Ru
13:24 / 04 Yanvar 2021

Qazinin anası Vətəndir, Tolik yox...

3635
Tolikin prizi

Müharibə bitib və dövlət tərəfindən savaşın nəticələrinin aradan qaldırılması prosesinə başlanılıb: Şəhid ailələrinin çətinlikləri, qazilərin məişət problemləri, yaralıların müalicə məsələləri və s. Və belə bir həssas dönəmdə Tarix Əliyev ad-soyadlı prodüser, tele-aparıcı müharibə iştirakçısını, qazini özünün dərk edib-etməməyindən asılı olmayaraq, ictimai səviyyədə alçaldır.

Görəsən, nə üçün ən xırda xeyirxahlıqlar da ictimailəşdirilir, axı niyə “gərək sağ əlin verdiyini sol əl bilməsin” əxlaqı daha yox kimidir? İbrət dərsi vermək, başqasını da köməkdarlığa həvəsləndirmək marağı ilə, sizcə, bəzi hallarda özümüzü həddən artıq xırdalamırıqmı? 100 manat yardım edənin də ürəyi soyumur, illah ki təqdir umur.

Tolikin gündəm yaradan videosuna baxmamış olmazsız; Əli adlı dili batmış, danışıq qabiliyyətini itirmiş qaziyə son nəsil telefonunu göstərib soruşur:

- Bilirsən, bu nədir?

Qazi Əli də markanı görmədiyi üçün başını yox mənasında yelləyir və yarıciddi-yarızarafat sərt cavab alır:

- “Kül təpənə”.

Sonra Tolik “ıPhone 12” markasını göstərir. Və şərt qoyur ki, filan vaxta qədər hansısa sözü desən, bu təzə telefon sənin olacaq.

Belə bir fikir var ki, əgər aldığın əşyalara baxanda ilk olaraq onların qiyməti yadına düşürsə, deməli, görməmişsən. Bu, görməmişliyi üzə çıxarmaq üçün sınanmış üsullardandır. Türkiyənin ucqar kəndində doğulan, filmi ancaq İstanbula gələndən sonra izləyən və illər keçəndən sonra kino haqqındakı yazılarından ibarət kitabının adını “Sonradangörmüş” qoyan, bununla da təkəbbürdən nə qədər uzaq olduğunu göstərən şair Haydar Ergülenin var olduğu dünya təəssüf ki, toliklərdən də xali deyil...

Bütün zamanlarda qiymətləndirilən insanlar üçün mükafatların həqiqi dəyəri onu nəyə görə və kimin əlindən, kimin təltifi ilə almaqlarında olub. Üzü qara olmuş zəmanəmiz isə qəhrəman qaziyə mükafatı Tolik vəd edir. “Hərçi-pətərinə lənət, belə dünya”.

Sonda isə bir atalar sözünü xatırlatmaq istəyərəm: “Lalın dilini anası bilər”. Qazinin anası isə Vətəndir, dövlətdir, Tolik yox...

Fərid Hüseyn


Şərhlər
  • Elman Salah

    Cənab Fərid Hüseyn qələmə aldığınız bu ibrətamiz gözəl məqaləyə görə Sizə dərin təşəkkür edirəm. Bu mənalı,iti və eyni zamanda güclü vətənpərvərlik ruhunu özündə bütün gözəlliyi ilə sərrast ifadə edən, kiçik olan amma böyük məna kəsb edən bu məqalənizə bir ədəbiyyat müəllimi kimi ,həm də vətənpərvər və döğma Azərbaycanımızı sevən bir sadə vətəndaş kimi 5 (əla) +++++ qiymətini hədiiyə edirəm. Siz gələcəyin böyük jurnalistisiniz. Bu şərəfli yolda, Fərid, əzizim, sənə bol-bol uğurlar və can sağlığı arzulayıram.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər