Nəsiminin “muğamatam!” deyə bilmək haqqı - Rafael Hüseynov yazır

427
 
Rafael HÜSEYNOV
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik 

O, ömrü boyu qəlbinə yaxın bildiklərini ürəkdən sevib. Dərk edərək, duyaraq, dərindən tanıyaraq sevib.

Həyatı uzunu sevgisinin hədəfləri, ünvanları dəyişə bilib. Amma sevməkdəki bu xisləti heç vaxt Nəsimini tərk etməyib.

Lakin onun ömürlük davam edən, heç vaxt ünvanı dəyişməyən, atəşi soyumayan bir məhəbbəti, həmişə heyranı olduğu, tərənnümündən doymadığı birqənirsiz gözəl də var - musiqimiz, muğamımız!

Şeirləri fərqli görüm bucaqlarından seyr edilərək müxtəlif cür, hətta bəzən tam əks mənada yozulduğu kimi, İmadəddin Nəsiminin sabit sevgisi muğama münasibətdə də zəmanənin ziddiyyətli yanaşmalarına tuş gəlmişdir.

"Quran”a, Məhəmməd Peyğəmbərə (570-632), hədislərə söykənərək irəli sürülən və bir-birindən kəskin seçilən yanaşmalar Nəsimidən çox əvvəl, İslam bir din kimi bərqərar olandan başlamış, Nəsimi dövründə də o höcətləşmələr səngiməmiş, şairimizdən sonra da davam etmişdir.

Nəsimi musiqini haram sayanlara, onu dinləməyə və ifa etməyə qarşı çıxanlara rişxənd edirdi. Axı bu sərvətdə mahiyyətcə Allahın əsəri, Pərvərdigarın bəndələrinə əta etdiyi ən ləziz nemətlərdəndir. Nəsimiyə görə, əsl Haqq aşiqi aşiqliyini zahirdən göstərməyin qeydinə qalan yox, bu saflığı qəlbində, beynində daşıyandır. İçərisində sidqlə Allah istəyi gəzdirən kəsin hətta məscidə deyil, kilsəyə girməsində belə xəta yoxdur, onda qalmış İlahinin məqbul sayıb yaratdığı gözəlliklərdən feyz almaq fürsətindən yararlanmaq ola: 

Həqiqət həqqi biləndir, verən varını yəğmayə,
Təraş olub nəməd geyən dolaşmadı bu sevdayə.

Səfasız sufiyi gör kim, haram der, dinləməz sazı
Ki, əhl-i həqq olan kişi, nə qəm, girsə kəlisayə!

"Quran” şeirə, musiqiyə necə etiraz edərdi ki, Müqəddəs Kitab özü elə şeir üstündə qurulub, qafiyəli, ritmli, bir nəzm çeşidi olan səclə yazılıb.

İmam Buxarinin (810-870) bəhs etdiyi səhih hədislərindən birində Məhəmməd Peyğəmbər təsdiqləyir: "Quran” i-Kərim”i təğənni ilə (yəni avazla - R.H.) oxumayan bizdən deyildir”.

Peyğəmbər müasiri İbn Abbasdan gələn və yenə səhihlər cərgəsindən olan başqa bir hədis isə bildirir ki, Həzrət Məhəmməd "Quran”ı gözəl səslə oxumağı təşviq edərmiş və üstəlik, necə oxunmasının tərzini də söyləyib: "Quran”ı həzin oxuyun, çünki o, hüzünlə nazil olub”.

Hətta avazla "Quran” oxunuşunun muğama xas 4 ifa üsulu - tər`id, tətrib, tərqis, təhzin də yaradılmışdır. "Quran”ı beləcə məqamlı oxuyan ilk insan Übeydullah bin Əbu Bəkr imiş və qaynaqların təsdiqləməsincə, o, Peyğəmbərin tövsiyə etdiyi kimi, Kitabı həzin təğənni etməklə yanaşı, şərqiyə bənzəməsinə də yol verməzmiş.

Nəsimi gül üzlü bir sənəmlə çəmən seyrinə çıxaraq musiqinin müşayiəti ilə zövq almağa səsləyir, amma musiqinin hər halda ruha qida olduğunu anladıqları halda dinləməyə əmma qoyan adamları da riyakar, ikiüzlü - zərraq adlandırır:

Ya Rəbb, nə səbəbdəndir olub taqətimiz taq,
Çoxdan bəridir çeşmimiz ol çeşminə müştaq?
... Gülzarə qədəm bas sənəm ü saz ilə, mütrüb,
Gəl eyş edəlim zövq ilə, gər olmasa zərraq.

Nəsiminin "Divan”ı musiqi ilə doludur. Amma oxuduqca sezirsən ki, o, sadəcə musiqili misralar yazmayıb. Elə musiqini, muğamı mükəmməl da bilib, bu fənnin şöbələrinə, guşələrinə yerli-yataqlı bələd olub.

Nəsiminin muğam əks-sədalı bu şeirindəki ifadələrinin hər birinin azı iki mənası, iki yozumu var. Sözün özünün lüğəvi anlamında sətirlər bir cür qavranılırsa, muğam baxımından yanaşılanda misralar ayrı rəngdə cilvələnir. Üstəlik, muğam gözü ilə artıq büsbütün başqa məna çalarlarında görünən sətirlər həm də göstərirlər - Nəsiminin muğama necə incəliklə aşinalığının xəbərini çatdırırlar:
 

Həsrət yaşı hər ləhzə qılır bənzimizi saz,
Bu pərdədə bir yar bizə olmadı dəmsaz.
"Üşşaq” meyindən qılalı işrət-i "Novruz”,
Ta "Rast” gələ çəng "Hüseyni”də səravaz.
Sən "Çargah”i lütf qıl, ey hüsnü "Büzürgi”,
"Kuçik” dəhənindən bizə ey dilbər-i "Şəhnaz”.
"Zəngulə”sifət nalə qılam zar "Segah”a,
Çün əzm-i "Hicaz” eyləyə məhbubi xoşavaz.
Ahəng-i "Sifahan” qılır ol nay-i "Əraqi”,
"Rahavi” yolunda yenə canım qıla pərvaz.
Könlümü "Hisar” eylədi ol ruh-i "Mübərğə”,
Gəl olma "Müxalif” bizə, ey dilbər-i pürnaz.
Çun "Şur”ə gəlib eşq sözün qıla Nəsimi,
Şövqündən anın cuşa gəlir Sədi-yi Şiraz.

Bu Nəsimi qəzəli boyu misra-misra irəlilədikcə sadəcə muğama valeh bir şairin sevimli musiqini vəsf etməsini deyil, dolğun bilikli, təcrübəli bir muğam dinləyicisinin də yox, muğam aləminə püxtə bir muğamçı kimi dərindən aşina olan mütəxəssisin nəfəsini duyuruq.

Amma şeir yalnız bəlli muğam və şöbələrin adlarının sadalanmasından, bu muğamdan digərinə, bir şöbədən obirisinə keçməyi təsvir etsəydi, Nəsimi Nəsimi olmazdı. Əslində, bu şeirdə ən üstdə sayrışan muğam təbəqəsindən savayı daha iki lay var: fəlsəfi mərtəbə və gerçək insani məhəbbətdən deyən sevgi qatı. O üç qat həm ayrı-ayrılıqda mövcuddur, həm də bir-birini izləyir, tamamlayır.

Məna sıralarını sezməkçün elə bircə beytin nümunəsi yetər. "Mübərqə” (ya indi muğamımızda işləndiyi kimi yazacaq olsaq - "Mübərriqə”) söz olaraq üzü duvaq örtüklü qız deməkdir. Bu bir şöbədir ki, bizim musiqidə "Zabul” və "Rahab” dəstgahlarında "Şikəste-yi fars”la "Əraq” arasında ifa edilir. İran muğamatında isə "Rast-pəncgah” dəstgahında "Bayatı-əcəm”lə "Qaraçə” arasında oxunur.

"Müxalif” isə "Çahargah” dəstgahında "Hisar” ilə "Məğlub” arasında şöbədir. Yəni göründüyü kimi, Nəsiminin yazdıqları bilavasitə öz muğamımızın nümunəsi əsasındadır və bu səs abidəmiz Nəsimi dövründən bəriyə, 6 əsr ərzində o qədər də köklü dəyişmələrə uğramayıb.

Beytlərdəki sözlərin yalnız muğamdakı anlamına deyil, həm də onların ilkin mənasına diqqət yetirilincə isə bu musiqi qəzəlinin sevgi qatı bərq vuracaq: O üzü duvaqlı qız ürəyimə hasar çəkdi. Ey nazlı gözəl, gəl sən bizə zidd getmə! Gözəl avazlı sevgilim Hicaz şəhərinə doğru yol alanda həmin karvandakı dəvələrin zınqırovu kimi ağlar nalələrlə "Segah”a keçim.

Nəsimi qəzəli fəxriyyə - özünüöymə ilə bitirir. Daha dəqiqi, bu, öz gücünə güvənən üstün şairin inamıdır ki, onun sevdalı qəzəli müsəlman Şəqrinin ən müqtədir liriklərindən olan Müslihəddin Sədini də (1210-1291) coşdura bilər.

İş bundadır ki, elə Sədidə də, yaxud Nəsiminin rəğbətlər bəslədiyi digər qəzəl ustadı Hafiz Şirazidə də (115-1390) Nəsimidəki sayaq muğam terminolojisindan istifadə ilə qəzəl qurmaq şakəri varmış və öz göyçək nümunəsini doğurmuş Nəsimi sanki əmin arxayınlıqla: "Hə, indi tutuşdurun, görün hansı yaxşıdır!” deyir.

Nəsimi zamanında muğam həyatında ciddi dəyişikliklər, yenilənmələr baş verirdi. Böyük Üzeyir Hacıbəyli "Azərbaycan xalq musiqisinin əsasları” əsərində həmin gedişatın ümumi mənzərəsini sərrast nişan verirdi: "Yaxın Şərq xalqlarının musiqi mədəniyyəti XIV əsrə yaxın özünün ən yüksək inkişaf mərhələsinə çatmış, on iki sütunlu və altı qülləli bir "bargah” (dəstgah) şəklində vüqarla yüksəlməkdə idi. Onun zirvəsindən dünyanın dörd tərəfinə - Əndəlisdən Çinə və Orta Afrikadan Qafqaza qədər möhtəşəm bir mənzərə açılmışdı.

... Bu musiqi "bargah”ının zahirən möhkəm surətdə isnad etdiyi 12 sütun - 12 əsas muğamı, 6 qüllə isə 6 avazatı təmsil edirdi. 12 əsas muğam bunlar idi: Üşşaq, Nəva, Busəlik, Rast, İraq, İsfahan, Zirəfkənd, Bozorg, Zəngulə, Rəhavi, Hüseyni və Hicaz.

XIV əsrin axırlarında baş verən ictimai-iqtisadi və siyasi dəyişikliklərlə əlaqədar olaraq bu möhtəşəm "musiqi bargahı”nda fəlakətli çatlaqlar əmələ gəldi ki, bunun nəticəsində həmin "bargah”ın sütunları və qüllələri söküldü, özü isə uçulub dağıldı. Yaxın Şərq xalqları həmin uçub dağılmış "musiqi binası”nın dəyərli "qırıntıları”ndan istifadə ilə buna özlərinin də "məqam - tikinti” materialını qataraq, hər kəs özlüyündə özünün xüsusi "musiqi məbədi”ni bina etdi”.

Nəsiminin bu qəzəlinin bir şeir nümunəsi olaraq gözəlliyi, cazibədar məna qatları ayrıca vurğulanmaqla bunu da qabardaraq qeyd etmək vacibdir ki, qəzəl musiqi tariximiz, muğam keçmişimiz baxımından da ayrıca dəyər daşıyır və mühüm tarixi sənəd siqlətlidir. Yəni bu həmin məqamdır ki, sənət çevrilib sənəd də ola bilib.

Əvvələn, bu şeirdə məhz XIV yüzilin sonları, XV əsrin əvvəllərindəki sırf Azərbaycan muğamından söz gedir. Həmin dövrdə Mərkəzi Asiyanın muğamlı ölkələri sırasında Azərbaycan ən öndə gedənlərdən, yeniliklər təklif edənlərdən, ülgü yaradanlardan idi və bunun başlıca səbəblərindən biri o idi ki, Yaxın və Orta Şərqin XIII yüzildə hamılıqla ustad-i əzəm olaraq qəbul etdiyi və risalələrindən öyrəndiyi azərbaycanlı muğam nəzəriyyəçisi Səfiəddin Urməvinin (1216-1294) ardınca bu meydanda digər soydaşımız -- misilsiz musiqişünas alim, bəstəkar, müğənni, udçalan, şair, xəttat Əbdülqadir Marağayi (1353-1435) parlamışdı.

Nəsiminin və Əbdülqadir Marağayinin eyni dövrdə yaşamaları və eyni coğrafiyada hərəkət etmələri onların yollarının kəsişməsi, görüşlərinin baş tutması ehtimalını çox qüvvətləndirir. 

Qədimi 12 muğama 12 pərdə də deyilirdi. Və XIII yüzildə Səfiəddin Urməvi daha geniş məkanı nəzərdə tutaraq araşdırmalarını ərəb muğamı əsasında aparırdısa, onun davamçısı Əbdülqadir Marağayi təhlillərini özümüzə xas 12 pərdə - muğam üstündə qurur, Üşşaq, Nəva, Busəlik, Rast, Hüseyni, Hicazi, Rahəvi, Zəngulə, İsfəhan, Əraq, Zirəfkənd, Büzürg üzərində yerinə yetirirdi. Yəni sanki muğamda da artıq müəyyən "milliləşmə” baş vermiş, özümüzə aid muğam şəbəkəsi və adlanma qaydaları sabitləşməyə, oturuşmağa üz qoymuş, hər xalqın və bölgənin özünə məxsus muğam dili və üslubu şəkillənmişdi.

Muğam ziyalı mühitinə elə sirayət etmişdi ki, onu yüksək səviyyədə bilmək artıq savadlı adam olmağın şərtlərindən birinə dönmüşdü. Əbəs deyil ki, Nəsimidən bir əsr öncə yaşamış universal zəka sahibi dahi Nəsirəddin Tusi (1201-1274) riyaziyyata, astronomiyaya, mineralogiyaya, fəlsəfəyə və digər elm sahələrinə dair qiymətli tədqiqatları ilə yanaşı, öz övladlarına davranış dərsliyi, öyüdlər toplusu olacaq ayrıca "Əxlaq-i Nasiri” kitabını, onlara şeir nəzəriyyəsini öyrətməkçün "Meyar ül-əşar” risaləsini yazdığı kimi, muğamı anlatmaqdan ötrü də yığcam "Elm-i musiqi” əsərini qələmə almışdı.

Bir qisim Nəsimi şeirlərində hansısa muğamların, şöbələrin, guşələrin adlarının xatırlanmasının, şeirin məzmununda o kəlmələrin qoşa məna ilə (yəni həm bir muğam termini olaraq, həm də ilkin anlamı ilə lirik məzmunu daha yaxşı açmağa yönəlməsi ilə) işlənməsi o ehtimalı da doğurur ki, bu qəzəllər bilavasitə xanəndələrin oxusu üçün nəzərdə tutulubmuş. İfa zamanı bu şeirin, tutalım ki, məhz 12 əsas muğamdan biri olan "Nəva” üstündə təğənni edilməsi hesablanıbmış. Klassik Azərbaycan musiqisində Nəva, Nişapur, Dəraməd-şahnaz, Busəlik, Hüseyni, Məsihi, Şahnaz, Hacı Yuni, Bayatı-kürd, Azərbaycan, Əşiran, Zəng-i şötör,  Kərkuki, Şah Xətai, Əfşari və Şikəste-yi Şirvan kimi şöbələrdən ibarət olan bu muğamda orta hissələrdə artıq müstəqil muğam deyil, şöbə olan Üşşaq da ifa edilirmiş. "Üşşaq” aşiqlər, vurğunlar deməkdir və bu qəzəl bir könlü sevdalının eşq həyəcanlarının ifadəsidir. Misra-misra  "addımlayaraq” "üşşaq” kəlməsinə çatan şeirin misraları sanki son beytlərə doğru xanəndəyə yol aça-aça gedir, onu məhz həmin kəlmənin işləndiyi beyti Üşşaq şöbəsinin çalınıb-oxunmağa başlanacağı məqama oturtmağa doğru aparır:

Gülşən-i firdövs edər can bağını vəsl-i həbib,
Atəş-i duzəx qılır həm möhnət-i cövr-i rəqib.
... Gül üzünə aşiq olub qanda bir üşşaq var,
Xoş nəva-yi saz edər daim nəva-yi əndəlib.

Şeirin əsl mənasının şairin bətnində olması keçmişlərdən gələn zərbül məsəldir və olsun ki, həm də danılmaz həqiqəti ifadə edir, burada mübahisəyə yer qalmır. Aydındır ki, hər şeirin özünün yarandığı bir şərait, o hissləri doğurmuş, ilhama təkan vermiş bəlli səbəb olub. Bəlkə də hansısa şeirin arxasında lap adı da, əlamətləri də dəqiq bilinən kimlərsə dayanır. Fəqət şeir hamınınkılaşandan sonra onun içərisində hər mütaliə edən özünə sərf edən, könlünə yovuq gələn ayrı mənalar tapa bilirsə, misraların ardında şairin nəzərdə tutduğu məlum bir şəxsimi, müqəddəs bir adımı, ya hansısa ilahi qüvvəni deyil, öz istəklisini görürsə, bu, həm artıq başqa zamanın oxucusunun haqqıdır, həm də şeirin gücüdür. Yəni əsl şeir həqiqətdə elə bu deməkdir. Günün müxtəlif vaxtlarında günəşin şəfəqləriylə başqa-başqa rənglərə düşən dəniz kimi çeşidli cilvələrdə görünə bilmək də lətif şeirin başlıca məziyyətlərindəndir.

Nəsiminin bu qəzəli hər insanın həyatından keçə biləcək qayğısız dəqiqələrin tərənnümü ovqatını oyadır və sənin qarşına hətta hansısa mənqibədən, salnamədən, tarixi qaynaqdan iqtibas edilərək bu şeirin bir cavan insanın gerçək eşq yaşantıları deyil, bir hürufininmi, bektaşininmi, sufininmi öz mürşidinə guya məcazi məna yükləyərək həsr etdiyi mənzumə olduğunu sübut edən soraqları qoyulsa belə, bu sətirlərdəki aşkar həyatı, məcazilikdən qat-qat üstün həyatiliyi necə danmaq olar?

Yarın cəfası cümlə vəfadır, cəfa degil,
Yarım cəfa qılur deyən əhl-i vəfa degil.

Orta çağda ayrı-ayrı təriqətlərin gündəlik həyatında musiqinin məxsusi yeri vardı və rəqs, musiqi asta-asta onların təlimlərinin ayrılmaz bir parçasına çevrilmişdi. Vəcd musiqisi və mövləviliyi bir-birindən ayrı təsəvvür etmək çətindir. Lakin bu keyfiyyət digər bir çox başqa fəlsəfi-dini cərəyanlara da sirayət etmişdi, poeziya kimi, musiqi də onların əqidə və baxışlarının həm ardıcıllar arasında möhkəmlənməsinə, həm də məfkurənin daha geniş yayılmasına, yeni tərəfdarlar toplamasına əlverişli vasitə kimi istifadə edilirdi. Lakin qabaqkı vaxtlarda təşkil edilməsi adətən saraylara xas olan musiqi məclislərinin XIII-XIV əsrlərdən etibarən çevrəsi genişlənir, mədəniyyət hamiləri və aşiqlərinin, seçkin ziyalıların, qələm sahiblərinin mütəmadi şeir-musiqi yığnaqları qurması Yaxın və Orta Şərqdə bir ənənəyə çevrilirdi.
 

Musiqili şeirlərindən dikələn sədalar Nəsiminin belə məclislərin daimi ziyarətçilərindən olmasına işarə vurur.

Bu məqamda yenə tarixə enməyin yeri var. Çünki Nəsimi şeirlərindən ardıcıl olaraq dəf ritmləri eşidilsə, rəqs dalğası keçsə də, orta çağda bu səmtdə də yasaqların, məhdudiyyətlərin olması məlumdur. Din adı ilə mətləbi bu təhər əks yozanlar, rəqsi, musiqini məkruh əyləncələr sırasına qatanlar nə qədər haqlı idi sualına ən doğru cavab İslamın qurucusunun məsələyə münasibətinin necə olmasıdır. Orta əsrlərin ən mötəbər tarixçilərindən olan Əbülfəzl Məhəmməd bin Hüseyn Beyhəqi (995-1077) səhihlər zümrəsinə aid edilən və Peyğəmbərin həyat yoldaşı Aişə binti Əbu Bəkrin (605-678) dilindən rəvayət olunan bir hədisi örnək gətirir: "Həbəşlilər bir bayram günü məsciddə oynayırdılar. Peyğəmbər məni çağırdı, başımı onun çiyinlərinə qoyub yoruluncaya qədər seyr etdim”.

Peyğəmbər günah saydığını ailəsi ilə birgə seyr və təqdir edərdimi?

Başqa bir hədissə Peyğəmbərin rəqsə, musiqiyə müsbət münasibətini bir az da dəqiqləşdirir. Etibarlı qaynaq olması tərəddüd doğurmayan İmam Buxari yazır ki, bir gün həbəşlilərin rəqs etməsini görüb buna qəti etirazını bildirən, çalıb-oynayanları dayandırmağa çalışan Ömər ibn Xəttabı (581-644) Məhəmməd Peyğəmbər sakitləşdirir ki, əl çək onlardan, qoy rəqs etsinlər: "Hər millətin bir bayramı vardır. Bu gün də bizim bayramımızdır”.

Elə Nəsimidə də musiqi bayram müşayiətçisidir. Onun nəzərincə, xoş hadisə baş veribsə, şərbət paylanmalı, musiqi səslənməlidir:

Çün Nəsimiyə bu Fəzl açdı hidayət qapısın,
Çalınız çəng ü rübabı, içəlim nüql ü şərab.

Nəsimi "Divan”ı rəqsli ürfani məclislərin görüntülərini də canlandırmaqdadır:

Oynaram rəqqas olub çəng ü dəf ü tənbur ilən,
Çünki məndə şeş cəhət var, dönməzəm çarparıdən.

Öz işarətlərindən məlum olur ki, Nəsimi ansambl ifasına üstünlük verirmiş. Onun baxışınca, tək-tək səslənəndə də həm çəng, həm tənbur, həm udu dinləmək xoşdur, amma onların sədalarının qovuşması, bir-birini tamamlaması daha ahəngdar, daha eşidimlidir. Təbii ki, Nəsiminin bu müşahidəsi nisbətən yığcam, adətən 1-2 alətlə müşayiət edilən, bəzənsə heç musiqi müşayiəti olmadan cərəyan edən təriqət mərasimləri və toplantılarına aid deyil, məhz əsl şurlu musiqi məclisləri ilə bağlıdır.

Xoşdur əgər çi, cümləsi bir yerdə cəm ola,
Avaz-i çəng ü tənbur ilən rübab.

Nəsiminin alxışla başlayıb alxışla bitən, hər misrasında öydüyünə bir duası yer alan qan qaynadan oynaq qəzəli o cəhətdən də diqqətəlayiqdir ki, yarına səadətlər arzulayan şair istəklisinə nəsib olmasını dilədiyi fəzilətlərin sırasında musiqini də görür, xoşbəxtliyin bir mühüm amilini də elə musiqinin ruh dincəldən sədaları altında qərar tutmaqda tapırdı:

Şəha, könlüm həmişə biqəm olsun,
Əlində daima cam-i Cəm olsun!
... Sənə eyş ü nişat ü kamirani,
Həsudun dərdi çox, ömrü kəm olsun.
Dəf ü çəng ü çəğanə, nay ü tənbur
Düzülsün daima, zil ü bəm olsun.
Səni sevənlərə eyş ü tamaşa,
Səni sevməyənə qəm həmdəm olsun!

Bu beytin bir maraqlı cəhəti də odur ki, orada digər şairlərimizdə tuş gəlmədiyimiz çağanə musiqi alətinin də adı ilə rastlaşırıq.

Nəsimi ürəfa bəzminin, şahanə bir məclisin əlaməti kimi musiqini mütləq sayırdı. Həm də o məclisdə musiqi necə ifa edilməlidir, hansı musiqi alətləri hökmən yer almalıdır sualının da izahını verirdi:

Qurulmuş məclis-i şahi, çalınır çəng ü ney, qanun,
Tərənnümlər qılır mütrüb, ara yerdə şərab oynar.

Burada qanun musiqi alətinin də adı keçir və bu bilginin ayrı bir əhəmiyyəti də var.

Başqa xalqlardan ən müxtəlif sərvətləri qəsb edərək öz adlarına çıxmaq mərəzinə mübtəla olmuş ermənilər və erməniçilik qanun musiqi alətinə də iddialıdırlar. Onlar 72 simli bu musiqi alətinin Qafqaza gəlməsinin səbəbkarı kimi özlərini qabağa verməyə can atır, guya bizim yalnız XX əsrdə onların vasitəsilə qanunu tanımağımızı və musiqimizdə tətbiq etməyə başladığımızı yazırlar.

Bütün daşdan keçən digər dəlillərdən başqa, Füzulinin, Həbibinin, Qazi Bürhanəddinin, Əssar Təbrizinin və eləcə də Nəsiminin bu misraları qanunun həmişə məclislərimizi süslədiyini əyan etməkdədir. Mənbələr ən etibarlı tarix şahidləridir. Bizim sübutedici qaynağımız Nizamidən Nəsimiyəqədərki və onlardan sonrakı şairlərimizin dövrün aynası olan misraları, qanun təsvirli miniatürlərimiz, qarşı tərəfin təsdiqnamələrisə XX yüzildə quraşdırılmış əsası olmayan qondarma yazılardır.

Söz və düşüncə tariximizin ən qorxmaz, ən ötkəm kişilərindən olmuş İmadəddin Nəsimi yenilməzliyini, cəsarət və qətiyyətini yalnız ömrün son parçasında, müdhiş "olum-ölüm” sınaqlarıyla üz-üzə qaldığı əsnada deyil, bütün həyatı boyu göstərib və bizə həmin qətiyyət və rəşadətinin yazılı sübutlarını - əbədiyaşar şeirlərini yadigar qoyub.

Və onun insana, dünyaya üz tutaraq kimliyini açıqladığı silsilə şeirlərindən birindəki bu bəyanatı çox düşündürücüdür.

Bu carçəkməsi ilə Nəsimi bir yandan öz möhtəşəmliyini, müstəsnalığını ifadə etmək istəyirsə, digər tərəfdən və həm də daha əvvəl ruhumuzun, milli varlığımızın qocaman yol yoldaşı muğamın aliliyinə, ülviliyinə diqqət yönəldir.

Onun özünün də bütün kainatın sirr və gözəlliklərini, insanın duyğu və düşüncə aləminin zərifliklərini əks etdirən muğamat olduğunu elan etməklə ürəyi soyumur,  həm də muğamlara və şöbələrə dirilik bəxş edən musiqi alətləri də "mənəm ki varam” söyləyir:

Altı avazə, on iki pərdə, yigirmi dörd şüəb,
Həm rübab ü ərğənunəm, çəng ilə tənburiyəm.

İki cahana sığmadığını bildirən, bir günəş olduğunu deyən, "sədəfəm, inciyəm, ayam, ulduzam, səmayam, gənc-i nihan - gizli xəzinəyəm...” söyləyən Nəsimi özünü muğamat hesab edirsə, bu, əslində, onun həm də muğamın nə dərəcədə intəhasız bir qüdrət olduğunu anlayaraq bu sərvəti elə günəşə, dünyalara, kainata, ulduzlara, gövhərə... bərabər tutması deməkdir.

Muğamata isə heç kəsin vermədiyi belə bir uca qiyməti altı əsr öncə dilə gətirə bilməkçün onu sadəcə sevmək azlıq edərdi, ilk növbədə gərək onun necə əngin ümman olduğunu dərindən biləydin.

Nəsiminin muğamlı şeirlərinin anlatdığı həqiqətsə odur ki, məhz həmin böyüklüyü və misilsizliyi bütün nəhəngliyi və xırda ayrıntıları ilə aydın bildiyindən belə ürək genişliyi və inamla "on iki muğamam, onları yaradan 24 şöbəyəm, bu gözəlliyi canlandıran udam, çəngəm, ərğənunam, rübabam, bərbətəm” söyləyirmiş.

Nəsimi ona uzaqlardan baxdıqca bir əsərinə verdiyi sərlövhə kimi "Bəhr ül-əsrar” - sirlər dəryasıdır.

Ona yaxınlaşdıqca isə dumanlar çəkilir, aradakı vaxt sərhədləri də itir, şair dönüb olur çağdaşımız və məhrəm həmsöhbətimiz.

Nəsimi buralara gəlib düşmüş bir parça nur, saf ruh olduğunu söyləyirdi, o səbəbdən "möcüzələrlə doluyam” deyirdi.

Ruh-i məhzəm ki, düşmüşəm bu yerə,
Möcüzəm, bunda möcüzatliyəm.

Nəsimi "məni tanımaq istəyənlər, məni bilmək niyyətində olanlardan ötrü açığam, anlaşılanam, əlçatanam” deyirdi. Əksinə, "məni bilməyə can atmayanlar, tanımağa, dünyama nüfuz etmək istəməyənlər üçün qəlizəm, çətinliklərlə, sirlə doluyam”:

Nəsimiyəm bu gün bilənlərə mən,
Bilməyənlərə müşkülatiliyəm.

Nəsimi muğamın hansı qüdrət olduğunu yaxşıca anlayırdı, özünün heç yerə, hətta ən tükənməz, nəhayətsiz olanlara belə sığmadığı halda muğama qısıla biləcəyini düşünürdü, elə muğam siqlətli bir irs də doğurmağa müvəffəq olmuşdu və ona görə, əlbəttə ki, heç kəsin dilə gətirməyə cürəti çatmadığı "Mən muğamatam!” bəyanatını verməyə halal haqqı vardı!



ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər