Ru
14:36 / 27 Noyabr 2020

Qarabağın bayraqdarı - Tarixin zəfər yürüşü...

2842
(Arxiv materialları əsasında)

Dağlıq Qarabağ münaqişəsinin digər etniktəmayüllü və ya sərhədyanı əhali və ərazi problemləri ilə analogiyasının aparılması tarix və beynəlxalq hüquq baxımından obyektiv və düzgün olmazdı. Məhz bütün beynəlxalq sənədlərə və Helsinki Yekun Aktına görə bu belədir.
Birincisi, burada yaşayan ermənilər azərbaycanlılar kimi xalqların
öz müqəddəratını təyin etmək hüququ prinsipinə əsasən bir dəfə dövlətlərini yaradıblar və yeni dövlət yaradılması “ideyası” absurddur.

İkincisi, Cənubi Qafqazın hər üç respublikası (Gürcüstan, Azərbaycan, Ermənistan) öz dövlət müstəqilliyini elan edəndə (Paris Sülh Konfransı daxil), habelə SSRİ-yə daxil olunanda bu ərazi de-fakto və de-yure Azərbaycanın tam ərazisi kimi müəyyən edilmiş, bu çərçivədə tanınmış və bir-birilərilə əlaqələr qurmuşlar.
Eləcə də 1991-ci ildə istiqlaliyyətlərini bərpa etdkləri zaman
bu çərçivədə BMT-nin subyektinə çevrilmişlər.
Birgə yaşayış məsələsinə gəldikdə beynəlxalq ictimaiyyət bilməlidir ki, XX əsrdə dəfələrlə azərbaycanlılar ermənilər tərəfindən soyqırıma və deportasiyaya (1905, 1918, 1948, 1953-cü illərdə) məruz qalmalarına baxmayaraq, iç-içə yaşamış və sivil münasibətdə olmuşlar.

I hissə

1988-ci ildə başlanan və 1991-ci ildən etibarən Ermənistanla Azərbaycan arasında müharibəyə gətirib çıxaran münaqişənin kökündə Ermənistanın tarixi Azərbaycan ərazisi olan Qarabağa ərazi iddiaları durur. Erməni tarixçiləri və siyasətçiləri qədim dövrdə mifik heç bir konkret fakta və sübuta arxalanmadan “Böyük Ermənistan” torpaqlarının guya müasir Azərbaycan Respublikasının müəyyən hissəsini də əhatə etdiyini, Dağlıq Qarabağ və onun ətrafının həmin uydurma “Böyük Ermənistan” ərazisinin bir hissəsi olduğunu isbat etməyə çalışırlar. Bundan çıxış edərək daha bir saxta konsepsiya ortaya qoyulur ki,
guya ermənilər qədim zamanlardan Dağlıq Qarabağın yerli əhalisi olublar və buradakı maddi və mənəvi irs guya onlara məxsusdur. Beləliklə, erməni ideologiyası Dağlıq Qarabağın Azərbaycanla heç bir bağlılığının olmadığını, azərbaycanlıların ulu əcdadlarının bu bölgədə yerli deyil, gəlmə xalq olduğunu əsaslandırmağa çalışır.
Bütün bu saxta iddiaların əksinə olaraq tarixi mənbələr birmənalı olaraq sübut edir ki, istər qədim dövrdə, istər orta əsrlərdə Qarabağ ərazisi
Şimali Azərbaycanın, yəni indiki Azərbaycan Respublikasının ərazisi ilə bağlı olmuş və Qarabağın Ermənistana və yaxud ermənilərə məxsusluğunu təsdiqləyən bir ciddi tarixi fakt yoxdur. E.ə. IV əsrdən e.ə. VIII əsrədək Qarabağ ərazisi bütün dünya elmi tərəfindən Azərbaycan dövləti kimi tanınan Albaniya dövlətinin tərkibinə daxil idi. Yeri gəlmişkən, erməni tarixçiləri Azərbaycana qarşı ərazi iddialarını “əsaslandırmaq” üçün iddia edirlər ki, Albaniya dövlətinin ərazisi yalnız Kür çayından şimaldakı torpaqları əhatə edirdi, Kürdən cənubdakı torpaqlar (buraya həmçinin Qarabağ ərazisi daxildir) isə guya Ermənistanın şərq torpaqlarıdır. Lakin yunan coğrafiyaşünası Strabon (təqr. e.ə. 64/63- təqr. e.23/24) “Coğrafiya” adlı əsərində yazırdı ki, Kür çayı Albaniyanın içərisindən axır. Buradan o nəticə hasil olur ki, Kür çayının həm sol, həm də sağ sahili Albaniyaya aid idi.

Sonrakı dövrlərdə Qarabağ ərazisi “Azərbaycan” adlı coğrafi və siyasi məfhumun tərkib hissəsi olaraq Azərbaycanda yaranan və yaxud Azərbaycanı işğal edən aşağıda adları göstərilən dövlətlərin tərkibində olmuşdur:

IX-XIII əsrlər - Sacilər, Salarilər, Şəddadilər, Səlcuqlar, Azərbaycan Atabəyləri.
XIII-XIV əsrlər - Hülakular və Cəlairilər.
XV əsr - Qaraqoyunlu və Ağqoyunlu.
XVI-XVIII əsrlər - Səfəvilər.

Göründüyü kimi, Qarabağ ərazisi heç zaman nəinki erməni dövlətinin tərkibində olmamış, hətta bu torpaqlarda əsrlər boyu heç bir erməni izinə rast gəlinməmişdir. Bu gün Dağlıq Qarabağda “qədim erməni” xristian abidələri kimi təqdim olunan məbədlər, kilsələr, onların üzərindəki epiqrafik yazılar isə müasir azərbaycanlıların ulu əcdadlarının - albanların tarixi irsidir. Xristianlığı qəbul etmiş yerli albanların irsini saxtalaşdıran, özününkiləşdirən ermənilər bütün dünyaya sübut etməyə çalışırlar ki, guya onların Qarabağ ərazisində “qədim izləri” var. Əslində isə alban kilsəsi Qafqazda xristianlığın ilk mərkəzlərindən biri olmaqla yanaşı erməni kilsəsindən tamamilə müstəqil idi. Ərəb işğalı zamanı Azərbaycanda islam dininin yayılmasına baxmayaraq, Qarabağın dağlıq hissəsi xristianlıqda qalmışdı. Erməni-qriqorian kilsəsi fürsətdən istifadə edərək bu ərazilərin alban əhalisini dini baxımdan özünə tabe etməyə çalışır. Bu barədə erməni katalikosu İlyanın xəlifə Əbdül Məlikə məktubları məlumdur. Katalikos xilafətin Bizans ilə düşmənçiliyini nəzərə alaraq, alban kilsəsini Bizans ilə yaxınlaşmaqda günahlandıraraq, ona zərbə vurmaq istəyir və buna nail ola bilir. Xəlifə alban kilsəsinin dini rəhbərliyini təqib edir və onun erməni-qriqorian kilsəsinə tabe edilməsinə kömək göstərir. Beləliklə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin alban xristian ruhaniləri və əhalisinin güclü müqavimətinə baxmayaraq, zorla qriqorianlaşdırılması başlayır. Bununla da, sadəcə əhalinin dini mənsubiyyətinin dəyişdirilməsi ortaya çıxır, bu torpaqlar isə tarixən olduğu kimi, Azərbaycanın ərazisi olaraq qalır. Bu vasitə ilə gələcəkdə yerli alban əhalisinin etnik mənsubiyyətinin erməniləşdirilmə yolu ilə dəyişdirilməsinə də cəhd edilir, lakin bu proses qriqorianlaşmaya nisbətən cox mürəkkəb olur. Alban əhalisi hələ uzun müddət etnik kimliyini qoruyur.

Ərəb xilafətinin IX əsrin ortalarında zəifləməsi nəticəsində Azərbaycan ərazisində yaranan müstəqil dövlətlərlə yanaşı, Qriqori Hamama tərəfindən xilafətin 705-ci ildə dağıtdığı Alban dövləti də bərpa edilir. Qriqori Hamama mənbələrdə “Şərqin böyük knyazı” və “Albaniyanın çarı” adlandırılır.

XII əsrin sonlarında həmin ərazidə Xaçın knyazlığı yaranır. Həsən Cəlalın dövründə (1215-1261) knyazlıq renessans dövrünü yaşayır. Əslən erməni olan akademik İ.Orbeli (1887-1961) Xaçın knyazlığını “qədim Albanıyanın bir hissəsi” adlandırırdı. Dövrün erməni, gürcü və farsdilli mənbələrində Həsən Cəlal “Albaniya hökmdarı”, “Albaniyanın sərhəd bölgələrinin əzəmətli sahibi” adlandırılırdı. Onun dövründə alban memarlığının incilərindən olan Qandzasar monastırı tikilir. Monastır üzərindəki 1240-cı ilə aid kitabədə Həsən Cəlal haqqında yazlılır: “Allahın müti bəndəsi olan mən, Həsən Cəlal,
Vaxtanqın oğlu, əzəmətli Həsənin nəvəsi, geniş hüdudlara malik, uca və möhtəşəm Arsax ölkəsinin həqiqi mütləq hökmdarı”. Qandzasar monastırı 1836-cı ildə Rusiya imperiyası tərəfindən ləğv olunanadək bütün Alban kilsəsinin mərkəzi olur. 1919-cu ildə akademik İ.Orbeli Qandzasar monastırının üzərindəki kitabələrə dair əsər nəşr etdirib. Bu kitabdakı mətnlər ilə hazırda həmin monastır üzərindəki yazıları müqayisə etdikdə aydın olur ki, onların xeyli hissəsi qəsdən erməniləşdirilib.

II hissə

XVIII əsrin ikinci yarısında Qarabağ ərazisində müstəqil Qarabağ xanlığı yaranır. Həmin xanlığın qurucuları Cavanşir sülaləsindən olan müsəlman hökmdarları idi. Xanlığın paytxatı Şuşa şəhəri idi. XIX əsrin əvvəllərində
Rusiya ilə İran arasında başlanan müharibə vaxtı Qarabağ hökmdarı İbrahimxəlil xan dövlətinin varlığını qorumaq məqsədilə Rusiya dövlətinin vassallığını qəbul etmək qərarına gəldi. 1805-ci il mayın 14-də Kürəkçay adlı yerdə İbrahimxəlil xan rus ordusunun Qafqazdakı baş komandanı general P.Sisianovla müqavilə imzalamışdı. Həmin müqaviləyə əsasən Qarabağ xanlığı məhz müsəlman-Azərbaycan torpağı kimi Rusiyaya birləşdirildi. Müqavilənin məhz İbrahimxəlil xanla imzalanması, onun 11 maddəsinin heç birində bircə dəfə də ermənilərin adının çəkilməməsi Qarabağın, o cümlədən bu diyarın dağlıq hissəsinin Azərbaycan xalqında məxsus olduğunu sübut edir.

1806-cı ildə İbrahimxəlil xanın ölümündən sonra onun oğlu Mehdiqulu xan Rusiya imperatoru I Aleksandr 10 sentyabr 1806-cı il tarixli fərmanı ilə Qarabağ xanı təyin olunur. İmperatorun fərmanı ilə birlikdə Mehdiqulu xana bayraq da verilmişdi. Həmin bayraq 1807-ci ildə xana təqdim edilmişdi. Tarixi əhəmiyyətinə görə Kürəkçay müqaviləsi qədər vacib olan bu fakt göstərir ki, Rusiya məhz Cavanşir sülaləsindən olan Azərbaycan xanlarını Qarabağın hökmdarları kimi tanıyırdı - bayraq Mehdiqulu xana hakimiyyət rəmzi olaraq hədiyyə edilmişdir. Xüsusi olaraq vurğulanmalıdır ki, 1822-ci ildə Mehdiqulu xanın ölümündən sonra Qarabağ xanlığı ləğv edilsə də, xana verilmiş bayrağın Qarabağ xanlarının hakimiyyət rəmzi kimi istifadə olunması hüququ saxlanılmışdı. Bu barədə imperator I Nikolay 1838-ci il oktyabrın 30-da fərman vermişdi.

Rusiya-İran müharibələri gedişində və müharibələrdən sonrakı dövrdə Rusiya imperiyası İranda və Osmanlı dövlətində yaşayan erməni əhalisini kütləvi şəkildə Cənubi Qafqaza, o cümlədən, Qarabağ ərazisinə köçürməyə başlamışdı. Nəticədə bölgədə erməni əhalisinin sayı süni şəkildə artdı. XIX əsrə aid bütün statistik göstəricilər sübut edir ki, Rusiya işğalına qədər və işğalın ilk illərində Qarabağın əsas əhalisi azərbaycanlılar idi, ermənilər isə burada cüzi azlıq
təşkil ediblər. Belə ki, aşağıdakı cədvəldə verilən və rəsmi statistik məlumatlara söykənən rəqəmlərə (%-lə) baxsaq görərik ki, Rusiya imperiyasının köçürmə siyasəti nəticəsində Qarabağda ermənilərin sayı artmış və az da olsa, yerli azərbaycanlı əhalinin sayını üstələmişdi.



Bununla belə, cədvəldən göründüyü kimi, Qarabağda ermənilərin sayı azərbaycanlılardan çox olsa da, bu çoxluq mütləq xarakter daşımamışdır və erməni təbliğatının guya Qarabağda erməni əhalisinin 90 % və daha artıq təşkil etməsi iddiası tamamilə cəfəngiyyatdır.
Ermənilərin Qarabağda gəlmə xalq olmasını həmçinin 1978-ci ildə
Ağdərə rayonunda qoyulmuş abidə sübut edir. Belə ki, həmin abidənin üzərində həkk olunmuş “Marağa 150” sözləri 1828-ci ildə (həmin ildə Rusiya ilə İran arasında Türkmənçay müqaviləsinin XV maddəsinə görə ermənilərin İrandan Qafqaza köçürülməsi nəzərdə tutulurdu) ermənilərin İrandan (Marağadan) Azərbaycan torpaqlarına köçürülməsinin 150 illiyini bildirirdi.

XX əsrin əvvəllərində erməni ekstremist təşkilatları - Daşnaksutyun və Hnçakın erməni-qriqorian kilsəsinin dəstəyi ilə Cənubi Qafqazda başladığı separatçı hərəkat bölgədə erməni muxtariyyətinin (gələcəkdə müstəqil erməni dövlətinin) yaradılması “məharətlə” aparılırdı. Lakin erməni kilsəsinin və siyasətçilərinin bu yolda ən böyük maneəsi Cənubi Qafqaz quberniyalarının və qəzalarının heç birində ermənilərin mütləq əksəriyyət təşkil etməməsi idi.

Bu səbəbdən də ermənilər yerləşdikləri torpaqlarda etnik təmizləmə yolu ilə ərazilərini genişləndirməyə çalşırdı. Bunun nəticəsi idi ki, 1905-1906-cı illərdə ermənilər faktik olaraq, azərbaycanlılara qarşı geniş miqyaslı etnik təmizləməyə başladı. Təsadüfi deyil ki, bu hadisələr tarixə “erməni-müsəlman davası” kimi daxil oldu. Bu müharibənin ən gərgin ocaqlarından biri də Qarabağ idi.

Birinci dünya müharibəsi ərəfəsi və dövründə Osmanlı imperiyasına qarşı “erməni məsələsi”nin daha da fəallaşdırılması ermənilərin aqressivliyini xeyli gücləndirdi. Bu özünü azərbaycanlılara qarşı 1918-ci il mart soyqırımında bir daha göstərdi. Azərbaycanın Bakı, Quba, Şamaxı və digər bölgələri ilə birgə,
Qarabağda da azərbaycanlılara qarşı qanlı qırğınlar törədildi. Həm 1905-1906,
həm də1918-ci il qırğınları Qarabağın azərbaycanlı əhalisinin sayına təsirini göstərdi. Eyni zamanda, Fransa və digər ölkələrdə yaşayan birinci, ikinci,
hətta üçüncü nəsil ermənilərin burada qeydiyyata alınması onların süni şəkildə
say artımına səbəb oldu.

1918-ci il mayın 28-də müstəqil Azərbaycan Cümhuriyəti elan olunduqdan sonra ermənilər Qarabağ bölgəsinə ərazi iddialarını irəli sürdülər. Azərbaycan hökuməti Qarabağ üzərindəki suveren hüquqlarına uyğun olaraq 1919-cu ilin yanvarında Qarabağ general-qubernatorluğu yaratdı. Birinci Dünya müharibəsində qalib gəlmiş Müttəfiq qoşunların Bakıdakı nümayəndəsi general-leytenat
Ser Uilyam Montqomery Tomson Qarabağ üzrərində Azərbaycanın hakimiyyətini tanımışdı.

1920-ci ilin aprelində Azərbaycan Cümhuriyyəti, noyabrında isə Ermənistan Respublikası Sovet Rusiyası tərəfindən işğal olundular. Sovet Rusiyası faktiki olaraq Azərbaycan torpaqlarının bölüşdürülməsinə başladı. 1920-ci il dekabrın
2-də Sovet Rusiyası ilə Ermənistan SSR arasında bağalanan müqavilə ilə Azərbaycanın tarixi Zəngəzur bölgəsi Ermənistana verildi. Ermənistan ərazisində xeyli miqdarda azərbaycanlı əhali yaşadığı halda, onların muxtariyyət hüququ tanınmadı, əksinə Azərbaycanın daxilində 1923-cü ilin iyun ayındaDağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Bu muxtariyyət faktik olaraq, Azərbaycan daxilində separatizmin və Ermənistanın Azərbaycana qarşı ərazi iddiasının həyata keçirilməsinin mərkəzinə çevrildi.

Ermənistan 1941-1945-ci illər müharibəsinin başa çatmasından az sonra Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi haqqında
SSRİ rəhbərliyinə müraciət etdi. Azərbaycan rəhbərliyinin əsaslandırılmış əks arqumentləri bu planı həyata keçirməyə imkan vermədi. Bunun müqabilində Ermənistanın da yaxından iştirakı ilə SSRİ rəhbərliyi tərəfindən Azərbaycan dövləti və xalqına qarşı yeni bir faciəvi plan həyata keçirildi. 1947-ci ildə Ermənistanda yaşayan azərbaycanlıların deportasiyasına dair qərarlar verildi. Hesablamalara görə, 1948-1953-cü illərdə Ermənistan SSR-dən 100-150 min arası insan deportasiya edildi.

Ermənistan 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edilərkən Dağlıq Qarabağın Azərbaycandan qoparılmasını bir daha ortaya atdı, lakin bu dəfə də həmin planı həyata keçirmək mümkün olmadı. Yalnız on il sonra Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları müasir mərhələyə daxil oldu. 1991-сi ildə SSRİ-nin dağılması ilə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları genişmiqyaslı müharibəyə çevrildi. 1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələri Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı soyqırımı törətdi. 1994-сü ildə atəşkəs əldə edilənədək Ermənistan Azərbaycan ərazisinin 20%-dək olan hissəsini, Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonu işğal etməyə nail oldu. Atəşkəsdən keçən 26 il ərzində ələ keçirilmiş rayonlarda işğal rejimi yaradıldı. Bu ərazilərin toponimləri erməniləşdirilidi, süni məskunlaşdırma həyata keçirildi, təbii sərvətlər talan edildi, tarix və mədəniyyət abidələri dağıdıldı.

2020-ci il sentyabrın 27-də Ermənistan silahli qüvvələrinin
Azərbaycan ordusunun mövqelərinə və mülki əhaliyə qarşı növbəti təxribatına cavab olaraq Azərbaycan ordusu əks-hücum əməliyyatına və ölkənin ərazi bütövlüyünün bərpası uğrunda xilaskarlıq missiyasını həyata keçirməyə başlamışdır. Ədalətli sülhə məcburetmə nəticəsində Ermənistanın bütün beynəlxalq hüquq normalarına, BMT-nin qətnamələrinə və digər qərarlara zidd olaraq tutduğu Azərbaycan torpaqlarının bir hissəsi işğalçılardan döyüş yolu ilə azad edilmişdi. Qalan ərazilərisə başqa çıxış yolu qalmadığına görə işğalçı dövlətin təslim aktını imzalayaraq boşaldılmasına başlanılıb.

Bir sözlə, müzəffər Ali Baş Komandanın rəhbərliyilə Azərbaycan ordusunun inamlı əməliyyatı uğurla başa çatdı.
İlk dəfə Qarabağın bayraqdarı titulu Mehdiqulu xana verilsədə,
tarixin zəfər yürüşündə bunu Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev və Azərbaycan əsgəri qətiyyəti və rəşadəti ilə qazandı.


Yəhya Babanlı,
Tarix üzrə fəlsəfə doktoru -
Beynəlxalq münasibətlər üzrə ekspert











Fərhad Cabbarov,
Tarix üzrəfəlsəfə doktoru -
AMEA Milli Azərbaycan Tarix Muzeyinin Elmikatibi







Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər