Ru
11:25 / 24 Sentyabr 2019

Orta məktəblərdə “qorxulu tıxac” – “Uşaqlarımız bir-birinin üstündə oturur”

6109
Yeni dərs ili özü ilə yeni problemlər də gətirib. Onlardan biri də ibtidai siniflərdə normadan artıq şagirdin olmasıdır. Bu hal paytaxtda yerləşən bir çox məktəblərdə müşahidə olunur. Onların arasında 53 saylı orta məktəb və Bakı Slavyan Liseyi də var.

BakuPost.az-a məlumat verən valideynlər siniflərdə sıxlıq yaranmasından şikayətçidirlər. Onların sözlərinə görə, məktəblərdə ya yer çatışmazlığından, ya da müəllim qıtlığından siniflər bölünmür.
Daha bir səbəbsə Bakı Şəhəri Üzrə Təhsil İdarəsinin yaratdığı maneədir. Bir sinifdə bir müəllim 45 şagirdə dərs deyir. Dərslər sıxlıq və havasızqlıq şəraitində aparılır. Nəticədə isə dərsin keyfiyyəti aşağı düşür.




Bakı Şəhəri Üzrə Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov BakuPost-a açıqlamasında bildirib ki, paytaxtın bəzi ümumtəhsil məktəblərində müşahidə olunan şagird sıxlığı əhalinin demoqrafik vəziyyətindəki müsbət dinamika ilə bağlıdır: “Birinci sinfə uşaqların elektron qeydiyyatı “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək üçün təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi məqsədilə tətbiq olunur. Həmçinin dövlət ümumi təhsil müəssisələrinə uşaqların qəbulu üzrə müraciətlərin elektron qeydiyyat sisteminin tətbiqi valideynlərin rahatlığının təmin olunması və ümumilikdə uşaqların məktəbə qeydiyyatı prosesinin sadələşdirilməsinə xidmət edir”.




Bəşarət Məmmədov deyir ki, paytaxtda süni şagird sıxlığının qarşısının alınması məqsədilə təxminən 15 faiz məktəbə qeydiyyat ərazi prinsipi üzrə aparılır. Ərazi prinsipi tətbiq olunan məktəblərdə ilk növbədə, həmin təhsil müəssisələrinin mikroərazisində daimi qeydiyyatda olan vətəndaşlar övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilər: “Müvəqqəti və ya qeydiyyatsız yaşayan valideynlərə ərazidə yerləşən məktəbdə sıxlıq olduğu halda, digər məktəbləri seçmək tövsiyə olunur. Kirayədə yaşayan valideynlər ərazi prinsipi tətbiq olunmayan bütün məktəblərdə övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər”.


B. Məmədov növbəti tədris ilində I siniflərdə şagird sayının cari tədris ilində IV siniflərdə dərs deyən müəllimlərin dərs apardığı sinif otağının tutumuna uyğun müəyyənləşdirildiyini bildirib. Onun sözlərinə görə əlavə müraciətlər olduğu təqdirdə, məktəbin şagird tutumu və kadr imkanları nəzərə alınaraq əlavə siniflər açılır.


Ümumi təhsil müəssisələrində siniflərin hansı halda bölünməsi məsələsinə gəlincə B. Məmmədov bunları deyib: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 171 nömrəli, 03.08.2012-ci il tarixli qərarının 2.3.1-ci bəndinə görə “Ümumi təhsil müəssisələrində siniflər şagirdlərin sayı 20 nəfər və sinif otaqlarının sahəsi 36-42 kvadratmetr olmaqla təşkil edilir. NK–nin 10 nömrəli, 19.01.2012-ci il tarixli digər qərarının 2.6.2-ci bəndinə görə eyni bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otaqlarının ölçüsü imkan vermədikdə həmin sinif üzrə ikinci paralel sinif təşkil edilir”.


Bəşarət Məmmədov qeyd edib ki, şagird sıxlığı ilə bağlı məsələni həll etmək üçün son illərdə paytaxtda çoxsaylı yeni məktəb və əlavə tədris korpusları inşa olunub. Bütün bunlar nəticə etibarilə əhali artımı səbəbindən yaranan şagird sıxlığının tədricən aradan qaldırılmasına və tədrisin keyfiyyətinin yüksəldilməsinə zəmin yaradır.


Günel Musa
BAKUPOST

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər