10:25 / 21 Oktyabr 2021

Qarabağda universitetlər açılmalıdır - Şahlar Əsgərov

1128
“İşğal nəticəsində dağıdılan mindən artıq təhsil müəssisəsi ölkədəki mövcud təhsil ocaqlarının demək olar ki, dörddə bir hissəsini təşkil edir. Bu isə heç də kiçik rəqəm deyil. Bu səbəbdən də azad olunmuş ərazilərdə təhsil müəssisələrinin yenidən qurulması, bərpası müəyyən zaman alacaq. Ancaq dövlətin apardığı məqsədyönlü iqtisadi siyasət nəticəsində bu ərazilərdə təhsil infrastrukturunu bərpa etmək mümkün olacaq”.

Bakupost.az xəbər verir ki, bunu Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyib.

Professorun fikrincə, rayon mərkəzlərində müasir standartlara cavab verən təmayül tipli təhsil müəssisələri, digər yaşayiş yerlərində, kənd və qəsəbələrdə isə əhalinin sayına uyğun modul tipli məktəblər qurulmalıdır. Ancaq bir müddətdən sonra əhalinin artım tempinə uyğun olaraq bu ərazilərdə bütün tələblərə cavab verən böyük tutuma malik təhsil müəsisələri tikmək vacibdir.

Ş. Əsgərov bildirib ki, işğaldan azad olunan ərazilərdə ali təhsil müəssisələrinin açılması zəruridir. Bu təhsil müəssisələri regionda ixtisaslı, savadlı kadrların sayının daha da çox olmasına, gələcəkdə həmin ərazilərdə bütün sahələr üzrə mütəxəssislərin yetişməsinə zəmin yaradacaq:

“Fikrimcə, azad olunmuş yerlərdə məskunlaşan insanların Bakıda yox yaşadıqları bölgələrdə ali təhsil alması məsələsinə mütləq baxılmalıdır. Məhz bu ərazilərdə Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti kimi təhsil müəsisələrinin filiallarının açılması zəruridir. Şuşa və Ağdamda müasir standartlara uyğun universitetlər yaradılmalıdır. Bu təhsil ocaqlarında ən son texnologiya ilə təchiz olunmuş laboratoriya, idman zalı, kitabxana təşkil edilməlidir. Təlim-tədris prosesini yüksək səviyyədə aparmaq üçün bütün standartlara cavab verən auditoriyaların olması isə vacib şərtlərdəndir”.

Sevinc
BakuPost
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər