Nazirlik qazimizə baş çəkdi, anası işlə təmin edildi FOTOLAR

"Qələbəmizin qəhrəmanlarından hər hansı birinin çətinliyinin olduğunu öyrəndikdə elə həmin gün onun yanında olur və sosial dəstəyimizi göstəririk".


"Bakupost.az"un məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib. O, qeyd edib ki, Qazax rayon sakini, Vətən müharibəsində yaralanmış Musayev Kənan Nadir oğlunun ailəsinin ehtiyacları barədə sosial şəbəkədə yayılan məlumatla əlaqədar nazirliyin əməkdaşları artıq həmin ailə ilə görüşüblər:


"Kənanın ayağı sağaldıqdan sonra o, protezlə təmin olunacaq. Sabah isə ona əlil arabası veriləcək.
Müharibə ilə əlaqədar əlillik dərəcəsi təyin edildikdən sonra Kənana əlilliyə görə müavinət və təqaüd də təyin ediləcək. Anası Məmmədova Məhəbbət Seyfəddin qızının işsiz olduğu nəzərə alınaraq, o artıq Nazirlik tərəfindən işlə təmin edilib".

Qeyd edək ki, Kənan Musayevin anası sosial şəbəkələrdə oğlunun vəziyyəti ilə bağlı məlumat verərək, şikayətini bildirmişdi. Məsələ ilə bağlı Qazax rayon İcra Hakimiyyəti başçısının köməkçisi Süleyman Axundovla əlaqə saxlasaq da, o, problemi eşidər-eşitməz telefonu üzümüzə bağladı.