Ru
17:14 / 04 Dekabr 2020

Nikolun yerinə Vazgen?

1605
Ermənistanın bir qrup müxalif partiyası Qarabağ razılaşmasından narazı qalaraq baş nazir Nikol Paşinyanın istefası tələbini irəli sürür. Onlar siyasətçi Vazgen Manukyanın müvəqqəti baş nazir olmasını, növbədənkənar parlament seçkisi keçirilməsini istəyir.

Novator.az bildirir ki, Vazgen Manukyan 1946-cı il fevralın 13-də Gümrüdə doğulub. Yerevan Dövlət Universitetində və SSRİ Elmlər Akademiyasının Novosibirsk şöbəsinin aspiranturasında təhsil alıb. Fizika-riyaziyyat elmləri namizədidir. 1972-1990-cı illərdə Yerevan Dövlət Universitetində dərs deyib.

Vazgen Manukyan Azərbaycan torpaqlarının işğalının əsas ideoloqlarından, 1988-ci ildə yaradılan “Qarabağ” komitəsinin qurucularından, Erməni Ümummilli Hərəkatının liderlərindən olub.

1990-cı ilin mayında parlamentin üzvü seçilib, avqust ayından hökumətə rəhbərlik edib.

1991-ci il noyabrın 22-də baş nazir postundan gedən Vazgen Manukyan Milli Demokrat İttifaqı adlı siyasi qurum yaradıb.

1992-ci ilin sentyabr ayından dövlət naziri, oktyabrın 20-dən 1993-cü il avqustun 21-dək müdafiə naziri postunu tutub.

1995-ci ildə parlamentin deputatı seçilib, 1996-cı ildə prezident seçkisində müxalifətin əsas namizədi olub.

2008-2019-cu illərdə Ermənistan İctimai Şurasına rəhbərlik edib.

Hazırda “Vernatun” ictimai-siyasi klubunun rəhbəridir.

2018-ci ilin aprelindən Ermənistanda icra hakimiyyətinin ali orqanı Nazirlər Kabinetidir, dövlət idarəçiliyinə rəhbərliyi baş nazir həyata keçirir. Nazirlər Kabineti üzvlərinin təyinatı baş nazirin təqdimatı ilə gerçəkləşir.

1975-ci il təvəllüdlü Nikol Paşinyan Vətəndaş Sazişi Partiyasının lideridir. 2018-ci il mayın 8-dən baş nazirdir.

Əksəriyyəti Vətəndaş Sazişi Partiyasının üzvü olan “Mənim addımım” bloku 2018-ci il dekabrın 9-da seçilmiş 132 yerlik parlamentdə 85 mandatla təmsil olunur.

1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ələ keçirmək istəyi ilə təcavüzə başlayıb. 1991-ci ildə Dağlıq Qarabağ “müstəqil dövlət” elan olunub. Bunun ardınca müharibə alovlanıb. 1994-ci ilin mayında elan olunan atəşkəsə qədər Ermənistan Dağlıq Qarabağı və onun ətrafındakı bölgələri işğal edib.

2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi azad olunub.

Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Rusiya prezidenti Vladimir Putinin noyabrın 10-da açıqlanan birgə bəyanatı ilə hərbi əməliyyatlar dayandırılıb.

Dağlıq Qarabağda təmas xətti və bölgə ilə Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi boyu Rusiyanın sülhməramlı kontingenti yerləşdirilib.

Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu, dekabrın 1-də Laçın rayonunu Azərbaycana qaytarıb.

Başqa bir öhdəliyə görə, Ermənistan ərazisindən Naxçıvan Muxtar Respublikasına təhlükəsiz gediş-gəliş təmin olunmalıdır.

Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun böyük hissəsi ermənilərin nəzarətində qalır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər