Ru
09:52 / 23 Yanvar 2021

Qarabağda mina kabusu - Hərbçilərimizin səhlənkarlığı, yoxsa təsadüf?

2658
Şair Ramaldanov: “Bəlkə də, düşünürlər ki, meyvə bağında, evin qapısında mina basdırılmaz...”

İki gün öncə Azərbaycan Ordusunun daha bir əsgəri minaya düşüb. Hərbi qulluqçu Cavadov Rəşad Fərzəli oğlu mina partlayışı nəticəsində şəhid olub. Müdafiə Nazirliyinin verdiyi məlumata görə, hadisə ilə əlaqədar araşdırma aparılır.

Qeyd edək ki, 44 günlük müharibədən sonra keçən müddətdə mina partlayışı nəticəsində ümumulikdə 10-nəfərdən yuxarı mülki vətəndaşımızı və hərbçimizi itirmişik. 30 ilə yaxın işğal altında saxlanan ərazilərimizdə ermənilərin minalama həyata keçirdiyi əvvəldən məlum idi. Torpaqlarımız azad olunduqdan sonra bir daha bəlli oldu ki, çox böyük miqyaslı minalanma həyata keçirilib. Mina problemi qarşımızda duran ciddi problemdir. Artıq xeyli müddətdir ərazilərin minalardan təmizlənməsi prosesi gedir. Lakin ekspertlər bildirir ki, bu prosesin tezliklə problemi tam həll etməsi mümkün deyil. Deməli, hərbçilərimiz və əraziyə gedib-gələn mülki vətəndaşlar üçün təhlükə də qalır.


Hərbi ekspert, polkovnik Şair Ramaldanov bildirdi ki, mina təhlükəsi ciddidir və hərbçilərimiz müəyyən edilmiş ərazilərdən kənar yerlərdə hərəkət etməməlidirlər: “Azad edilmiş ərazilərimizdə şəxsi heyətə minalarla bağlı təlimatlandırma işləri mütəmadi olaraq aparılır və aparılmalıdır. Ona görə ki, ərazidə mina təhlükəsi mövcuddur. Ərazi işğaldan yeni azad olunub və minalanmış sahələrin heç də hələ hamısı təmizlənib başa çatmayıb. Bu iş uzun müddət tələb edən işdir. Mən bilirəm ki, ərazilərdə yerləşən hərbi hissələrdə hərəkət üçün istiqamətlər müəyyənləşdirilib, yollar, cığırlar müəyyənləşdirilib. Hərbçilərə təlimat verilib ki, müəyyənləşdirilmiş həmin hərəkət istiqamətlərindən kənara çıxmaq olmaz. Mühəndis istehkamçılar tərəfindən əraziyə xüsusi xəbərdarlıq nişanları qoyulub, təhlükəli ərazilər qeyd olunub.

Ona görə də əlbəttə tam şəkildə həmin hərbi hissənin mühəndis istehkamçıları ilə komandir heyəti tərəfindən verilən təlimatlara uyğun hərəkət edilməlidir. Belə olsa, qadağan olunan ərazilərə girilməsə, təlimatlara tam riayət olunsa minaya düşmək kimi bədbəxt hadisələrdən yayınmaq olar. Ancaq təəssüf ki, bəzi hallarda istər hərbçilərin, istər mülki şəxslərin həvəslənib məsələn, ərazidəki meyvə bağlarına, yaşayış məntəqələri olmuş yerlərə daxil olurlar. Mümkündür ki, məhz həmin ərazilərdə də mina basdırılıb. Deməli, bu halda minaya düşmək riski böyük olur. Mən buna səhlənkarlıq deməzdim, bəlkə də, düşünürlər ki, meyvə bağında, hansısa evin qapısında mina basdırılmaz, ona görə də əraziyə daxil olurlar. Nəticədə də bədbəxt hadisə baş verir. Halbuki bütün hərbi hissələrdə kiçik komandirlərdən hərbi hissə komandirinə qədər hər kəs əsgərlərimizə yoxlanılmayan, minalardan təmizlənməyən yerlərə getməmək barədə təlimatlandırma aparırlar. Yerlər haqqında mütəmadi məlumatlandıra həyata keçirilir. Sadəcə, təllimatlara və qadağalara əməl etmək lazımdır. Araşdıranda məlum olur ki, bəzən hörmətli əsgərlərimiz həvəslənib hərəkət trayektoriyalarından bir qədər kənara çıxırlar. Minaya düşmə halları məhz bunun nəticəsində baş verir. Təlimat və qadağalara riayət olunsa, minaya düşmək kimi bədbəxt hadisələr ya çox az olar, ya da heç olmaz"

Ekspert xatırlatdı ki, müharibədən öncəki dövrdə təmas xətti mövcud olanda da bəzən minaya düşmə halları olurdu. Şair Ramaldanov onu da dedi ki, əraziyə mina döşəyən tərəfdə xəritə olmalıdır və şübhəsiz ki, Ermənistan Müdafiə Nazirliyində bu xəritə mövcuddur. O sənədlər məxfi sənədlərdir, itə bilməz. Beynəlxalq konvensiyaya görə Ermənistan həmin xəritəni Azərbaycana təqdim etməli idi: “Bu, sadəcə tövsiyə edilir. Lakin Ermənistan buna əməl etmədi. Ancaq elə bir təzyiq mexanizmi yoxdur ki, erməniləri o xəritələri Azərbaycana verməyə məcbur eləsin. Digər tərəfdən Ermənistan deyir ki, ərazini guya Dağlıq Qarabağdakı ”yerli hərbi qüvvələr" minalayıb, xəritə varsa da onlardadır. Eyni zamanda deyilir ki, mülki şəxslər və qurumlar da minalama işinə cəlb olunublar. Ona görə də bu məsələdə müəyyən bir qarışıqlıq var. Sanki Qarabağda kimin əlinə imkan düşürmüşsə mina basdırırmış. Nəticədə qarmaqarışıq bir vəziyyət ortaya çıxıb. Mən sizə deyim ki, belə bir vəziyyətin nəticəsində hətta bəzən Rusiya sülhməramlı əsgərlərindən və ermənilərin özlərindən də minaya düşənlər olur. Bu, onu göstərir ki, bəzi minalanmış sahələr heç kim tərəfindən qeydə alınmayan, qorunmayan sahələrdir. Birinci Qarabağ savaşı dövründə minalanmış ərazilər də var ki, o ərazilər də qeyri-müəyyəndir. Odur ki, hər kəs bilməlidir, işğaldan azad edilən ərazilər bu cür təhlükələrlə doludur. Biz illərlə bu problemlə yaşamalı olacağıq"./Musavat.com
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər