Ru
19:17 / 10 May 2021

Ölkəyə avtomobil adı ilə metal qırıntıları daşınır

1685
«Autograph» jurnalı oxuculara xəbər vermişdi ki, 40-a yaxın xarici avtomobil markalarının rəsmi idxalçı və dilerlərini, eləcə də yerli avtomobil istehsalçılarını sıralarında birlşdirən AADA ölkədə avtomobil parkının cavanlaşdırılması məqsədilə avtomobil idxalında yeni qaydaların tətbiq edilməsi və ümumiyyətlə avtomobil sektorunda vəziyyətin sağlamlaşdırılmasına dair bir sıra təkliflərini Nazirlər Kabineti və müvafiq hökümət qurumlarına ünvanlamışdır.

Redaksiyamıza daxil olan məlumata görə assosiasiyaya ilk cavab məktubları daxil olub. AADA-nın təklifləri nədən ibarət idi və hökümət qurumları necə cavab verdi? Bu və digər suallara AADA-nın sədri N.Zərbəliyev aydınlıq gətirir.


AG: Azərbaycanın bu günki avtoparkının tərkibini necə dəyərləndirirsiz və bu tərkib hansı istiqamətdə dəyişir?

N.Z.: Bizim araşdırmalarımız göstərir ki, ölkədə yaşı 10 ili ötmüş avtomobillərin sayı 1 milyona yaxındır, bu təxminən ümumi avtoparkın 80 faizini təşkil edir. Əlbəttə bu avtomobilləri düzgün istismar edib, vaxtı-vaxtında texniki xidmətdən keçiriblərsə, onlar istismara hələki yararlıdır. Lakin nəzərə alsaq ki, ölkədə istismar olan avtomobillərin 300 mindən çoxu- 20 il, 130 mindən çoxu - 30 il, 100 mindən çoxu isə 40 il qabaq istehsal olunub, ümumi parkın vəziyyətini təsəvvür etmək çətin deyil.

Problem ondadır ki, yararsız avtomobillərin sayı getdikcə artmaqdadır, özü də təkcə daxili parkın köhnəlməsi hesabına yox, hər gün külli miqdarda xaricdən gətirilən nəqliyyat vasitələrinin hesabına. Son zamanlar buraxılış ilinə görə nisbətən təzələri gətirilsə də, bu əsasən qəzadan çıxmış, əzilmiş, suda batmış avtomobillərdir. Bunu görmək üçün, uzağa getmək lazım deyil, «Meyvəli» terminalının girişində 30 dəqiqə dayanmaq yetərlidir.

Külli miqdarda daşınan avtomobillər heç bir təhlükəsizlik tələblərinə və ekoloji normalara uyğun deyil. Əksər hallarda nə təhlükəsizlik yastıqları işləyir, nə də «katalizator» yerindədir. Yekun olaraq, ağır nəticəli qəzaların sayı yüksəkdir, onkologiya mərkəzinin dəhlizləri isə ağ ciyər xərçəngindən əziyyət çəkən vətəndaşlarımızla doludur. Tutalım köhnə avtomobillərin qarşısını buraxılış ilinə görə ala bildik, bəs cəmi 5-6 il qabaq buraxılmış, laklin qəzaya uğramış maşınlar necə olsun?

Kapotsuz, qapısız, bampersiz, bəzən hətta tən bölünmüş avtomobillərin idxalı nə dərəcədə doğrudur? Sonra bu sınıq-salxaq avtomobillər qaynaqlanır, boyanır maşın bazarında və internet saytlarında satışa çıxarılır. Zənnimcə xaricdən gətirilən avtomobil istismara yararlı olduğunu təsdiqləyən sənəd olmadan ölkəyə burxıla bilməz. Xüsusi vurğulamaq istəyirəm ki, artıq idxal olunmuş və istismarda olan avtomobillərin, məsələn, «katalizator» və ya «air-bag» yoxluğu səbəbindən cərimə meydançalarına daşınmasının tərəfdarı deyiləm. Axı bu onun sahibinin günahı deyil: maşın idxal olunub, satılıb, o da alıb, texniki baxışdan və qeydiyyatdan keçirib… Təkrar edirəm, avtomobilin hansı ölkədən gətirildiyindən asılı olmayaraq, bütün texniki, təhlükəsizlik və ekoloji tələblərə uyğun olması barədə elə həmən ölkənin müvafiq qurumunun sənədi təqdim ediməlidir.

AG: Gəlirindən asılı olmayaraq, hamı ailəsini gəzdirmək və yaxud biznesində istifadə etmək üçün avtomobil sahibi olmaq istəyir. Təzə avtomobillərin qiymətləri isə göz qamaşdırır. Belə olan halda nə etməli?

N.Z.: Elə biz də NK-nə göndərdiyimiz məktubda bu suallara birlikdə cavab axtarmağı təklif etmişik. Əvvəla yeni avtomobillərin əlçatmaz qiymətlərlə satılmasının konkret səbəbləri var. Gəlin sadalayım. 2014-cü ilin fevral ayında avtokreditləşdirməyə qoyulan məhdudiyyətlər, 2015-ci ilin yanvar və dekabr aylarında ümumdünya iqtisadi böhranla bağlı baş vermiş iki devalvasiya, 2015 və 2017-ci ilin yanvar aylarında avtomobillərə tətbiq olunmuş yeni aksiz vergiləri, 2018-ci ilin yanvar ayında - yeni gömrük rüsumu, 2019-cu ilin yanvar ayında - daha bir yeni aksiz vergisinin tətbiqi…

Bütün bunlar avtomobillərin qiymətinin milli valyutada 2 dəfədən artıq qalxması ilə nəticələndi və bir çox modellər vətəndaşların əksəriyyəti üçün əlçatmaz səviyyəyə qalxdı. Mənz bu səbəbdən xarici ölkələrdə istismardan sıxışdırılıb çıxarılmış köhnə avtomobillərin ölkəmizə axını başladı. Belə çıxır ki, bu gün biz bir tərəfdən köhnə maşınların utlizasiya proqramı üzərində düşünürük, eyni zamanda Avropada, Amerikada utlizisaiyaya göndərilmiş avtomobilləri ikimərtəbəli «tırlarla» Azərbaycana daşıyırıq. İnkişaf etmiş ölkələrdə zaman-zaman utilizasiya proqramları həyata keçirilir.

Məqsəd: nəqliyyatda təhlükəsizliyinin artırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması, yerli avtomobil istehsalı sənayesinin inkişafı və avtomobil parkının yenilənməsidir. Belə çıxır ki, problem kompleks şəklində həll oluna bilər. Əvvəlcə yeni avtomobillərin həm satış qiyməti, həm də kredit şərtləri əhali üçün əlverişli olmalıdır. Yalnız bundan sonra utilizasiya barədə və avtoparkın yenilənməsi barədə danışmaq olar. Taksi fəaliyyəti ilə məşğul olan bir tanışım şikayət edir ki, maşın köhnə olduğundan tez-tez servisə getməyə məcburdur, hər ay 300-350 manata qədər təmirə və ehtiyyat hissələrinə xərclənir. Soruşuram, həmən məbləği kredit olaraq ödəyib, təzə maşın sürmək istərdimi. Əlbəttə bu onun arzusudur, lakin baha qiymət, 40-50 faiz ilkin ödəniş, 3 il ərzində ödəniləcək bank faizləri bu arzunu əlçatmaz edir.

AG: AADA-nın konkret təklifləri nədən ibarətdir?
N.Z.: Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramının icrası çərçivəsində ölkə avtomobil parkının yenilənməsi, sağlamlaşması, yollarda təhlükəsizliyin təmin olunması və ekoloji vəziyyətin yaxşılaşdırılması məsələlərində şübhəsiz AADA üzvlərinin çiyninə ciddi məsuliyyət düşür. Bizim assosiasiya yaranmış vəziyyətdən çıxış yollarını araşdıraraq, ölkə avtomobil sektorunda davamlı inkişafa nail olmaq, satış göstəricilərini artırmaq, büdcəyə ayrılan vergilərin həcmini yüksəltmək, iş yerlərini qoruyub saxlamaq, ölkə və cəmiyyətin həyatında aktiv iştirak etmək naminə bir sıra təkliflər hazırlamışdır. Onlardan ən əsasları aşağıdakılardır:

1 Xaricdən yeni avtomobillərin idxal şərtlərinin yüngülləşdirilməsi (yerli istehsalçıların müdafiəsini təmin etmək şərti ilə). Avtomobil kreditinin istehlak kreditlərindən fərqləndirilməsi, banklara avtokredit sahəsində sərbəstliyin verilməsi, minimal ilkin ödəniş tələbinin ləğv edilməsi. Nəqliyyat sektorunda maliyyə və əməliyyat lizinqinin tətbiqi üçün normativ aktların təkmilləşdirilməsi.

2 Yeni ekoloji cəhətdən əlverişli nəqliyyat vasitələrinin idxalı və istismarının təşviq edilməsi, EV və Plug-in texnologiyalı avtomobillərin bütün rüsum və vergilərdən azad edilməsi, hibrid və CNG texnologiyalı avtomobillərin idxal rüsumu və ƏDV-dən azad ediməsi.

3 Avtomobillərin buraxılış ilinə görə qradasiyalı idxal rüsumlarının tətbiqi, 5 ildən artıq yaşı olan avtomobillərin idxalına qadağa qoyulması, idxal olan işlənmiş avtomobillər üçün homoloqasiya qaydalarının, reqlamentlərin hazırlanması və ciddi tətbiqi, buraxılış ilindən asılı olmayaraq, qəzaya uğramış yararsız avtomobillərin idxalının tam qadağan edilməsi. Ölkədə sivil 2-ci əl avtomobil bazarının formalaşmasında rəsmi dilerlər üçün ədalətli rəqabət mühitinin yaradılması, prosedurların sadələşdirilməsi, ikinci əl avtomobilləri üçün ƏDV-nin ləğv edilməsi.

4 Ölkəyə saxta ehtiyat hissələrinin idxalının qadağan olunması, əmtəə nişanlarından qeyri-qanuni istifadənin qarşısının alınması.

AG: Aktual təkliflərdir, maraqlıdır, NK-dən aldığnız cavabda nə deyilir?
N.Z.: Bu dəfə geniş izahlı cavab almışıq və deməliyəm ki, bu məktub bizdə nikbinlik hissi oyadır, məlum olur ki, qaldırdığımız problemlər aidiyyatlı hökümət qurumlarının da diqqət dairəsindədir və tezliklə avtomobil sektorunda pozitiv dəyişikliklər gözlənilə bilər.

Cavab məktubunda deyilir ki: «…Ölkəmizdə minik avtomobil parkının yenilənməsi, ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması, texniki reqlamentlərə cavab verməyən nəqliyyat vasitələrinin, onların ehtiyyat hissələrinin, ləvazimat və istismar materiallarının Azərbaycan Respublikasına idxalının qarşısının alınması üçün zəruri tədbirlər görülməsi, eləcə də elektrik mühərriklə hərəkətə gətirilən minik avtonəqliyyat vasitələrinin ölkəyə gətirilməsi ilə bağlı təşviqedici layihələrinin müzakirəsini məqsədəmüvafiq hesab edirik…»

Cavab məktubunun sonluğu belədir: «… Həmçinin qeyd edirik ki, müraciətinizdə təqdim olunmuş müvafiq təkliflər … Dövlət Proqramının icrası və Milli Prioritetin həyata keçirilməsi çərçivəsində aidiyyəti dövlət qurumları ilə müzakirə olunur…»

Əlbəttə bu müzakirlərdə avtomobil sektorunun nümayəndələrinin iştirakının yalnız faydası olar. Xatırladım ki, bu müraciətdən öncə AADA ilkin araşdırmalar aparmışdır və əminik ki, təkliflər əsasında müvafiq qərarlar qəbul olunarsa, iqdisadiyyatın avtomobil sektoruna, nəqliyyatda təhlükəsizlik, ekologiya, cəmiyyətdə avtomobil mədəniyyəti və s. məsələlərə müsbət təsirini göstərəcəkdir. Aydındır ki, görüləcək bütün tədbirlər ciddi təhlil olunmalı və iqtisadi cəhətdən əsaslandırılmalıdır və bu işdə AADA üzvləri istənilən işçi qruplar tərkibində çalışmağa hazırdır.

Mənbə Autograph.az Onlayn Jurnalı
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər