada da vəfat edib. Bu məscid uşağı olmayan qadınların ziyarətgahıdır. Onlar məscidə pənah gətirir, yeddi gün burada qalır və uşaqları olacaq inamıyla evə qayıdırlar. Xasay Usmiyevin xanımı da bu müqəddəs məqbərəyə pənah gətirmiş, sonra oğlu olmuşdur. Buna görə də Xasay xan Bakıdan bu məscidə yol çəkdirmişdir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər