Ru
18:12 / 03 Dekabr 2019

“Övladlığa götürülən uşaqlar mülk sahibi ola bilərlər” - VİDEO

1671
Azərbaycan Televiziyasında efirə gedən "Çıxışa doğru" tok-şousunun bugünkü buraxılışınının mövzusu “Yerli və xarici vətəndaşlar üçün övladlığagötürmənin prosedur qaydaları” olub.


Mövzu ilə əlaqədar qonaqlar - ƏƏSMN-nin şöbə müdiri Fərhad Ələkbərov, Xəzər Universiteti psixologiya departamentinin rəhbəri Mələk Kərimova, dosent, dinşünas Elvusal Məmmədov, SOS uşaq kəndindən sosial işçi Sara Ağayeva öz fikirlərini bildirib, müzakirələr aparılıb. Sosial yönümlü mövzu ətrafında danışan ekspertlər “övladlığa götürmə üçün insanlar hansı düşüncəyə malik olmalıdır”, “Azərbaycan cəmiyyətində bu necə qarşılanır” kimi suallara cavabını tapmağa çalışıblar.

Fərhad Ələkbərov bildirib ki, ölkə başçısının müvafiq qərarı ilə övladlığagötürülmə prosesi nazirliyin tabeliyinə verilib. Bu da nazirliyə bir neçə səlahiyyətlər verib. İlk növbədə dövlət siyasətini tənzimləmə, bu sahədə həm valideyn, həm də uşaqların uçotunun elektron qaydada aparılması, uşağın mənafeyinin uyğunluğu haqqında rəyin verilməsi, uşaqların həyat şəraitinə nəzarətin təşkili kimi səlahiyyətlər nazirliyə tapşırılıb. Ekspert bu məsələ ilə bağlı qaydalara dəyişikliklərdən də söz açıb və yeni modelin üstünlüklərindən danışıb.

Nazirlik rəsmisi artıq 1 noyabr tarixindən etibarən 120-ə yaxın müraciətin olduğunu da qeyd edib.
Sara Ağayeva bildirib ki, əvvəllər uşaq himayə etmək istəyən şəxslər daha çox uşağı olmayan, tənha ana yaxud da cütlüklər idi. Onun sözlərinə görə, uşaqlar SOS kəndinə yerləşdirilən uşaqların heç də hamısı valideynsiz deyil: “Demək olar ki, onların əksəriyyətinin valideyni var. Yeni qanunla artıq belə uşaqlar başqa ailəyə övladlığa verilə bilməyəcək. Yəni valideyn uşağından imtina etməyib, valideynlik hüququndan məhrum olunmayıbsa uşağın başqa ailəyə verilməsi prosesi həyata keçə bilməz”. Sara xanımın sözlərinə görə, uzun illər iş təcrübəsi onu deməyə əsas verir ki, bəzən valideynlər yaranan müəyyən problemlərdən dolayı uşaqlarını müvəqqəti olaraq gətirib ora yerləşdirmək məcburiyyətində olublar.

Ekspert Elvüsal Məmmədovun fikrincə, bu münasibətlərdə ilk olan dəyərlərə söykənmədir: “Hüquqi prosedur burada ikinci dərəcəli məsələdir. Hüquq heç bir zaman ailədaxili münasibətləri dəyərlərdə olduğu kim tənzimləyə bilmir. Hətta bəzi məsələlərdə hüquq valideyn-uşaq arasındakı münasibətlərə mənfi təsir edir, ona donuqluq gətirir.

Məsələyə psixoloji cəhətdən yanaşan Mələk Kərimova bildirib ki, övladlığagötürmə həqiqətən müqəddəs proses sayılır: “Məsələnin psixoloji aspektləri də vacibdir. Burada övladlıq götürülən uşağın hansı yaşda olması ilə bağlıdır. Hər yaş dövrünün və hər uşağın fərdi psixoloji ünsiyyətləri nəzərə alınaraq övladlıq götürülməsi ilə bağlı informasiya verilməlidir. Xüsusən, kiçik yaşlarda olan uşaqları alışdıra-alışdıra, anlayacağı dildə başa salmaq lazımdır. Uşaqdan gerçəyi gizləmək yanlış yanaşmadır”.

Veriliş həftə içi 5 gün, saat 17.00-da canlı yayımlanır. Tok-şouda əsasən sosial məsələlər, internet və media, informasiya təhlükəsizliyi kimi mövzular ətrafında fikir mübadiləsi aparılır.

"Çıxışa doğru" tok-şousunun informasiya dəstəkçisi BakuPost saytıdır.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər