Ru
22:21 / 05 Dekabr 2020

Popkorn savaşçısı… sərkərdə olmaq istəyərsə…

2610

Sevinc Telmanqızı


“Söhbət ondan gedir ki, türk qüvvələrinin ermənilərin, rusların postlarının olduğu yerdə yerləşmələri mümkün görünmür. Aydın məsələdir ki, orada silahlı ermənilər də qalıb, atəş, təxribat ola bilər. İndi təzədən müharibəyə başlamalıyıq? Bir daha deyirəm ki, türklərin ermənilər və azərbaycanlılar arasında durmağı məntiqsizdir”.


Müəllifinin kimliyini yazmasam, mənbəni də göstərməsəm, əminəm ki, çoxunuz bu sözləri erməni bir politoloqun, siyasətçinin, bəd ayaqda isə ermənipərəst rus politoloqun dediyini düşünəcəksiz. Çünki indiki ərəfədə türklərin Qarabağa gəlməsindən narahatçılıq keçirəcək iki qüvvə var: ermənilər və ruslar. Amma bunu bizim şərəfli siyasi fəaliyyətini, deputat mandatını popkorn satıcısı olan uşaqla mübarizəyə həsr etmiş eks deputat Rasim Musabəyov deyib. Təhrif deyil, kontekstdən çıxarılma isə heç deyil.

Türklər demiş, üstünə basa-basa vurğulayır ki, bəs türklər bölgəyə gələrsə fəlakət olar. “Bizi ermənilərdən qorumağa ehtiyac yoxdur. Şükürlər olsun ki, özümüz özümüzü ermənilərdən qorumağa qadirik. Ermənilər türklərin iştirakını heç də özlərinin təhlükəsizliklərini möhkəmləndirmək kimi görmürlər. Kim indi nə yozur, nə qələt edir, özləri bilərlər”.

Oxuduqca heyrətə gəlirsən. Adam 10 ildən çoxdur parlamentdə təmsil olunub. Minlərlə insanın səsi olub, ya da olmağı iddia edib. Amma adı gələndə yadımıza ancaq qıcıqlandırıcı bəyanatlar düşür. Bu, o adamdır ki, keçiddə popcorn satanı həyasız adlandırmış və onun ordan qovulması üçün əlindən gələni etmişdi. O vaxt da belə demişdi: “Bakılıları və paytaxtımızın qonaqlarını sevindirmək üçün milyonlarla dövlət vəsaiti xərclənən bu yeraltı keçidə həyasızcasına "popkorn” satıcısı qoyulub və bütün ətrafı iyləndirib. İcazəsiz işləyirlər, dövlətin elektrik enerjisindən pulsuz istifadə edirlər, vergi vermirlər. Bütün bunlar onlarla məmurun gözü qarşısında baş verir”. Unutmamısız? Unutmusuzsa, bu rəzil açıqlamanı yadınıza salmaq istədim…

İndi də ortada xeyli sayda tərəddüd, bölgəyə türk ordusunun gəlişi ilə bağlı sosial sifariş var. Hələ də rus sülhməramlılarının ermənilərlə münasibətində, bölgədəki davranışlarında şübhə və tərəddüdlərimiz mövcuddur. Suallar ondan da çoxdur. Yaşı 70-ə çatan, amma həyatdan 70 qramlıq dərs çıxara bilməmiş bu “politoloq” iddia edir ki, bizi ermənilərdən qorumağa ehtiyac yoxmuş. Ehtiyac yoxdursa, o zaman ruslar da bölgəni tərk etməli deyillərmi? Əgər üçtərəfli bir anlaşma imzalanıbsa, hər şey bu anlaşmanın şərtlərinə uyğun həyata keçirilməli deyilmi? Erməni 30 ildir bizim torpaqlarımızı işğal etmişdi, dünyaya da, bizə də meydan oxuyaraq, “Qarabağ Ermənistandır” deyirdilər, Şuşada yallı gedirdilər. Onda bu şanlı Musabəyov niyə “onlar nə qələt edir” demirdi? Deyə bilmirdi, yoxsa icazəsi yoxdu?

Cəmiyyətdə belələrinə “çatlaq səs” deyirlər. Bütün dövlət, millət, döyüşçülər, qazilər, əsgər ailələri “bir millət, iki dövlət” deyən zaman onlar qələbədə Türkiyənin rolunu azaltmağa çalışırlar. Ukraynadakı səfir Elmira Axundova Ermənistanın kapitulyasiya etməsinə görə Azərbaycan dövlətinə, Azərbaycan ordusuna deyil, Rusiyaya(?!) minnətdarlığını bildirmişdi qısa müddət öncə.

“Bizə hansısa Türkiyə kömək etməyib” kimi fikir işlətmişdi. Ondan əvvəl Rusiyadakı səfir Polad Bülbüloğlu “Müxtəlif şayiələrə və ayrı-ayrı bəyanatlara baxmayaraq, Dağlıq Qarabağa Türkiyə sülhməramlıları yeridilməyəcək” demişdi. Gerçəkdən bütün bunlar təsadüf ola bilərmi? Status və siyasi keçmişinə görə sıradan sayılmayacaq bu personaların türk düşmənliyi nədən irəli gəlir? Zəfər mitinqlərində Rusiya bayrağı qaldıranlar, Azərbaycanda rusdilli məktəblərin artması üçün dəridən-qabıqdan çıxanlar, rusca düşünüb, azərbaycanca danışanlar… hamısı qəlbinin dərinliyində bu fikri müdafiə edirlər. Bəzən pıçıltı ilə, bəzənsə belə “beyinləri” çönəndə “bizi ermənidən qorumaq lazım deyil” kimi sərsəm fikirlər söyləyirlər. Bir az meydan versən, deyəcəklər ki, biz 60-70-lərdə onlarla çox yaxşı qonşu idik, erməni ustalar bizim evimizdə işləyirdi, biz onlardan nə pislik gördük ki? Balıq yaddaşlılıqmı desək, kölə psixologiyasımı, adını nə qoyursuzsa qoyun… Mənzərə bu qədər bərbaddır. Rusiya kanallarındakı ermənibaş politoloq, siyasətçi, aparıcılar kimi danışanda bunlara kim medal verir axı? Lənət şeytana, atəşkəs dönəmində dinc əhalini gülləbaran edən, mina atəşinə tutan ermənilər deyildimi? Gəncə, Tərtər, Bərdə… gözüyaşlı körpələr, dağıdılmış evlər, yarıda qırılmış həyatlar… Doğrudanmı bu rəzil düşməni xəfifə almaq olar? Onlar anlaşmaya riayət edən olublar? Gerçəkdənmi onlar arxalarına rusu alıb da, bizi zəiflətməyə çalışanda səssiz şəkildə müdriklik nümayiş etdirməliyik? Onlar Araik meymunu ilə bayraq altında şəkil çəkdirirlər, onu beynəlxalq axtarışa verdiyimiz halda bizə təhvil vermirlər…. sonra, sonra…. Bu qədər qanunsuzluq edən tərəf adekvat olmağı bacarmır axı… Bunu anlamaq üçün 70-ə qədər yaşamağa gərək yoxdu, bir az tarix oxumaq yetərlidir…

Tanıyaq bu adamları… Unutmayaq. Özlərini də, sözlərini də əsla yaddan çıxarmayaq. Vətən savaşının çatlaq səsləri, xain zərbə müəllifləridir onlar… Xain zərbələr təkcə düşməndən gəlmir, yaddan çıxarmayaq…

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər