Ru
11:21 / 04 Mart 2021

"Bütün sirlərim kitabdadır" - Xalq şairi ilə MÜSAHİBƏ

4354
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı, xalq şairi Sabir Rüstəmxanlı Teleqraf.com-un “Kitabxana” rubrikasının ilk qonağı olub.

Bakupost.az Sabir Rüstəmxanlı ilə müsahibəni təqdim edir:

- Sabir müəllim, ilk sualımız belədir: kitab sizin üçün hansı mənanı kəsb edir?

- Çox mürəkkəb sualdır... Mənim kimi ucqar dağ kəndində doğulmuş biri üçün kitab böyük dünyaya açılan qapıdır. Kitab bir yoldur, səni dünyanın bütün guşələri ilə birləşdirir. Kitab həyatdır. Məsələn, kənddən başlayıb, dünyanın sonsuzluğuna bağlayan sehrli bağdır. Həyat eşqidir, insanı gələcəyə səsləyən, həyatının əsas cizgilərini müəyyən edən güzgüdür.

Yaşa dolduqca başa düşürsən ki, kitab sənin həyatındır. Təkcə öz yazdığım yox, həm də oxuduğum kitablar mənim həyatımdır. Mən kitabla yaşayıram, onunla nəfəs alıram. Bütün sirlərim, duyğularım kitabdadır. Ən yaxın dosta, qohuma etibar etmədiklərini bəziləri açıq, bəziləri örtülü şəkildə kitaba deyir. O mənada kitab insanlığın böyük kəşflərindəndir. Düşüncəmə görə, yazı və kitab bəşəriyyətin ən böyük icadıdır. Bundan sonra nə icad olunur-olunsun, kitab və yazı ən birincisi və ən böyüyü olaraq qalacaq.



- Kitabxananızın neçə illik tarixi var?

- Mənim çox kitabxanam olub. Hazırkı kitabxanamın yaşı 60 ildən çoxdur. Yardımlı 11 illik politexnik məktəbində oxumuşam. 8-ci sinifdə oxuyanda bizə həm də peşələr öyrədirdilər. Mən dülgərlik sənətini seçmişdim. Dülgər kimi cəmi iki əl işim oldu. Biri kənddə öz evimiz üçün ilk kitab şkafı hazırladım. Mənim kitab şkafım həm də kəndin müəllimləri, ziyalılarının kiçik kitabxanası idi.

Gəlib kitab aparırdılar, bəziləri qaytarır, bəziləri qaytarmırdılar. Kitablarda adımı yazardım, sonra görürdüm ki, mənim olduğu bilinməməsi üçün ad yazılan hissə cırılıb. Mənim kiçik kitab rəfim bir cazibə mərkəzinə çevrilmişdi. İndi fabriklərdə düzəldilmiş kitab rəfləri var, amma heç biri öz hazırladığım kitab rəfi qədər doğma deyil.

Ondan sonra universitetdə oxuduğum illərdə "Azərkitab"ın bazasında fəhlə işləyirdim. Günortaya qədər işləyib, həm də oxuyurdum. Tələbə vaxtı bir çox kitablar əlimdən keçirdi. Bəzilərini yığırdım. Amma kirayə yaşadığım üçün daşındıqca kitablar itirdi. Nəhayət, ev aldıqdan sonra kitabxanamı hazırlamağa başladım. Burada görünən mənim kitabxanamın yarısıdır. Bir bu qədəri də iş yerimdədir.

- Gəncliyinizdə Bakıda ən çox getdiyiniz kitabxana hansı olub?

- Ən çox Mirzə Ələkbər Sabir adına şəhər kitabxanasına gedirdim. Onun yanında Lenin adına kitabxana var idi. Kitabxanalar universitetə yaxın olsa da, mən yaxınlığına görə onlara üz tutmurdum. Bazar günü Sabir adına kitabxanada şairlərin toplaşdığı şeir dərnəkləri keçirilirdi. Getməyə vərdiş etmişdim. Bəlkə, indi də o kitabxanaya borcluyam.

O zaman Belinski adına kitabxana var idi. Birinci kursda oxuyanda bir il orada işləmişəm. O vaxt universitetə qəbul olan uşaqların bir il stajı olmalı idi. Mən də filologiya fakültəsindən oraya düşmüşdüm. Kitab oxumağı sevirdim, kitabxananın çox mehriban kollektivi var idi. Onlar mənim şəhər mühitinə alışmağıma xeyli kömək etdilər.

Axundov adına kitabxanaya isə xeyli sonra getdim. Aspiranturada oxuyanda daha çox işim orada idi. Kitabxananın qədim əlyazmalar bölməsinə gedirdim. Orada ərəb əlifbası ilə Cəlil Məmmədquluzadənin əlyazmalarını oxuyurdum. Qədim Qafqaz arxeoloji komissiyasının 19-cu əsr araşdırmaları vardı ki, mənə "Ölüm zirvəsi", "Difai fədailəri" kimi əsərlərimi hazırlamağa kömək oldu.

Hazırda da Mirzə Fətəli Axundov adına kitabxanaya davamlı gedirəm.



- Ümumi neçə kitabxananız və kitabınız var?

- İşdə, bağda, evdə... Ümumi təxminən 20 minə yaxın kitabım var.

- Kitabxananızın ayrılmaz parçası hesab etdiyiniz kitab hansıdır?

- Mənim üçün kitabxanada hər kitabın öz yeri var. İndi fikirləşirəm ki, Türkiyəyə ilk getdiyim vaxtlardakı dostlarım bəlkə də kasıb idi. Ola bilsin, kitabların son nüsxəsini götürüb mənə verirdilər. O kitablar mənə çox əzizdir. İndi mən kitabxanamdan kitab verməyə çox çətinlik çəkirəm. Halbuki onlar mənə öz kitablarını hədiyyə edirdilər.

Dostlarımın avtoqrafla verilən kitabları mənə xüsusilə doğmadır. Bir rəf dostlarımın kitablarıdır... Şübhəsiz, kitabxanada ən unikal rəflər öz kitablarımın qoyulduğu rəflərdir. Doğrudur, qarışıqdır, bir neçə rəfi doldurub.

Kitabxanamda ensiklopedik ədəbiyyatlar da yer alır. Dini, tarixi kitablar var. Hansı vaxt sənə hansı kitab lazım olursa, o kitab doğma olur.



- İndiyə qədər neçə kitabınız çap olunub?

- Azərbaycanda 25-dən çox, dünyanın müxtəlif ölkələrində 70-ə yaxın kitabım çap olunub.

- Oxuduğunuz ilk ən böyük əsər hansı olub?

- İlk ən böyük əsər nə qədər qəribə olsa da, Mirzə İbrahimovun "Gələcək gün" romanı olub. Təxminən 2-3-cü siniflərdə oxuyurdum. O vaxt qohumlarım birlikdə kitab oxuyanda, mən də qulaq asırdım. Onlar oxumayanda özüm oxuyurdum. Kitab məni sehrləmişdi. Çünki kəndimiz sərhədə yaxındır, kitabda Cənubi Azərbaycandan bəhs olunduğuna görə heyrətlə oxuyurdum. Paralel olaraq nağıllar da oxuyurdum.

Amma düşünürəm ki, ən böyük, ağır kitab 5-ci sinifdə Məmməd Səid Ordubadinin "Qılınc və qələm" əsəri idi. O vaxta qədər çapına icazə verilmirdi, yeni çap olunmuşdu. Mən onu bibimoğlundan üç günlük almışdım. Üç günə o romanı bitirməli idim. Daha sonra Viktor Hüqonun "Səfillər" romanı, İsmayıl Şıxlının "Ayrılan yollar" kimi əsələrini oxudum.

5-ci sinifdə qazaxlı müəllimim vardı, o mənə Səməd Vurğunu sevdirmişdi. Həmin illərdə Rəsul Rzanın şeirləri quruluşuna görə məni cəlb edirdi. Kitab mənim üçün hər zaman sevgi olub.

- Dərsliklərlə aranız necə olub?

- Dərsliklərimiz kəndə yox, rayon mərkəzinə gəlirdi. İldə bir dəfə yayda gedib dərsliklərimizi alırdıq. 7 kilometr yol idi. Mən o yolu gedəndə bütün dərslikləri oxuyub bitirirdim. Sonra ilboyu bir daha o dərslikləri əlimə almırdım, yaddaşım çox möhkəm idi. Dərsdə müəllimə qulaq asırdım. Buna görə də əlavə ədəbiyyatlar oxuyurdum.

- Kitablarınızı yazmağa davam edirsiniz yəqin ki...

- Bəli, ötən gün son romanıma nöqtə qoydum. "Dağların qisası" adlı romanımı çapa hazırlayıram.



- Kitab yazanda əlyazmaya üstünlük verirsiniz, yoxsa klaviaturaya?..

- Qarışıqdır... Hərdən kompüter gözümü yorur, keçirəm əlyazmaya. Bəzən əlyazmada qeydlər hazırlayıb, sonra diqtə edirəm, yazırlar. Son vaxtlar daha çox kompüterdə yazıram, daha rahatdır mənə. Çünki sonra redaktəyə ehtiyac olmur. Əl yazısında sürətlə yazdığım üçün sonra xeyli düzəliş lazım olur.

- Ədəbiyyatçılar daim mütaliə edirlər. Mütaliədə necə, elektron kitaba üstünlük verirsiniz, yoxsa çapa?

- Elektron kitabları az oxuyuram. Bir ara rus ədəbiyyatına audio şəkildə qulaq asırdım. Elektron kitablar məni yorur. Kitabın qoxusunu hiss etməyi sevirəm. Nəşriyyat işçisi olmuşam, 10 il "Ədəbiyyat qəzeti"ndə çalışmışam. Qəzetin rəngləri əlimizə keçməyəndə onun ləzzətini hiss etmirik. Bütün işimiz ancaq köhnə qaydadır.

Elə gün olmur ki, kitabı oxumayım. Hazırda oxu stolumun üzərində həm tarixi əsərlər var, həm jurnallar... Oxu sistemim qarışıqdır. Daimi olaraq tarix, fəlsəfə kitabları oxuyuram, elmi-kütləvi ədəbiyyat oxuyuram. Hesab edirəm ki, kitabın əvəzi yoxdur. Axşamlar yatmazdan əvvəl hökmən əlimdə kitab olmalıdır. Deyirlər, gözə ziyandır. Mən gözümün nə zamansa tutulacağından çəkinə-çəkinə kitab oxuyuram.

- Hazırda hansı kitabı oxuyursunuz?

- Səlcuqların tarixi ilə bağlı mətnləri oxuyuram. Son zamanlar o dövrə baxıram. Oxuduqca kitabları stol üzərinə düzürəm.



- Bu gün kitab satışları sizi qane edirmi? Kitab bazarında qiymətlər necədir?

- Hər şeyə ümumi kontekstdə baxmaq lazımdır. Son illər Azərbaycan oxucusu zərbə alıb, ağır yol keçib. İlk olaraq idealogiya dəyişib. İkincisi, əlifba dəyişilib, gənc nəslin yaddaşına böyük boşluq yaranıb. Üçüncüsü, latın əlifbasına keçdikdən sonra bir müddət kitab tapılmırdı. Hazırda bütün dünya ədəbiyyatı sürətlə Azərbaycan dilində çap olunur. Dördüncüsü, əhalinin yaşayış səviyyəsi aşağı, kitablar isə çox bahadır.

Bütün bunlara baxdıqda, narazılıq edə bilmərəm. Mütaliəyə maraq getdikcə artır, kitab mağazalarına gedənlərin sayında artım var. Bir vaxtlar kitabxanalar boş idisə, indi Axundov kitabxanasına gedəndə yerlərin dolu olduğunu görürəm. Kitaba maraq heç vaxt azala bilməz.

Sadəcə, biz ənənəvi olaraq az oxuyan xalqıq. Yaponlar il ərzində 200-dən artıq kitab oxuyurlarsa, bizdə il ərzində hər adam bəlkə 5-6 kitab oxuyur. Bunun üçün də müəyyən ənənələr yaratmaq lazımdır. Məsələn, sovet dövründə kəndlərə kitab göndərir, əməkhaqqının 0,5 hissəsindən rüsum tutulurdu. İlk vaxtlar insanlar narazılıq etsələr də, sonra hər kəs kitab gecikəndə narazılıq etməyə başlayırdı.

Kitab bu gün Bakıda yayılır, rayonlara getmir. Rayonlarda kitab dükanları yoxdur. Bir çoxunda heç kitabxana yoxdur. Ona görə Azərbaycanda kitabın tirajı azdır, 300-500 arasında dəyişir. 3-4 min kitabxana var. Hər kitabxanaya azı 2 nüsxə verilməlidir.

Vaxtilə rəhbərlik etdiyim Mətbuat və İnformasiya Nazirliyi ləğv olunandan sonra bu sahədə boşluq yaranıb. Mədəniyyət nazirliyi bunun öhdəsindən gələ bilməz. Kitab işini sistemə salmaq lazımdır. Yalnız bundan sonra gileylənmək olar. Əslində kitaba kifayət qədər oxucu marağı var.

- Üç ilə yaxındır Bakı Kitab Mərkəzi açılıb. Digər kitabxanalardan dizayn və üslubu ilə də xeyli fərqlənir...

- Buna vərdiş edəcəyik. Dünyanın bir çox yerində kitabxanalar həm də klub kimidir. Kitab oxuyan zaman bir fincan qəhvə götürürsən. Bu, kitab mədəniyyəti ilə ümumi mədəniyyətin birləşdiyi yerdir. Mən elə kitab evinin açılmasına sevinirəm.

Əvvəllər Hökumət evinin arxasında yerləşən binanın iki mərtəbəsi kitab evi idi. Nazir olduğum illərdə o kitab evinin bir balaca hissəsini Misir səfirliyi məndən istəyirdi. Mən bildirdim ki, bu bizim kitab məbədimizdir. Sonradan o kitab evi də dağıldı. Amma böyründə rus kitab evi var. Bunun günahkarı kimdir? Necə olur ki, Heydər Əliyevin zamanında hazırlanan kitab evi ləğv olunur? Azərbaycan kitab evi yoxdur, amma rus kitab evi var... İnsan öz kitabına belə hörmətsizlik edə bilməz. Doğrudur, kiçik kitab evləri var. Amma geniş, mədəniyyət zalları olan, iclasların keçirildiyi kitab evimiz yoxdur.



- Tövsiyə etdiyiniz kitab varmı ki, fikrinizcə, insan ölmədən onu mütləq oxumalıdır?

- Sabir Rüstəmxanlının "Ömür kitabı". O vaxt o kitabı qızlara cehiz kimi verirdilər.

Mənim düşüncəmə görə, Azərbaycanda hər bir gəncin oxumalı olduğu kitablar var. Hökmən oxunulmalı kitablardan biri "Dədə Qorqud"dur. Bizim dil, ruh və mənəviyyat baxımından son dərəcə əhəmiyyətlidir. Nəsimi poeziyası, Füzuli poeziyası, Vaqif, Mirzə Cəlil, Güney Azərbaycan ədəbiyyatı da mütləq oxunulmalıdır.

- Azərbaycan ədəbiyyatının dünəni və bu gününü xarakterizə etmənizi istərdik. Ədəbiyyatımızın bu günü kitabların az tirajla çıxmasına səbəb ola bilərmi?

- Qətiyyən... Əgər sovet dövründə nəsr kitabı 15 min tirajla çap olunurdusa, nəzm kitabı 7 min nəşr olunurdu. Məsələn, mənim "Ömür kitabı"m 250 min çap olunmuşdu. Bunlar satılırdısa, bu gün 1000-2000 tirajla satılmırsa, bu, təkcə oxucu məsələsi deyil. Bəlkə oxuculara olan münasibətdir. Çıxan hər kitabın bir nüsxəsi Mədəniyyət Nazirliyi tərəfindən sifariş verilirdi, hər kitabxanaya göndərilirdi. Ona görə də əvvəlcədən bildirilirdi ki, kitabın 3-4 min nüsxəsi sifariş verilib, kitabxanalara göndəriləcək. İndi çıxan kitablar ancaq oxucu ümidinədir ki, kimsə alacaq. Bu cəhətdən, təkcə kitabın keyfiyyəti rol oynamır.

Azərbaycan kitabının tarixi öyrənilməyib. Mən Mətbuat və İnformasiya naziri olanda kitab tariximizlə bağlı bir neçə tədbir keçirmişdim. Məsələn, Azərbaycanda adamların çoxu bilmir ki, mətbəə üsulu ilə ilk kitabımız təxminən 1500-cü illərdə, Romada çap olunub, Nəsrəddin Tusinin əsəridir. Azərbaycanda mətbəə üsulu ilə Füzulinin "Leyli və Məcnun" əsəri çap olunub. Bu tarixləri nəzərə alıb hökmən Azərbaycan kitabının keçmişini öyrənməliyik.

Çox sevinirəm ki, bu il Nizami ili elan olunub. Çox istərdim ki, Nizaminin əsərləri ilə yanaşı digər klassik ədəbiyyatımızın nümayəndələri də ardıcıl təbliğ olunsun.



- Azərbaycan ədəbiyyatında hansı yazar sizin yaradıcılığına daha yaxındır?

- Buna cavab vermək çətindir. Ədəbiyyatda bəzi əsərlər var ki, mənə doğmadır. Məsələn, nəsrdə İsa Muğanna, İsmayıl Şıxlı, Sabir Əhmədli, Ənvər Məmmədxanlı, İlyas Əfəndiyev, Anar, Elçinin kitablarını həvəslə oxuyuram.

Poeziyada Bəxtiyar Vahabzadədən bu günə qədər olan şairlərimiz dostlarım olub. Şübhəsiz, poeziyamızda davamlı müraciət etdiyim üç şəxsiyyət var - Mirzə Ələkbər Sabir, Nəsimi, Məhəmməd Hadi.

- Bu gün kitablara filmlər çəkilir. Bəzi insanlar film izləyib, kitabı oxumaqdan üstün tuturlar...

- Ayrı-ayrı şeylərdir. Məsələn, mənim "Ölüm zirvəsi" romanıma "Cavadxan" filmi çəkilib. Film fərqlidir, neçə insanın zəhməti qatılır, əlavələr edilir, ixtisarlar olur. Amma kitab söz sənətidir. Kitab göstərmir, sözün dadını, duzunu kitabda hiss etməlisən. O dövrün vurğusunu kitab daha yaxşı bilir.

- Kitab bağışlamağı sevirsinizmi? Belə bir adətiniz varmı?

- Belə adətim var. Bəzi kitablarımı heç satışa verməmişəm. Çünki tiraj azdır. Elə kitablarım var ki, bu gün özümdə yoxdur. Gələn dostlarıma hədiyyə etmişəm.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər