Ru
10:19 / 22 Avqust 2020

Prezident Aparatından yayılan pandemiya

5716

Arif Əliyev
Qanundan da amansız həqiqət

Cəmiyyətimizi məhrum etdiyimiz xarici yardımları qonşu ölkələr və kənarda Azərbaycan adına fəaliyyət göstərən təşkilatlar xərcləyirlər

Pandemiyanın zərbələrini ötüşdürmək üçün iqtisadiyyat liberallaşma və investisiya tələb edir! Xub. Çox gözəl ki, indi bunu hamı bilir və hakimiyyət də, qeyri-hakimiyyət də hər çıxışında deyir.

Bəs, dayaqları sarsıdılmış “üçüncü sektor” – vətəndaş cəmiyyəti institutları necə, ayağa durmaq üçün onlar da eyni yardıma möhtac deyillərmi?!

Azərbaycanın vətəndaş cəmiyyəti üçün pandemiya çoxdan – 2014-cü ildən başlayıb. Prezident Aparatının İctimai-siyasi əlaqələr şöbəsindən yayılan virus bu sektoru kütləvi şəkildə “yoluxdurub”. Qırılan QHT-lər qırılıb (bağlanıb), canı bir az bərk olanlar süni koma vəziyyətinə salınıb (fəaliyyəti dayandırılıb), qalan “qızdırmalılar”a isə dərman vermək əvəzinə, uzun müddətdir büdcədən qaşıqla su içizdirirlər.

Vətəndaş cəmiyyəti təşkilatları maliyyə-iqtisadi təsirlərə davamiyyət baxımından ən zəif strukturlardır. Çünki onlar gəlirsiz işləyirlər və fəaliyyətləri bütövlüklə kənardan qoyulan “investisiyalar”dan asılıdır. Bu “investisiyalar”ın isə 3 mənbəyi var: ianələr, dövlət yardımları, xarici qrantlar. Bizim vəziyyətimizdə ianələrdən danışmaq yersizdir: ianə vermək nədir, heç insanlarda hər hansı ictimai quruma üzvlük haqqı ödəmək vərdişi formalaşmayıb. Yerli büdcənin qeyri-hökumət təşkilatlarının inkişafına dəstək vermək imkanları da çox məhduddur. “Dünyada analoqumuz yoxdur” deyib sinəmizə döyməklə deyil: ölkələrlə müqayisə aparmıram, tək bir Harvard Universitetinin illik büdcəsi ($5,5 mlrd.) Azərbaycan kimi dövlətin 2020-yə təhsil büdcəsindən ($1,34 mlrd.) dörd dəfə çoxdur. Bu universitetin 41 mlrd. dollarlıq Endaymenti (Yardım fondu) ilə bizim nə KİVDF-mizi, nə QHT Şuramızı, ancaq Neft Fondumuzu müqayisə etmək mümkündür. Hələ mən dünyanın qlobal yardım mərkəzlərinin imkanlarından danışmıram. Azərbaycan isə Avropa məkanında Belarusdan sonra yeganə ölkədir ki, belə imkanlardan bəhrələnmək hüququnu faktiki olaraq, öz cəmiyyətinin əlindən alıb.

***

Həmin başıbəlalı 2014-cü ildə Azərbaycanda QHT-lər və qrantlar haqqında qanunvericilik sərtləşdirildi, növbəti il Nazirlər Kabinetinin qəbul etdiyi qaydalarla ictimai təşkilatların maliyyə fəaliyyətinə ciddi məhdudiyyətlər qoyuldu, bu qaydalardan “yan keçmək” yollarını axtaranlar üçün isə İnzibati Xətalar Məcəlləsində əmlakın müsadirəsindən tutmuş, yüksək cərimələrə qədər ağır cəzalar nəzərdə tutuldu.

Məqsəd çox bəsit və bəsit olduğu qədər amansız idi. Qanunda “yardım göstərənlər də, yardım alanlar da seçim etməkdə tam sərbəstdirlər” deyilirdi, amma yeni qaydalarla bütün xarici və beynəlxalq donorlar maliyyə vəsaitlərini yalnız hökumətin (hökumətdə bir neçə adamın) müəyyənləşdirdiyi QHT-lərə, media qurumlarına yönəltməyə məcbur edilirdilər. Təbii ki, ortaq prinsiplərə söykənən, dünyanın onlarla ölkəsi ilə əməkdaşlıq edən nüfuzlu təşkilatlara belə qeyri-demokratik şərti qəbul etdirmək mümkün deyildi. Nəticədə 2013-cü ildə Azərbaycanın vətəndaş cəmiyyətinə dəstək olan 134 xarici donordan 2015-ci ildə barmaqla sayılası qədər qurum qaldı, onların da əvvəldən maliyyələşdirdikləri layihələr yekunlaşmaq üzrə idi.

Söhbətin nədən getdiyini bilməyiniz üçün hələ də qüvvədə olan Azərbaycan qaydalarını Avropa İttifaqının ən böyük fondunun qrant müsabiqəsində qalib gəlmiş bir təşkilatımızın timsalında sizə təsvir edim.

Deməli, müsabiqənin qalibi qrant müqaviləsini qeydiyyata aldırmaq üçün Ədliyyə Nazirliyinə ərizə verməlidir. Ərizəyə müraciət edənin şəxsiyyətini və səlahiyyətini təsdiqləyən sənədlər, müqavilənin və nəzərdə tutulan layihənin əsilləri əlavə olunmalıdır. Amma əvvəlcə donorun Azərbaycan ərazisində qrant vermək hüququ tanınmalı (?) və hər bir qrant müqaviləsi üzrə ayrıca (!) təsbit edilməlidir. Buna görə qrantın məqsədəmüvafiq hesab edilməsi barədə ikinci ərizə və layihənin maliyyə-iqtisadi əsaslandırılması tələb olunur. Ədliyyə Nazirliyi “məqsədəmüvafiqliyə dair rəy” almaq üçün lazımi sənədləri Maliyyə Nazirliyinə göndərir. Maliyyə Nazirliyi qrantın məqsədində və əsaslandırılmasında qeyri-dəqiqlik (?) görürsə, rəy verməkdən imtina edir. Qrantın yönəldildiyi sahənin ehtiyaclarının dövlət tərəfindən ödənilməsi də (?) onun məqsədəmüvafiq hesab olunmaması üçün əsas sayılır. Maliyyə Nazirliyinin rəyi mənfi olduqda qrant qeydiyyata alınmır. Rəy müsbət olarsa, onda Ədliyyə Nazirliyində sənədlərin araşdırılması prosesi başlanır. Təftiş edilən, yoxlanılan məlumatları bir-bir sadalamıram, ancaq ərz edim ki, hətta müqavilənin müddəalarının “aydın ifadə olunmaması”, tədbirlərin “dəqiq göstərilməməsi” bəhanəsi ilə də ərizəçiyə rədd cavabı vermək mümkündür. Qeydiyyata alınmayan müqavilələr üzrə əməliyyatların aparılması qadağandır, qaydaları pozanları isə 1000 manatdan 15000 manatadək cərimə gözləyir.

İndi təsəvvürünüzə gətirin ki, Aİ fondunun qrantını Azərbaycanda Maliyyə Nazirliyi məqsədəmüvafiq saymır, yaxud Ədliyyə Nazirliyi 12 səbəbdən birini əsas götürüb müqaviləni qeydiyyata almır. Bundan sonra Aİ fonduna beynəlxalq müsabiqənin baş tutmadığını elan etməkdən, yaxud yarım illik seçim prosesini yenidən təkrarlamaqdan savayı nə qalır? Əlbəttə, belə şəraitdə xarici və beynəlxalq donorların Azərbaycanın vətəndaş cəmiyyətinə birbaşa dəstək proqramlarını dayandırması anlaşılandır.

Amma xarici fondların gününə ağlamaq lazım deyil. Vətəndaş cəmiyyətinin inkişafına beynəlxalq yardımları həvəslə qəbul edən o qədər ölkə var ki! Biz öz vətəndaş cəmiyyətimizin halına, yerli QHT-lərimizin kədərli taleyinə acımalıyıq.

İanə nə olduğunu bilməyən, iri donorlardan da əli üzülmüş qeyri-kommersiya təşkilatlarımız bütünlüklə hökumət mənbələrinin ümidinə qalıb. Yerli fond və şuraların maliyyələşdirdikləri kiçik büdcəli (rəsmi məlumata görə, hər qranta orta hesabla 8 min manat ayrılır) layihələrdən isə “Fatıya tuman” olmur – onlar nəinki hansısa ciddi problemin həllinə nail olmağa, heç bunun üçün işə götürülənlərə əməkhaqqı ödəməyə bəs eləmir. Beləcə, QHT-lər cılızlaşdırılırlar, imitasiyaya öyrədilirlər, hökumətin “züytutanına”, hətta bir sıra hallarda korrupsiya sisteminin əlavəsinə çevrilirlər. Eynilə media kimi. Bu bənzərlik özü də təsadüfi deyil, çünki hər iki institutun çökdürülməsi prosesi bir mərkəzdən idarə olunub.

***

Həmin prosesə start verilən ərəfədə – 2013-cü ildə qeyri-hökumət təşkilatları xaricdən ölkəyə 30 mln dollardan artıq məbləğdə yardım gətirmişdilər. Vəsaitin üçdə ikisindən çoxu elm və təhsilə, maarifləndirməyə, uşaq və qadın problemlərinin həllinə, mediaya, səhiyyəyə, sosial sahələrə yönəldilmişdi. Bütün rəqəmlər Ədliyyə Nazirliyinin köhnə hesabatlarında əksini tapıb. Çünki o zaman da nəzarət var idi, amma bu nəzarət zəruri həddə idi. Gələn vəsaitdən vergilər ödənilirdi, dövlət ümumi qaydada xərclərə, icra olunan layihələrə göz qoyurdu…

Təbiətdə heç nə itmir. İndi qaçırtdığımız xarici yardımları qismən regionda qonşu dövlətlər, qismən də ölkədən kənarda Azərbaycan adına fəaliyyət göstərən, əsasən 2014-cü ildən sonra yaradılmış təşkilatlar xərcləyirlər. Nə nəzarət var, nə vergi, nə bizə gözəgörümlü bir fayda. Yerli QHT-lərin isə bütün yükü dövlət büdcəsinin boynuna yüklənib. Absurd vəziyyət yaranıb: tədricən hökumətin bir sıra qayğılarını üzərinə götürməli, dolayısıyla büdcəni “yüngülləşdirməli” olan QHT-lər özləri bütünlüklə ondan asılı vəziyyətdə qalıblar.

İşi çətinə düşən vətəndaş cəmiyyətinə müraciət edir: o, ictimai nəzarəti təşkil etməlidir, maarifləndirməlidir, islahatlara dəstək verməlidir, korrupsiyaya qarşı mübarizədə fəal olmalıdır, sosial şəbəkələrdə tərbiyəsizliyə təpki göstərməlidir və nəhayət, pandemiya əleyhinə hökumət tədbirlərinin təsirini artırmaq üçün əlindən gələni əsirgəməməlidir. Amma bu müraciətlər əslində kimədir? Yox, onların konkret ünvanı yoxdur. Çünki həqiqət bizim qeyri-hökumət təşkilatları haqqında qanunvericiliyimizdən də amansızdır: ölkədə güclü vətəndaş cəmiyyəti strukturları formalaşmayıbsa, deməli, belə bir cəmiyyət də formalaşmayıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər