Ru
11:54 / 20 Noyabr 2020

Obamanın kitabı çıxan kimi bestsellerə çevrildi

2080
ABŞ-ın 44-cü prezidenti Barak Obamanın “Vəd edilmiş torpaq” adlı yeni kitabı işıq üzü görüb.

Novator.az saytı Böyük Britaniyanın “The Guardian” qəzetinə istinadla xəbər verir ki, kitab noyabrın 18-də satışa çıxarılıb və elə ilk gündəcə bestsellerə çevrilib. 24 saat ərzində ABŞ və Kanadada “Vəd edilmiş torpaq”ın təxminən 890 min nüsxəsi satılıb. Müasir tarixdə bu, ən çox satılan prezident memuarıdır.

Kitab “Penguin Random House” nəşriyyatında işıq üzü görüb. Nəşriyyat kitabın öncədən sifarişini də qəbul edir. “Vəd edilmiş torpaq”ın elektron və audio versiyaları da var.

Nəşriyyatın işçisi David Dreyk deyib: “Biz çox məmnunuq. Bu cür rekord satış göstərir ki, Obamanın böyük oxucu auditoriyası var və onlar bu kitabı həyəcanla çoxdan gözləyiblər”.

Obamanın bu kitabının satış rekorduna Ağ evin keçmiş sakinlərindən yalnız onun xanımı Mişel Obamanın “Təşəkkül” xatirə kitabı yaxınlaşa bilir. İlk gündə Şimali Amerikada 725 nüsxəsi satılan “Təşəkkül” kitabının nərş olunduğu tarixdən – 2018-ci ildən bəri dünya üzrə tirajı 10 milyonu keçir.

Noyabrın 18-də “Vəd edilmiş torpaq”ın satışı Amazon.com və Barnesandnoble.com saytlarında birinci yeri tutub. “Barnes & Noble” kitab mağazaları şəbəkəsinin direktoru Ceyms Daunt bildirib ki, onların şəbəkəsi ilk gündə kitabın 50 min nüsxəsini satıb: “Ümid edirik ki, 10 günə bu rəqəm yarım milyona çatacaq”.

İndiyədək bestseller olmuş kitablarla müqayisə etsək – ABŞ-ın 42-ci prezidenti Bill Klintonun “Mənim həyatım” memuarının Şimali Amerikada ilk gündə satışı 400 min nüsxə olub. ABŞ-ın 43-cü prezidenti Corc Buşun “Qərar nöqtələri” kitabı isə bir gündə təxminən 220 min nüsxə satılıb. Hər iki memuarın tirajı hazırda 3,5-4 milyon nüsxəyə çatır.

Tarixdə ən sürətlə satılan kitab hələ ki, yazıçı Coan Ketlin Roulinin “Harri Potter” romanlar seriyasının yeddinci və sonuncu hissəsi olan “Harri Potter və ölüm hədiyyələri” kitabıdır. 2007-ci ildə çıxan bu kitabın 24 saat içərisində 8 milyondan çox nüsxəsi satılmışdı.

Obamanın 768 səhifəlik memuarının nəşri ABŞ-dakı son prezident seçkisindən iki həftə sonraya təsadüf edir. Qəzetlərdəki başlıqlarda bu kitabın adı çəkilir, Obamanın prezidentlik dövrünün əsas nailiyyətləri – əlçatan tibbi xidmət haqqında qanun uğrunda mübarizəsi, terrorçu Üsamə bin Ladenin öldürülməsi və ABŞ-ın 45-ci prezidenti Tramp haqqındakı düşüncələri manşetlərdə əks olunur.

“The Guardian” qəzetinin müxbiri Culian Borger son məqalələrinin birində yazır: “Donald Trampın hakimiyyət dövrünün sona yaxınlaşdığı bu dolaşıq günlərdə Barak Obamanın avtobioqrafiyasını oxumaq bəşəriyyətin iki əks qütbü arasındakı uçuruma baxmağa bənzəyir; baxırsan və bir daha təəccüblənirsən ki, eyni ölkə bir-birinə qətiyyən bənzəməyən bu iki adamı necə seçib?”

Obama deyib ki, kitab iki cilddən ibarət olacaq. Onun sözlərinə görə, birinci cildin prezident seçkisindən dərhal sonra çap olunması əvvəlcədən planlaşdırılmayıb. Obama onu da bildirib ki, Ağ evi tərk edəndən sonrakı 4 ildə kitab nəşr etdirmək istəməyib.

2020-ci ilin avqust ayında kitaba yazdığı ön sözdə Obama deməyə çox sözü olduğunu vurğulayır: “Kitabım get-gedə genişlənir”.

Sabiq prezident ön sözdə onu da qeyd edir ki, hər şeyi əvvəlcədən tam görə bilməyib, o cümlədən pandemiyanı, “Zəncilərin həyatı dəyərlidir” hərəkatını qabaqcadan görmədən çalışıb, ölkədə demokratiyanın böhran vəziyyətində olması sarıdan təlaş keçirmədən işləyib.

Obama bu vaxta qədər səs-küy doğuran, milyonlarla nüsxəsi satılan iki əsər yazıb. Onlardan biri “Atamın arzuları”, o biri isə “Ümidin cəsarəti” adlanır.

Barak Hüseyn Obamanın 59 yaşı var. Onun siyasi karyerası İllinoys ştatının Senatından başlayıb. Obama 1997-ci ildən 2004-cü ilə qədər ştat Senatında Demokratlar Partiyasını təmsil edib. 2004-cü ildən ABŞ Senatının üzvü olub. 2008 və 2012-ci illərdə ABŞ prezidenti seçilib.

Mənbə: Theguardian.com
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər