Ru
16:45 / 05 Oktyabr 2021

Ölkə üçün böyük güc itkisi: İranla Azərbaycan arasında nə baş verir? - MÜSAHİBƏ

5300
Son dövlərdə İranın Azərbaycanla həmsərhəd ərazidə təlimlər keçməsi, İran maşınlarının Azərbaycanın sülhməramlıların nəzarəti altında olan ərazilərə yüklər daşıması cəmiyyətdə birmənalı qarşılanmır. İranın Azərbaycan sərhədində təlimlər keçməsini bəziləri, hətta bu ölkənin Azərbaycana “barmaq silkələməsi” kimi də dəyərləndirir. Bu, həqiqətənmi belədir?

Bakupost.az -ın müsahibi AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə bütün bu məsələlərə aydınlıq gətirir.


- Elnur müəllim, İranla Azərbaycan arasında nə baş verir?


- Bu, müharibədən sonra yeni geosiyasi şəraiti yaradanlarla əvvəlki vəziyyəti qorumaq istəyənlərin mübarizəsinin nəticəsidir. Azərbaycan Ermənistanı diz üstünə çökdürməklə Azərbaycana təsir etmək istəyən müxtəlif gücləri bu “vasitə”dən məhrum edib. Yeni geosiyasi və geoiqtisadi iddialarını ortaya qoyub, yeni və daha sürətli inkişaf yoluna qədəm qoymaqdadır. Bu isə hansısa dövlətlərin mənafeyinə uyğun gələ və ya gəlməyə bilər. Konkret İran mövzusuna gəldikdə isə qonşu ölkəni narahat edən bir sıra məsələlər var. Bu barədə müharibədən dərhal sonra bir çox iranlı tədqiqatçılar da əsərlərində yazırdılar. Məsələn, hesab edirlər ki, “Zəngəzur dəhlizi”nin açılması İranı bir çox iqtisadi gəlirlərdən, tranzit keçid haqlarından məhrum edə bilər, Türkiyənin İran qazından tamamilə imtina etməsinə gətirib çıxara bilər. Regionda Türkiyə və İsrail kimi geosiyasi rəqiblərin rolunu və nüfuzunu gücləndirə bilər. Ümumiləşdirsək, əsas narahatlıqlar iqtisadi və təhlükəsizlik maraqları ilə bağlıdır.

-İsrail demişkən, son dövlər İranın keçirdiyi hərbi təlimlərin hədəflərindən biri kimi “sionizmə qarşı mübarizə” göstərilir.

- Bəli, İranın təkcə Cənubi Qafqazda deyil, bütün istiqamətlərdə atdığı addımlarda “İsrailə qarşı mübarizə” bir örtük rolunu oynayır. Yəni nəsə bu dövlətin maraqlarına uyğun gəlmirsə, dərhal orada İsrail amilini axtarmağa çalışırlar. Əslində, hər bir dövlətin səfərbər olmaq üçün belə bir örtüyü olur. Məsələn, Rusiya üçün bu, ABŞ-dır, ABŞ üçün Rusiya, Çin və Yaxın Şərqdən gələn terror təhdidləridir. İran üçün də bu, İsraildir. Amma İslam Respublikasının tarixini nəzərə alsaq, İran Azərbaycan-İsrail hərbi əməkdaşlığına etiraz etmək üçün mənəvi haqqa sahib deyil. İlk növbədə ona görə ki, bu əməkdaşlıq İrana qarşı yönəlməyib. İkincisi ona görə ki, silahı satan tərəf İsrail, alan tərəf Azərbaycandır. Yəni Azərbaycan İsrail ordusunu deyil, İsrail Azərbaycan Ordusunu gücləndirir. Amma İran-Ermənistan hərbi maddi-texniki əməkdaşlığında biz bunun əksini görürük. Digər tərəfdən, Azərbaycan İsraildən öz pulu ilə aldığı silah və hərbi texnikadan müsəlmanları soyqırıma uğradan bir ölkəyə - Ermənistana qarşı istifadə edib, özünün ərazisini işğaldan xilas edib, BMT qətnamələrinin yerinə yetirilməsini təmin edib. İran isə 1980-1988-ci illər İran-İraq müharibəsi dövründə birbaşa ölkənin ali rəhbərliyinin sanksiyaları ilə İsraildən silah və xüsusən hərbi aviasiya üçün ehtiyat hissələri alıb. 1985-86-cı illərin İran-Kontra qalmaqalı ayrı bir mövzudur. Necə olur ki, İran İraqa qarşı İsrail istehsalı olan silahlardan istifadə edəndə bu haqq işi olur, Azərbaycan öz ordusunu gücləndirmək üçün İsraildən hərbi texnika və silah alanda yox?! Üstəgəl, Ermənistandan fərqli olaraq, İraqın əhalisi müsəlmandır. Təqribən beşdə üç hissəsi isə şiə məzhəbi mənsublardır.

- İran maşınlarının sülhməramlıların nəzarətində olan ərazilərə yük daşıması ilə bağlı məsələ haqqında nə deyə bilərsiniz?

- Təbii ki, bu qanunsuzdur. Beynəlxalq hüquqa və bu çərçivədə İranın özünün də tanıdığı sərhədlərə hörmətsizlikdir. İran kimi dərin dövlətçilik ənənələrinə malik ölkələr ilk növbədə öz qərarlarına və öhdəliklərinə hörmətlə yanaşmalıdırlar. Məncə, Azərbaycan Prezidenti İlham Əliyev bu barədə dövlətimizin və millətimizin mövqeyini ən dəqiq, qəti və aydın formada ifadə edib.

-Müharibə və ya hər hansı formada hərbi hərəkətlənmə ehtimalı varmı?

-Xeyr, qəti surətdə yoxdur. Təlimlər, ritorika və sair bunlar sadəcə gücün nümayişidir. Digər tərəfdən, hansısa arzu və istəklərdən asılı olmayaraq İranla Azərbaycanı birləşdirən məqamlar daha çoxdur. Hazırkı proseslərə hər iki ölkədə dörd istiqamətdə münasibət aydın şəkildə görünür. Birinci, ultra milli və ultra dini hisslərə əsaslanan çağırışlar. Bu hisslərə, arzulara dayanır. Məsələn, bizdə kimsə Tehrana, hətta bəzi hallarda Çinə - Urumçiyə bayraq sancır, ya da orada kimsə deyir ki, biz “Qarabağı, Naxçıvanı “sərzəm”inə (fars dilində baş torpaq mənasını verir –A.Ə.) birləşdirəcəyik”. Bu arzular kiminsə qulağına xoş gələ bilər, lakin dünyada proseslər “qalxıb getdik, döyüb gəldik” prinsipi ilə cərəyan etmir. Sadəcə bu cür mövqedən çıxış edənlərin böyük bir hissəsi səmimi hisslərə dayandıqları üçün başadüşüləndir. Yox, bu cür münasibəti hansısa səlahiyyətli şəxs və ya İranda olduğu kimi dini elitanın təmsilçisi bildirdikdə başa düşməlidir ki, məsələnin rəngi dəyişir.

İkinci münasibət dövlətin və diplomatiyanın dövlət ənənələrinə və məntiqə dayanan yanaşmasıdır. Hər iki ölkənin rəhbərliyi yaxşı başa düşür ki, İranla Azərbaycan arasında toqquşma bu iki ölkəyə heç bir halda müsbət nəsə vəd etmir. Azərbaycan öz ərazilərini işğaldan azad edib, müharibədən yeni çıxıb, hazırda ərazilərinin bərpası, yeni inkişaf perspektivlərinin müəyyənləşdirilməsi ilə məşğuldur. İranın mövqeyi isə bir az fərqlidir. Ölkə güclü görünməyə çalışmasına baxmayaraq, həmsərhəd olan ölkələrin əksrəyyəti ilə bu və ya digər problemləri mövcuddur. Qonşu ölkələrdə təhlükə mənbələri mövcuddur. Əminliklə demək olar ki, İranın ən təhlükəsiz sərhədi Azərbaycan Respublikası ilə olan sərhədidir. Bu cəhətdən İranın Körfəz istiqamətində, ya da məsələn, Əfqanıstanla sərhəddə təhlükəsizlik tədbirlərini görmək əvəzinə şimal istiqamətində təlimlər keçirməsi bu ölkə üçün kifayət qədər böyük güc itkisidir. Digər istiqamətlərdə boşluqlar yaradır. Ölkədə uzun müddət tətbiq olunmuş sanksiyalar, pandemiya səbəbindən sosial-iqtisadi vəziyyət elə də yaxşı deyil.

Üçüncü münasibət hansısa maraq qrupları, kənar təsirlər altında olan qüvvələrin münasibətidir. Məsələn, istənilən halda İrandakı erməni icmasının Azərbaycanla münasibətləri pozmaq üçün əlindən gələn hər şeyi edəcəyi şəksizdir.

Dördüncü yanaşma isə proseslərin fövqündə dayanmağı bacaran elm adamlarının mövqeyi olmaldır. Bu mövqe hisslərdən və siyasi konkyukturadan uzaq elmi metodlarla müəyyənləşdirilən yanaşma olmalıdır.
- Bu sahənin tədqiqatçısı kimi sizcə yanaşma necə olmalıdır?

- Tədqiqatçı olaraq mənim cavabımda bəzi suallar var. Düşünürəm ki, hər kəs bu haqda düşünməlidir. Məsələn, biz düşünməliyik ki, vəziyyətin gərginləşməsi bizim diqqətimizin əsas məqsəddən işğaldan azad edilmiş ərazilərin bərpası və inkişaf etdirilməsi, Ermənistanla etibarlı və təhükəsiz sərhədin yaradılması məqsədindən uzaqlaşdırmır ki? İran tərəfi düşünməlidir ki, digər istiqamətlərdə ciddi təhlükəsizlik təhdidləri ilə üz-üzə qaldığı halda, ölkə daxilində pandemiyanın hələ də bir məcraya düşmədiyi halda bu gərginlik ona lazımdır, yoxsa yox? Ya da məsələn, ərazisi Türkiyənin bir Sivas vilayəti boyda olan Ermənistan bazarımı İran üçün iqtisadi baxımdan əhəmiyyətlidir, yoxsa regional layihələrdə iştirak, Azərbaycan və Türkiyə ilə münasibətlər? Düşünülməlidir ki, bu gərginliyin artması kimə və necə sərf edir? Bəzi “arzularda” səsləndiyi kimi mümkün bir hərbi toqquşma olsa hansı ərazidə olacaq, öldürülən insanlar milli, dini baxımdan kimlər olacaq?

İki qonşu ölkəni bir-birinə bağlayan məqamları tapmaq və münasibətləri o məqamların üzərində inkişaf etdirmək, tənzimləmək lazımdır. Məsələn, Azərbaycanın uzun illər təzyiqlərə baxmayaraq, İrana qarşı öz ərazisindən hər hansı müdaxiləyə imkan verməyəcəyi ilə bağlı ortaya qoyduğu siyasi iradəni İran unutmamalıdır. Baxmayaraq ki, bu, bir çox hallarda bizim üçün itkilərlə də nəticələnib. İran pandemiyanın dünyanı cənginə aldığı ilk dövrlərdə Azərbaycan dövlətinin bu ölkəyə maliyyə yardımlarını unutmamalıdır. Necə ki, Azərbaycan tərəfi heç zaman vaxtilə Zəngilanın işğalı zamanı İranın azərbaycanlı əhaliyə etdiyi humanitar yardımları unutmur.

Ayan Əlizadə
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər