Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilib.
Digər sərəncamla Ceyhun Ramiz oğlu Cəlilov Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib.
Bakupost.az Naxçıvanın yeni rəhbərinin bioqrafiyasını təqdim edir:
Ceyhun Ramiz oğlu Cəlilov 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olub.
2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq iqtisadi münasibətlər” sahəsi üzrə bakalavr, 2012-ci ildə isə magistr dərəcəsi alıb.
2012-2013-cü illərdə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”-nın maliyyələşməsi çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Esseks Universitetində Maliyyə menecmenti ixtisası üzrə magistr təhsili alıb.
2023-2025-ci illər ərzində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində (LSE) Dövlət və ictimai idarəetmə üzrə idarəedici rəhbərlər üçün magistr dərəcəsi alıb.
Əmək fəaliyyətinə 2011-ci ildə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsində başlayıb.
2013-2021-ci illərdə BP Exploration (Caspian Sea) LTD-nin Maliyyə departamentində kommersiya fəaliyyəti, planlama və maliyyə idarəetməsi funskiyaları üzrə bir sıra vəzifələrdə əmək fəaliyyətini davam etdirib.
2021-2023-cü illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyində İdarə Heyəti sədrinin müşaviri və İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.
2023-2024-cü illərdə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işləyib.
2024-cü il 25 aprel tarixində isə Naxçıvan Muxtar Resublikasının Baş naziri vəzifəsinə təyin edilmişdir.
Ailəlidir, 2 övladı var.