Ru
18:34 / 10 May 2021

"Naxçıvan lazımi dərəcədə müdafiə olunacaq" - Prezident

1340
“Əlbəttə ki, Naxçıvan Ümumqoşun Əlahiddə Ordunun döyüş qabiliyyəti də yerindədir və uğurlu Günnüt əməliyyatı - üç il bundan əvvəl keçirilmiş əməliyyat bunun bariz nümunəsidir. O əməliyyat Ermənistanda hakimiyyət dəyişikliyinə təsadüf etdi, ona görə, hakimiyyətə gəlmiş yeni iqtidar bunu bir növ ört-basdır etməyə çalışdı. Biz də heç üstünü vurmadıq. Çünki bizə hansısa təbliğat yox, real iş lazımdır. Biz çox önəmli strateji yüksəklikləri Ermənistan ordusundan təmizlədik, o yüksəklikləri əldə etdik”.

Bakupost.az -ın xəbərinə görə, bunu Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Prezident qeyd edib ki, bu yüksəkliklər artıq strateji kommunikasiyalara və Ermənistandan Dağlıq Qarabağa gedən yola da tam nəzarət etməyə imkan verdi: “İkinci Qarabağ müharibəsində bu yola nəzarət imkanlarımız bizə bir çox informasiyanın əldə edilməsində kömək göstərdi. Qarşı tərəf bilir ki, bizim nəzarətimizdə olan bu kommunikasiyalar istənilən vaxt kəsilə bilər və əlbəttə, öz addımlarını buna uyğun atmalıdır.

Günnüt əməliyyatı, biz də dediyim kimi, bunun üstünü vurmaq istəmədik. Amma ondan sonra Ermənistanın artıq devrilmiş hakimiyyətinin jurnalist nümayəndələri gedib bizim yeni postlarımızı çəkib, bunu internetdə qoyubdur, paylaşıbdır və ondan sonra Ermənistanda hay-küy qalxdı. Onda mən dedim ki, daha biz də niyə gizlətməliyik? Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədrinə tapşırıq verdim ki, siz də məlumat verin, çəkiliş qrupu göndərin və çəkiliş qrupu getdi, həmin o yüksəklikləri gördü.

Yəni, Günnüt əməliyyatı Naxçıvan Ordusunun potensialını göstərdi, Azərbaycan Ordusunun potensialını göstərdi. İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun hərbçiləri - həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal iştirak etmişlər və şəhidlər vermişlər, böyük fədakarlıq göstərmişlər. Bilirsiniz ki, Naxçıvandan Bakıya xüsusi qruplar gətirilmişdi.

Eyni zamanda, mən onu da bildirməliyəm, yəni, artıq bildirə bilərəm ki, Naxçıvan Ordusunda olan silahların, sursatların bir hissəsi də Bakıya gətirilmişdir və cəbhə bölgəsinə göndərilmişdir. İndi biz həmin o silah-sursatların ehtiyatlarını təmin edirik, ancaq bu da olub. Ona görə Naxçıvan Muxtar Respublikasının həm respublikanın hüdudlarının müdafiə edilməsində, ümumiyyətlə, ölkəmizin ordu potensialının güclənməsində çox böyük rolu var və hər zaman Naxçıvan lazımi dərəcədə müdafiə olunacaq”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər