Ru
14:31 / 12 Noyabr 2021

“Qazi müəllimlər” kitabı təqdim edildi - FOTOLAR

3160
Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Qafqazinfo” xəbər portalının birgə layihəsi əsasında ərsəyə gələn “Qazi müəllimlər” kitabının təqdimat mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, mərasimdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, təhsil nazirinin müşaviri Elnur Nəsibov, “Qafqazinfo” xəbər portalının baş direktoru Elbrus Ərud, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Nar” şirkətinin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Əziz Axundov, İdarənin müvafiq struktur bölmə rəhbərləri, qazi müəllimlər, KİV təmsilçiləri, məktəb direktorları və şagirdlər iştirak ediblər.

Kitab Türkiyədə “Nestor yayınları” tərəfindən yüksək keyfiyyətlə nəşr edilib.

Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Mərasimdə çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva bildirib ki, “Qazi müəllimlər” kitabı millətin gələcəyi olan uşaqlara bilik və bacarıqlar aşılayan, Vətən üçün layiqli şəxsiyyət yetişdirən müəllim obrazını fərqli tərəfdən təqdim etmək imkanı yaradır. M.Vəliyeva kitabın təhsilalanlar və təhsilverənlər, eləcə də geniş oxucu auditoriyası üçün məktəb divarları arasında fədakar əməyi ilə seçilməklə yanaşı, həm də cəbhədə, soyuq səngərlərdə Vətən savaşında şücaət göstərən müəllimlərimizi tanımaq, onların nümunəvi fəaliyyətinin öyrənilməsi baxımından istinad mənbəyi olacağını qeyd edib.

“Qafqazinfo” xəbər portalının baş direktoru Elbrus Ərud çıxışı zamanı 44 günlük Vətən Müharibəsinin Azərbaycan məktəblilərinə dövrümüzün real qəhrəmanlarını tanımaq şansı verdiyini, canını Vətən üçün sipər edənlər arasında müəllimlərin də yer aldığını bildirib. E.Ərud paytaxt məktəblərinin 38 müəlliminin öz yetirmələri ilə çiyin-çiyinə vuruşduğunu, onların yazdığı bu tarixi salnamənin məktəblilərin gözləri qarşısında gerçək qəhrəmanların yaranmasına səbəb olduğunu vurğulayıb. Ümid etdiyini bildirib ki, qəhrəman müəllimlərə həsr olunan kitab gələcək nəsillərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayacaq: “Adətən şagirdlərin ilk tanış olduğu nağıl qəhrəmanlarıdır, onların çoxu da xalqın təfəkküründə uydurulmuş mifik obrazlardır. Şagirdlər onları kitablarda sevib onlara bənzəməyə çalışırlar. Bu şagirdlərin xoşbəxtliyi ondadır ki, həmin qəhrəmanlar onların auditoriyasındadırlar. Onlar canlı nümunədirlər. Bu kitabda nəşr olunan 38 müəllimin çox böyük şansı var. Bu müəllimlərin hər biri artıq öz sözlərini demiş insanlardır”.

Mərasimdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid kitabı Vətən Müharibəsi qaziləri ilə bağlı hazırlanmış ilk nümunələrdən biri olaraq yüksək dəyərləndirib. Qeyd edib ki, Qarabağ savaşına yollanaraq zəfərlə geri dönən Azərbaycan müəlliminin qəhrəmanlıq dastanının təcəssümü olan kitab müəllim şəxsiyyətinin mətin və bütöv obrazının tanıdılması baxımından böyük əhəmiyyət daşıyır.

Vətən Müharibəsində şanlı zəfərin qazanılmasında iştirak edən, döyüş meydanındakı qəhrəmanlıqları ilə vətənpərvərlik dərsi keçən qazi müəllim, Bakı şəhəri 221 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Bədəl Hüseynov çıxış edərək Qarabağ zəfərini yazanlar sırasında payı olmaqdan sonsuz qürur duyduğunu ifadə edib. B.Hüseynov müəllimlərin məktəbdən, sinif otaqlarından cəbhəyə, savaş meydanına doğru gedən həyat yolunu işıqlandıran “Qazi müəllimlər” kitabını onlara verilən dəyərin ən parlaq nümunələrindən biri kimi qiymətləndirib.

Tədbirdə çıxış edən “Nar” şirkətinin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Əziz Axundov təmsil etdiyi qurumun milli-mənəvi dəyərlərə, yetişən gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə böyük önəm verdiyini, bu istiqamətdə həyata keçirilən layihələrə daim hərtərəfli dəstək göstərdiyini diqqətə çatdırıb. Bildirib ki, “Nar”ın sponsorluğu ilə işıq üzü görən və müəllim şəxsiyyətinin bir çox tərəflərini açmağa imkan verən “Qazi müəllimlər” kitabı geniş oxucu kütləsinin stolüstü kitabı olacaq.

Təhsil nazirinin müşaviri Elnur Nəsibov çıxışında təhsil işçilərinin də Vətən Müharibəsində xalqımızın hər bir nümayəndəsi kimi Ali Baş Komandanın çağırışına qoşulduğunu, yüzlərlə müəllim və digər təhsil işçilərinin ön cəbhəyə atılaraq düşmənə layiqli dərs verdiyini diqqətə çatdırıb. E.Nəsibov “Qazi müəllimlər” kitabını Qarabağ savaşından üzüağ çıxan, zəfər tarixinə öz imzasını atan müəllimlərə olan minnətdarlıq duyğusunun ifadəsi kimi dəyərləndirib. Bildirib ki, Təhsil Nazirliyinin prioritetləri sırasında daha vətənpərvər və yüksək bilikli gəncliyin yetişdirilməsi əsas yerlərdən birini tutur. Bu baxımdan qazi müəllimlərin təbliğ olunması mühüm əhəmiyyət kəsb edir.

Mərasimin sonunda BŞTİ-nin nəzdindəki Uşaq-Gənclər İnkişaf Mərkəzinin xorunun ifasında “Zəfər mahnısı” səsləndirilib.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər