Ru
13:10 / 17 Oktyabr 2019

Prezidentə qarşı çıxan məmurlar kimlərdi? – Deputatdan önəmli açıqlamalar

8638
Ötən gün ölkə başçısı İlham Əliyevin iqtisadi müşavirədə mətbuatımızla bağlı söylədiyi kəskin bəyanatları ciddi müzakirə mövzusuna çevrilib.


Məsələ ilə bağlı BakuPost-a danışan Millət vəkili Fazil Mustafa bildirib ki, ölkə başçısının bu mövqeyini cəmiyyət olaraq fəallıqla dəstəkləməliyik.


- Fazil müəllim, prezidentin ötən gün iqtisadi müşavirədə mətbuatla bağlı iradlarına münasibətinizi bilmək maraqlı olardı...

-Birinci növbədə bu proses Milli Məclisdən başlamalıdır. Milli Məclisdə imkanlar daha da genişlənsə, tənqidi fikrə daha çox yer verilsə, yaxşı olar. Çünki biz burda kifayət qədər müxtəlif sahələrdə olan məmurların fəaliyyəti ilə bağlı açıq fikirlər səsləndiririk. Birinci Milli Məclisdən başlamalıdır sözünü ona görə deyirəm ki, əsas qanunverici orqanda daha ixtisaslaşmış şəkildə, daha da peşəkar formada ölkədə olan problemlərin islahatların aprılması istiqamətində atılan addımların müəyyən neqativ tərəflərinə diqqət yetirilə bilir. İkinci, medianın sərbəstliyi qorunmalıdır. Mediada alternativ fikirlərin müəyyən dərəcədə dözümlü qarşılanmasına ehtiyac var. Əgər bu olarsa, tamamilə fərqli bir situasiya yaranar. Üçüncü isə siyasi partiyalarla dialoq zəminində bunu etmək olar. Çünki siyasi partiyaların islahatlara dəstək xarakterli bir neçə toplantısı olub ki, biz də orda iştirak etmişik. İndiyə qədər o sənədlərə hər hansı bir şəkildə münasibət bildirilməyib. Eyni zamanda düşünürəm ki, Qeyri-Hökumət Təşkilatlarının da araşdırmalarına etibar etmək lazımdır. Fikir vermisinizsə ölkə Prezidenti səmimi şəkildə dilə gətirdi ki, niyyətimiz nədir və bizə qarşı yaradılan maneələr nədən ibarətdir.

- Belə bir vəziyyətdə konkret hansı addımlar atılmalıdır?

- Prezidenti informasiya ilə qidalandıran cəmiyyət mexanizmi işə düşməlidir. Cəmiyyət mexanizmi işə düşməsə, hər bir məmur ancaq şəxsi intriqa zəminində məsələlərin başqasının üzərinə yıxılmasına, başqasını gözdən salmağa yönələn informasiyalar daşıyacaq. Belə bir vəziyyətdə də cəmiyyətdə sağlam informasiya almaq çətin olacaq. Prezidentin bu mövqeyini cəmiyyət olaraq fəallıqla dəstəkləməliyik. Amma dəstəkləmək imkanları bir az genişlənməlidir. Dediyim kimi, bir az tənqidi mətnin hüdudları genişlənməlidir ki, ölkə prezidenti məsələlərin daha dəqiq haradan qaynaqlandığını görə bilsin. Hesab edirəm ki, bu çıxış da son illərdə cəmiyyətə verilən ən açıq mesajdır. Bu fikirləri birmənalı olaraq dəstəkləyirik. Ölkədə islahatın alternativi yoxdur. Bu islahatı imitasiyaya çevirmək istəyən qüvvələr var. Ona görə də düşünürəm ki, Prezidentin bu səmimi islahat kursunu dəstəkləmək istəyən qüvvələrə meydan verilməsi daha doğru olar.


- İslahatı imitasiyaya çevirmək istəyən qüvvələr daha çox hansı sahələrdədir, kimlərdi?



- İslahatı əngəlləyən adamlar həm də “islahatçılardır”. Bunlar məhkəmədə, hüquq -mühafizə orqanlarında hər yerdə var. Ona görə də bu məsələlərə daha fundamental yanaşmaq lazımdır.


- Fazil bəy, Prezidentin çıxışında mətbuatla bağlı başqa bir məqam da var idi: mətbuat bütünlüklə məmurların əlindədir. Bunu necə tənzimləmək olar ki, mətbuat məmurların əlində olmasın?..

- Mətbuatın iqtisadi təməli, reklam bazarı doğru qurulmalıdır. Sərbəst iqtisadi mühit olanda hər kəs özünün rəqabət mühitində özünü təbliğə maraq göstərəcək. Bunu da mətbuat vasitəsi ilə həyata keçirəcək. İndi mətbuat kimi reklam edə bilir? Ancaq məcbur olduğu, yaxud da direktiv olaraq söylənilənləri. Ona görə də mətbuat asılı olur. Mətbuatın müstəqilliyi çox vacibdir. Hesab edirəm ki, iqtisadi sistemdə işləyən bu cür mexanizmi dəyişməsək, mətbuatın müstəqilliyinə nail ola bilməyəcəyik. Parlamentin özünün cəmiyyətə çıxışı olmalıdır. Məsələn, parlamentin televiziyası yoxdur. Biz parlamentdən hər hansı bir fikrimizi cəmiyyətə çatdıra bilmirik. Əvvəllər bunu bir az sosial şəbəkə vasitəsi ilə edirdik. Amma indi bu da qadağan olunub. Belə bir vəziyyətdə bu məsələləri informasiya olaraq heç bir yerdən əldə edə bilmir? Bu məkanların müəyyən mənada imkanları açılmalıdır. İmkan verilməlidir ki, ən azı sosial mediada fikrlərimizi çatdıraq. Çünki sosial media artıq mətbuatımıza, televiziyalarımıza qalib gəlir. Sosial media artıq ictimai fikri idarə edən əsas mexanizmə çevrilib. Əslində, bu sosial şəbəkələrin mahiyyəti də bir qədər düzgün anlaşılmayıb. Bütün məmurlar, yaxud da siyasətçilər hansılar ki, əvvəllər sosial şəbəkələrə fikir verməyənlər, ciddi yanaşmayanlar indi hamısı doluşub ora. Elə bilirlər, bəlkə, orda çoxluq yaratmaqla nələrsə etmək olar. Belə çoxluqla nə isə həll olunsaydı, Cənubi Azərbaycanda azərbaycanlılar üçün məktəblər olardı. Çoxluqla deyil, keyfiyyətlə həll olunur məsələlər. Ona görə də düşüncə sərbəstliyi olmayanda problemlər olduğu kimi qalır.

- Sosial mediadan istifadə qadağınızın olduğunu söylədiniz. Düz başa düşdük?


- Milli Məclisdə səsləndirdiyimiz fikirləri hər hansı bir şəkildə ictimaiyyətə çatdırmağa icazəmiz yoxdur. Mən əvvəllər bunu video şəkilində telefonla çəkib paylaşırdım. İndi Milli Məclisdə bunun yolverilməz olduğu bildirildi. Fikirlərimiz heç bir yerdə yayımlanmır. Ancaq jurnalistin ümidinə qalmışıq. Jurnalist ordan iki cümləni çatdırırsa, hesab olunur ki, bununla da həll olunur. O cümlələrin də bəziləri elə redaktə olunur ki, özüm də təəccüblənirəm ki, bu sözləri mən demişəm?




Günel
BAKUPOST


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər