Ru
11:04 / 15 Aprel 2019

“O, bizim bütün xoşbəxtliyimizi apardı” - Cəmil Həsənli ağır günlərindən danışdı

5072

Azərbaycan prezidentliyinə keçmiş namizəd, tarixçi alim
Cəmil Həsənlinin Bakupost.az-a müsahibəsi.


- Cəmil bəy, uşaqlığınızı necə xatırlayırsınız?

- Azərbaycanın böyük bir hissəsinin kənd mənşəli
adamlarının uşaqlığı necə olubsa, mənim də uşaqlığım elə olub. Kəndin problemləri,
qayğıları, məişəti və eyni zamanda gözəlliyi xatirimdə film lenti kimi
canlanır. Muğanda yaz aylarında hardasa uzaqlarda bir yerdə, yerlə göyün birləşdiyi
yerdən Günəş qalxırdı. İnsanlar ondan da tez qalxırdı. Gün ərzində o insanların
həyatı zəhmətlə keçirdi. Onların alnından axan tər dənəcikləri hələ də gözümün
önündədir.

 

- Sizin üçün o vaxtların ən gözəl xatirəsi hansıdır?

- Hamımız, bütün uşaqlar bir-birinə oxşar həyat
yaşayırdı. O günlərin hamısı bir-birinə bənzəsə də, hamısı gözəl xatirə kimi
yadımda qalıb. Kənd uşaqlarını sevindirmək üçün kiçik bir hadisə də bəs edirdi.
Əziz bir qonaq gələndə, ana-atayla hansısa qohum evinə gedəndə, bayramlar
vaxtı, istər-istəməz bizə təzə paltar da alınırdı... Bütün bunlar bizi
sevindirirdi. Uşaqlıqda mənim ən çox sevdiyim məşğuliyyət isə at minmək idi.
Dağ yerlərindən fərqli olaraq, muğanda at minmək, at çapmaq daha rahatdır.

  

- Heç atdan yıxılmısınız?

- Yox, amma bir dəfə məni at dişləyib. Bazara getmişdik,
at arabasının yanından keçəndə ağız atıb qolumdan dişlədi.


- Cəmil bəy, uşaqlıqda mən elə bilirdim ki, qoz-fındığı,
plovu ancaq bayramda yeyirlər. Siz necə?

- Qoz-fındıq məsələsi ilə razıyam, amma plovla yox.
Çünki həmin dövrdə bizim evdə tez-tez plov bişirilirdi. Çəltik əkilirdi deyə
plovumuz bol idi. O düyünün dadı hələ də mənim damağımdadır. Balıqla,
balqabaqla bişirilirdi.


 - Orta məktəbi Cəlilabad rayon Alar kəndində bitirmisiz.
Məktəb illərdən nə xatırlayırsınız?

- İlk növbədə məktəbi xatırlayıram, müəllimlərimi
xatırlayıram, əsas da ibtidai sinifdə mənə dərs demiş müəllimimi xatırlayıram.
Necə də gözəl insanlar, şərəfli müəllimlər idilər. Şagirdlərə çox qayğı ilə
yanaşırdılar. Mənim yaddaşımda onlar əbədi olaraq həkk olunublar. Müəllimlərimin
mənə və bütün uşaqlara öz övladı kimi yanaşmasını, qağyısını xatırlayıram. Çox
güclü təhsil var idi. Mən imtahanı Bakı Dövlət Universitetinin əsas binasında
vermişəm. Yanımda oturan oğlan elə hey qurcalanırdı, əlindəki balaca kağızları
eşələyirdi, soruşdum ki, o nədir? Dedi, "şbalqalka”. İlk dəfə o sözü ondan
eşitdim. Hətta təəccübləndim ki, bu şeydən mənim niyə xəbərim yoxdur. Amma
sonra gördüm ki, müəllim gələndə gizlədir.

  

- Cəmil bəy, sizi orta məktəbdə döyən müəllim olub?

- Yox, elə bir hal olmayıb ki, müəllimlərdən kimsə mənə,
ya da başqa uşağa əl qaldırsın. Bəlkə də başqa siniflərdə olub, bilmirəm.


- Kasıb ailədə böyümüsüz?

- Maddi durumu orta səviyyədə olan bir ailədə böyümüşəm.
Kənddə kasıb ailələr görmüşəm. İndi kimin şalvarı cırıq olmasa, ona adamların
yazığı gəlir, o vaxt kimin şalvarı cırıq olsaydı, ona yazıqları gəlirdi. Yəni
cırıq şalvar geyinmək indi moda çevrilib. Deyə bilərəm ki, mən uşaqlıqda dizi
cırıq, ya da yamaqlı şalvar geyinməmişəm. Atamın qardaşları, bacısının yoldaşı
müharibəyə getmişdi, atam onların da ailə-uşağını himayə edirdi. Amma yoxsulluq
sözünün tutumunu hiss etməmişəm. Həm də o vaxt kənd təsərrüfatı kəndlərin vəziyyətini
yaxşılaşdırırdı.

  

- Atanızı necə xatırlayırsınız?

- Mən atama əmi demişəm. Əmimgilin evi bizə yaxın idi, əmiuşaqları
ilə bir həyətdə böyümüşük. Onlar bizdən yaşca böyük idilər. Atama əmi deyirdilər
deyə, biz də onların ağzı ilə atama əmi demişik.

  

- Ananız demirdi ki, əmi yox, ata deyin?

- Yox. Elə axıra
qədər belə də getdi. Atam bizimlə əsgərlikdən qayıtmayan qardaşının balaları
arasında heç bir fərq qoymurdu. Hamısını evləndirdi, yerbəyer elədi.

  

- Müharibə sizin evdən də qurban aparıb...

- İki əmim müharibədən qayıtmadı. Atam isə yara alıb
qayıtmışdı. İkinci qrup əlil idi. Müharibədən sonra evlənmişdi, mən ailədə
ikinci uşaq idim. Kənd adamları atama hörmətlə yanaşırdı. Atam pambıq briqadiri
işləyirdi. Rayon Partiya Komitəsinin birinci katibi Muradov sahədə söyüş
söydüyünə görə atam onu döymüşdü, əməlli-başlı əzişdirmişdi.


- Atanıza hansısa cəza vermədilər?

- Atamı işdən çıxartdılar, amma ciddi heç nə olmadı.
Görünür, Muradov öz ayıbının üstünü ört-bas eləmək üçün susmuşdu. Amma bu
yaxınlarda bir nəfər mənə dedi ki, Muradov pis adam olmayıb.


- Ananız necə insan idi?

- Mənəvi cəhətdən zəngin qadın idi. Heç vaxt haqqı
nahaqqa verməyən, folkloru yaxşı bilən və uşaqlarına yaxşı tərbiyə verən bir
anaydı. 2002-ci ilə qədər yaşadı. Atam tez rəhmətə getdi, anam bizim üçün çox əziyyət
çəkdi. Onun nəvazişi, qayğısı həmişə bizim üzərimizdə olub.


- Ali məktəbə qəbul olduğunuz günləri necə
xatırlayırsınız?

- Mənim universitetə girmək fikrim yox idi. Həm də həvəsim
ingilis dilinəydi. Əmim oğlu Tibb Universitetinə sənəd verirdi, mən də Xarici
Dillər Universitetinə. Dedilər ki, sənin attestatında səhv var, həm "ana dili”,
həm də "Azərbaycan dili” fənnləri var. Hər ikisinə də qiymət yazılıb. Mən kənddən
gəlmiş, cılız uşaq idim. Elə oldu ki, birbaşa nazirin qəbuluna girdim. Nazir məni
göndərdi bir otağa, mən gedincə daxili telefonla nəsə demişdi. O otaqdan dedilər
ki, direktor filan sənəd versin, bu işi yoluna qoyaq. Səhəri gün biz əmimoğlu
ilə avtovağzala getmək üçün avtobusa minmişdik. Avtobusda bir nəfər o birinə
yandakı binanı işarə edib dedi ki, bura Bakı Dövlət Universitetidir. Əmim oğlu
dedi ki, gəl düşək, bura sənəd verək.

 

- İngilis dili yaddan çıxdı...

- Mən ədəbiyyata sənəd vermək istəyirdim. Amma əmim oğlu
məni inandırdı ki, tarixə sənəd vermək lazımdır. Qapının ağzında suallaşırdıq
uşaqlarla. Sən demə, içəridə sənədi qəbul edən adam bizi eşidirmiş. Qapını açıb
məni çağırdı. Dedi ki, bayaqdan sənə qulaq asıram, suallara düzgün cavab verirsən,
sənin sənədlərini birinci qəbul edəcəm. Elə oldu ki, Dillər Universitetində
deyilən səhv də yada düşmədi. Üç gün sonra imtahan verib universitetə daxil
oldum. İmtahanlardan beş almış uşaqlar ipini qırmış dana kimi atıla-atıla çölə
çıxırdılar. Mən isə sakit çıxırdım. Bir nəfər soruşdu ki, neçə almısan? Dedim
ki, beş. İnanmadı, alıb sənədimə baxdı ki, hamısı beşdir. Kağızı qaldırdı ki,
ay camaat, bu uşağın başı xarabdır, beş alıb, sevinmir.

 

- Universiteti bitirib Cəlilabad rayonuna müəllim
getmisiniz. Niyə çox işləmədiniz?

- Aspranturaya daxil oldum, ona görə məktəbdən çıxdım.

  

- Cəmil bəy, sevib evlənmisiniz?

- Şübhəsiz ki, sevmişəm. O vaxtın sevgisi daha təmiz
olurdu. Mən görmədiyim, tanımadığım, sevmədiyim adamla evlənə bilməzdim. Ailələrimiz
də bir-birini tanıyıb.


- Cəmil bəy, oğul övladınızı itirmisiniz. Bu ağrılı
prosesi necə keçirdiniz?

- Desəm ki, bu
çox ağır itkiydi, ağır sözü o itkini ehtiva eləmir. O itkini ifadə edəcək söz
yoxdur. Biz indi də inanmaq istəmirik ki, bu hadisə baş verib. Bizim üçün gözlənilməz
oldu. Biz Vüqarı itirəndən sonra başa düşdük ki, əvvəllər nə qədər xoşbəxt
imişik. O, özü ilə bizim bütün xoşbəxtliyimizi apardı. Biz Vüqardan sonra sadəcə
olaraq, təqvim günləri yaşayırıq. Heç vaxt yadımızdan çıxmır. Elə bilirik ki,
bu saat qarşımıza çıxacaq. (kövrəlir)

  

- Ayan adında bir yadigarı qalıb.

- Hə, elə bil
Vüqarın oxşarıdır. Allah saxlasın, dərslərini də çox yaxşı oxuyur. Onun yaşında
mən onun qədər biliyə sahib deyildim.


- Bir qızınız ailəlidir, Bakıda yaşayır. Digər qızınız
Böyük Britaniya vətəndaşı ilə ailə həyatı qurub, xaricdə yaşayır.

- Bəli, bir qızım Britaniya vətəndaşı ilə ailə həyatı
qurub. Çox yaxşı, normal bir ailədilər. Necə deyərlər, ideal bir ailədirlər.


- Britaniyalı nəvələriniz varmı?

- Var, yayda gəlirlər
bura. Ya biz gedirik ora. Ötən yay gəlmişdilər. Artıq planlaşdırıblar ki, bu
yay nə vaxt gələcəklər. Çox yaxşı uşaqlardılar. Onları dənizə aparıram, şəhərdə
gəzdirirəm. Bakı xoşlarına gəlir.

  

- Azərbaycan
dilini bilirlər?

- Böyük qız
yaxşı bilir. 13 yaşı var. Elə yayı burda keçirməkdə məqsəd Azərbaycan dilini
gözəl öyrənməkdir.

  

- Kiçik oğlunuz da Amerikada yaşayır. Evlənibmi orda?

- Yox, evlənməyib. Amerikada Universitet bitirib. İndi
Avropada işləyir.


- Kefinizi
soruşmaq üçün zəng edir?

- Hər gün zəng
edir. Allaha şükür ki, müasir texnologiyalar qəribçilik məfhumunu aradan
götürüb.


Elşad Barad

BakuPost.az

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər