Ru
16:37 / 12 Mart 2020

“Neftçaladakı kart al-veri başqa rayonlarda da var” – “Onu ziyalı bilirdim...”

9557

“AzPolitika.info” Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasından sonra ən çox deputatla təmsil olunan Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi Sabir Rüstəmxanlı ilə seçkilər, həbs olunan Neftçala Rayon İcra Hakimiyyətinin başçısının onun seçilməsinə mane olmaq cəhdi, gələcək fəaliyyəti və parlamentdə olmayan müxalifətlə münasibətləri mövzusunda söhbətləşib.

Müsahibəni təqdim edirik:

- Sabir bəy, yeni parlament artıq fəaliyyətə başlayıb. 1990-cı ildən bu yana, 4 illik fasilə ilə, yenidən Milli Məclisdəsiniz. Seçkidən sonra hansı əhval-ruhiyyədəsiniz?...

- Bir neçə məqamı bölüşə bilərəm. Martın 6-da parlamentin inzibati binasına getdim, yeni seçilən deputatları da gördüm. Xeyli gənc deputatlar, xanımlar var. Xeyirli-uğurlu olsun. Parlamentdə kimi gördümsə, hər kəsə uğurlar arzuladım. Allahdan arzum budur ki, yeni tərkib parlament Azərbaycana, xalqımıza düşərli olsun, bir sıra problemlərimizin həllində ciddi rol oynasın. İkincisi, mən parlamentin qapısından içəri daxil olarkən qapıda dayanan polis əməkdaşından tutmuş inzibati işçilərədək, kiminlə rastlaşdımsa dedilər ki, nə yaxşı seçkilərdə iştirak edib yenidən seçildiniz, məclisdə sizin yeriniz görünürdü. “Sizin yeriniz parlamentdə görünürdü” sözü mənə, parlamentdə olduğum dövrdəki fəaliyyətimə verilən ən yüksək qiymət idi. Məncə, yeri görünməkdən yaxşı qiymət ola bilməz.

Üçüncüsü, mən hər zaman deyirdim ki, Azərbaycanın hansı bölgəsindən namizədliyimi irəli sürsəm seçilə bilərəm. Mən, 1990-cı ildə də bunu görmüşdüm. Birinci dəfə Göyçaydan namizədliyimi irəli sürməyi təklif etdilər, hətta orada görüş də keçirmişdim. Sonra Gəncədən dəvət aldım, hətta Alüminium Zavodunda görüş təşkil olundu. Naxçıvandan və Yardımlıdan da dəvət etmişdilər. Göyçayda böyük bir nəslin ağsaqqalı gəlib dedi ki, Sabir müəllim, siz hər yerdən seçilə bilərsiniz, mənim isə ancaq buradan seçilməyim realdır. İmkan varsa, güzəştə gedim. Mən də güzəştə getdim və həmin şəxs də sonra seçildi. Gəncədə də o zaman Demkonqresə yaxın olan hüquqşünasa güzəştə getdim, amma o seçilə bilmədi. Qayıdıb Bakının Xətai rayonundan namizədliyimi verdim və seçildim. Yəni təcrübə var idi və camaatın münasibətini bildiyimdən demişdim ki, Azərbaycanın istənilən yerindən seçilə bilərəm.

Bu dəfə də əslində dediyimi təsdiq etdim, sübut etdim ki, istənilən rayondan seçilə bilərəm. Baxmayaraq ki, 13 rəqibim var idi və hamısı da yerli şəxslər idi, ciddi kampaniya aparırdılar. Buradan ancaq “yerli adam seçilməlidir” prinsipi ilə iş aparırdılar. Təbii ki, bu ibtidai düşüncədir. Gəlib bu yerə çatmışıq, amma hələ də Azərbaycanda yerli-gəlmə söhbəti olur. Sözsüz ki, bunun da təsiri var, amma əhali mənə səs verdi. Ədalətli seçki oldu. Hava soyuq idi, 32 faiz seçici səsverməyə gəlmişdi. Bu da protokollarda əksini tapdı, mən də 21,4 faiz səs topladım.

- Siz seçildiniz və ardınca Neftçalanın icra başçısı işdən çıxarıldı, həbs olundu. Bu iki hadisə arasında əlaqə varmı?...

- Bəli, çıxarıldı. Mən icra başçısını çox az gördüm. Cəmi üç və ya dörd dəfə. Amma ora ilk getdiyim gün meydanda onunla rastlaşdım. Düzü, həmin icra başçısı Qobustanda işləyən zaman mən onunla telefonla danışmışdım, həm də bağlı olduğu ailələri bilirəm. Yəni qiyabi tanışlıq var idi. Mən onu daha ciddi, ziyalı adam kimi təsəvvür edirdim. Amma sonra bu kadrların nə dərəcədə ziyanlı olduğunu, dəyişdiyini gördüm. İnsan gərək nəfsinə hakim olsun. Ağstafa, Yevlax... Nəticə çıxarmadılar. Burada ən çox məni ağrıdan odur ki, ölkədə işsizliyin qarşısını almaq çətindir. Bildiyiniz kimi, hər yerdə sənaye müəssisələri tikmək mümkün deyil, kənd təsərrüfatı da tədricən inkişaf etməlidir və edir. Amma belə bir vəziyyətdə Prezident əhalinin sosial müdafiəsini təmin etmək məqsədilə çıxış yolunu tapır, əhalini sıxıntıdan çıxarmaq məqsədilə kiçik də olsa yardım nəzərdə tutulur. Kənd yeri üçün heç olmasa normaldır.

Ona göz dikən, onu oğurlayan, öz cibində saxlayan adama nə demək olar? Məsələn, mətbuatda çıxmışdı ki, Yardımlıda neçə yüz adama pul ayrılıb, amma kartların 70-80-i əldə var, yerdə qalanları haradadır, bunu araşdırırlar. Demək istəyirəm ki, qurdalasan bir çox rayonlarda vəziyyət belədir. Camaatın qəpik-quruşuna göz dikmək nə deməkdir? Mən hesab edirəm ki, ölkədə ciddi nizam-intizam yaratmaq lazımdır və bunun da çıxış yolu “kim günahkardırsa, cəzasını almalıdır” şəklində olmalıdır. Başqa yolu yoxdur. Görünür nəsihət, tapşırıq vermək, tələb etmək nəticə vermir və belə insanların gözü doymur. Ona görə də belə məsələlərə qanunla yanaşılmalıdır.

- Sabir bəy, doğrudanmı həbs olunan icra başçısı İsmayıl Vəliyev sizin seçilməyinizə mane olmağa çalışırdı?

- Vallah adlarını çəkmək istəmirəm, amma orada iki başqa namizəd də var idi. Hərəsi bir adamın adından istifadə edirdi. Biri deyirdi ki, filankəsin qohumuyam, biri deyirdi ki, filan yerdə işləyirəm. Ola bilsin ki, buna da təsiri olurdu. Bu adam bir kəlimə mənə dedi ki, siz böyük adamsınız, camaat sizin böyük sayğısı var. Vəssalam. Sizə deyim ki, Neftçalanın içində bazar elə bir gündə idi ki, 7 ildir insanlar ora girə bilmirdi. Baxmayaraq ki, seçki kampaniyası zamanı belə məsələləri gündəmə gətirmək olmaz, mən bunu hiss etdirmədən ona dedim ki, a kişi, belə olmaz. Özü təzə bazar tikdirib və bu yolla camaatı öz bazarına aparmaq istəyir. Camaat da haqlı olaraq getmir. Mən çox çətinliklə onu başa saldım ki, bu yol düzəlməlidir. Daha doğrusu rayonun Yol İdarəsinin müdirinə dedim ki, a kişi, siz neyləyirsiniz, bilirsinizmi bunun nəticəsi necə ola bilər?... O da gedib icra başçısı ilə danışıb və deyib ki, Sabir müəllim bu məsələdə təkid edir. Hər halda Neftçala Yol İdarəsi, nəhayət, ondan asılı olmadan bu işi həll etdi. Bilirsinizmi, belə şeylər var. Dediyimin özü onun insanların taleyinə biganə yanaşdığına dair bir faktıdr. Çoxdan işləyirdi və özünə bənzər də komanda yaratmışdı. İndi Neftçalada camaat sevinir, bəziləri də bayram edir. İnsanlar dəyişikliyə görə məmnundur.

- Milli Məclisin rəhbərliyi tam şəkildə dəyişdirildi. Bu dəyişikliyi necə qarşıladınız?

- Çox müsbət qarşıladım. Hesab edirəm ki, bu normal haldır. Parlament buraxılmışdı. Bu ona işarə idi ki, parlament yenilənməlidir. Həm də rəhbərlik səviyyəsində. Bu istiqamətdə atılan əsas addımlardan biri də rəhbərliyin dəyişilməsidir. Yeni adamlar gəlib. Eləcədə rəhbərlikdə yeni, ancaq parlamentdə tanıdığımız və kifayət qədər təcrübəsi olan şəxslərdir. Güman edirəm ki, parlamentin qanunvericilik işini gücləndirmək, ümumu nüfuzunu və statusunu yüksəltmək istiqamətində fəaliyyət göstərə biləcək adamlardır.

- Sizin partiyanızın üzvü Fəzail İbrahimli Milli Məclis sədrinin müavini oldu...

- Prezidentin çıxışından göründüyü kimi Azərbaycanda çoxpartiyalılıq reallıqdır və bu partiyaların məclisdə yanaşı işləməsi neçə illərdir davam edən prosesdir. Dəfələrlə deyilib ki, parlamentdə iqtidar partiyasından savayı digər müxalifət partiyaları varsa, onlar da rəhbərlikdə təmsil olunmalıdır. Bu gün həqiqətən də ciddi bir addım atıldı. Və VHP nümayəndəsi parlamentdə sədr müavini seçildi. Güman edirəm ki, yeni sədr müavini parlamentd ki bütün müxalifət partiyalarını uğurla təmsil edəcək.

- Sizin partiyanız YAP-dan sonra Milli Məclisdə ən çox deputat korpusu ilə təmsil olunur və faktiki ana müxalifət statusunu əldə edən partiyadır. Bu mənada parlament fəaliyyətinə dair planlarınız nədən ibarətdir?

- Təəssüflər olsun ki, biz parlamentdə korpus deyilik, korpus olsaydıq nə vardı... Biz 3 nəfərlik qrupuq və sözsüz ki, müxalifətçilik parlamentdə bizim üzərimizə düşür. Və biz öz rolumuzu yerinə yetirəcəyik.

- Hansı məsələləri Milli Məclisdə qaldıracaqsınız?

- Mənim üçün ən aktual məsələ bu dəqiqə camaatın vəziyyəti, işlə təmin olunması, kəndlərdə durumun yaxşılaşdırılmasıdır. Bir nömrəli dərdimiz, sözsüz ki, Dağlıq Qarabağdır. Bunu da hər kəs deyir və vəziyyətlə tanışdır. Biz də reallıqlara bələdik və bu çərçivədə sözümüzü deyirik. Bundan əlavə Azərbaycanda təhsil, elm, səhiyyənin istiqamətləri, bunlara ayrılan vəsaitlər, dünya standartlarına çatmaq üçün nələr edilməlidir kimi məsələlər həyatım boyu məni maraqlandıran məsələlər olub. Əvvəlki dövrlərdə də bu barədə daima danışmışam. Sözsüz ki, bu istiqamətlər davam etdiriləcək. O şeylər ki, Azərbaycanın milli maraqlarına uyğundur, bizim milli taleyimizlə bağlıdır, mənim hər zaman hədəfim olub.

- Parlamentdə təmsil olunmayan müxalifət partiyaları ilə münasibətləriniz necə olacaq?

- Mənim onlarla münasibətim hər zaman normal olub. Hər zaman arzulamışam ki, onlar 1990-cı ilin təcrübəsini nəzərə alsınlar. O illərdə parlamentdən kənarda qalan qüvvələr parlamentdə olan qüvvələri müdafiə edirdi və onlar da güclü şəkildə parlamentdə xalqın səsini deyə bilirdilər və bunun da hesabına Müstəqillik Aktını qəbul etdirə bildik. 1995-ci ilə qədər belə idi. Sonrakı dövrlərdə qısqanclıq və lazımsız söhbətlər başlandı. Kim parlamentə düşdüsə onu ittiham etməyə başladılar. Bu dəfə biri düşür, növbəti dəfə yer dəyişilir və digəri düşür. Bundan dərhal sonra da tənqid edən və edilənlərin yeri dəyişir. Əslində bu çox anormal bir vəziyyətdir. Parlament Azərbaycan parlamentidir, dövlətimiz hakimiyyətdən asılı olmayaraq bizim dövlətimizdir. Burada hər şeyin tədricən normal şəkildə inkişafını istəyiriksə, gərək münasibətlər düzgün qurulsun.

Çox təəssüflər olsun ki, parlamentə düşənlər həmişə ittiham olunur. İttiham edilir ki, guya bunlar hakimiyyətlə danışıqlara gediblər. Halbuki, bunu deyənlərin özünün hakimiyyətlə əlaqələri daha sıxdır. Müxtəlif söz-söhbətlər gedir və nəticədə də arada soyuqluq yaranır. Amma mən hesab edirəm ki, biz o qədər çox deyilik və gücümüz o səviyyədə deyil ki, belə param-parça olaq. Hakimiyyətdə və yaxud parlamentdə təmsil olunmaq normal şeydir. Sənin dostların, yoldaşların buna normal baxmalıdırlar. Adi bir şey deyim: məişətdə kiçik problemləri olur, çox vaxt gəlib sənə deyirlər, köməklik edirsən. Amma sonra gedib o biri tərəfdə parlamentdə olan deputatların əleyhinə danışırlar. Belə münasibət olmaz ki...
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər