Ru
09:01 / 24 Noyabr 2020

Prezident və xanımı məscidə ayaqqabılı girsəydilər...

2192

Şəhriyar Del Gerani

(Feysbuk statusu)

Mən, cənab Prezidentlə də, Mehriban xanımla da görüşlərimizdə onların nə qədər sadə, nə qədər həssas və kübar olduqlarını sosial şəbəkədəki təəssürat yazılarımda bildirmişəm. Məxsusən, Mehriban xanımın poeziya duyumu, şeir zövqü məni valeh etmişdi. Şeir üzərinə qısa dialoqumuz olmuş, son dərəcə yüksək mədəniyyətlə məndən imzalı kitab da istəmişdi. Məhz "İmzalı kitab" istəməsi çox mətləblərə işıq tutur. Sözüm onda yox. Az öncə mübarək Ağdamın müqəddəs Məscidindən fotolar yayımlanıb, deməli, Prezident və xanımı məscidin qapı divarlarını öpüb içəri ayaqyalın daxil olublar, üzü qibləyə Şəhidlərimiz ruhuna "Fatihə" oxuyub, dualar ediblər.

Sosial şəbəkədəki reaksiyalardan belə görürəm, mütləq əksəriyyət bunu gözləmirmiş. Hətta, heyrətlə yanaşanlar çoxluq təşkil edir. Şəxsən mən, tamamilə əksinə heyrət edər idim. Ki, Prezident və xanımı Məscidə biganə addımlarla və ayaqqabılı girsəydilər. Burdan belə qənaətə gəlmək olar ki, biz hələ də nə ölkə başçısını, nə də xanımını yaxşı tanımırıq. Bəli, bütün sorunlar da burdadır.

Bu möhtəşəm son olayların ən gözəl tərəflərindən biri də bu oldu ki, biz onları yaxşı tanıdıq. Biz bütün tərəfləriylə gördük ki, əslində, onlar da Bizdən Biridirlər. Əlbəttə, burda bütün günahları Bizim, yəni Xalqın çarıqlı ayağına yazmıram. Burda bir az da onların öz səhlənkarlıqları var. Nədən ki, Bizə daha öncələrdən və daha aydınlığıyla, hamının başa düşə biləcəyi tərzdə göstərməliydilər yalın ayaqların ehtiramını. Olsun. İndi də gec deyil.

Bəlkə də, elə tam zamanıdır. Allah o müqəddəs Məscid xatirinə, Şəhidlərimizin mübarək üzünün hörmətinə bu möhtəşəm xalqa xəyal qırıqlığı, məyusluq yaşatmasın. Tezliklə öz elimizə, obamıza qayıdış edib səadətli ömür sürək. Allah bu xalqa sevərək rəhbərlik edən, bu Dövləti öz namusu, bu bayrağı öz qeyrəti bilən bütün xadimlərimizə, bütün məmurlarımıza bu haqq işdə yar olsun. Allah necə haqdı!



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər