Ru
15:18 / 01 Oktyabr 2019

Qazilərə əl qaldırıblar! – Rövnəq Abdullayevi gözləyirik

8139


Aysel Əlizadə

SOCAR-la Qarabağ qaziləri arasında baş verən çatışmanı izlədim. SOCAR-çılar iddia edir ki, Qarabağ veteranları-ayağını, qolunu savaşda itirən kişilər, başından, bədənindən güllə yarası alanlar onlara durduq yerdə hücum edib. (Bu məqamda bir psixoloji detalı qeyd edim: Vətən üçün ölümə gedənlər, bu cür dəyərlərlə yaşayanlar çox nadir halda dürüst olmaya bilir. Adətən döyüşçülər mərd, bütöv adamlar olur.)

SOCAR-çıları bir az da dindirsən, deyərlər ki, qazilər gəlib bizi ofisimizdən sürüyüb, çıxarıb döyüblər. Hadisə isə izlədiyim qədər belə olub: Biləcəri ərazisində başqa tikililər də olan yerdə bir qazi də evini tikirmiş. Əlində bələdiyyə sənədi də varmış. SOCAR-çılar ondan tikinti üçün ənam istəyiblər, oranın SOCAR-a məxsus ərazi olduğunu deyiblər, qazinin də onların qoyduğu məbləğə gücü çatmayıb, məsələn, 5000 yox, 2000 ödəyə biləcəyini deyib. Qarşı tərəf razılaşmayıb və tikilini sökməyə başlayıb. Qazilər bir-birinin köməyinə gəlib, orda evi sökülən başqaları da qoşulub beləcə işçilərlə vətənçilər arasında çatışma başlayıb. Qazilərə əl qaldırıblar!


İçlərində xəstəxanaya düşəni də olub. Qarşı tərəfdən də yaralanan var. Bu hadisənin içində bircə şeyə məəttəl qalırsan. Necə oldu ki, bir azərbaycanlı Qarabağ əlilinə hücum çəkə bildi? Onlar hamısı kontuziyalı, güllə yarası almış, əsəbi insandı. Doğrudanmı, bu problemi xoşluqla çözmək olmazdı?
Qarabağ qaziləri bu ölkənin şərəfidi, ləyaqətidi. Onlara qalxan əl hamımıza qalxır, Azərbaycana qalxır. Çünki Qarabağ əlilləri bu torpağın vizit kartıdı, "biz torpağımız üçün ölümə getmişik" sübutudu. Ölməyən şəhidlərimizdi. Onlar heç biri varlı, imkanlı təbəqədən deyil. Onlar illərdi yarımcan halda özlərinə həyat şəraiti qurmağa çalışanlardı.

Demokratik idarəçiliyi müdafiə edən Demokrit deyirdi ki, dövlət mütləq imkansız təbəqəni nəzərə alaraq onların həyat şəraitini düzəltmək, ehtiyacsız olmalarını təmin etmək üçün tədbirlər görməlidi. Çünki cəmiyyətdə bir təbəqə hədsiz imtiyazlı, imkanlı yaşasa, digər təbəqə ehtiyac və haqsızlığa məhkum edilsə, insanlar arasında bir-birinə qibtə hissi yaranar. Bu isə nifrətə çevrilir. Qibtə hissi cəmiyyətdəki narazılıq və ixtişaşın başlanğıcıdı.
Bu insanlar isə təkcə imkansız təbəqə yox, həm də Qarabağ döyüşçüləridi. Torpaq uğrunda ölən olanda vətənə çevrilir. Əks halda elə torpaq olur, ərazi, sahə olur və hər gələn onu səndən parça-parça qoparır.

Əziz Qarabağ qazilərinə əl qaldırmağa adam göndərənlər!
Elə edəcəksiz ki, bu torpaq üçün heç kim ölməyə razı olmayacaq və torpaq vətən olmaqdan çıxacaq. Bir də ayılıb görəcəksiz ki, öz evinizdən, kürsünüzdən başqa ətrafda Azərbaycan qalmayıb.

Bəlkə də məqsədiniz elə budu. Amma o məqsəd özünüzü də bitirəcək. Çünki siz Azərbaycanı bitirmək üçün lazımsız, başqa heç nəyə...
Son sözüm isə başqadı.
Cəmiyyət gözləyir ki, Rövnəq Abdullayev şəxsən bu işi yoluna qoysun və dövlət bu biabırçı durumdan üzüağ çıxsın.

O gün dövlətçilik, milli maraq haqda Trampdan misal gətirən həmkarlar, işıqlandırın bu məsələni, torpaq, vətən, millət üçün ayağını itirən o qazinin haqqını müdafiə edin.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər