Ru
14:51 / 17 Oktyabr 2019

Prezidentin kəskin çıxışı: hansı problemlər həll olunacaq? – Ekspertin şərhi

6880

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev ötən gün iqtisadi məsələlərə həsr edilmiş müşavirədəki çıxışı zamanı xərcləri şişirdərək büdcə vəsaitlərini mənimsəyənlər barəsində sərt fikirlər səsləndirib. Belə ki, Prezident İlham Əliyev bildirib ki, dövlət qurumları hər ilin sonunda büdcə müzakirə olunarkən sifarişlər göndərirlər. Və orada “havadan götürülmüş rəqəmlər” yazırlar.

Müşavirə ilə bağlı iqtisadçı ekspert Rövşən Ağayev BakuPost-a açıqlama verib. Onun sözlərinə görə müşavirədə səsləndirilən məsələlərin həlli üçün zəruri mexanizmlərin yaradılması lazımdır:


“Xəbərdarlıqlarla işlər həll olunmur”

“Dünənki müşavirə əsasən iqtisadi məsələlərə həsr olunmuşdu. Burada xeyli önəmli mesajlar oldu. Həm islahatların gedişi ilə bağlı, həm də perspektivləri ilə əlaqədar təhlillər oldu. Mənim diqqətimi bir analitik kimi, orada islahatların gedişi ilə bağlı narahatlıqlar çəkdi. Müşavirədə daha çox kadrların üzərində fokslanma vardı. Burada yeni kadrların daha yaxşı işləməsi, köhnə kadrlarla bağlı problemlər səsləndi və s. Prinsip etibarilə kadrların əhəmiyyətini mən də danmıram. Kadr peşəkar olmalıdır. Amma kadrlardan daha önəmli olan institutlar və mexanizmlərdir. Ən yaxşı kadr belə, zəruri mexanizmlər olmasa, işləyə bilməyəcək.

Misal üçün hesab edək ki, bir meyvə bağı salırıq. Burada yaxşı aqronomlar, suvarma sistemləri, mütəxəssislər ola bilər.
Amma bütün bu şəxslərin işləməsi üçün də bir infrastruktur, mexanizm olmalıdır. Dövlət idarəsi də belədir. Fikrimi əsaslandırmaq üçün deyim ki, ölkə prezidenti büdcə vəsaitlərinin səmərəsiz xərclənməsi ilə bağlı iradını bildirərək, deyib ki, şişirdilmiş rəqəmlər təqdim olunur. Büdcə vəsaitlərinin istifadəsində rəqəmləri şişirdərək daha çox vəsait almağa çalışırlar.
Əslində, bu məmurların korrupsiyaya bulaşmasına bir mesaj idi ki, dövlət büdcəsi bu şişirdilmiş rəqəmlər vasitəsilə mənimsənilir. Amma bu xəbərdarlıqlarla, hüquq-mühafizə orqanlarının sərt nəzarəti ilə də işlər kökündən həll olunmur. Hansısa məmur tutulur, yerinə yenisi gəlir. Oxşar mexanizmlər çalışır və s.



Həmişəki mövqeyimdə qalıram: gerçək islahatıardan söhbət gedirsə, 3 sütun öz yerində olmalıdır:

1. Əksmərkəzləşmə islahatı baş verməli, yerli və regional səviyyədə vətəndaşı onların səsilə formalaşan, qarşısında hesabatlı və məsiliyyətıi olan seçkili təsisatlar yönəltməlidir;
2. Büdcənin səmərəsiz və israfçı xərclənməsinin qarşısını yalnız nəticə və proqram əsaslı büdcə mexanizminə keçidin təcili başa çatdırılması təmin edə bilər. Bu islahat isə 2 siyasi islahatın paralel baş verməsi ilə nəticəli olur: Birinicisi, hər bir nazir (dövlət agentliyi) öz proqram və strategiyası ilə parlamentdən vəsait istəyir, sonra da xərclədiyi vəsaitin hesabatını özü verir. Yoxsa maliyyə naziri çıxıb bütün büdcə xərcləmələrinin məsuliyyətini öz üzərinə götürmür. İkinci ən vacib məqam - büdcəyə effektiv və peşəkar nəzarət imkanı olan, hər qəpiyin hesabını soran parlament formalaşır;
3. Effektiv ictimai nəzarət insitutlarına hər cür şərait yaradılır. Söhbət təkcə müstəqil və azad mediadan yox, eyni müstəqilliyə malik QHT-lərdən, alternativ siyasi institutardan gedir.

Gerçək islahat üçün ən təməl institusional şərtlər bunlardır. Gerisi artıq peşəkar texnokrat məmurların görəcəyi işdir.
Ən sərt administrativ təzyiq rıçaqları belə arzuolunan nəticəni əldə etməkdə gücsüzdür”.


Ekspert hesab edir ki, bunun qarşısının alınmasının ən sadə yolu ilk növbədə büdcə vəsaitlərinin səmərəli xərclənməsi üçün büdcə hesabatlılığı çox sərt və dünyada mövcud olan mexanizmlərə uyğun qurulmasına bağlıdır: “Əvvəla nəticə əsaslı büdcəyə keçid sürətləndirilməlidir. Düşünürəm ki, çox qısa müddətdə bu proses baş verməlidir. Hansı ki, 2016-cı ildə hökumətin qəbul etdiyi yol xəritəsində bu məsələ var idi. Təəssüflər olsun ki, artıq 2020-ci ilin büdcəsi müzakirə olunur, amma qeyd etdiyim büdcəyə keçid 4 il ərzində hələ də ləngiyir. Doğrudur, müəyyən sənədlər qəbul edilib, lakin proses arzu olunanadan çox gec gedir. Hətta belə desək, yaxın 4-5 il ərzində bu prosesin başa çatacağı xeyli dərəcədə qaranlıq görünür”.

“Bütün qaranlıq məqamlar ortaya çıxacaq”


Ekspertin sözlərinə görə, nəticə əsaslı büdcəyə keçiddən sonra müəyyən proseslər sürətlənəcək və qaranlıq məqamlar ortaya çıxacaq: “Bu proses baş verdikdən sonra, artıq indiki təcrübədəki kimi hər hansı bir nazir gəlib parlament qarşısında büdcədən vəsait istəməyəcək.
Prezidentin də qeyd etdiyi kimi, büdcəni şişirtməyə çalışan hər bir məmur özü gəlib parlament qarşısında layihələrini əsaslandırmalı olacaq. Sonra il ərzində o layihələr icra olunduqdan sonra məmurlar gəlib nəticələr haqqında parlamentə hesabat vermə öhdəliyi daşıyacaqlar. Artıq orada bütün qaranlıq məqamlar ortaya çıxacaq. Yəni, siz hansı layihəni işləmisiniz, hansı nəticələri əldə etmisiniz və s. Bu gün Azərbaycanda nəticəyə görə büdcə yoxdur.

Məsələn, təhsil üçün parlamentdən 2 milyard pul istəyirsən. Amma bu məbləğin qarşılığında nəticə necə olacaq? Bir il müddətində təhsilin bütün növlərinin keyfiyyətində nə dəyişəcəkdir? Bütün bunlar peşəkar məsələləridir. Sərt tənqid önəmlidir, ancaq daha önəmlisi mexanizmlərin yaradılmasıdır. Əgər o tənqidlərin davamından sonra Azərbaycanda peşəkar insanların da bir araya gələrək ölkədə institutların və mexanizmlərin yaradılması istiqamətində, qanunvericiliyin təkmili istiqamətində ciddi addımlar atılacaqsa nəticə olacaq. Əks halda mümkün deyil”.

“Bu gün dövlət qurumlarının saytları çox bərbad vəziyyətdədir”

Ekspert əlavə edib ki, ictimai nəzarətin olması üçün media və vətəndaş cəmiyyətinin məlumatlara əlçatanlığı təmin olunmalıdır:
“Müşavirədə doğru olaraq qeyd olundu ki, ictimai nəzarət olmalıdır. Bilirsiniz ki, ictimai nəzarətin əsas institutlarından biri mediadır. Ölkədə müstəqil media olmalıdır. Yəni media qurumlarının istənilən büdcə ilə bağlı məlumatı almaq, analiz etmək, nəticə çıxarmaq imkanı olmalıdır. Amma bu gün media istədiyi məlumatları əldə edə bilmir. İkincisi vətəndaş cəmiyyətidir. Hansı ki, bunu biz təşkil edirik. Müstəqil ekspertlərin, vətəndaş cəmiyyəti institutlarının hökumətdən asılı olmadan müstəqil öz fəaliyyətini qurmaq imkanları olmalıdır. Bu gün dövlət qurumlarının saytları çox bərbad vəziyyətdədir.

Ordan istədiyin və zəruri məlumatları tapmaq mümkün deyil. Əsasən lazım olmayan məlumatları yükləyirlər statistikaya. Amma lazım olan məlumatların heç birini yükləmirlər. Yaxud da, buraxılan hesabatlara baxaq. Yerli icra hakimiyyətlərindən tutmuş, nazirliklərə qədər hamısının buraxdığı hesabatlarda lazım olan ən zəruri məlumatları tapmaq olmur. Hansı ki, ictimai nəzarət üçün ilk addım məlumat bolluğu və informasiya əlçatanlığından başlayır.

Ona görə də media və vətəndaş cəmiyyəti informasiya əlçatanlığı probleminin həlli mütləqdir. Hələ bunun üzərinə alternativ siyasi qüvvələri gəlmək lazımdır. Ölkədə alternativ siyasi qüvvələrin hökuməti analiz etmək, nəzarət etmək imkanları olmalıdır. Bütün bu institutlar birlikdə çalışmırsa ictimai nəzarət mexanizmi də formalaşmır”



Afaq Rza
BAKUPOST

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər