Ru
19:16 / 16 Sentyabr 2021

Orta ümumitəhsil məktəblərinin reytinqi aparılırmı?

4361

Əməkdar müəllim Asif Cahangirovun “Təhsilimiz: dünəndən, sabaha. Optimistin baxışları” kitabını oxuyarkən bir məqam diqqətimi xüsusi ilə çəkdi. Kitabda qeyd edilir ki, Finlandiyada təlim nəticələri ən yüksək olan məktəblə, təlim nəticələri ən aşağı olan məktəb arasında fərq, cəmi 6 faiz təşkil edir. Təsəvvür edirsiz? Finlandiyanın paytaxtı Helsinkidəki məktəblə ən ucqar kənd məktəbi arasındakı fərq cəmi 6 faizdir. Bilmək olmaz, bəlkədə ən ucqardakı məktəbin nəticələri Helsinkidəkindən daha yaxşıdır.


Kitabı kənara qoyub bu haqda düşünməyə başladım. Fikirləşdim ki, görəsən bizim məktəblər arasındakı fərq neçə faizdir? Ümumiyyətlə, ölkə üzrə orta ümumitəhsil məktəblərinin reytinqi aparılırmı? Əfsuslar olsun ki, nə qədər axtarsam da, bu barədə nə bir istinad, nə də bir məlumat tapa bilmədim.


Təhsil Nazirliyinin məktəblərin reytinqi ilə bağlı məlumat bazasının olmaması səbəbindən Dövlət İmtahan Mərkəzinin hər il orta ümumitəhsil məktəblərinin ali məktəblərə qəbul, buraxılış imtahanlarının nəticələri haqqında apardığı elmi-statistik təhlillərə istinad etmək qərarına gəldim. Həmin təhlilləri incələyib, özümdə qeydlər apardım. Əldə etdiyim nəticələr, axtardığım fərqlər haqqında məlumatı qısa da olsa, sizinlə bölüşəcəm. Öncə gəlin məktəblərin reytinqinin aparılmasının üstünlüklərindən danışaq. Baxaq görək reytinqin müəyyən olunması bizə nə vəd edir?

Düşünürəm ki, məktəblərin reytinqinin aparılması təhsildə rəqabət mühiti yaradacaq. Rəqabət təbii ki, inkişafa yol açır. Bundan başqa məktəb rəhbərlərində əlavə məsuliyyət yaranacaq. Həmçinin reytinqi müəyyən etmək üçün təhsil ocağı geniş təhlil ediləcək. Reytinqin aparılması eyni zamanda məktəblər arasında olan ciddi fərqi də azaldacaq.

Düzdür, ölkə üzrə 4500-ə yaxın məktəb arasında ədalətli reytinq cədvəlini müəyyən etmək, elə də asan məsələ deyil. Lakin düşününrəm ki, düzgün mexanizm qurulsa, bu işin öhdəsindən gəlmək olar.

Bəs, məktəblərin reytinqini hansı meyarlar əsasında müəyyənləşdirmək olar?

Bu gün təhsildə əsas hədəf layiqli, vətənpərvər, cəmiyyətə faydalı vətəndaş yetişdirməkdir. Bu işin əsas hissəsi məktəbin üzərinə düşürsə, məncə reytinq qiymətləndirməsində bu istiqamətdə bir neçə meyarlar əsas götürülməlidir. Ona görə də düşünürəm ki, məktəblərin reytinqinin müəyyənləşdirilməsi zamanı ali məktəbə qəbul nəticələri ilə bərabər şagirdlərin fənn olimpiadalarında iştirakı, ibtidai, orta və ümumi təhsil pillələri üzrə buraxılış imtahanlarının nəticələri vacib meyar hesab edilməlidir. Bundan başqa, pedaqoji heyətin peşəkarlıq səviyyəsi, məktəbin maddi-texniki bazası və məzunların əmək bazarında özünü təsdiqi, inkişafı, cəmiyyətdəki mövqeyi, eləcə də bir sıra digər məsələlər reytinq hazırlanarkən əsas götürülməlidir. Bundan başqa ictimai fikir, valideynlərin rəyləri də mütləq reytinq zaman nəzərə alınmalıdır.

Fikrimcə, meyarlara başqa məsələri də daxil etmək olar. Məsələn, müvafiq qurumlarla birgə əməkdaşlıq etməklə öyrənmək olar ki, məktəbin məzunlarından son 5 ildə neçə nəfəri cinayət törədib. Bəlkə də, bu fikrim çoxlarına təəccüblü gələ bilər. Ona görə də bununla bağlı bir misalı da oxucuların diqqətinə çatdırmaq istəyirəm. Deməli, 70-ci illərdə ABŞ-ın Filadelfiya ştatındakı məktəblərin birində məzunlarının kifayət qədər ciddi bir hissəsi davamlı olaraq, tez-tez cinayət törədirlər və həbsxanalara düşürlər. Məsələnin ciddiliyini anlayan yerli təhsil idarəetmə orqanı həmin məktəbdə təlim-tərbiyyə məsələlərini ətraflı təhlil edir. Təhlillərdən müəyyən olunur ki, həmin məktəbdə təlim-tərbiyə, valideynlərlə qurulan iş, psixoloji xidmət çox aşağı səviyyədədir. Təhsil idarəetmə orqanı məktəbi xüsusi nəzarətə götürür, həmin təhsil ocağının rəhbərliyini və pedaqoji kollektivinin əksəriyyətini dəyişir. Beləliklə, məktəbdə əvvəlki illərdən fərqli bir mühit formalaşır. Sonralar məktəbin məzunlarının cinayət törətməklə bağlı statistikası aparılarkən, nəticələrin əvvəlki illərlə müqayisədə 4 dəfə müsbətə doğru dəyişildiyi müşahidə olunur.

Reytinq cədvəlini müəyyən edərkən mənim sadalamadığım başqa meyarları da, əsas götürmək olar. Düşünürəm ki, bununla bağlı mütəxəsislər daha ətraflı müzakirələr apara bilər.

Yazımın əvvəlində də qeyd etdiyim kimi məktbələrimiz arasındakı fərq neçə faizdir sualıma cavab tapmaq üçün DİM-in elmi-statistik təhlillərinə nəzər saldım. Qeyd edim ki, “Abutirient” jurnalının 12-ci buraxılışında 2019-2020-ci ilin statistik nəticələri çox geniş şəkildə təhlil olunub. Təhlillər zamanı müəyyən olunur ki, istər buraxılış siniflərinin nəticələrində, istərsə də ali məktəbə qəbul faizində şəhər və rayonlar arasında ciddi fərqlər var. Məsələn, onbirincilərin ölkə üzrə buraxılış imtahanındakı nəticələrnə baxarkən məlum olur ki, Təhsil Nazirliyinin tabeliyindəki lisey və gimnaziyaların şagirdlərinin buraxılış imtahanında orta balı 195-dirsə, Yardımlı, Samux rayonlarında isə orta bal 80-dir. Məktəblərin ayrı-ayrılıqda nəticələrini təhlil etdikdə isə aradakı fərq 45-50 faizə qədər çoxalır. Bu daha çox kənd məktəblərində müşahidə olunur.

Bir məqamı da diqqətinizə çatdırım ki, təhsil müəssisələri arasında fərq təkcə “şəhər-kənd məktəbi” məfhumundan ibarət deyil. Regionlarda elə təhsil ocaqlarımız var ki, onların nəticələri şəhərin mərkəzindəki məktəblərdən belə yüksəkdir. Məsələn, paytaxtın özündə məktəbləri nəticələrinə görə bir neçə kateqoriyaya bölmək olar. Bu zaman da aradakı fərqin 25-30 faiz olduğunu görərik.

Onu da qeyd edim ki, məktəblər arasında bu qədər fərqin olması bu günün problemi deyil. Amma nəzərə alaq ki, problem ciddidir. Problemdən ən çox əziyyət çəkən isə təlim nəticələri aşağı olan məktəblərdə təhsil alan şagirdlərdir. Düşünürəm ki, həmin məktəblərdə təhsil alan şagirdlər hər hansı bir səbəbdən həmyaşıdları ilə müqayisədə rəqabətə 2-3 addım geridən başlayır.

Hər birimizə məlumdur ki, dövlətimiz ölkəmizin hər yerində, ən ucqar yaşayış məntəqələrində belə geniş, işıqlı məktəblər tikir. Onları yüksək səviyyədə maddi-texniki baza ilə, yeni dərsliklərlə, təmin edir. Yəni dövlət hər bir şagirdin bərabər səviyyədə təhsil almasına imkan yaradır.

Bəs, məktəblərimiz arasında ciddi fərqin olması nə ilə nəticələnir?

Hər bir valideynin arzusudur ki, övladı yaxşı məktəbdə təhsil alsın. Uzağa getməyək təkcə paytaxtda bu məsələni təhlil edəndə görürük ki, nufuzlu məktəblərimizə şagird axını daha çoxdur. Bu da həmin məktəblərdə şagird qəbulu zamanı ciddi problemlər yaradır. Bakının Bilgəh, Buzovna, Maştağa kimi kəndlərindən övladlarını şəhərin mərkəzindəki məktəbə oxumağa gətirənlər var. Etiraf edək ki, bu kimi hallara görə valideyn əziyyət çəkir. Məktəblərin səviyyəsi eyni olsa, zənnimcə valideynlər bu əziyyəti çəkməzlər. Müəllim arzusunda olmaq istəyənlər də, nüfuzlu məktəblərdə çalışmaq istəyir. Bu da təbbidir.

Məsələ ilə bağlı ciddi müzakirələrin aparılmasının vacibliyini düşünürəm. Ümid edirəm ki, bizim də məktəblərimiz arasındakı reytinq fərqi 45-50 faiz deyil, ən azından 10-15 faiz təşkil edəcək və getdikcə bu fərq daha da azalacaq.

Niyazi Şərifsoy

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər