Ru
10:55 / 22 İyul 2019

Nazirliklərdəki Zakir müəllim

7642

Elçin Zahiroğlu



 

İdarənin adını təkrar-təkrar oxumasaydım, elə bilərdim, dünyanın bütün müqəddəratı bu otaqda həll olunur; adamlar qarışqa kimi işləyir, qapının ağzında uzun-uzun növbələr, gərgin bir rejim, içəridə müdirin təlaşlı səsi. Aydın hiss olunur ki, otağında da xeyli adam var; onları dinləyir,  telefonla danışır, o biri telefonlar isə dayanmadan zəng çalır. 

 

İndi eyni mənzərə demək olar, bütün idarə və müəssisələrdə hakimdir. Hətta bizim balaca redaksiyamızda da. 

Amma adamların gecə-gündüz gərgin qrafiklə, civə kimi işləməsinə baxmayaraq, çox yox, elə 9 mərtəbəli binadan ölkəyə baxanda ölü bir sükut, ətalət görünür. Axı bu işgüzarlıqla hər sahədə bir gülüstanlıq olmalıydı... 

 

Məsələn, quzu nazirin qucağına girəndən ətin qiyməti ceyranın belinə qalxmamalıydı, nazirlik əməkdaşlarının canlı yayımlar etdiyi taxıl sahələrindən bolluq yağdığı halda bazarda taxılın qiyməti "mülayimləşməliydi”, hər il qəpik-quruşa satılan mövsümi meyvə-tərəvəzlərdən qışın qiymət donu açılmalıydı! 

Tək kənd təsərrüfatı deyil, təhsildə də belədir, səhiyyədə də, rabitədə, vergidə, bankçılqda da... 


Ortalıqda bir tərs mütənasiblik, məntiqsizlik var: iş var, nəticə yox... Görəsən, niyə? Bu boyda zəhmətin "bar” verməməsinin səbəbi nədir? İşlərimizi tutub saxlayan o bədheybət  hardadır? 


Suallar bizi bir qədər əvvələ aparır.


***

Kənddə bir Zakir əmi var idi. Ağır təsərrüfat işləri onun sarışın  rəngini qaraltmamışdı, o zonada az-az rast gəlinən yaşıl gözlərinin ətrafına qırış salmamışdı. Hündür, enlikürək, məxsusi yerişi olan bu adamı motosikletinə görə daha çox sevirdim. Motosikletin səsini eşidən kimi yola qaçar, heyrət və həsədlə ona baxar, atamın təptəzə "06”sını onunla dəyişməsi üçün Allaha yalvarardım, amma Allah məni eşitməzdi. 

 

Bir gün atamın qışa odun tədarükü işinə  mən də qoşulmuşdum. Meşədə iri ağacları kəsib doğramalı, sonra da arxasında lafet olan traktora yükləyib evə gətirməliydilər. Bizdən əvvəl meşəyə yollanıb, ağacları qırmağa gedən adamlara yaxınlaşdıqca Zakir əminin motosikletinin səsi eşidilirdi. Çatanda gördüm ki, bu səs ağacı doğrayan "motopila”dan çıxır. Amma "sürücü” eyniydi – Zakir əmi.

Motosikletini "motopila”, cinsini enli balaq parça şalvar, krosovkasını isə rezin çəkmələr əvəzləmişdi. Bizi görüb "motopila”nın dırıltısını saxladı, gözünü örtən "apilka"nı təmizləmək üçün əlinin arxasıyla qaşlarının altına sürtəndə tər tüklü qollarında xüsusi iz buraxdı. Və məni ağlamaq tutdu. Təkcə Zakir əmin bu görkəmə düşməsinə görə yox, həm də mənə elə gəldi ki, o motosikleti atamın "06”sı ilə yox, məhz bu "motopila” ilə dəyişib. 


...Bir müddət sonra Zakir əmini tamam başqa bir qiyafədə gördüm. Səliqəli, kostyum- qalstukda, gümrah, bir az da zəhmli. Harada gördüm? Bizim sinif otağımızda. Sən demə, Zakir əmi müəllim imiş. Və bundan sonra bizə rus dilini öyrədəcəkmiş. 

 

Müstəqilliyin ilk illəri, müharibə vaxtı... İki düşmənimiz var, birinci rus, sonra erməni. Zakir müəllim də bizə rus dili öyrətməyə başlayıb. 

Bizim bu ikrahımızı "nəzərə alıb” bir neçə dərsdən sonra köhnə, cırıq-cırıq olan rus dili kitabları bağlandı, qoltuq cibində gəzdirdiyi, tələbə vaxtından qalan ingilis dili lüğəti açıldı. Həmin gündən sonra rus dili dərsində ingilis dili öyrənməyə başladıq. İngilis dili deyəndə ki, 10-15 söz, bir-iki qayda. A [ey] kimi oxunur, İ [ay] kimi. Ondan sonra biz harada xarici söz görürdük, bu qayda ilə tələffüz edirdik. Məsələn, o vaxt yeni-yeni dəbə minən  "Adidas”ı [eydaydəs] kimi oxumağı hamıya israr edirdim ki, bu hələ də qohumlar arasında mənimlə zarafat mövzusudur. 


...Zakir müəllimin tələbəçilikdən saxladığı lüğətin bir hissəsini keçib qurtarandan sonra tamam başqa bir işlə məşğul olmağa başladıq. İngilis dilini saxlayıb, rus dili dərsi saatlarında bizə boks öyrətməyə başladı. Bir cüt əlcəyinin hərəsini birimizin əlinə geyindirib, o ki var döyüşdürürdü. Beləliklə, biz illərlə döyüşdük, amma onun tez-tez işlətdiyi nokaut sözünün mahiyyətini yuxarı siniflərdə hiss elədik. Nə qədər yaxşı oxusaq da, xarici dil bilmədən heç yerə qəbul olmaq olmaz! Və bu bizim üçün, həqiqətən, nokaut idi. Özü də elə-belə nokaut yox, illərlə davam edən -  xroniki təhsil başgicəllənməsinə səbəb olan nokaut. 


İllərlə nifrət etdiyim əziz müəllimimi bir neçə il əvvəl yenidən kəndimizdə gördüm. Yaşlansa da, həminki əzəmət var, amma daha sakit yeriş, daha həzin bir danışıq. Üzündə bir balaca saqqal, gözlərindəki işıq bir balaca öləzimiş... Görüşürük, hal-əhval tuturuq, yorğun olduğundan, dərsdən çıxıb bir məclisə getdiyindən danışır. 

 

Həmin axşam bir hüzr məclisinə gedirəm. Evin həyətində mənə elə gəldi ki, Zakir müəllimin motosiklet, "motopila”sının səsini eşidirəm, içəri girdikcə bu səsi özünün sinifdəki səsi əvəz edir. Budur, Zakir müəllim oturub və məclisin başında, əlindəki kitabı xüsusi ehtiramla oxuyur. Bu nə rus dili, nə ingilis dili dərsliydi. Bu Qurandır. Zakir müəllim bizi nokauta salandan sonra Quran oxumağa başlayıb və müəllimliklə, yanaşı məclislərdə "Yasin" oxuyan kimi iştirak edir, dinlə məşğuldur.

 

İndi Zakir müəllimi çox sevirəm. Ona olan bütün kinimi əşhədü sevgi alıb. Çünki Zakir müəllim bütün nazirliklərdə, bütün qurumlarda var.

Nazirliklərdəki Zakir müəllim
Şərhlər
  • Zakir m.

    1.,,Göy Tanrıya inananlar Quranın nə olduğun bilməzlər. 2.Sensassiya xatirinə şöhrət qazanmağa çalışmaq ən rəzil hərəkətdir.Əgər linkdə olanlar heç olmasa bir az həqiqətə uyğun olsaydı,heç bir reaksiya verməzdim.Bu doğrudur ki,əsil peşəsin qoyub başqa sahələrdə ,,çörək"dalınca qaçanlar var.Zakir m.-də belələrindəndir.Ancaq bu yalandır ki,5-10 kəlmə ingiliscə söz bilirdi.68 yaşlı amerikalı sənin ikrahla adın çəkdiyin Zakir m.-nin boynun qucaqlayıb,ona ingilis dilin müstəqil surətdə öyrəndiyinə görə təşəkkür etmiş.Çox uzatmaq istəmirəm.Ruslar bacarıqsızlar haqqında belə deyirlər:,,Хорошему танцору яйцы мешают".Yəni,həyatda nəticə əldə edə bilməyəndə günahı başqa yerdə axtarırlar.Zakir m.kənddə yaşamağına baxmayaraq,həmişə elmlə məşqul olub.Həmişə halal çörək dalınca gedib.Başda olan qüsurları fərdlərdə axtarmazlar.İndi Zakir m. müstəqil surətdə öyrəndiyi Qur'anı ərəbcə başa düşüb oxuyur.Çünki,elmlərin başı,tacı Qur'andır.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər